Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-3640/2024 19.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən və hərəsinin ümumi sahəsi 1. 84 ha – cəmi 3,68 ha təşkil edən torpaq sahəsinin döngə nöqtələrinin X2 X3 (TEKUİS) ilkin torpaqayırma parametrlərinə uyğun şəkildə, yəni ilkin torpaqayırmanın JN-635 və JN-636 nömrəli Dövlət Aktlarında əks edilmiş perimetrik ölçüləri əsas götürülməklə düzəliş edilməsi və həmin düzəlişləri əsas götürməklə torpaq sahələrinə dair yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Müəyyən etdi : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mülkiyyətində olan Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən və hərəsinin ümumi sahəsi 1. 84 ha – cəmi 3,68 ha təşkil edən torpaq sahəsinin döngə nöqtələrinin X2 X3 (TEKUİS) ilkin torpaqayırma parametrlərinə uyğun şəkildə, yəni ilkin torpaqayırmanın JN-635 və JN-636 nömrəli Dövlət Aktlarında əks edilmiş perimetrik ölçüləri əsas götürülməklə düzəliş edilməsi və həmin düzəlişləri əsas götürməklə torpaq sahələrinə dair yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Göyçay rayonu, Yeniarx kəndi ərazisində hərəsinin sahəsi 1,84 ha olan bir- birinə bitişik iki torpaq sahəsi - cəmi 3,68 ha mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin torpaq sahələri üzərində olan mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə mənə müvafiq çıxarışlar verilmişdir. Torpaq sahələrinin qonşuluğunda yerləşən digər bir torpaq sahəsi iddia tələbləri üzrə 3-cü şəxs Maraqlı şəxs məxsusdur. Torpaq sahəsini əldə etdiyi müddətdən həmin sahədə ağaclar əkmişdir və tərəfindən sahəyə qulluq olunur. Məhkəmə mübahisələri başlanana qədər ona məxsus torpaq sahəsinin mübahisələndirilməsi məzmununda hər hansı bir narazılıq eşitməmişdir. 2019-cu ilin ikinci yarısında iddia tələbləri üzrə 3-cü şəxs tərəfindən müəyyən narazılıqlar bildirilməyə başlanıldı. Belə ki, Maraqlı şəxs iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin məhz ona məxsus olduğunu iddia edərək həmin hissəni geri qaytarmalı olduğunu bildirirdi. O, buna etiraz edərək, sərhədlərini dəqiq tanıdığını bildirdi. Əlavə olaraq, hansısa mübahisələrin yaranmasının qarşısının alınması üçün qeydiyyat orqanına ərizə ilə müraciət edərək, torpaq sahəsinin naturada sərhədlərinin göstərilməsini xahiş etmişdir. Qeydiyyat orqanının əməkdaşları tərəfindən ərizənin icrası qaydasında yerində sərhəd nöqtələri müəyyən edilərək göstərildi və o, əvvəldən bildiyi sərhədlərin dəqiq olduğuna bir daha əmin olmuşdur. İddia tələbləri üzrə cavabdeh tərəfindən bu arqument də qəbul edilmədi və qeydiyyat orqanının əməkdaşlarının yalnış etdiyi iddia olundu. Belə olduqda iddiaçı artıq ona əhəmiyyət verməməyə qərar vermişdir. Lakin qısa bir müddətdən sonra cavabdehin ona məxsus sahənin təxminən 0,30 ha hissəsini əkdiyi və faktiki olaraq istifadə etməyə başladığı məlum oldu. Belə olduqda mülki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmiş, mülki qaydada baxılan iş zamanı bir dəfə məhkəmə tərəfindən tikinti texniki ekspertizası təyin edilmişdir. Lakin verilmiş Ekspert Rəyi suallara tam aydınlıq gətirmədiyindən, tərəflərindən əlavə olaraq ekspertiza sifariş edildi və ekspert qarşısında əlavə suallar, daha doğrusu məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsindən yaranmış suallar qoyuldu. X7 ilə tanış olduqda məlum oldu ki, həqiqətən də Maraqlı şəxs iddia etdiyi torpaq sahəsi, ona verilmiş plan və ölçü sənədinin koordinatlarına əsasən onun mülkiyyətindədir. Lakin, hüquqların qeydiyyata alınmasına əsas olmuş sənədlərdə olan koordinatlar tam fərqlidir. Həm onun, həm də Maraqlı şəxs hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əvvəllər yaranmış hüquq olaraq qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatına əsas olaraq hər iki tərəfin sənədi “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” olmuşdur. Ekspert Rəyindən onlara aydın oldu ki, hal-hazırki iddia tələbləri üzrə cavabdeh tərəfindən hüquqlar qeydiyyata alınarkən N.X4 əsasən koordinatları iddiaçıya məxsus olan əraziyə sürüşdürülmüş, ona məxsus olan yanaşı iki torpaq sahəsi isə, ümumiyyətlə başqa sahəyə - bir hissəsi ümumi istifadədə olan yola, bir hissəsi də dövlət mülkiyyəti olan kanalın ərazisinə salınmaqla verilmişdir. Ekspert Rəyinə əlavə edilmiş sxemdə dedikləri təsdiq edilmişdir. Nəticədə cavabdeh tərəfindən verilmiş koordinatlar əsas götürüldükdə iddiaçının torpaq sahəsi 3-cü şəxsin torpaq sahəsi ilə heç qonşu sahələr də deyildir. Belə olduqda inzibati icraat qaydasında Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir və inzibati işin araşdırması zamanı cavabdeh təşkilatın nümayəndələri bildirdi ki, ümumilikdə bir çox ərazilərdə bu qəbildən olan çoxsaylı problemlərin olduğu səbəbindən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarilxi 818 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalan əsasında işlər aparılmış və yeni elektron kadastr uçotu tərtib edilmişdir. Həmin elektiron kadastr uçotuna əsasən bu qəbildən olan yalnışlıqlar aradan qaldırılmış, tələb olunan hissələrdə torpaq sahələri naturadakı yerlərinə uyğunlaşdırılmışdır. Ona görə iddia tələbləri elektron kadastr uçotuna uyğun dəyişilmə formasında olsa, cavabdeh təşkilat həmin parametrlərə uyğun olaraq texniki sənədləri bərpa edə bilər. İşə baxan məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinə əsasən, ona dəqiqləşmə ərizəsi verilməsi təklif edildi və iddia tələblərinin dəqiqləşməsi ərizəsi əsasında iddia tələbləri təmin edildi. Həqiqətən də cavabdeh təşkilat tərəfindən məhkəmə qərarı mübahisələndirilmədi və yalnız iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs qərardan apellyasiya və sonra da kassasiya şikayətləri yuxarı instansiya məhkəmələrində baxıldı, yekun olaraq birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılaraq icra edilməsi üçün cavabdehə göndərildi. Bundan sonra yeni problemlər yaradıldı. Təxminən yarım ilə ərzində məhkəmə qərarının icrasına nail ola bilməmişdirlər. Yekunda nəhayət qərar icra edildikdə məlum oldu ki, torpaq sahələrinin döngə nöqtələrinin koordinatları naturadakı yerinə uyğunlaşdırılsa da, parametrləri dəyişdirilmiş, torpaq sahələrinin ümumi eni əhəmiyyətli dərəcədə azaldılaraq, uzunluğu artırılmışdır. Bunun nəticəsi olaraq isə, torpaq sahələrini təhvil aldıqları parametrlərdə salınmış meyvə bağı sahəsinin bir hissəsi faktiki olaraq Maraqlı şəxs mülkiyyətində saxlanılmışdır. Bu məlumatları çoxsaylı yazılı müraciətləri, dəfələrlə qərararın icrası ilə bağlı cavabdeh təşkilata şifahi müraciətləri nəticəsi olaraq məhdud şəkildə verilən məlumatlar sayəsində müəyyən edilmişdir. Yenidən müstəqil mütəxəssisə müraciət edilmişdir. Məhkəmə qərarının icrası qaydasında tərtib edilmiş yeni “Torpaq sahəsini planı və ölçüsü” sənədlərinin parametrlərini yerinə köçürüldükdə müəyyən edildi ki, iddiaçıya məxsus iki torpaq sahəsinin ümumi eni 98,1 metr olmalı olduğu halda həmin ölçü 93 metrə qədər azaldılmışdır. Bu səbəbdən problem tam həllini tapmamışdır. Cavabdeh təşkilatın heç bir əsas olmadan iddiaçıya məxsus torpaq sahəsinin parametrlərini dəyişdirməsi qanunvericiliyə ziddir və cavabdeh tərəfindən normativ qanunvericilik əsası kimi istinad edilən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarilxi 818 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın tələbləri birtərəfli qaydada belə düzəlişlərin həyata keçirilməsini qadağan edir. Tərəfindən cavabdeh təşkilata və həmin təşkilatın hərəkətlərindən yuxarı instansiya təşkilatlarına edilmiş çoxsaylı müraciətlərin araşdırılmasının nəticəsi olaraq ona ünvanlanmış iki cavab məktubundan birincisi cavabdeh təşkilata etdiyi müraciətlə bağlı verilmiş 3-21-36/2-3211/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdur. Həmin məktubda tələb etdiyi düzəlişlərin aparılması üçün yerli icra və özünüidarəetmə qurumunun və qonşu mülkiyyətçilərin iştirakı ilə aktın mövcud olmadığı (məktubda olduğu kimi) səbəb göstərilmişdir. İkinci məktub Azərbaycan Respublikası Prezidenti Administrasiyasına ünvanladığı şikayət məktubunun aidiyyatı üzrə araşdırılmasının nəticəsi olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən veirlmiş 3-21-3-02/2-F-0144- 8/2024 saylı 20 sentyabr 2024-cü il tarixli cavab məktubudur. Həmin cavabda Şəki İnzibati Məhkəməsinin 2-1(116)-107/2022 nömrəli, xx.xx.2022-c il tarixli qərarının icra edildiyi, JN-635 və JN-636 nömrəli Dövlət Aktları ilə mülkiyyətə verilmiş torpaq sahəsinin məhkəmə qərarında göstərilməyən digər torpaq sahəsinə iddia etdikləri, TEKUİS-də JN-635 və JN-636 nömrəli Dövlət Aktlarının öz əksini tapdığı, məhkəmə qərarının TEKUİS-ə uyğun icra edildiyi bildirilmişdir. Belə olan halda yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh orqan imtina cavabını aşağıdakı kimi əsaslandırmışdır: - Şəki inzibati Məhkəməsinin 2-1(116)-107/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 16 saylı Ucar Ərazi idarəsinin üzərinə Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən, ümumi sahəsi 3,68 ha təşkil edən, RX ******* və ******* seriya nömrəli çıxarışlara əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının JN-635 və JN-636 nömrəli X1 elektron kadastr X3 (bundan sonra - TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılaraq, həmin koordinatlara uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi və üçüncü şəxs Maraqlı şəxs mülkiyyətində olan Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən A331062 nömrəli plan-ölçü sənədinin TEKUİS baza məlumatlarında JN-636 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşən 0,15 ha hissəsində ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Lakin iddiaçı JN-635 və JN-636 nömrəli Dövlət Aktları ilə mülkiyyətə verilmiş 3,68 ha torpaq sahəsindən əlavə məhkəmə qərarında göstərilməyən digər torpaq sahəsinə də iddia etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, TEKUlS-də JN-635 və JN- 636 nömrəli Dövlət Aktları ilə mülkiyyətə verilmiş 3,68 ha torpaq sahəsi öz əksini tapır. Nəzərə çatdırılır ki, məhkəmə qərarı TEKUİS məlumatlarına uyğun olaraq, icra edilmiş və bu barədə iddiaçıya məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İş materialları ilə müəyyən edilir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən ümumi sahəsi 3.68 ha təşkil edən torpaq sahəsinin koordinatlarını JN635 və JN636 nömrəli X1 Elektron Kadastrı X3 (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılaraq, həmin koordinatlara uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi və Maraqlı şəxs mülkiyyətində olan Göyçay rayonu Yeniarx kəndi ərazisində yerləşən A331062 nömrəli plan ölçü sənədinin TEKUİS baza məlumatlarında JN636 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşən 0,15 ha hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati məhkəmə icraatı qaydasında məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə məhkəmə icraatı bitmişdir. Belə ki, mübahisə üzrə Şəki İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2-1(116)-107/2022 nömrəli qərarı ilə iddia iddia təmin edilmişdir. Beləliklə, ilkin icraatda iddiaçı JN635 və JN636 nömrəli X1 Elektron Kadastrı X3 (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılmasını tələb etmişdir. Hazırki iddia tələbində isə X2 X3 (TEKUİS) ilkin torpaqayırma parametrlərinə uyğun şəkildə, yəni ilkin torpaqayırmanın JN-635 və JN-636 nömrəli Dövlət Aktlarında əks edilmiş perimetrik ölçüləri əsas götürülməklə düzəliş edilməsi tələb edilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Həmin qərarın mövcudluğu sözügedən torpaq sahəsi ilə bağlı hüquqi sənədlərin də, məhz həmin qərara uyğun tərtib edilməsi ilə bağlı hüquqi nəticə yaradır. Əgər iddiaçı, əvvəlki məhkəmə qərarına əsasən müəyyən edilmiş hüquqi nəticələri qəbul etmirsə, bu halda həmin qərarın icrası ilə bağlı ayrı bir hüquqi mübahisə yaranır. Belə bir mübahisənin müvafiq qaydada həlli, əvvəllər verilmiş məhkəmə qərarı ilə müəyyən edilmiş halların təkrar mübahisələndirilməsi ilə mümkün deyil. Bu, hüquqi sabitliyin təmin edilməsi və məhkəmə aktlarının etibarlılığının qorunması baxımından yolverilməzdir. Çünki, hüquqi sistemin və məhkəmə qərarlarının effektivliyini təmin etmək üçün mübahisə predmeti ilə bağlı qanuni qüvvəyə minmiş qərarın təkrar müzakirə edilməsi hüquqi təhlükəsizliyi poza bilər və hüquqi qeyri-müəyyənlik yarada bilər. Qeyd edildiyi kimi mübahisəyə artıq mahiyyəti üzrə baxıldığından və iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul edildiyindən, hazırki hüquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması mümkün deyildir (iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qaldırılan məsələ hüquq nəzəriyyəsinin “Res judicata” prinsipinə də, birbaşa ziddir. Belə ki, Res judicata ("hüquqi qüvvəyə minmiş qərar") prinsipinə əsasən, bir hüquqi məsələyə dair məhkəmə qərarı artıq qüvvəyə mindikdən sonra həmin məsələyə yenidən baxılmamalıdır. Bununla belə əgər iddiaçı, məhkəmə qərarın düzgün icra edilmədiyi və torpaq sahəsinə dair tərtib edilmiş hüquqi sənədlərin həmin qərarın məzmununa uyğun olmaması qənaətindədirsə, bununla bağlı əlavə iddia ərizəsi ilə müraciət etməyə lüzum yoxdur. Bu zaman ortaya çıxan məsələlər əvvəlki məhkəmə qərarının icrası çərçivəsində müzakirə olunmalıdır. Məhz həmin icraat qaydasında torpaq sahəsinə dair tərtib edilmiş sənədlərin məhkəmə aktına uyğunluğu yoxlanılmaqla cavabdeh orqan tərəfindən müvafiq icra hərəkətlərinin düzgün həyata keçirilib-keçirilməməsinə hüquqi qiymət veriləcəkdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə iclası keçirilərək iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən və hərəsinin ümumi sahəsi 1. 84 ha – cəmi 3,68 ha təşkil edən torpaq sahəsinin döngə nöqtələrinin X2 X3 (TEKUİS) ilkin torpaqayırma parametrlərinə uyğun şəkildə, yəni ilkin torpaqayırmanın JN-635 və JN-636 nömrəli Dövlət Aktlarında əks edilmiş perimetrik ölçüləri əsas götürülməklə düzəliş edilməsi və həmin düzəlişləri əsas götürməklə torpaq sahələrinə dair yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №e-2-1(116)-3640/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-3640/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver