Məhkəmə qərarları › İş №e-2-1(116)-3294/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-3294/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-3294/2025 29.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Mingəçevir-Tikinti MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "Baş Prokurorluğun depozit hesabında olan 10000.00 manat vəsaitin vergi orqanına köçürülməsinin və hesablanmış faiz borcunun ləğv olunması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.İŞİN HALLARİ: İddiaçı Mingəçevir-Tikinti MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Baş Prokurorluğun depozit hesabında olan 10000.00 manat vəsaitin vergi orqanına köçürülməsini və hesablanmış faiz borcunun ləğv olunması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - xx.xx.2020-ci il tarixində elektron qaimə əsasında TOUR CENTER MMC (VÖEN:**********) mal-material alınmış və istehsalatda istifadə olunmuşdur. Vergi orqanı tərəfindən malsatan təşkilat riskli vergi ödəyicisi hesab olunmuş və təşkilata əlavə olaraq alınmış mal-materiala görə ƏDV hesablanaraq tələb olunur. Qeyd edir ki, bu mal-materialı alarkən həmin təşkilatın riskli statusda olması barədə hər hansı rəsmi məlumat alınmamış və sənədləşdirmə qanuni, şəffaf şəkildə aparılmışdır.11 saylı ƏVBİ-si 2023-cü ilin may ayından TOUR CENTER MMC ilə aparılmış əməliyyata görə 9302.22 manat vergi hesablamışdır. Səbəb təşkilatın riskli vergi ödəyicisi olmasıdır. 11 saylı ƏVBİ-si ödənilməmiş borc məbləğinə görə idarəni Şəki Kommersiya Məhkəməsinə verərək rəhbərin ölkədən getmək hüququnu müvəqqəti olaraq məhdudlaşdırılmasını və əlavə hesablanmış vergi borcunun ödənilməsi barəsində iddia qaldırmışdır. Şəki Kommersiya Məhkəməsi ödəyicinin lehinə qərar çıxardığı üçün 11 saylı ƏVBİ-si yenidən Şəki Apellyasiya Məhkəməsinə müraciət edərək ərizənin təmin olunmasını tələb etmişdir. Şəki Apellyasiya Məhkəməsi Vergi orqanının lehinə qərar çıxararaq Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- (117)-312/2025 saylı qətnaməni ləğv etmiş və təşkilatın rəhbərinin X7 ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2025-ci il tarixli 2-2/(107)-91/2025 saylı qətnamə qəbul etmişdir. "xxxx" MMC riskli vergi ödəyicisi olduğu üçün cinayət məsuliyyətinə cəlb olunmuşdur. Həmin əlavə hesablanmış vəsait 9302.22 manat əvəzinə 10000.00 manat məbləğində xx.xx.2024-cü il tarixində tərəfimizdən Baş Prokurorluğunun depozit hesabına ödənilmişdir. Lakin Baş Prokurorluğunun depozit hesabına köçürülmüş vəsait idarənin şəxsi hesab vərəqəsinə işlənməmişdir. Çünki, depozit hesabdan verginin hesabına köçürülməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçının iddiası əsasız iddia olmaqla yanaşı iddia tələbindən də göründüyü kimi iş üzrə cavabdeh düzgün seçilməmişdir. Belə ki, aparılmış araşdırma zamanı İddiaçı MMCnin xx.xx.2020-ci il tarixli EBAP seriyalı 943690 nömrəli elektron qaimə-faktura əsasında aldığı malları təqdim edən "xxxx" MMC-nin (VÖEN:**********) aldığı malların tərkibində mövcud olmadığı və tərəflər arasında faktiki olaraq əmtəəsiz əməliyyatın apardığı müəyyən edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli EBAP seriyalı 943690 nömrəli elektron qaimə-fakturada İddiaçı MMCnin "xxxx" MMC-dən qaynaq aparatı, preferator, laqonda, araba, qum, metal tor, işıqlanma lampası, kabel, xırda fraksiyalı çınqıl, metal boru, polietilen truba, qum-çınqıl qarışığı, polad işıqlanma dirəyi, üç rəngli işıqlanma, avtomat açar, on barmaqlı su tacı, vintel, ştusser, elektrik mühərrikli nasos, basketbol meydançası üçün avadanlıqlar, voleybol meydançası üçün avadanlıqlar, həndbol meydançası üçün avadanlıqlar, süni ot örtüyü, mişar daşı, soldatniklər, aqlay karniz, üzlük daş plitə borduyor aldığı qeyd olunsa da, "xxxx" MMC-nin həmin məhsulları özünün istehsal etmədiyi, həmçinin satın almadığı müəyyən edilmişdir. Beləlilklə də, tərəflər arasında əmtəəsiz əməliyyatın aparıldığı müəyyən edilmişdir. Vergi ödəyicisi bunun əksini sübut edən hər hansı dəlil təqdim etməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən: 13.2.82-ci. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 130.1. vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDVnin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; ... 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175- ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.1-ci maddəsinə əsasən Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir: 3.1.1. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür; 3.1.2. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. 3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “Malların alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarına əsasən yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci maddəsinə görə bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan vergi ödəyicisi, 2.1.2-ci maddəsinə görə isə aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə həmin vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin meyarların 3.1.2-ci maddəsinə görə vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyatlar hesab edilir. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2020-ci il tarixli **********403900 nömrəli qərarda həmin qərarın qəbul edilməsinə səbəb olan qanunvericilik normaları göstərilmiş, həmçinin “TOUR CENTER" MMC ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli EBAP seriyalı 943690 nömrəli elektron qaimə-faktura ilə təqdim olunduğu göstəriləm mallara münasibətdə əmtəəsiz əməliyyatlar aparıldığı öz təsdiqini tapmışdır. “TOUR CENTER" MMC tərəfindən barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2020-ci il tarixli **********403900 nömrəli qərardan şikayət verilməmişdir. Analoji mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1212/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında da göstərilmişdir. Belə ki, həmin qərarın 42-ci abzasında göstərilmişdir ki, “Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” “TOUR CENTER" MMC-nin əslində yalan əqd bağlamaqla pul nağdlaşdırma və vergidən yayınma sxemlərində iştirak üçün təsis edilmiş müəssisə olduğunu sübut edən məqamlardan biri də budur ki, həmin cəmiyyətin elektron qaydada dövlət qeydiyyatına alındığı zaman təsisçisinin - 6 - və rəhbərinin X11 olduğu, onun müstəqil şəkildə, həmçinin başqa şəxslərlə birlikdə ölkə rəhbərliyinə və dövlət orqanlarına etdikləri müraciətlərində X8 adlı şəxs tərəfindən onlarla başqa şəxslər də daxil olmaqla aldadılaraq müəssisələrin təsis olunduğu, həmin müəssisələrin vergidən yayınması barədə bir neçə müraciətlərinin olduğu müəyyən edilmişdir. “TOUR CENTER" MMC-nin şəxsi hesab vərəqəsinə əsasən hazırda 28771.90 manat borcu mövcuddur. X9 aldadılaraq adına açıldığını göstərdiyi müəssisələrdən "xxxx" MMC və "RECENT PLUS" ləğv edilmiş, “TOUR CENTER" MMCnin nizamnamə kapitalındakı iştirakçı payı isə xx.xx.2021-ci il tarixli notarial alqı-satqı müqaviləsinə ilə X1. Bundan başqa “TOUR CENTER" MMC xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi X3 (VÖEN: **********) icarəyə götürərək “Anbar” adlı təsərrüfat subyektini vergi orqanında uçota qoymuş, xx.xx.2020-ci il tarixdə isə X4 “TOUR CENTER" MMC-nin ondan icarəyə götürdüyü obyekti ləğv etmədən tərk etdiyi barədə vergi orqanına müraciət ediyi müəyyən edilmişdir. Obyektə yerində baxış keçirilən zaman həqiqətən həmin obyektdə “TOUR CENTER" MMC-yə aid malın olmadığı və orada hər hansı fəaliyyətinin olmaması müəyyən edilərək aktlaşdırılmışdır. Göründüyü kimi İddiaçı MMC “TOUR CENTER" MMC ilə əmtəəsiz əməliyyat aparmış və bu səbəbdən də iddiaçı tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 iyul 2023-cü il tarixli **********061700 nömrəli qərar Vergi Məcəlləsinin 163.1.1-ci, 163.2.2-ci və 175.11-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işi üzrə iddiaçı tərəfindən Baş Prokurorluğun depozit hesabına ödənilmiş 10000,0 manat məbləğ istintaq orqanının qəbul etdiyi qərar əsasında yerli xəzinadarlıq orqanına ötürüldükdən sonra vergi orqanı tərəfindən həmin məbləğin dövlət büdcəsinə köçürülməsi mümkündür ki, hazırkı halda sözügedən məbləğin yerli xəzinadarlıq orqanına köçürülmədən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsi mümkünsüzdür. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər Baş İdarələrinin 3.0.34-cü bəndinə əsasən X2 daxil olmuş elektron reyestr üzrə vergi, sığorta haqları və digər daxilolmaların vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə işlənilməsini təmin etmək Baş idarənin vəzifələrinə aid edilmişdir. Odur ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaq olunan cinayət işi üzrə istintaq orqanının depozit hesabına ödənilmiş məbləğin yerli xəzinadarlıq orqanına köçürülməsinə dair sorğu edilməsi vergi orqanının səlahiyyətlərindən kənara çıxdığından və yerli xəzinadarlıq orqanına daxil olmamış məbləğin vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsini mümkünsüz edir. Qeyd olunanlardan da göründüyü kimi iddiaçı cavabdeh vergi orqanını əsl cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu ilə əvəz etməli iddiası uğurlu alınacağı təqdirdə zatən vergi orqanı Əsasnamə ilə müəyyən olunan vəzifələrindən irəli gələrək yerli xəzinadarlıq orqanına daxil olmuş məbləğin İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənilməsini təmin edəcəkdir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən: Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. II. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3 İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Bənd 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Bənd 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. Bənd 16.4.İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Bənd 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. III. MƏHKƏMƏNİN MÖVQEYİ: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş X5 Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Baş Prokurorluğun İstintaq idarəsində müxtəlif məhdud məsuliyyətli cəmiyyətlər təsis edilməklə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılmasə və digər faktlar üzrə Azərbaycan Respublikası CM-nin 179.3.2, 193.2.2, 213.2.2 308.2 və 313-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı MMC (vöen **********) tərəfindən "xxxx" MMC (vöen **********) ilə həyata keçirilmiş maliyyə əməliyyatları üzrə vergi öhdəliklərinin icrası ilə əlaqədar 10.000 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilməsi məqsədi ilə xx.xx.2004-cü il tarixli qərarla Baş Prokurorluğun depozit hesabına keçirilmişdir. İş üzrə ibtidai istintaq davam etdiyindən istintaqın hazırki mərhələsində qeyd edilən vəsaitin dövlət büdcəsinə köçürülməsi ilə bağlı qərar qəbul edilməmişdir. ”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İş materiallarından müəyyən olunur ki, Baş Prokurorluğun İstintaq idarəsində müxtəlif məhdud məsuliyyətli cəmiyyətlər təsis edilməklə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması və digər faktlar üzrə Azərbaycan Respublikası CM-nin 179.3.2, 193.2.2, 213.2.2 308.2 və 313-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı MMC (vöen **********) tərəfindən "xxxx" MMC (vöen **********) ilə həyata keçirilmiş maliyyə əməliyyatları üzrə vergi öhdəliklərinin icrası ilə əlaqədar 10.000 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilməsi məqsədi ilə xx.xx.2004-cü il tarixli qərarla Baş Prokurorluğun depozit hesabına keçirilmişdir. İş üzrə ibtidai istintaq davam etdiyindən istintaqın hazırki mərhələsində qeyd edilən vəsaitin dövlət büdcəsinə köçürülməsi ilə bağlı qərar qəbul edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən məhkəmə iclasında iddiaçının nümayənədisinə hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi, iddiaya cavab verməli olan orqanın hazırki cavabdeh olmadığı izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaq olunan cinayət işi üzrə iddiaçı tərəfindən vergi öhdəliklərinin icrası ilə əlaqədar 10.000 manat məbləğində pul Baş Prokurorluğun depozit hesabına köçürüldüyündən Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh qismində göstərilməsi düzgün olmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Mingəçevir-Tikinti MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "Baş Prokurorluğun depozit hesabında olan 10000.00 manat vəsaitin vergi orqanına köçürülməsinin və hesablanmış faiz borcunun ləğv olunması" barədə iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. X18 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar