Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-374/2023 09.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Cavabdeh (Zərdab rayon Təzəkənd Bələdiyyəsinin) xx.xx.2004-cü il tarixli 03 saylı qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh (Zərdab rayon Təzəkənd Bələdiyyəsinin) xx.xx.2004-cü il tarixli 03 saylı qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçılara və onların vəkilinə xx.xx.2022-ci il tarixdə yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddia ərizəsinin məzmununda aydın olur ki, Zərdab rayon Təzəkənd bələdiyyəsinin etibarsız hesab edilməsini xahiş etdiyi bələdiyyə qərarı ilə (03 saylı, xx.xx.2004-cü il tarixli) bələdiyyəyə məxsus olan 13 ha torpaq sahəsi icarə müqaviləsinə əsasən X1 25 il müddətinə icarəyə verilmişdir. Təqdim etdiyi iddia ərizəsində bələdiyyə qərarının “İnzibati icraat haqqında” qanunun 65-ci maddəsinin hansı tələbinə zidd olduğundan etibarsız hesab edilməli olduğu göstərilməmişdir. Tələb inzibati aktın ləğv edilməsi ilə bağlı olduqda İPM ilə nəzərdə tutulmuş prosessual müddətdən yan keçmək məqsədilə inzibati aktın etibarsızlığı ilə bağlı iddia qaldırmaq yolverilməzdir. Qeyd olunanlara 10 gün müddətində münasibət bildirməyi təklif olunmuşdur.İddiaçıların etibarnamə üzrə nümayəndəsi xx.xx.2022-ci il tarixdə elektron qaydada ərizə ilə müraciət edərək icraatında dayandırılmasını xahiş etmişdir. Həmin ərizəyə münasibət bildirərək məhkəmə qeyd edir ki,icraatın dayandırılması ilə bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7-ci maddəsində göstərilən əsaslar mövcud olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” qanunun 65-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İddiaçı tərəfindən İPM-nin 36-cı maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia növündə iddia qaldırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 dekabr 2015-ci il Qərarında göstərilmişdir ki,iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İnzibati Prosessual Məcəllənin 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. İş materiallarından göründüyü kimi, məhkəmələr tərəfindən N.Quliyevin iddiası inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qiymətləndirilmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıbyaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edimişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsasən bu nəticəyə ki, inzibati aktın etibarsız hesab edilməsi əsasları “dəqiq siyahı” prinsipinə əsasən tam olaraq sadalanmışdır. Bu əsasların mövcud olması inzibati aktın heç bir hüquqi qüvvəyə malik olmadığını bildirir. Qanunverici dəqiq siyahı müəyyən etməklə inzibati aktı etibarsız hesab edən halları konkretləşdirmişdir. İddiaçının təqdim etdiyi iddia ərizəsində bələdiyyə qərarının “İnzibati icraat haqqında” qanunun 65-ci maddəsinin hansı tələbinə zidd olduğundan etibarsız hesab edilməli olduğu göstərilməmişdir. Tələb inzibati aktın ləğv edilməsi ilə bağlı olduqda İPM ilə nəzərdə tutulmuş prosessual müddətdən yan keçmək məqsədilə inzibati aktın etibarsızlığı ilə bağlı iddia qaldırmaq yolverilməzdir.Digər tərəfdən icarə müqaviləsinin müddətinə inzibati orqan tərəfindən riayət edilməməsi,konkret olaraq hazırkı iş üzrə 25 il müddətinə torpağın icarəyə verilməsi inzibati aktın etibarsız hesab edilməsi deyil,ləğvi əsaslarında biri kimi qiymətləndirilməlidir.Odur ki,hazırkı iddia tələbi mümkün hesab edilməli deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16,35, 80, 83 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Cavabdeh (Zərdab rayon Təzəkənd Bələdiyyəsinin) xx.xx.2004-cü il tarixli 03 saylı qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №e-2-1(116)-374/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-374/2023
09.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver