Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-3846/2025 27.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı, Zaqatala rayon Muxax Bələdiyyəsi üçüncü şəxs qismində cəlb olunmaqla, “torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə çıxarış verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayon Muxax Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 5 saylı qərarı ilə satılmış Muxax kəndi ərazisində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyət hüququ ilə DƏDRdə qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-1(116)-3846/2025 nömrəli qərardadı ilə Zaqatala rayon Muxax Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. İddia ərizəsinin əsaslarına görə, “iddiaçının əri Həsənov X3 rayonu Muxax kəndində doğulmuş və həmin kənddə yaşayır. O, Muxax Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 5 saylı qərarı ilə Muxax kəndi ərazisində yaşayış evinin tikintisi məqsədi ilə 0,08 ha həyətyanı torpaq sahəsi almışdır. Həyətyanı torpaq sahəsinin dəyərini əvvəlcədən, yəni 2015-ci ildə 960 manat olmaqla Muxax bələdiyyəsinin hesabına ödəmişdir. Bundan sonra 86 manat Muxax Bələdiyyəsinə həyətyanı torpaq sahəsini almaq üçün ödəniş etmişdir. Həyətyanı torpaq sahəsi yerində ölçülərək sərhədləri və ərazisi müəyyən edilərək təhvil verilmişdir. Həmin həyətyanı torpaq sahəsi qonşu torpaqlar və dönmə nöqtələri arasındakı məsafələr müəyyən edilərək torpaq sahəsinin X5 xəritəsindən çıxarışlar hazırlanaraq təsdiqlənmişdir. Eyni zamanda həmin torpaq sahəsini bələdiyyə mülkiyyətində yerləşməklə torpaq sahəsinin yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməsi və həmin torpaq sahəsinin tikinti altına ayrılmasına etiraz edilməməsinə dair Zaqatala rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müvafiq rəyi də verilmişdir. Əri torpaq sahəsini aldıqdan sonra mövcud qanunvericiliyə əsasən memarlıq planlaşdırma layihəsi hazırlayaraq həmin layihəni Zaqatala Rayon İcra Hakimiyyətində Memarlıq və Tikinti şöbəsində təsdiq etdirdikdən sonra yaşayış evini inşa etmişdir. Yaşayış evi hal-hazırda yaşayış üçün tam yararlıdır. Lakin yaşayış evinə kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilələrin bağlanılmasından ötrü həyətyanı torpaq sahəsini və fərdi yaşayış evinin DƏDRX-də qeydiyyata alınaraq çıxarışın götürülməsi zərurəti yaranmışdır. Yuxarıda qeyd olunan müvafiq sənədlərin surətlərini cavabdeh təşkilata təqdim edərək sözügedən torpaq sahəsinin və üzərində inşa edilmiş yaşayış evinin İddiaçı xüsusi mülkiyyəti kimi DƏDR-də qeydiyyata alınaraq çıxarış verilməsini cavabdeh təşkilatdan xahiş etmişdir. Lakin cavabdeh təşkilat xx.xx.2025-ci il tarixli 3-21-3-47/2-H-0014-8/2025 saylı imtina məktubu ilə bildirmişdir ki, torpagın alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş müqavilə yoxdur. Cavabdehin imtinası ilə razı deyil.”. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş sənədlər qanunvericiliyin tələbinə uyğun deyildir. Belə ki, bələdiyyənin həmin torpaq sahəsinin ayrılması barədə qərarının tarixi - 2016-cı ildir. Qanunvericiliyin tələbinə görə ilk öncə qeyd etdiyi torpaq sahəsi üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışla və ona dair plan-ölçü sənədi ilə rəsmiləşdirilməlidir. Bunun üçün qeyd etdiyi torpaq sahəsinə dair qanunda əsas hesab edilən hüquqmüəyyənedici (həmin torpaq sahəsinin müvafiq bələdiyyə tərəfindən satılması barədə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi və ya məhkəmə qərarı) və digər zəruri sənədi ərizəyə əlavə olunaraq birbaşa 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət olunmalı idi. Həmin torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışla və ona dair plan-ölçü sənədi ilə rəsmiləşdirildikdən sonra, sözügedən torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinin qanunla nəzərdə tutulmuş (lakin ərizənizə əlavə olunmamış) - “tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat” sənədinin alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət olunmalı idi. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamış və ona qanunla müəyyən edilmiş qaydada və sənədlərlə yenidən ərazi idarəsinə müraciət etdiyi təqdirdə məsələsinə baxılacağı barədə xx.xx.2025-ci il tarixli, 3-21-3-47/2-H-0014-8/2025 (**********15) nömrəli məktub ünvanlanmışdır. Sərəncamın icrası ilə bağlı inzibati icraat materialların və iddia olunan torpaq sahəsinə bitişik torpaq sahələrinə aid ərazi idarəsində aşkar edilmiş sənədlərin təsdiq edilmiş surəti təqdim olunur. İddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ərazi idarəsində aşkar edilməmişdir.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, yoldaşım 2016-cı ildən həmin torpaq sahəsini almışdır. Bizdə fərdi yaşayış evinə məxsus bütün sənədlər vardır. Həmin torpaq sahəsində fərdi yaşayış evini tikdirmişik, ev hazırdır. Lakin çıxarış ala bilməmişik deyə yaşaya bilmirik. Qonşuluqda olan torpaq sahələrinin çıxarışı var. Biz qanuni yolla torpağa və çıxarış almaq istəyirik. Çıxarış yoxdur deyə komunallardan istifadə edə bilmirik. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək bildirdi ki, sözügedən torpaq sahəsi iddiaçıya 2014-cü ildə ayrılıb, lakin sənədləşmə 2016-cı il tarixdən aparılmışdır. Torpaq sahəsi Muxax kəndi ərazisində yerləşir. İddiaçı anadan olandan Muxax kəndində yaşayır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışının surəti. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin surəti. - Zaqatala rayon Muxax Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 173 saylı müraciəti ilə əlaqədar RİHBA-nın Memarlıq və tikinti şöbəsinin rəyinin surəti. - İddiaçının təqdim etdiyi xx.xx.2020-cı il tarixli ödəniş qəbzindən görünür ki, məbləğində torpağın dəyəri Zaqatala rayon Muxax Bələdiyyəsinin hesabına ödənilmişdir. - Zaqatala rayon İcra Hakimiyyəti Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyini 162 nömrəli arayışı. - Zaqatala rayon Muxax Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 38 nömrəli arayışı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-47/2-4254/2025 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Zaqatala rayon Muxax bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 5 saylı qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsi İdarəmizin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında Zaqatala bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid həyətyanı sahələr altında olan torpaqlar kimi və həmin kəndin Kompleks yerquluşu layihəsində isə (DWG) Muxax bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin ehtiyyat fondu torpaqlarına aid əkin ərazisi kimi işlənilmişdir. Həmin torpaq sahəsinin naturada faktiki istifadəçisi İddiaçıdur. Mübahisələndirilən torpaq sahəsinin ölçüləri, yerləşmə vəziyyəti və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi Zaqatala rayon Muxax bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 5 saylı qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsi ilə eynidir. İddia olunan torpaq sahəsinin DWG və TEKUlS-ə uyğun yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinə dair izahlı ortofoto xəritəsindən çıxarış təqdim edilir. İddia olunan 0.08 ha torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsi qapalı həyət daxilindədir və üzərində tirkili var Tətbiq edilən hüquq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında” Əsasnamə:
10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir. 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.
21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.
22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının aynlmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi haqqında” 06 may 2002-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən Əsasnamənin 17, 18. 19, 21 və 22-ci bəndlərində nəzərdə tutulmuş “icra hakimiyyəti” orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında 8 iyul 2014-cü il tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3. “Torpaqların alğı-satqısı Qaydaları”na Əlavə - “Torpaqların alğı-satqısına dair Akt” çıxarılsın. 26. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016cı il tarixli, 818 nömrəli Fərmanı 1. “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: ... 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Əsaslandırma hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı məzmun baxımından torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına və müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Zaqatala rayon Muxax bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 5 saylı qərarı ilə kəndin perspektiv inkişafı üçün ayırılmış sahədən 0,08 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmış, bunun müqabilində İddiaçı pul vəsaitini bələdiyyənin hesabına köçürmüşdür. Cavabdeh imtinasının əsası kimi ona istinad etmişdir ki, bələdiyyənin həmin torpaq sahəsinin ayrılması barədə qərarının tarixi - 2016-cı ildir. Qanunvericiliyin tələbinə görə ilk öncə qeyd etdiyi torpaq sahəsi üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışla və ona dair plan-ölçü sənədi ilə rəsmiləşdirilməlidir. Məhkəmə cavabdehin imtinasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı hakimiyyət iradəsi məhz xx.xx.2016-cı il tarixli 5 saylı qərarda ifadə olunur. İddiaçı tərəfindən bələdiyyənin hesabına müəyyən olunmuş məbləğdə vəsaitin ödənilməsi məhz torpaq sahəsinin alqı-satqısı məqsədinə nail olunasına xidmət etdiyindən iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alğı-satqısı baş tutmuş sayılmalıdır. Odur ki, alğı-satqı müqaviləsinin tərtib edilməməsi yuxarıda istinad edilən normaların mahiyyəti, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1ci maddəsinin tələbləri baxımından iddiaçının hüququnun qeydə alınmasından imtina üçün yetərli əsas kimi qəbul edilə bilməz. Bundan başqa, nəzərə alınmalıdır ki, ayrılan torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş normaya uyğunluğunun təmin olunması həmin sahəni ayırmış inzibati orqanın, eləcə də bununla bağlı müvafiq rəyləri vermiş və ayırmaya etiraz etməmiş səlahiyyətli orqanların məsuliyyət sferasına aiddir. Mülkiyyətçinin iradə ifadəsinin sərbəst realizə edilməsi baxımından cavabdeh orqan qanunverici tərəfindən hər hansı nəzarət səlahiyyəti ilə təchiz olunmamışdır və bu mənada torpağın ayrılmasına məsul olan inzibati orqanların fəaliyyət sahəsinə müdaxilə edə bilməz. Yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən, cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından, torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Digər tərəfdən, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə Bələdiyyənin müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hazırkı mübahisəyə münasibətdə həm də nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etməyə başlamışdır və istifadə etməkdə davam edir. Bu müddət ərzində iddiaçının həmin qərarın məzmununa, onun qanunauyğunluğuna və dəyişməzliyinə müəyyən inamı, etimadı yaranmışdır. Yəni, iddiaçının məhz 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair müəyyən gözləntiləri yaranmışdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir və şəxsin bu haqqı qanunla qorunur. Hazırkı mübahisəyə münasibətdə torpaq sahəsinə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 09 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “.....hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır ...... Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”. Belə olan halda məhkəmə hesab edir ki, iddia torpaq sahəsinə münasibətdə əsaslı olduğundan, Zaqatala rayonu Muxax kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları qeydə alınmalıdır. Tələbin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı hissəsini məhkəmə əsaslı saymır. Belə ki, iddiaçı 2016-ci ildə bələdiyyədən aldığı torpaq sahəsində yerli icra orqanlarının razılığı ilə 2016-ci ildə tikilmiş fərdi yaşayış evinin olduğunu qeyd etsədə, həmin evə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Yəni sözügedən evə dair mülkiyyət hüquqnun qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansının mövcudluğu iş üzrə öz təsdiqini tapmır. Belə olan halda iddia “torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması” hissəsində təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən, Zaqatala rayonu Muxax kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin olunmalı, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydə alınması hissəsində rədd edilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Zaqatala rayon Muxax bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 5 saylı qərarı ilə satılmış Muxax kəndi ərazisində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev