Məhkəmə qərarları › İş №e-2-1(116)-3235/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-3235/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-3235/2024 29.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “mərhum atasına aid torpaq sahəsinə dair sənədin verilməsi” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mərhum atasına aid torpaq sahəsinə dair sənədin verilməsi”barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki, 2009-cu il iddiaçının atası X3 oglunun vəfatindan sonra əmisi X4 oglu X1 aid pay torpagını hasarlamış və ona aid əkin yerinin istismarıynan məşguldur. 2023 - cü il oktyabr ayında İddiaçı Vagif oglu əmisinin X2 pay torpağından cixarılması ilə bağlı məhkəməyə müraciət etmək istəmişdir.Ordan İsmayıllı rayon Əmlak Dövlət Reyestr idarəsindən sənəd almağını və o sənədsiz işə baxılmayacağını bildirilmişdi. 15 iyun 2023-cü il 2 saylı Sumgayıt Asan xidmət Mərkəzinin natariat xidmətindən Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin İsmayıllı şöbəsinə sorğuya cavab məktubu ünvanlanlamış,lakin cavab verilməmişdir . Cavabdeh orqan iddiaya münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya və onun vəkilinə şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddainın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı mərhum atasına məxsus olduğunu iddia etdiyi torpaq sahəsinə dair ona sənəd verilməsindən ibarətdir. Məhkəmə iddiaçının izahatını dinləyib,hesab edir ki,hazırkı iddia tələbi mümkün sayılmamaqla iddiaçıya hüquqi yardım qaydasında nail olmaq istədiyi hüquqi nəticəyə uyğun yardım edilməlidir.Belə ki,iddiaçı mərhum atasına məxsus torpaq sahəsinin olduğunu iddia edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia tələbi ilə müraciət etmişdir.Lakin,həmin orqana hər hansı müraciəti olmamışdır. İddiaçı müvafiq sənədlərin mövcudluğunu yoxlamaq üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə,müvafiq rayon arxiv idarəsinə sorğu ilə müraciət etmək hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “mərhum atasına aid torpaq sahəsinə dair sənədin verilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar