Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-385/2024 13.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı “Mingəçevir İşıqları” qəzeti redaksiyasının cavabdeh “Azərbaycan Respublikası X5 publik hüquqi şəxsinə qarşı “iddiaçının və ona məxsus onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “Mingəçevir İşıqları” qəzeti redaksiyası cavabdeh “Azərbaycan Respublikası X5 publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu və “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsi ilə nəzərdə tutulmuş ifadə azadlığı pozuntusunun tanınması, iddiaçının və ona məxsus onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-4388/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-385/2024 nömrəli qərardadı ilə iddia tələbinin “Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu və “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsi ilə nəzərdə tutulmuş ifadə azadlığı pozuntusunun tanınması” hissəsi mümkün sayılmamışdır. İddia ərizəsinin əsaslarına görə, iddiaçı “Mingəçevir işıqları” qəzeti redakasiyası 15 mart 1948-ci ildən qısa fasilələrlə nəşr olunan “Mingəçevir işçisi”, “Mingəçevir inşaatçısı” və “Mingəçevir işıqları” qəzetinin davamçısıdır. Qəzet 1991-ci ilin sonunda maliyyə çətinliklərinə görə bağlanıb. 1999-cu ildə yenidən təsis edilib və 25 mart 1999-cu ildə 10/110 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində sahibkar hüquqi şəxs kimi qeydiyyatdan keçib. Redaksiya 3 bölmədən ibarətdir: Xəbərlər şöbəsi, Reklam, elan və yayım bölməsi, X6. Eyni zamanda 2009-cu ildə qəzetin xəbərlərini yaymaq üçün onlayn versiyası da yaradılıb. 31 dekabr 2019-cu ilədək həm ənənəvi (kağız), həm də onlayn formada yayılan qəzet 2020-ci ilin yanvarından yalnız onlayn resurs kimi fəaliyyətini davam etdirir, 2022-ci ilin noyabrından isə əlavə olaraq ayda bir dəfə PDF formatında da nəşr olunur. Qəzetin rəhbərinin təşəbbüsü ilə 2016-2018-ci illərdə Avropa Şurası və BMT İnkişaf Proqramının layihəsi çərçivəsində hökumət, qeyri-hökumət və media qurumlarının nümayəndələri üçün açıq məlumatlara dair (Data Jurnalistika) davamlı təlim və konfranslar, Praqa (Çexiya) və Sarayevoda (Bosniya-Hersoqovina) təcrübə kursları təşkil olunub. Qəzetin əməkdaşları İnternyus, “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, X4, X1 Mərkəzi və digər qurumlarla əməkdaşlıq edib və onların layihələrinə qoşulub, eyni zamanda ABŞ, İsveç, Polşa, Rumıniya, Litva, Ukrayna, Gürcüstan və Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə və peşəkarlığı artırma kurslarında iştirak etməklə zəngin təcrübə qazanıb. Qəzetin təsisçisi və baş redaktoru Əməkdar jurnalist (2010), Həsən bəy Zərdabi (2002), “Qızıl qələm” (1988) və Ali Media mükafatlarına layiq görülüb. 2018-ci ildə qəzetin 70 illik yubileyi təntənə ilə qeyd edilib və mərasimdə ictimaiyyət nümayəndələri ilə bərabər hökumət rəsmiləri də iştirak edib. İddiaçı xx/xx/2022-ci il tarixdə “Media haqqında” 2021-ci il 30 dekabr tarixli Qanuna (bundan sonra “Qanun”) və Azərbaycan Respublikası Prezidentinin “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 26 sentyabr 2022-ci il tarixli Fərmanına (bundan sonra “Fərman”) əsaslanaraq cavabdehə müraciət edib və “Mingəçevir işıqları” qəzeti redakasiyasının ona məxsus https://mi-news.az/ ünvandakı onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsini xahiş edib. X7 xx/xx/2022ci ildə ********** saylı mobil nömrədən zəng vuraraq bildirilmişdir ki, gündəlik xəbər sayını 20-yə çatdırmaq üçün vaxt verirlər, bir şərtlə ki, müraciət formasında dəyişiklik etməsin. İddiaçı isə xx/xx/2022-ci ildə çap variantını seçərək, müraciət formasını dəyişib. Cavabdeh 11 noyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının reyestdə qeydiyyatından imtina edib. Müraciətin rədd edilməsi “Mingəçevir işıqları” qəzeti redakasiyasının və https://mi-news.az/ onlayn media redaksiyasının fəaliyyətinin davamlı olmaması ilə əsaslandırılıb. Cavabdeh qərarında Qanunun 74.1.2-ci maddəsinə və Fərmanın 6.5.2-ci yarımbəndinə istinad edib. Cavabdehin imtina qərarını qeyri-hüquqi və əsassız sayır, hesab edir ki, Məhkəmə cavabdehin üzərinə iddiaçının və onun sahibi olduğu onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsi öhdəliyi qoyan, eləcə də iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi və “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüququnun pozuntusunu tanıyan qərar qəbul etməlidir. İddiaçı, “Media haqqında” 2021-ci il 30 dekabr tarixli Qanunda müəyyən edilmiş tələblərlə razılaşmadığını bildirmiş, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna istinad etməklə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, X3 xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən təqdim edilmiş sənəd və məlumatlar araşdırılmaqla “Mingəçevir işıqları qəzeti redaksiyası” media subyekti və “mi-news.az” onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsindən imtina olunmuşdur. Belə ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 74.1.2-ci maddəsinə əsasən Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxsin fəaliyyəti davamlı olmalıdır. Həmin Qanunun 74.3-cü maddəsinə əsasən Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxslər bu Qanunun 74.1-ci maddəsinin tələblərinə cavab vermədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydalarının 6.5.2-ci yarımbəndinə görə fəaliyyəti davamlı olmadıqda Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən imtina edilir. Belə ki, həmin Qanunun 60.5-ci maddəsinə əsasən onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1 -ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində göstərilən informasiya istisna olmaqla, gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur. “Mingəçevir işıqları qəzeti redaksiyası” media subyekti və “mi-news.az” onlayn media redaksiyası istinad olunan maddənin tələbinə cavab vermədiyindən imtina haqqında qərar qəbul edilmişdir. Bununla yanaşı, istinad olunan Qaydaların 6.7-ci yarımbəndinə görə Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 (beş) iş günü müddətində elektron qaydada onlara göndərilir. Bu qərar həmin şəxslərin yenidən müraciətinə mane olmur. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X5nə müraciət etməlidir. Qeyd olunan maddə keçid müddəa statusundadır və Qanun qüvvəyə minənə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyır. Məhz bu səbəbdən qanunverici “Keçid müddəaları” maddəsini formalaşdırmış və həmin subyektlərə 6 ay ərzində Qanunun tələblərinə uyğunlaşmaq, fəaliyyətlərini bu istiqamətdə qurmaq və bundan sonra Media Reyestrinə müraciət etmək üçün imkan tanımışdır. Beləliklə müəyyən olunur ki, iddiaçının tələbi tamamilə qanunsuzdur, bu tələbin təmin edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir, xx.xx.2022-ci il tarixli qərar X5 tərəfindən qüvvədə olan normalar ilə tam əsaslandırılmışdır. İddia ərizəsinin “Media haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmaması və iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi və "Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsi ilə nəzərdə tutulmuş ifadə azadlığının pozuntusunun tanınması hissəsi hazırkı mübahisənin və məhkəmə baxışının predmeti olmadığından həmin hissəyə qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxırıq. Belə ki, etiraza əlavə edilən videoskrinlərə əsasən sübut olunur ki, “mi-news.az” onlayn media redaksiyası ayın 20 günü ərzində 13.1-ci və 13.2-ci maddələrinə əməl etməklə gündəlik 20 kütləvi informasiya dərc etməmişdir. Bu isə o deməkdir ki, həmin resursun fəaliyyəti Qanunun 60.5-ci maddəsinin tələblərinə uyğun, yəni davamlı olmamışdır. Videoskrinlər müvafiq subyektin Media Reyestrinə müraciət tarixindən əvvəlki bir aylıq dövrü (xx.xx.2022-xx.xx.2022) əhatə edir və həmin videoskrinlərin müşahidəsindən də, aydın göründüyü kimi “mi-news.az” onlayn media redaksiyası ayın 20 günü ərzində gündəlik 20 öz istehsalı olan kütləvi informasiya dərc etməmiş, araşdırma aparılan dövr ərzində əksər günlərdə 3-4, bəzi günlərdə 5 kütləvi informasiya dərc etmiş, gündəlik ən çox dərc etdiyi kütləvi informasiyanın sayı yalnız bir gün 10 olmuş, istənilən halda gündəlik 20 öz istehsalı olan kütləvi informasiya dərc etməmişdir. İddiaçının kütləvi informasiya dərc edərkən Qanunun 13.1-ci və 13.2-ci maddələrinə əməl edib-etməməsi məsələsinə münasibətdə bildiririk ki, iddiaçının fəaliyyətinin davamlılığı araşdırma aparılan dövrdə Qanunun 60.5-ci maddəsinin tələblərinə uyğun olmadığından, yəni heç “20 kütləvi informasiyanın dərci” tələbi ödənilmədiyindən “prosessual qənaət” prinsipinə əsasən əlavə əsaslandırmaya lüzum olmadığını hesab edirik. Qeyd olunanlardan savayı onu da məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edirik ki, hazırkı mübahisənin İPM-nin tələbləri və həmin Məcəllənin 33-cü maddəsi baxımından Məcburetmə haqqında iddia olduğu müəyyən edilir. Belə olduğu təqdirdə isə həmin Məcəllənin 14.3-cü maddəsinin tələbləri baxımından həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində qeyd etdiyi halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda qeyd edirik ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən Media Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Media Reyestrinin aparılması Qayda!arı”nın 8.1-ci və 8.2-ci bəndlərinə əsasən reyestr ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsi EH İS vasitəsilə real vaxt rejimində həyata keçirilir. Reyestrə daxil ediləcək məlumatların ilkin mənbədən əldə olunmasını təmin etmək məqsədilə dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Reyestrə inteqrasiya edilir. Qeyd olunan müddəalara uyğun olaraq, Agentlik tərəfindən media subyektlərindən kağız daşıyıcıda hər hansı sənəd tələb olunmur, bütün məlumatlar elektron qaydada inteqrasiya edilir. “Media haqqında" Qanunun 74.1.2-ci maddəsinə əsasən Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslərin fəaliyyətinin davamlı olması (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla) Agentlik tərəfindən onlayn media redaksiyasının saytı üzərindən yoxlanılır. Beləliklə müəyyən olunur ki, iddiaçının tələbi tamamilə qanunsuzdur, bu tələbin təmin edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı haqqında internet vergi idarəsinin məlumatlarından görünür ki, “Mingəçevir İşıqları” Qəzeti Redaksiyası (VÖEN: **********) xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı: AZ4500, Mingəçevir şəhəri Rəsul Rza ev 23, qanuni təmsilçisi - Nümayəndədur. - Azərbaycan Respublikasının X3 xx.xx.2022-ci il tarixli R/30 nömrəli qərarından görünür ki, xx.xx.2022-ci il tarixli 00000489 nömrəli nömrəli müraciət üzrə "Mingəçevir işıqları" qəzeti redaksiyası media subyektinin və “Mi-news.az” onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. “Media haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.2. media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti; 3.1. Bu Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir. 13.1. Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. 13.2. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. 13.3. Bu Qanunun 13.1-ci və 13.2-ci maddələri (istinadla bağlı tələb istisna olmaqla) dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir. 25.1.3. onlayn media subyektləri – media subyektlərinə aiddir. 59.1. Çap mediası subyektləri fiziki və ya hüquqi şəxslər ola bilər. 59.2. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər. 59.3. Ayda azı 1 (bir) dəfə davamlı olaraq yayımlanan, birdəfəlik tirajı 100 (yüz) nüsxədən çox olan, ildə azı 12 (on iki) dəfə çap olunan qəzetlər və ildə azı 2 (iki) dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər dövri nəşrdir. 59.4. Qəzetlər aşağıdakı dövriliklə çap olunur: 59.4.1. həftəlik qəzet – həftədə azı 1 (bir) dəfə; 59.4.2. günaşırı qəzet – həftədə azı 3 (üç) dəfə; 59.4.3. gündəlik qəzet – həftədə azı 5 (beş) dəfə. 59.7. Aşağıdakı qəzetlər davamlı yayımlanan nəşr hesab olunur: 59.7.1. 1 (bir) il ərzində 12 (on iki) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan gündəlik qəzetlər; 59.7.2. 1 (bir) il ərzində 9 (doqquz) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan günaşırı qəzetlər; 59.7.3. 1 (bir) il ərzində 6 (altı) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan həftəlik qəzetlər; 60.5. Onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində göstərilən informasiya istisna olmaqla, gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur. 73.1. Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır. 73.5. Çap mediası və ya onlayn media subyektləri, informasiya agentlikləri, həmçinin jurnalistlər Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. 74.1. Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidir: 74.1.1. bu Qanunun 26.1–26.5-ci, 26.8-ci maddələrində nəzərdə tutulmuş tələblərə (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) uyğun olmalıdır; 74.1.2. fəaliyyəti davamlı olmalıdır (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla); 74.1.3. fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır; 74.1.4. hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmalıdır; 74.1.5. fiziki şəxs olduqda, fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır; 74.1.6. Media Reyestrində olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olmamalıdır. 74.3. Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxslər bu Qanunun 74.1-ci maddəsinin, jurnalistlər isə bu Qanunun 74.2-ci maddəsinin tələblərinə cavab vermədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrlərinin aparılması” Qaydası: 2.1.1. reyestr – Azərbaycan Respublikasının X5 (bundan sonra – Agentlik) tərəfindən idarə olunan, media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları əks etdirən elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət informasiya ehtiyatı; 6.1. Reyestrin informasiya təminatı Reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər və Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən məlumatların təqdim edilməsi, həmçinin EHİS vasitəsilə sorğu edilən məlumatların inteqrasiya olunması yolu ilə həyata keçirilir. 6.5. Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur: 6.5.1. Qanunun 26.1 – 26.5-ci və 26.8-ci maddələrində nəzərdə tutulmuş tələblərə (Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) uyğun olmadıqda; 6.5.2. fəaliyyəti davamlı olmadıqda (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla); 6.5.3. fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda; 6.5.4. hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmadıqda; 6.5.5. fiziki şəxs olduqda fərdi sahibkar kimi vergi uçotuna alınmış olmadıqda; 6.5.6. loqotipi (emblemi) Reyestrdə olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olduqda. 6.7. Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 (beş) iş günü müddətində elektron qaydada onlara göndərilir. Bu qərar həmin şəxslərin yenidən müraciətinə mane olmur. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Medianın X2: 3.1.22-1- 3.1.22-3. Media Reyestrini formalaşdırmaq, aparmaq, idarə etmək, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək; Media Reyestrinə daxil edilmiş çap mediasının və onlayn medianın redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə razılıq vermək; Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək Agentliyinin vəzifələrinə aiddir. Məhkəmə qeyd edir ki, media dedikdə kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti başa düşülür. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə dörd növ media subyekti müəyyən edilmişdir. Hazırkı iddia tələbində “Mingəçevir İşıqları” qəzetinin və ona məxsus onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsi tələbi irəli sürülmüşdür. “Mingəçevir İşıqları” qəzetinin çap mediası olaraq Media Reyestrinə daxil edilməsi üçün onun “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsi anlamında (ayda azı 1 (bir) dəfə davamlı olaraq yayımlanan, birdəfəlik tirajı 100 (yüz) nüsxədən çox olan, ildə azı 12 (on iki) dəfə çap olunan qəzet) dövri nəşr olması müəyyən edilməlidir. “Media haqqında” Azərbaycan Respublikasının Qanunu qəzetlərin hansı dövriliklə çap olunmasını, ərazi kateqoriyasına görə regional hesab edildiyi halda – 1 (bir) media subyekti tərəfindən eyni adla çap edilməsini və azı 1 (bir) inzibati ərazi vahidinin ərazisinin azı 70 (yetmiş) faizində yayımlanmasını, o cümlədən qəzetin davamlı yayımlanan nəşr hesab edilməsi üçün meyarlar müəyyən etmişdir ki, iddiaçı tərəfindən sözügedən qəzetin “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 59.7-ci maddəsinin tələblərinə uyğun davamlı yayımlanan nəşr olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçıya məxsus onlayn media redaksiyasının “haqqımızda” bölməsində (https://minews.az/haqqimizda/) qəzetin 31 dekabr 2019-cu ilədək həm ənənəvi (kağız), həm də onlayn formalarda nəşr olunması, həftədə bir dəfə olmaqla A4 ölçüdə 8-16 səhifədə nəşr edilən qəzetin səhifələrində şəhərdə, ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr barədə xəbərlər, siyasi şərhlər, araşdırma və analitik materiallar, tənqidi məqalələr, elan və reklamlar yerləşdirilməsi, hər həftə 1000 nüsxə tirajla nəşr olunan qəzetin 500 nüsxəsi daimi abunəçilərə göndərilməsi, 200 nüsxəsinin pərakəndə yolla satılması, qalan nüsxələrin isə əlillər, qocalar, ictimai birliklər arasında pulsuz yayılması, 2020-ci ilin yanvarından ancaq onlayn qaydada yayılması öz əksini tapmışdır. Yəni, faktiki olaraq iddiaçının çap mediası olaraq media reyestrinə daxil edilməsini arzuladığı “Mingəçevir İşıqları” qəzetinin 2020-ci ilin yanvarından ancaq onlayn qaydada yayılması iddiaçının özünə məxsus onlayn media redaksiyasında qeyd edilmişdir (iddia ərizəsində iddiaçı özü də bunu qeyd edir). Odur ki, “Mingəçevir İşıqları” qəzeti çap mediası olaraq davamlı yayımlanan nəşr hesab oluna bilməz. Media fəaliyyətini tənzimləyən qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə nəzər yetirdikdə görünür ki, onlayn media subyektləri Media Reyestrinə daxil edilməsi üçün ilkin olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, yəni Azərbaycan Respublikasının X5nə müraciət etməlidir. Nəzərə alınmalıdır ki, müraciət edən şəxsin Media Reyestrinə daxil edilməsi üçün, o, qanunvericilikdə nəzərdə tutulmuş tələblərə cavab verməlidir ki, bu tələblərdən biri də subyektin media fəaliyyətin davamlı olmasıdır. Əks təqdirdə, yəni subyektin media fəaliyyəti davamlı olmadığı halda Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxsin müraciətin təmin olunmasından imtina olunur. Qanunvericiliyin tələbinə görə onlayn media subyektinin fəaliyyətinin davamlılığı onun tərəfindən gündəlik kütləvi şəkildə dərc olunan məlumatların sayı ilə şərtləndirilir. “Media haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarından çıxış etdikdə məlum olur ki, onlayn media subyekti hər ay 20 gün ərzində gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur. Xüsusi ilə qeyd olunmalıdır ki, onlayn media subyektinin dərc etdiyi həmin 20 informasiya məhz qanunvericiliyin tələblərinə uyğun istifadə olunduğu halda media subyektinin fəaliyyətini davamlı hesab olunmasına əsas verir. Beləliklə, onlayn media subyektinin fəaliyyətinin davamlı hesab olunması üçün həmin subyekt aşağıdaki tələblərə cavab verməlidir: - Hər ay 20 gün ərzində gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etməli; - Dərc olunan informasiyalar digər media subyektinin informasiyasından və proqramlarından yalnız abunəlik və ya müqavilə olduğu halda istifadə olunmalı; - Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə etməli; Göründüyü kimi qüvvədə olan qanunvericilik onlayn media subyektinin fəaliyyətinin davamlı olmasını subyekt tərəfindən dərc olunmuş informasiyanın sayından asılı etmişdir ki, bu zaman istifadə olunan həmin informasiyaların hansı istinadlara dayandığı da mühüm rol oynayır. Eyni zamanda nəzərə alınmalıdır ki, qanunvericilik onlayn media subyektinin hər gün ən azı 20 informasiya dərc etməsini nəzərdə tutuqda həmin informasiyalara dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə olunan məlumatları aid etmir. Hazırki mübahisədən göründüyü kimi iddiaçı onlayn media subyekti olsa da, onun fəaliyyəti qanunvericilikdə nəzərdə tutulmuş “fəaliyyətin davamlı olması” anlayışını ehtiva etmir. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş video materiala (DVD) baxış keçirildiyi zaman məlum olmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə 4, xx.xx.2022-ci il tarixdə 1, xx.xx.2022-ci il tarixdə 2, xx.xx.2022-ci il tarixdə 1, xx.xx.2022-ci il tarixdə 3, xx.xx.2022-ci il tarixdə 1, xx.xx.2022-ci il tarixdə 1, xx.xx.2022-ci il tarixdə 4, xx.xx.2022-ci il tarixdə 2, xx.xx.2022-ci il tarixdə 4, xx.xx.2022-ci il tarixdə 1, xx.xx.2022-ci il tarixdə 6, xx.xx.2022-ci il tarixdə 2, xx.xx.2022-ci il tarixdə 3, xx.xx.2022-ci il tarixdə 2, xx.xx.2022-ci il tarixdə 1, xx.xx.2022-ci il tarixdə 1, xx.xx.2022-ci il tarixdə 3, xx.xx.2022-ci il tarixdə 5, xx.xx.2022-ci il tarixdə 1, xx.xx.2022-ci il tarixdə 4, xx.xx.2022-ci il tarixdə 4, xx.xx.2022-ci il tarixdə 10 informasiya dərc etmişdir. 2, 3, 8, 12, 14, 17, 21, 22, 25-27 oktyabr tarixlərində ümumiyyətlə informasiya dərc etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıya münasibətdə hər ay 20 gün ərzində gündəlik “20 kütləvi informasiyanın dərci” tələbi ödənilmədiyindən, əlavə olaraq dərc edilmiş informasiyanın Qanunun 13.1-ci və 13.2-ci maddələrinə uyğunluğunun yoxlanılmasına lüzum yoxdur. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar (media subyektinin (redaksiyasının) Media Reyestrinə daxil edilməsindən imtina edilməsi barədə) “Media haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olduğundan, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “Mingəçevir İşıqları” qəzeti redaksiyasının cavabdeh “Azərbaycan Respublikası X5 publik hüquqi şəxsinə qarşı ““Mingəçevir İşıqları” qəzeti redaksiyasının və ona məxsus onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-385/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-385/2024
13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver