Məhkəmə qərarları › İş №e-2-1(116)-3750/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-3750/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-3750/2025 26.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə üzrə Mərkəzi Filialına qarşı “hakim kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı həmin tarixdən pensiya məbləğinin hesablanıb ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, 40 təqvim günü müddətində ödənilmiş məzuniyyət haqqları, habelə qanunvericiliklə nəzərə tutulmuş qaydada 14 il 4 ay 18 gün hakim stajına görə əlavələr nəzərə alınmaqla 19 may 2025-ci il tarixindən ona hakim kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı həmin tarixdən pensiya məbləğinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə təqdim edərək, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavələr, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün (təmsilçilik) vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, 40 təqvim günü müddətində ödənilmiş məzuniyyət haqları, kompensasiya, habelə pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş qaydada (Əmək pensiyaları haqqında Qanunun xx.xx.2017-ci il tarixədək olan redaksiyasında-20.7.3-cü maddəyə əsasən 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə) pensiyaya 14 il 4 ay 18 gün hakim stajına görə əlavələr nəzərə alınmaqla 19 may 2025-ci il tarixdən ona hakim kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı həmin tarixdən pensiya məbləğinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2010-cu il tarixli Sərəncamı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Həmin Sərəncama uyğun olaraq vəzifə səlahiyyətlərinin icrasına xx.xx.2011-ci il tarixdən başlamış və xx.xx.2013-cü il tarixədək həmin məhkəmədə hakim vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Samux Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və xx.xx.2022-ci il tarixədək həmin vəzifədə işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə Samux Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Oğuz Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə xx.xx.2025-ci il tarixədək çalışmışdır. Məhkəmə Hüquq Şurasının xx.xx.2025-ci il tarixli qərarı ilə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatdığı nəzərə alınmaqla xx.xx.2025-ci il tarixdən səlahiyyətlərinə xitam verilmişdir. Beləliklə cəmi 14 il 04 ay 18 gün müddətində hakim, həmin müddətin 2 il 4 ay 18 gün hissəsini həm də məhkəmə sədri vəzifəsində çalışmışdır. Ümumi iş stajına uyğun olaraq xx.xx.2023-cü il tarixdə ona təyin edilmiş pensiya xx.xx.2025-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyilə əlaqədar yenidən hesablanmışdır. Hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatmağı nəzərə alınmaqla 14 may 2025-ci il tarixli qərarla xx.xx.2025-ci il tarixdə səlahiyyətlərinə xitam verildiyindən yaşa görə əmək pensiyası təyin edilərkən qeyd edilən ödənişlər nəzərə alınmadan ona 1642,07 manat məbləğində pensiya hesablanmışdır. Hesab edir ki, əmək pensiyası hesablanarkən qanunla müəyyən edilmiş şəkildə qeyd etdiyi ödənişlər nəzərə alınmalıdır. Bundan əlavə “Əmək pensiyaları haqqında” Qanuna edilmiş yuxarıda göstərilən dəyişikliklər vətəndaş kimi onun vəziyyətini ağırlaşdırır. Ona görə də hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan müddəaları tətbiq edilməklə onun əmək pensiyasına həm də hakim vəzifəsində işlədiyi 14 il 4 ay 18 gün müddətə görə qanunvericiliklə müəyyən edilmiş faizlər hesablanaraq ödənilməlidir. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş iddia tələbinə etirazının əsasını iddiaçının sığorta stajının qanunvericiliklə tələb olunan həddən (15 il) az olduğu üçün ona hakim kimi yaşa görə əmək pensiyasının təyin olunmasının mümkünsüzlüyü təşkil edir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. İddiaçıya məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki,iddiaçı xx xxxxx 1960-cı il tarixində anadan olmuşdur.

2. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubu;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 iyun 2025-ci il tarixli Arayışı;

4. İT-İ ******* nömrəli Əmək kitabçasının surəti;

5. Cavabdehin xx.xx.2025-ci il tarixli etirazı və ona əlavə olunan sənədlər.

Əsaslandırma hissəsi: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı 14 il 4 ay 18 gün hakim stajına görə əlavələr nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən pensiya məbləğinin hesablanıb ödənilməsindən ibarətdir. İş materiallarından görünür ki, iddiaçının 65 yaşı xx.xx.2025-ci il tarixində tamam olmuş, 14 il 04 ay 18 gün hakim kimi iş stajı olmuşdur. İddiaçı hakim kimi işlədiyi dövrün son 24 ayının, yəni xx.xx.2023-xx.xx.2025-ci illərdəki dövr üzrə əmək haqqına əsasən pensiya təyin edilməsini, bu zaman həmin dövrdə aldığı hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı nəzərə alınmasını xahiş edir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə İşin hallarından görünür ki, iddiaçı ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının hakim kimi stajının 15 ildən az, yəni 14 il 4 ay 18 gün olmasına istinad edərək hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina əsasları ilə razılaşmır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun: 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil sabiq hakimlər; 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; -20.7-ci maddəsinə əsasən həmin Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Əmək” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununu ilə pensiya qanunvericiliyinə edilmiş köklü dəyişikliklər nəticəsində sosial müdafiə təminatları ilə bağlı fəaliyyətdə olan hakimlərin hüquqi vəziyyətləri də ciddi dəyişikliklərə məruz qalmışdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minən həmin dəyişiklərə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasına əsasən: 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.7-ci maddəsinə görə bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmçinin, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 5-ci hissəsinin xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin maddəyə 6 mart 2018-ci il tarixdə edilmiş və 28 mart 2019-cu il tarixdən qüvvəyə minən dəyişikliyə əsasən “Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” sözləri “Hakimlərin,” sözü ilə əvəz edilmiş, və 109-cu maddənin 5-ci hissəsi aşağıdakı kimi müəyyən olunmuşdur: “Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.” Beləliklə, qanunvericiliyə əsasən əgər ilk əvvəl 5 il hakim işləmiş sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ var idisə, sonradan (2017 və 2018-ci illərdə edilmiş dəyişikliklərə əsasən) bu staj 15 ilə qaldırılmışdır. Məhkəmə qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 100-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin xx.xx.2015-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakim vəzifəsinə hakimlər ilk dəfə beş il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinə - 65 yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər. xx.xx.2014-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 168-İVQD nömrəli Qanunu ilə həmin maddəyə edilmiş dəyişikliyə əsasən (dəyişiklik xx.xx.2015-ci ildə qüvvəyə minmişdir) 96-cı maddənin birinci hissənin birinci cümləsində “beş” sözü “üç” sözü ilə əvəz edilmiş, dördüncü cümləsində “həddinə” sözü “həddinədək” sözü ilə əvəz edilsin, “- 65 yaşınadək” sözləri və beşinci cümləsi çıxarılmaqla maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir. “Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır.” Bununla da birinci instansiya məhkəmələrinin hakimləri üçün son yaş həddi 66 yaş olaraq müəyyən edilmişdir. Həmin Qanunun keçid müddəalarını tənzimləyən 2-ci maddəsində göstərilmişdir ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsi 2015-ci ilin yanvar ayının 1-dək vəzifəyə təyin edilmiş hakimlərə şamil edilmir. Bu tarixədək hakim vəzifəsinə təyin edilmiş şəxslərə münasibətdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin birinci hissəsinin bu dəyişikliklərdən əvvəlki redaksiyası tətbiq olunur. Belə olan halda müəyyən olunur ki, iddiaçı xx.xx.2010-cu il tarixdə hakim təyin edildiyindən onun hakim kimi son yaş həddi 65 yaşdır. Odur ki, cavabdehin yaş həddi ilə bağlı gətirdiyi dəlil əsassızdır. İddiaçının hakim kimi pensiya almaq hüququ 65 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən yaranmışdır və ona həmin tarixdən hakim kimi pensiya təyin edilməklə hesablanıb ödənilməlidir. Hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Məhkəmə qeyd edir ki, məsələyə bu cür yanaşma öz əksini “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarında da tapmışdır Oxşar mübahisənin hazırkı iş üzrə yarandığını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı işdə də oxşar mövqe nümayiş etdirilməklə, iddiaçıya pensiya təyin olunarkən hazırda qüvvədə olan pensiya qanunvericiliyi yox, onun vəzifəyə təyin olunduğu dövrdə qüvvədə olan normalar tətbiq edilməli və ona 5 ildən artıq hakim stajı olan sabiq hakim kimi pensiya təyin edilməklə qulluq illərinə görə əlavə hesablanmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə,

qərara aldı:

İddia təmin edilir. İddiaçı sabiq hakim kimi xx.xx.2023-xx.xx.2025-ci illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı və məzuniyyət haqqı nəzərə alınmaqla 65 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixindən hakim kimi əmək pensiyasının təyin edilməsi, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə hesablanmaqla hüququnun yarandığı tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar