Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-3772/2025 21.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək “xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək ümumilikdə 10.700 (on min yeddi yüz) manat məbləğdə mənəvi zərər kimi kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əsasən müəyyən edilir ki, “iddiaçı şəkərli diabet İİ tip ağır formasından əziyyət çəkir. Dəfələrlə ambulator və stasionar müalicələr almışdır. Buna baxmayaraq səhətində müsbətə doğru irələyiş olmamışdır. Şəkəri daim dekompensasiya vəziyyətində olur. Bundan başqa səhətində arterial hipertenziya müəyyən olunub. Üzərində müxtəlif əməliyyatlar aparılıb. İsmayıllı rayon X1 şöbəsinin endokrioloji kabinetində dispanser qeydiyyatındadır. Mütamadi olaraq ambulator və stasionar müalicələr qəbul edir. 2013-ci ildən “şəkərli diabet İİ tip ağır forma”diaqnozu ilə əlaqadar iddiaçı 2-ci qrup əlilik müəyyən olunaraq pensiya təyin olunmuşdur. Lakin iddiaçıya təyin olunmuş pensiya ödənişi 24 iyul 2021-ci il tarixdə əsasız olaraq dayandırılmışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə pensiyanın bərpa olunması üçün müraciət etsə də heç bir nəticəsi olmamışdır. Tibbi-sosial ekspertiza müayinəsi keçirən Tibb Komissiyanın rəyinə əsasən, iddiaçıya yenidən şəkərli diabet İİ tip ağır forma”diaqnozu və gözdən əlil kimi yenidən 3-cü qrup əlilik müəyyən olunaraq pensiya təyin olunmuşdur. Lakin iddiaçıya məlum deyil ki, 2-ci dərəcəli əlillik 3-ci dərəcəlik əlliliklə əvəz edilməsi hansı zərurətdən irəli gəlmişdir. İddiaçı hesab edir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək heç bir əsas olmadan qanunsuz və əsasız olaraq pensiya ödənişi nəyə dayandırılmışdır. Bu vəziyyət iddiaçı üçün çox böyük zərbə,çox dözülməz olmuşdur. Bununla əlaqədar adiyyatı üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə,qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar kimənin tələbim əsaslıdır. Belə ki ötən dövr ərzində səhətində hansı dəyişiliklər baş vermişdir ki, 2-ci dərəcədən 3-ci dərəcəyə keçməsinə səbəb nə olmuşdur? İddia tələbinin qanuni əsasını “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsi və vurulmuş ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normaları təşkil edir. 89.1 -ci maddənin tələbinə görə,inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1 -ci maddəsinin məzmunun dispozisiya şərtlərindən görünür ki,vurulmuş ziyana görə məsuliyyətin yaranması üçün ilk növbədə,inzibati orqanın qanunsuz qərarı və ya qanunsuz hərəkəti olmalıdır.Yalnız bundan sonra Mülki Məcəllənin vurulmuş ziyana görə məsuliyyət müəyyən edən normalarının tələbləri yoxlanöa bilər. Qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsassız qəbul olunmuş. Belə ki, qanunsuz qəbul olunmuş qərara görə iddiaçıya 2022-ci ildə 5 ay müddətində 900 manat, 2023-cü ildə 2640 manat,2024-cü ildə 3000 manat və 2025-ci ilin 7 ay müddətində 2000 manat ümümilikdə 10.700 (on min yeddi yüz) manat məbləğdə əlilliyə görə pensiya məbləği almalı olduğu halda cavabdeh həmin məbləğdən məhrum olunmuşdur. Ona görə də qanunsuz qəbul olunmuş qərarın görə konpensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbində haqlıdır. İddiaçı hesab edir ki, hazırkı iddia mümkün iddiadır. Çünki barəsində cavabdeh tərəfindən edilmiş faktiki xarakterli hərəkətin hüququnu pozduğunu iddia edərək bu iddiaya cavab verməli orqana qarşı hazırkı iddianı qaldırmışdır və bunun üçün onun subyektiv hüququ olmuşdur.”. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, “İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əyani müayinəsi həyata keçirilərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: H35.2 Digər proliferativ retinopatiya, OU-Proliferstiv diabetik retinopatiya.VİS/OD-0,08 k\i 0,1(onda bir)VİS/OS-0,1k\i 0,2 (onda iki) İ10 Essensial [birincili] hipertenziya, Arterial hipertenziya. Meyar: E11.7 XBT kodlu diaqnoz əsasında 11.2.3.1 meyarı ilə xx.xx.2025-ci il tarixindən xx.xx.2027-ci ilədək 2 il müddətinə orqanizimin funksiyalarının 50% pozulması ilə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, iddiaçının bu təyinatdan öncəki əlillik təyinatı xx.xx.2016-cı il tarixində olmuşdur. Həmin 5 illik əlillik müddəti 2021-ci ilin iyul ayında başa çatdıqda isə 4 dəfə fərqli fərqli vaxtlarda göndrəişlər rəsmiləşdirilmiş, yalnız sonuncu - 4cü göndəriş üzrə əlillik təyinatı aparılmışdır. Digər 3 göndərişdə (xx.xx.2021; xx.xx.2022; xx.xx.2023) isə natamamlıqlar olduğu üçün əlilliyin qiymətləndirilməsi mümkün olmamışdır. Qeyd etmək istərdik ki, qeyd olunan göndərişlər barəsində tərəfimizdən qəbul edilmiş qərarlar heç bir halda iddiaçı tərəfindən mübahisələndirilmişdir. Həmçinin qeyd edirik ki, sözügedən işlərlə əlaqədar formalaşmış məhkəmə təcrübəsindən və Ali Məhkəmənin İnzibati Kollegiyasının İcmalından da məlumdur ki, göndərişin natamam doldurulması halı heç bir halda yekun qərar kimi qiymətləndirilə bilməz və bu cür hallarda Agentliyin hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyindən söhbət gedə bilməz. Odur ki, iddiaçı tərəfindən müvafiq iddia müddətində mübahisələndirilməyən qərarlar barədə, Agentliyin təqsiri olmayan hər hansı məsələ barədə kompensasiya tələbi qanunun tələblərinə birbaşa ziddir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020- ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə müayinə olunmuş və ona üçüncü 2 illik üçüncü dərəcəli əlillik təyin edilmişdir.
2. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1967ci il tarixdə doğulmuşdur..
3. Cavadehin iddia tələbinə dair xx.xx.2025-cİ il tarixli etiraz məktubu və ona əlava edilmiş sənədlər; Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi : Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 4.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə Maddə 71.3. İnzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda, məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər. Əsaslandırma hissə:
Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.7-ci maddələri) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə tələbinə dair aid olan inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Hazırkı tələbdə iddiaçının hüquqi marağı və məqsədi 10.700 (on min yeddi yüz) manat məbləğində kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir. İnzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinin əsaslı sayılması üçün: 1. inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2. inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3. inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4. hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalı; 5. maraqlı şəxsə zərər vurulmuş olmalı, onun hüquqi vəziyyəti inzibati orqanın öz vəzifələrini pozması vasitəsilə pisləşmiş olmalıdır (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır). Hazırkı halda inzibati orqan tərəfindən daşıdığı vəzifələrin pozması nəticəsində iddiaçıya zərər vurulması iş üzrə müəyyən edilmir. İddiaçı tələbinin əsası kimi heç bir əsas olmadan cavabdeh tərəfindən 2-ci dərəcəli əlilliyi 3-ci dərəcəli əlliliklə əvəz edilməsinə və xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək qanunsuz olaraq pensiya ödənişinin dayandırılmasına istinad edir. İşin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, iddiaçı barəsində xx.xx.2025-ci il tarixindən xx.xx.2027-ci ilədək 2 il müddətinə orqanizimin funksiyalarının 50% pozulması ilə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçının bu təyinatdan öncəki əlillik təyinatı xx.xx.2016-cı il tarixində olmuşdur. Həmin 5 illik əlillik müddəti 2021-ci ilin iyul ayında başa çatdıqda isə 4 dəfə fərqli fərqli vaxtlarda göndrəişlər rəsmiləşdirilmiş, yalnız sonuncu - 4- cü göndəriş üzrə əlillik təyinatı aparılmışdır. Digər 3 göndərişdə (xx.xx.2021; xx.xx.2022; xx.xx.2023) isə natamamlıqlar olduğu üçün əlilliyin qiymətləndirilməsi mümkün olmamışdır. Göründüyü kimi keçən dövr üzrə iddiaçıya əlilliyin təyinatı göndərişlərin natamam doldurulması səbəbindən baş tutmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020- ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Qeyd olunmalıdır ki, əlilliyin qiymətləndirilməsi vahid məqsədə yönələn zəncirvari, ardıcıl və birinin digərindən asılılığı ilə müşayiət edilən, lakin hər biri müstəqil inzibati icraat qaydasında həyata keçirilən iki mərhələni əhatə edir: - əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi; - tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməklə, əlilliyin müəyyən edilməsi və ya bundan imtina edilməsi ilə bağlı yekun qərar qəbul edilməsi. Şəxsə göndəriş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən verilir. İddiaçı barəsində xx.xx.2021-ci, xx.xx.2022-ci və xx.xx.2023-cü illərdə müvafiq tibb müəssisəsinin həkim-məsləhət komissiyası tərəfindən göndərişlərin natamam olması səbəbindən ona əlillyin təyin edilməməsi cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarların qanunsuz olması anlamına gəlmir. Belə ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndində təsbit edilmiş qaydaya görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İddiaçı qeyd edilən illərdə əlilliklə bağlı barəsində qəbul edilmiş qərarları mübahisələndirməmiş, hazırda isə həmin illərdə əldə etmədiyi əlilliyə görə pensiya məbləğini tələb edir. Halbu ki, həmin dövürlərdə mübahisə olduğu təqdirdə həkim komissiyası tərəfindən şəxsin və ya müalicə həkiminin müraciəti əsasında şəxs barəsində müvafiq tibbi sənədlərin toplanması, həmin sənədlərin təhlil edilməsi, diaqnozun dəqiqləşdirilməsi məqsədilə onun ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilib-göndərilməməsi, başqa sözlə, qanunvericiliyin tələbinə uyğun icraatın aparılıb-aparılmaması, göndərişin verilməsi üçün əsasların olub-olmaması, nəticə etibarilə həkim komissiyasının “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının tələblərinə uyğun davranıb-davranmadığı araşdırılmalı və bundan sonra cavabdehin hərəkətlərinin və ya qərarlarını qanuni olub olmamasına qiymət verilməli idi. Hazırkı halda cavabdehin qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya ziyan vurulması iş üzrə sübuta yetmir. Belə olan halda iddia əsaslı olmadığından rədd olunmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək ümumilikdə 10.700 (on min yeddi yüz) manat məbləğdə mənəvi zərər kimi kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.