Məhkəmə qərarları › İş №e-2-1(116)-3231/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-3231/2025

05.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-3231/2025 05.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2025-ci il tarixli 3- 21-2-3/2-593001/2025 saylı qərarın ləğv edilməsi və əsassız hesablanmış 5550.72 manat əlavə gəlir vergisinin silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-593001/2025 saylı qərarın ləğv edilməsi və əsassız hesablanmış 5550.72 manat əlavə gəlir vergisinin silinməsi”ni xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növünün “tütün məhsullarının ixtisaslaşdırılmamış mağazalarda pərakəndə satışı”ndan ibarət olmuş və onun adına Balakən rayonu, Hənifə kəndində yerləşən ümumi sahəsi 20 kv.m. olan “Mağaza” adlı təsərrüfat subyekti (obyekti) vergi orqanında xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən əsassız olaraq vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə 16 may 2025-ci il tarixdə qərar qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, təqdim edilmiş bəyannamə üzrə iddiaçı tərəfindən hesablanmış vergi 1874.4 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi 10996.88, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 7425.12 manat olmuşdur. Beləliklə 5550.72 manat əlavə vergi hesablanmışdır. Hesablanmış vergi 2023-cü ilə aiddir. Lakin ona yalnız 2025-ci ildə vergi borcunun olması barədə bildiriş göndərilmişdir. Yalnız onun verginin azaldılması ilə bağlı müraciətindən sonra kameral vergi yoxlaması aparılmışdır. 2023-cü il ərzində ümumi satış 179980.00 manat olduğunundan iddiaçı hesab edir ki, sadələşdirilmiş vergi ödəyicisi kimi vergi ödəməlidir. Cavabdeh orqan tərəfindən hesablanmış vergini əsassız hesab edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Uçot-baza məlumatlarına və təqdim edilən bəyannamə məlumatlarına əsasən fərdi sahibkar 2023-cü il ərzində elektron qaiməfakturalar əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 36 851,59 manat dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 46 232,17 manat dəyərində və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 122 981,32 manat olmaqla ümumilikdə 206 065,08 manat məbləğində malların malların (X4 Silver, X2, X6 Silver, X5 və.s) əldə edildiyini, elektron alış aktlarına əsasən malların əldə edilmədiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı, elektron qaimə-faktura əsasında malların təqdim edilmədiyi, pərakəndə satış dövriyyəsinin olmadığını, xx.xx.2024-cü il tarixdə hesablama metodu tətbiq edilməklə 2023-cü il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir verigisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.3.2-ci “Mallar” sətri üzrə hesabat dövrünün sonuna 89 461,11 manat mal qalığının, bəyannamənin xərclər bölməsi üzrə 185 628,0 manat xərclərin bəyan edildiyini, gəlirlərinin isə uçot-baza məlumatlarına əsasən təsdiqini tapmadığını, inzibati araşdırma üçün tələb olunan müvafiq təsdiqedici sənədlərin təqdim edilmədiyini, bununla da fərdi sahibkar tərəfindən 2023-cü il ərzində gəlir və xərclərin uçotunun qanunvericiliyə uyğun aparılmadığını, vergi orqanı tərəfindən fərdi sahibkarın fəaliyyət göstərdiyi təsərrüfat subyektinə (obyektinə) xx.xx.2025- ci il tarixdə keçirilmiş operativ baxış zamanı sərəncamında hal-hazırda 50-60 min manat dəyərində mal qalığının olduğunu, xx.xx.2024-cü il tarixdə hesablama metodu tətbiq edilməklə 2023cü il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir verigisi bəyannaməsi üzrə bəyan edilmiş 195 000,0 manat məbləğində gəlirlərin uçot-baza məlumatlarına əsasən təsdiqini tapmadığını nəzərə alaraq, bəyannamənin xərclər bölməsində bəyan edilmiş 185 628,0 manat xərclərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən gəlirləri 222 753,6 manat, xərcləri 185 628,0 manat, 2023-cü il üzrə gəlir vergisi 7 425,12 manat qəbul edilməklə fərdi sahibkarın inzibati şikayəti qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 172470/2025 nömrəli qərarı üzrə hesablanmış 9 122,48 manat əlavə vergi məbləğinin 3 571,76 manat hissəsi ləğv edilmiş, 5 550,72 manat hissəsi isə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Göründüyü kimi, gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Gəlirlərin və xərclərin, vergi obyektlərinin uçotunu aparmaq, bu barədə gəlir və xərc sənədlərini mühasibat uçotu qaydalarına uyğun tənzimləmək ilk öncə vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmus vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayısın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 is günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayıslara münasibətdə isə 30 iş günü müddətində keçirilir. 37.3-cü maddəsinə əsasən, vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.3-cü maddəsində isə göstərilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfidən həyata keçirilir. 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildiririk ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Əlavə olaraq bildiririk ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının iddia ərizəsində göstərilənlər tam əsassızdır və iddia ərizəsində qeyd edilənlər iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. I. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.24. Nəzarət-kassa aparatı - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı aparılan pul hesablaşmaları barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet vasitəsilə ötürülməsi imkanına malik olan elektron avadanlıq və ya kompüter sistemləri. 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xüsusi icra məmurunun fəaliyyətinə görə bir ay ərzində alınan standart və əlavə icra haqları (xərclər nəzərə alınmadan) vergitutma obyektidir. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. 108.1 Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və iddiaçı tərəfindən İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ərzində mübahisələndirilmişdir. İş materiallarında olan Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-593001/2025 nömrəli qərardan görünür ki, təqdim edilmiş bəyannamə üzrə iddiaçı tərəfindən hesablanmış vergi-1874,4 manat; əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi-10996,88 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi-7425,12 manat, kameral yoxlama nəticəsində: əlavə hesablanmış vergi məbləği-5550,72 manat qeyd edilmişdir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin inzibati şikayətin qismən təmin edilməsi haqqında qərardan görünür ki, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin azaldılması barədə xx.xx.2025-ci il tarixli inzibati şikayəti qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2- 3/2-172470/2025 nömrəli qərarı üzrə hesablanmış 9 122,48 manat əlavə vergi məbləğinin 3 571,76 manat hissəsi ləğv edilsin, 5 550,72 manat hissəsi dəyişdirilmədən saxlanılmış, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə tapşırılsın ki, bu Qərarın 2-ci bəndinin icrası ilə bağlı İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsini təmin etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 13.2.24-cü maddəsinə əsasən Nəzarət-kassa aparatı malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı aparılan pul hesablaşmaları barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet vasitəsilə ötürülməsi imkanına malik olan elektron avadanlıq və ya kompüter sistemləri. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 29 dekabr 2023-cü il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, İ kitab, maddə 1608) ilə 13.2.24-cü maddədə “hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən” sözləri “aparılan pul hesablaşmaları barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet vasitəsilə ötürülməsi imkanına malik olan” sözləri ilə əvəz edilmişdir.) Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən (köhnə redaksiya) Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 29 dekabr 2023-cü il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, İ kitab, maddə 1608) ilə 83.9-cu maddə ləğv edilmişdir.) Vergi Məcəlləsinin 96.1.-ci maddəsinə görə rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xüsusi icra məmurunun fəaliyyətinə görə bir ay ərzində alınan standart və əlavə icra haqları (xərclər nəzərə alınmadan) vergitutma obyektidir. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. 14 iyul 2025-ci il tarixli 249-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 avqust 2025-ci il, “Azərbaycan” qəzeti, 14 avqust 2025-ci il, № 169, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 8, maddə 743) ilə 96.1-ci maddənin ikinci abzasına yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Həmin məcəllənin 108.1-ci maddəsinə görə bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. (3 dekabr 2004-cü il tarixli 792-İİQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 12, maddə 980) ilə 108-ci maddədə “xərclər” sözündən sonra, “həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər” sözləri əlavə edilmişdir. 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1305) ilə 108-ci maddənin birinci, ikinci və üçüncü hissələr müvafiq olaraq 108.1-ci, 108.2-ci və 108.3-cü maddələr hesab edilmişdir. 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 29 dekabr 2023-cü il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, İ kitab, maddə 1608) ilə 108.1ci maddəyə yeni məzmunda ikinci və üçüncü cümlələr əlavə edilmişdir.) İş materiallarının, cavabdeh vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticələrinin, bu yoxlamalar əsasında qəbul edilmiş qəraraların, habelə tərəflərin təqdim etdikləri sübutların məcmu şəkildə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh orqan iddiaçının 2023-cü il üzrə vergi öhdəliklərini yenidən müəyyən edərkən əsasən iddiaçının nəzarət-kassa aparatı vasitəsilə rəsmiləşdirilmiş satış əməliyyatlarının real dövriyyəni tam əks etdirmədiyini, iddiaçının müxtəlif hüquqi şəxslərdən əldə etdiyi tütün məmulatlarının alış həcminin onun təqdim etdiyi gəlir bəyannaməsində göstərilən dövriyyədən əhəmiyyətli dərəcədə çox olduğunu, habelə operativ baxış zamanı müəyyən edilmiş mal qalığının mövcudluğunu əsas kimi götürmüş və bu halları gəlirlərin gizlədilməsi ehtimalı ilə əlaqələndirərək hesablama metodunun tətbiqini zəruri hesab etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən irəli sürülən bu arqumentlərin hüquqi qiymətləndirilməsi zamanı mübahisələndirilən dövrün vergi qanunvericiliyinin məzmunu və həmin dövrdə qüvvədə olmuş tələbləri nəzərə alınmalıdır. Çünki sonrakı dövrdə qanunvericiliyə edilmiş dəyişikliklərin, o cümlədən nəzarət-kassa aparatlarının texniki xüsusiyyətləri və məlumat ötürmə imkanları ilə bağlı sərtləşdirilmiş tələblərin, qanunun zaman baxımından tətbiqi prinsiplərinə zidd olaraq əvvəlki dövrlərə şamil edilməsi vergi ödəyicisinin hüquqi vəziyyətini ağırlaşdırır və bu cür yanaşma inzibati hüquq münasibətlərində yol verilən hesab edilə bilməz. Bel ki, Azərbaycan Respublikasının Konstitusiyasinınn 149-cu maddəsinin 7-ci bəndinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə hesab edir ki, iddiaçının 2023-cü il ərzində köhnə tip, fiskal yaddaşa malik və vergi orqanlarında qeydiyyatdan keçmiş nəzarət-kassa aparatından istifadə etməsi, həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına uyğun olmuşdur və bu halın sonradan qəbul edilmiş və daha sərt tələblərlə müqayisə edilərək iddiaçının gəlirlərinin gizlədilməsi kimi qiymətləndirilməsi düzgün hesab edilə bilməz. Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, cavabdeh vergi orqanı iddiaçının 2023-cü il ərzində ümumilikdə 206 065,08 manat dəyərində tütün məmulatları əldə etdiyini göstərsə də, yalnız alış əməliyyatlarının həcminin yüksək olması faktı, malların hamısının eyni dövrdə satıldığını, satışdan gəlir əldə edildiyini və bu gəlirin iddiaçı tərəfindən bəyan edilmədiyini birmənalı şəkildə təsdiq etmir. Yəni malların bir hissəsinin faktiki olaraq satışa çıxarılmaması, qalığ qalması, sonrakı dövrlərə keçməsi və ya digər obyektiv təsərrüfat səbəbləri ilə dövriyyədən kənarda qalması ehtimalı cavabdeh tərəfindən əks sübutlarla aradan qaldırılmamışdır. Bununla yanaşı, iş materiallarında olan 2023-cü il üzrə iddiaçı tərəfindən istifadə edilmiş nəzarət-kassa aparatının çek məlumatlarından o da müəyyən edilir ki, iddiaçı elektron qaimə-fakturalar əsasında əldə etdiyi tütün məmulatlarının faktiki olaraq pərakəndə satışa çıxarmış və həmin satış əməliyyatlarını mövcud nəzarət-kassa aparatı vasitəsilə rəsmiləşdirmişdir. Bu hal nəzarət-kassa aparatı üzrə formalaşan çek məlumatları ilə təsdiq olunur və cavabdeh vergi orqanının iddiaçının yalnız alış əməliyyatları həyata keçirdiyi, lakin satış dövriyyəsinin mövcud olmadığı barədə mövqeyini təkzib edir. Beləliklə, alış və satış əməliyyatlarının sənədlərlə rəsmiləşdirilməsi iddiaçının faktiki iqtisadi fəaliyyətini həyata keçirildiyini göstərir və bu şəraitdə gəlirlərin gizlədilməsi barədə nəticəyə gəlmək üçün cavabdeh tərəfindən təqdim edilmiş sübutlar kifayət qədər əsaslı hesab edilə bilməz. Vergi Məcəlləsinin 36.2.-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Həmin məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə belə qənaətə gəlir ki, vergi orqanı tərəfindən iddiaçının gəlirlərinin birbaşa və dəqiq şəkildə müəyyən edilməsinin obyektiv olaraq mümkün olmadığı halın mövcudluğu sübuta yetirilmədiyi halda, yalnız nəzarət-kassa aparatı üzrə qeydlərin natamamlığına, alış və satış göstəriciləri arasında fərqlərin olmasına və ümumi ehtimallara əsaslanaraq hesablama metodunun tətbiq edilməsi Vergi Məcəlləsində, eləcə də Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydaların mahiyyəti və məqsədi ilə uzlaşmır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının iddiaçının 2023-cü il üzrə fəaliyyəti ilə bağlı əlavə 5550,72 manat məbləğində gəlir vergisi hesablaması aparması üçün göstərdiyi əsaslar kifayət qədər inandırıcı, ardıcıl və hüquqi baxımdan əsaslandırılmış hesab edilə bilməz və həmin inzibati aktın bu hissədə qanuniliyi şübhə doğurur. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-593001/2025 nömrəli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar