Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-3987/2025 03.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Əflətun oğlunun cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə qarşı “təhsillə bağlı möhlətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdehə qarşı “qərarın ləğv edilməsi və təhsil möhlətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-1(116)-3987/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)-13332/2025 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı, bu iddia ərizəsi ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin və Mərkəzi Çağırış Komissiyasının qanuni əsaslarla təhsil möhləti verilməsindən imtina etmələri ilə bağlı qərar və hərəkətsizliklərinə dair şikayət edir. 2014-cü ildə keçirilmiş ilkin tibbi müayinə nəticəsində “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdır. 2017 və 2020-ci illərdə təkrar tibbi komissiyalardan keçərək sağlamlıq əsasında 2023-cü ilə qədər möhlət almışdır. 2021-ci ildən etibarən İtaliya Respublikasının Milan şəhərində əyani formada magistr təhsilinə başlamışdır. Halhazırda da həmin təhsil davam edir və rəsmi təhsil arayışında qeyd olunduğu kimi, təhsil müddəti 2026-cı ilin aprel ayının sonunadək nəzərdə tutulub. 2023-cü ildə ölkədə olmamağı səbəbindən tibbi komissiyadan keçə bilməmişdir. Lakin sağlamlıq möhləti müddəti bitdikdən sonra təhsili davam etdiyi üçün təhsil əsasında möhlət hüququndan istifadə etmək məqsədilə apostil olunmuş və notarial qaydada tərcümə edilmiş təhsil arayışını 2024-cü ilin əvvəllərində və 2025-ci ilin mart ayında SHXÇDX-nin Ağsu rayon şöbəsinə poçt vasitəsilə göndərmişdir. Buna baxmayaraq, cavabdeh qurum təhsilə görə möhlət hüququnu tanımamış, cavablarında tibbi komissiyadan keçmədiyini əsas gətirmişdir. X4 Komissiyasına da müraciət etmiş və onların xx.xx.2025-ci il tarixli rəsmi cavabında təkrar tibbi müayinəyə göndərilmiş şəxslərə təhsil möhləti nəzərdə tutulmadığı qeyd olunmuşdur. Eyni zamanda, onların göndərdiyi çağırış məktublarında əgər müəyyən olunmuş tarixdə Səfərbərlik qurumuna gəlməsə, barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb olunacağı xüsusilə qeyd olunur. Bu isə iddiaçının real təhsil hüququ ilə dövlət orqanlarının qeyri-obyektiv yanaşması arasında gərgin vəziyyət yaradır. Mərkəzi Komissiyanın cavabında əlavə olaraq qeyd olunub ki, magistr təhsilinə görə möhlət yalnız 26 yaşa qədər verilir. Halbuki bu məhdudiyyət “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna yalnız 29 dekabr 2024cü il tarixindən sonra əlavə edilmişdir və mən 2021-ci ildən təhsilaldığım üçün bu yaş məhdudiyyəti iddiaçıya şamil edilməməlidir. Qanunvericilikdə sağlamlıq əsasında verilmiş möhlətin sonrasında təhsilə görə möhlət hüququnun tanınmaması ilə bağlı heç bir hüquqi qadağa mövcud deyil. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, təhsil hüququ dövlət tərəfindən təmin olunmalı və qanunla mühafizə edilməlidir.”. Cavabdeh iddia ərizəsinə münasibətində bildirmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsində qeydiyyatda olan xx xxx 1996-cı il təvəllüdlü, hərbi vəzifəli İddiaçı xx.xx.2012-cı ıl tarixdə ilkin hərbi qeydiyyata alınmışdır. İddiaçı 2014-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Agsu Rayon Çağırış Komissiyasına dəvət olunaraq xx.xx.2014-cü il tarixdə 59 nömrəli göndərişlə “Kardıomıopatıya diaqnozu ilə “Akademik C.Abdullayev adına ET kardiologiya intitutu” na əlavə müayinəyə göndərilmişdir. Tibb müəssisəsinin xx.xx.2014-cü il tarixli 7/9-2675 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” na (əsasən Ağsu Rayon Çağırış . Komissiyasının xx.xx.2014-cü il tarixli 4-12/94 nömrəli qərarı X2 42c maddəsinin İ qrafası və ƏTC-nə( Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-cı ıl 29 fevra tarixli 59 saylı qərar, ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə yə Qoşma) əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır hesab edilərək Xidmətin MHHK-na təqdim edilmişdir. MHHK-nın xx.xx.2017-cü il tarixli 10n/16 nömrəli protokolu ilə təsdiq edilmişdir. İddiaçı hərbi vəzifəlilərin ehtiyyatına verilərək xx.xx.2014-cü il tarixdən xx.xx.2017-cı il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verılmışdır. Möhlət müddət verdiyi üçün yenidən xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimı, xx.xx.2020-cı ıl tarixdən xx.xx.2023- cü il tarixə kimi yenidən möhlət hüququ verilmişdir. Möhlət hüququ bitdiyi üçün xx.xx.2024-cü il tarixdə 137 nömrəli göndərişlə Akademik C.Abdullayev adına ET Kardiologiya İnstitutu”na “Revmatizm qeyrı-fəal mərhələ.Mıokardıtık kardioskleroz” diaqnozu ilə əlavə müayinəyə göndərilmişdir, lakin müayinələrdən keçməmişdir.”. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir.
1. Cavadehin xx.xx.2024-cü il tarixli imtina məktubu.
2. SHXŞDX-nın Ağsu rayon Şöbəsinin çağırış vərəqinin surəti.
3. Təhsil haqqında arayışların apostil olunmuş və tərcümə edilmiş surəti.
4. İddiaçıya məxsus SX ******* seriya nömrəli hərbi biletin surəti.
5. Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu.
6. SHXŞDX-nın Ağsu rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunun surəti.
7. SHXŞDX-nın Ağsu rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunun surəti.
Əsaslandırma hissə:
Hazırkı iddiada ifadə tərzindən asılı olmayarq iddiaçının hüquqi marağı təhsilini davam etdirmək üçün çağırışa möhlət verilməsindən ibarətdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İş üzrə müəyyən edilir ki, iddiaçı 2021-ci ildən etibarən İtaliya Respublikasının Milan şəhərində əyani formada magistr təhsilinə başlamışdır. İddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2017-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020cı ıl tarixdən xx.xx.2023- cü il tarixə kimi müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Möhlət hüququ bitdiyi üçün 137 nömrəli göndərişlə Akademik C.Abdullayev adına ET Kardiologiya İnstitutu”na göndərilmiş, lakin müayinələrdən keçməmişdir. Buna görə iddiaçının adı “Sərhədkeçməyə məhdudiyyət siyahısı” na daxil edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606-cı maddəsinin 3-cü bəndinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə protokolu tərtib edilmiş və sənədləri material şəklində hüquqi qiymət verilməsi üçün Ağsu rayon Prokurorluğuna göndərilmişdir. İddiaçı bu halı 2023-cü ildə ölkədə olmamağı səbəbi ilə izah edərək hesab edir ki, onun təhsilə görə möhlət hüququ olduğu halda cavabdeh qanunsuz olaraq onun müraciətini təmin etməmişdir. Məsələ ilə bağlı məhkəmə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.5. hərbi qeydiyyat – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. Maddə 2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları; Maddə 2.0.13. tibbi şəhadətləndirilmə – çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların, hərbi vəzifəlilərin, bu Qanunda nəzərdə tutulan hallarda hərbi vəzifəli olmayanların və hərbi qulluqçuların hərbi xidmətə, o cümlədən ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə xüsusi təyinatlı təhsil müəssisələrində təhsilə (xidmətə) yararlılığının təyin edilməsi məqsədilə sağlamlıq vəziyyətinin, fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsidir; Maddə 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; Maddə 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülür. Maddə 15.2. Bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Maddə 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün; 18.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək); 18.1.5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar. Maddə 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Maddə 21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir: 21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara – 20 yaşınadək;
21.1.2. peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 20 yaşınadək; 21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 21 yaşınadək; 21.1.4. əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla); 21.1.5. əyani təhsilalma formasında magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla); 21.1.6. əyani təhsilalma formasında əsas (baza ali) tibb təhsili səviyyəsində və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək; 21.1.7. əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək; 21.1.8. doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara – 3 ay müddətinə. Maddə 21.2. Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara ali təhsil pilləsinin bakalavriat və ya magistratura səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 3 ay müddətinə möhlət verilir. Maddə 21.3. Çağırışçılar təhsil almaları haqqında rəsmi sənədi çağırışa cəlb edildiyi ayadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmədikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Maddə 21.4. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş çağırışçılar verilmiş möhlətdən imtina etdikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Maddə 21.5. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Maddə 21.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən qaydalarla çağırışçılara verilmiş akademik məzuniyyət müddəti hər təhsil pilləsi (səviyyəsi) üzrə bir dəfədən çox olmamaqla nəzərə alınır və təhsili davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa verilmiş möhlət müddətinə hesablanmır. Maddə 21.7. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 30 yaşa çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Maddə 21.8. Dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılara təhsilini bitirənədək möhlət verilir. Maddə 21.9. Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində ali təhsil pilləsinin bakalavriat, magistratura və ya doktorantura (adyunktura) səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 6 ay müddətinə möhlət verilir. Qeyd:
1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, xarici ölkələrdə təhsil alan çağırışçıların təhsil almasını təsdiq edən sənədlər müəyyən edilmiş qaydada leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Leqallaşdırıldıqdan və ya apostil verildikdən sonra onlar Azərbaycan dilinə tərcümə edilməli və tərcümə notariat qaydasında təsdiq edilməlidir.
2. Bu Qanunun 21.1.2 – 21.1.7-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar təhsil alan çağırışçılara şamil olunmur. Qeyd olunan normalardan görünür ki, müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçməlidirlər. Çağırışçıların çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlmələri isə normada imperativ şəkildə qeyd olunub. Baxılan iş üzrə iddiaçının müddətli həqiqi hərbi xidmətə yararlılığının müəyyən edilməsi məqsədi ilə tibbi müayinəyə cəlb edilsə də, o heç bir üzürlü səbəb göstərmədən müayinədən yayınmışdır. Onun təhsil alması isə tibbi müayinəyə cəlb edilməməsinə əsas vermir. İddiaçının hazırda magistraturada təhsil alması ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1.5-ci maddəsində əyani təhsilalma formasında magistraturada təhsil alanlara təhsili davam etdirmək üçün möhlət müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla verilməsi müəyyən edilmişdir. Göründüyü kimi qanunverici magistraturada təhsil alanlara münasibətdə möhlət hüququna yaş məhdudiyyəti tətbiq etmişdir. xx.xx.1996-cı il təvəllüdlü iddiaçının hazırda 29 yaşı var. Belə olan halda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1.5-ci maddəsinin dispozisiya şərtləri iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Odur ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddia təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.