Məhkəmə qərarları › İş №e-2-1(116)-3809/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-3809/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-3809/2025 21.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Qəbələ Regional "ASAN" Xidmət X2rşı “xx.xx.2025-ci iol tarixdə Bakı şəhərində doğulmuş övladına "Cahangirli" soyadının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində doğulmuş övladına "Cahangirli" soyadının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə “İddiaçı xx.xx.2024-cü il tarixində X4 ilə Qəbələ Regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. AZ İİ 631382 nömrəli Nikah haqqında şəhadətnamə onlara təqdim edilmişdir. Birgə nikahdan 21 iyul 2025-ci il tarixdə Bakı şəhərində kişi cinsindən olan övladları doğulmuşdur. İddiaçının övladına aid tibb müəsisəsindən doğum haqqında tibb şahadətnaməsi verilmişdir. Övladına soyad kimi atasının adına uyğun “Cahangirli” vermək üçün Qəbələ Regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etdi. Lakin etdiyi müraciətinə xx.xx.2025-ci il tarixdə 3- 16-5/8-15-401/2025 saylı məktubla imtina cavabı verilmişdir. İmtina məktubunda göstərilmişdi ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”-nın 4.1 və 4.2-ci bəndinin tələblərinə əsasən uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Valideynlərin soyadı müxtəlif olduqda valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Qanunvericiliyin tələblərini nəzərə alaraq iddiaçı tərəfindən uşağın soyadının “Cahangirli” yazılması mümkün deyildir. Göründüyü kimi qanunvericiliyə əsasən uşağa soyadın verilməsində valideynlər müstəqildirlər və qanunvericiliklə onların bu hüququ məhdudlaşdırılmamışdır və işin faktiki hallarına görə də uşağın soyadının “Cahangirli” kimi qeyd edilməsi Azərbaycan Respublikasının heç bir normativ-hüquqi aktının tələbi pozulmur. Uşaqların hüquqları və onların yaxşı vəziyyətdə böyüməsi həm sosial,həm də hüquqi baxımdan ən önəmli prinsipdir.Uşağın mənafeyinə əsaslanaraq verilən qərarlar, onların psixoloji və fiziki inkişafını dəstəkləyən,hüquqlarını qoruyan və gələcəkdə hər hansı bir problem yaratmayan qərarlar olmalıdır ki, cavabdeh bu halları nəzərə almadan iddiaçıların müraciətinin icrasından imtina etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, tələbin icrasından imtina edilmişdir.

2. AZ-İİ 631382 seriya nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında xx.xx.2024-cü il tarixdə nikah bağlanmışdır.

3. ЖVİ-ЖГ 330056 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. İşin müəyyən edilən hallarına görə iddiaçının hazırkı iddia ilə hüquqi marağı 21 iyul 2025-ci il tarixdə doğulmuş uşağının soyadının atasının adına uyğun “Cahangirli” kimi qeyd edilməsi ilə bağlıdır. Məhkəmə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi : Maddə 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Maddə 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Maddə 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Maddə 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Maddə 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Maddə 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. Maddə 54.3. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. Maddə 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları” 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Mövcud qanunvericiliyə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir, valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Uşaq 18 yaşına çatana qədər soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq yerli icra hakimiyyətinin qəyyumluq himayəçilik orqanı tərəfindən icazə verə bilər. İş üzrə müəyyən edilir ki, xx.xx.2025-ci il təvəllüdlü uşağın atasının soyadı “Musayev” anasının soyadı isə “Soltanlı”dır. Belə olan halda iddiaçının uşağının soyadının “Cahangirli”yə dəyşdirlməsinə dair əsaslandığı faktiki şərtlər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Göründüyü kimi cavabdeh zəruri inzibati icraat apararaq iddiaçının müraciətindən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”-nın 4.1 və 4.2-ci bəndinin tələblərinə əsasən imtina etmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddiaçı cavabdeh Qəbələ Regional "ASAN" Xidmət X2rşı “xx.xx.2025-ci il tarixdə Bakı şəhərində doğulmuş övladına "Cahangirli" soyadının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar