Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-353/2024 18.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “xx.xx.2018-ci il tarixdən ona İİ qrup əlilliyə əmək pensiyasının təyin edilərək xx.xx.2018-ci il tarixdən hesablanması və əvvəlki təyin edilmiş müavinət məbləği ilə, təyin ediləcək əlilliyə görə əmək pensiyası məbləğinin arasında yaranacaq fərqin, xx.xx.2018-ci il tarixdən hesablanmaqla, birdəfəlik olaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8500/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2018-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir İddiaçı, tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.2016-cı il tarixdə Şəkidə beyindaxili qansızma ilə (insuit) koma vəziyyətinə düşmüş, təcili yardımla Bakı şəhəri, X4 göndərilmiş və xx.xx.2016-cı il tarixdə, “Hemorragik gedişatlı kəskin beyin qan dövranı pozulması, spontan baraxnoidal, mədəcikdaxili qansızma, Baş-beyin AcoA-da kisəli anevrizma” diaqnozu ilə “MediStyle” klinikasında, qapalı (endovaskuiyar) beyin əməliyyatı keçirmişdir. Həmin klinikada xx.xx.2017-ci il tarixinə qədər, əməliyyatdan sonrakı bərpa müddətini keçmiş, sonrakı müalicəsini Şəki rayon X2 şöbəsində davam etdirmişdir və ambulator müalicələri bu günkü günə qədər də, davam edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şəkidəki Tibbi-Sosial Ekspert komissiyasına sənədlərini təqdim etdikdən sonra, ona xx.xx.2018-ci il tarixində İİ qrup (əmək qabiliyyətsiz), əlillik təyin edilmiş və həmin məlumat, rəsmi şəkildə ona, xx.xx.2019cu il tarixində təqdim edilmişdir. Əlilliik arayışını, aldığı gün Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 təqdim etmişdir. Həmin filialda əmək fəaliyyəti barəsində heç nə soruşmamış və sonrakı aydan əlilliklə bağlı minimum müavinət təyin edilmişdir. Halbuki, filialda onun əmək fəaliyyəti ilə bağlı məlumat toplanılmalı və əlilliyə görə əmək pensiyası təyin edilməliydi. Məsələnin həlli ilə bağlı xx.xx.2023-cü il tarixində, rəsmi olaraq DSMF-in 2 saylı Şəki-Zaqatala RF-na ünvanladığı müraciətə, DSMF-in Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən, 3-17-1/2-Ə-20029/2023 saylı, xx.xx.2023- cu il tarixli Qərarı ilə imtina cavabı verilmişdir. Mövcud sənədlər üzrə onun əmək stajı aşağıdakı kimidir: xx.xx.1978-xx.xx.1982 əyani təhsil - texnikum (kollec) xx.xx.1982-xx.xx.1984 hərbi xidmət xx.xx.1984 - xx.xx.1985 avtokalon xx.xx.1985-xx.xx.1988 Sənaye-tikinti kombinatı xx.xx.1988-xx.xx.1989 Sənaye-tikinti kombinatı xx.xx.1989 -xx.xx.1990 Korlar Cəmiyyəti xx.xx.1992 - xx.xx.1995-"xxxx" MKM xx.xx.1993 – xx.xx.1995 "xxxx" cəmi: 17 il , 02 ay, 12 gün. O, Ali təhsilini qiyabi formada bitirmiş və 2008-2010-cu illər intervalında fərdi əməklə məşğul olmaqla, həm də pensiya fonduna qanunauyğun ödənişlər etmişdir. Buna görə də cavabdeh orqanın imtina cavabı ilə razılaşmamışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.6bəndinə əsasən, TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Cernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) verinə yetirməklə əlaqədar hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. İşin faktiki hallarından məlum olur ki,
1. İddiaçı AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1963-cü il tarixdə doğulmuşdur;
2. İddiaçı xx.xx.2018-ci il tarixdə İİ qrup əlillik təyin edilmiş və sosial müavinətlə təmin edilmişdir. Bildirilir ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən əmək fəliyyət dövrü, o cümlədən xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olduğu müddətdə nəzərə alınmaqla sığorta stajı 14 il 10 ay təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçı təqdim etdiyi arayışlardan da göründüyü kimi, xx.xx.1992-ci il tarixdən 01,03.1995-ci il tarixədək Şəki "xxxx" müstəqil kiçik müəssisəsində işlədiyi dövrlə xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Şəki "xxxx" MMC-də işlədiyi dövrlər üstüstə düşür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1 -ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 14 il 10 ay olmaqla qanunvericiliklə tələb olunan müddət (14 il 8 aydan) çox olmasına baxmayaraq, fərdi hesabınn sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01,2006cı il tarixədək 14 il 4 ay sığorta stajına uyğun 11.692.65 manat, 01,09.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 301,50 manat (6 ay sığorta stajına uyğun) olmaqla, ümumilikdə 11,994,15 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 30.412,80 manat pensiya kapitalından (59 yaşına uyğun olaraq) azdır və minimum pensiya təminatına (240 manat) imkan vermir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün (10 mart 2017-ci il tarixindən etibarən bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. İddiaçı təqdim etdiyi sənədlərə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 14 il 10 ay olmaqla qanunvericiliklə tələb olunan müddət 14 il 8 aydan çoxdur. İşin mübahisələndirilən halı bundan ibarətdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (11,994,15 manat) tələb olunan pensiya kapitalından (30.412,80 manatdan) az olduğu üçün əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki , “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Qanunun 13.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:
1. SH=PSK/(TxK), burada:
2. SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
3. PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);
4. T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;
5. K - sığorta davamiyyəti əmsalıdır. İddiaçı müraciət etdiyi tarixə müaviq olaraq hüquqi əsaslandırma Qanunun 13.3-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı M.Əsqərova münasibətdə tələb olunan aylıq pensiya ödənişi məbləği aşağıdakı kimidir:
1. 59 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yas dövrü) = 44 il (əmək qabiliyyətli yaş dövrü)
2. 44 il x 4 ay (əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün) = 176 ay
3. Tələb olunan sığorta stajı 200-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 176/200= 0.88
4. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur: 0, 88x144=126.72
5. Pensiya sığorta kapitalı (PSK=11994,15) alınmış rəqəmə bölünərək (11.994,15: 126,72 = 94,650 (95) manat) pensiyanın məbləği 95 manat məbləğində müəyyən edilir. Göründüyü kimi iddiaçıya təyin olunan aylıq pensiya ödənişi 95 manatdır ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əmək pensiyasının minimum məbləğindən (280) aşağıdır. Odur ki iddiaçıya orqanizmin funksiyalarının 61- 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh orqan etirazının “əlilliyin təyin edildiyi tarixə müvafiq olaraq hüququ əsaslandırma” hissəsində texniki səhvlər olduğu əsas gətirərək xx.xx.2024-cü il tarixli məktub göndərmiş və etiraza aşağıdakı əlavələri etmişdir: İlk öncə bildirilir ki, İddiaçı 2018-ci ildə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün hər hansı bir müraciəti olmamışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə İİ qrup əlillik təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş redaksiyasına və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.3.2-ci yarımbəndinə əsasən əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2018-ci il tarixə xx.xx.1963-cü il təvəllüdlü sığortaolunanın tələb olunan sığorta stajı 13 il 4 aydır (55 yaş -15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 40 x 4 ay = 160 ay/12 = 13 il 4 ay). Buradan, sığorta davamiyyəti əmsalı - K=160 ay/192=0,83; əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalı isə PSK=SFFT*K=116,27*144*0,83=13896,59 manat təşkil edir. Bildirilir ki, İddiaçı təqdim etdiyi 75 nömrəli xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil illəri, ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (DSMF hesabatlarına əsasən 2-ci, 3-cü və 4-cü rüblər), 01,04.1993-cü il tarixdən 31,12.1993-cü il tarixədək (DSMF hesabatlarına əsasən 2-ci, 3-cü və 4-cü rüblər), xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, 01.01,1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (DSMF hesabatlarına əsasən 1 -ci və 2-ci rüb) əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən ümumi iş stajı 14 il 04 ay 17 gün təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 altsistemində olan məlumata əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2008-ci il tarixdən 01.11 2008-ci il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr üzrə qeydə alınmış pensiya kapitalının 2018-ci il üzrə indeksləşdirilmiş məbləği 260,10 manat, 2022-ci il üzrə indeksləşdirilmiş məbləği 301,5 manat 2024-cü il üzrə indeksləşdirilmiş məbləği 373,62 manat təşkil edir. Beləliklə, İddiaçı 2018-ci il üzrə xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən 14 il 04 ay 17 gün ümumi iş stajına əsasən 10087,62 manat pensiya sığorta kapitalı və xx.xx.2006-cı il tarixindən əlilliyin müəyyən edildiyi xx.xx.2018-ci il tarixinədək 260,10 manat pensiya sığorta kapitalı olmaqla 6 ay sığorta stajı nəzərə alındıqda sığorta stajı cəmi 14 il 10 ay 17 gün, pensiya sığorta kapitalı 10347,72 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının xx.xx.2018-ci il tarixə mübahisələndirilməyən sığorta stajı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajından çox olsa da, pensiya sığorta kapitalı qanunvericiliklə tələb olunan məbləğdən azdır. Bu səbəbdən iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, ИТ № 1154325-li əmək kitabçası, TSEK-nın 2-ci qrup əlilliyin təyininə dair qərarı, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu, ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin xx.xx.2024-cü il traixli məktubuna əlavə edilmiş qiymətləndirmə məlumatları.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası “Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 14.1 və 14.2-ci maddələrinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Qanunun 13.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:
1. SH=PSK/(TxK), burada:
2. SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
3. PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);
4. T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;
5. K - sığorta davamiyyəti əmsalıdır. xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.5-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PASa daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Həmin qaydaların 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə İİ qrup əlillik təyin edilmiş və cavabdeh orqan tərəfindən sosial müavinətlə təmin edilmişdir. Cavabdeh orqan iddiaçının 2018-ci ildə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün hər hansı bir müraciətinin olmadığını bildirsə də, nəzərə alınmalıdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 7.0.3-cü bəndinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Yəni, cavabdeh orqan iddiaçının əmək pensiyası hüququ olmadığı qənaətinə gələrək ona əlilliyə görə müavinət təyin etdiyindən iddiaçının sözügedən dövrdə müraciətinin olmaması dəlilinə istinad edə bilməz. İddiaçı, sözügedən dövrdə onun pensiya hüququnun olmasını, lakin pensiya əvəzinə müavinətin təyin edildiyini iddia edir. Odur ki, məhkəmə tərəfindən iddiaçının sözügedən dövrdə pensiya hüququnun olub-olmaması, cavabdeh orqan tərəfindən pensiya əvəzinə sosial müavinət təyinatının aparılmasında səhvə yol verilib-verilməməsi araşdırılmışdır. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün o, 2 şərtə cavab verməli idi: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalı, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli idi. İddiaçıya münaisbətdə xx.xx.2018-ci il tarixə tələb olunan sığorta stajı 13 il 4 ay (55 yaş -15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 40 x 4 ay = 160 ay/12 = 13 il 4 ay), əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalı isə PSK=SFFT*K=116,27*144*0,83=13896,59 manat təşkil edirdi. İddiaçının xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən ümumi iş stajı 14 il 04 ay 17 gün təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2008-ci il tarixdən 01.11 2008-ci il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr üzrə qeydə alınmış pensiya kapitalının 2018-ci il üzrə indeksləşdirilmiş məbləği 260,10 manat, 2022-ci il üzrə indeksləşdirilmiş məbləği 301,5 manat 2024-cü il üzrə indeksləşdirilmiş məbləği 373,62 manat təşkil edir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən 14 il 04 ay 17 gün ümumi iş stajına əsasən 10087,62 manat pensiya sığorta kapitalı və xx.xx.2006-cı il tarixindən əlilliyin müəyyən edildiyi xx.xx.2018-ci il tarixinədək 260,10 manat pensiya sığorta kapitalı olmaqla 6 ay sığorta stajı nəzərə alındıqda sığorta stajı cəmi 14 il 10 ay 17 gün, pensiya sığorta kapitalı 10347,72 manat təşkil edir. İddiaçı hesab edir ki, Şəki "xxxx" X5 1992-ci ilin İİ, İİİ, İV rübləri üzrə və "xxxx" MMC-nin 1993-cü ilin İİ, İİİ, İV, 1994-cü ilin İ, İİ, İİİ, İV, 1995-ci ilin İ, İİ rübləri üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği, hazırda ölkədə dövriyyədə olan Azərbaycan manatına indeksasiya edilməklə hesablanarsa onun tələb olunan pensiya sığorta kapitalı tamamlanacaqdır. Məhkəmə iddiaçının həmin dəlilinə münasibətdə qeyd edir ki, pensiya təminatında sığortaolunanlara fərdi hesablar xx.xx.2006-cı il tarixdən açıldığından, ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda həmin tarixdən fərdi uçotu aparıldığından və vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçot məlumatları əsasında bu tarixdən müəyyənləşdirildiyindən, 1992-1995-ci illərdə ödənilmiş vəsaitin fərdi hesabda əks olunması yolverilməzdir. Yəni, həmin tarixlərdə ödənilən məcburi dövlət sosial sığorta haqları fərdi hesabda qeydə alınmalı olan vəsait olaraq yox, nəzərə alınmalı olan iş stajı kimi qəbul edilə bilər ki, işin hallarından göründüyü kimi iddiaçı həmin məbləğlərin fərdi hesabında qeydə alınmasında maraqlıdır. İş materiallarınan görünür ki, cavabdeh orqan faktiki olaraq həmin müddətləri iddiaçının əmək fəaliyyəti dövrləri kimi nəzərə almaqla onun xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən 14 il 04 ay 17 gün ümumi iş stajına daxil etmişdir. Göründüyü kimi iddiaçının xx.xx.2018-ci il tarixə mübahisələndirilməyən sığorta stajı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajından çox olsa da, pensiya sığorta kapitalı qanunvericiliklə tələb olunan məbləğdən azdır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunu: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.