Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-420/2023 01.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə iddiaçının nümayəndəsi X2, iddiaçının vəkili Nümayəndə, üçüncü şəxslər X5, X14, üçüncü şəxs X14 vəkili Vəkil iştirakı ilə İddiaçı "Avdılar" kəndli (fermer) təsərrüfatının cavabdehlər Yevlax Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Torpağa mülkiyyət hüququna dair” xx.xx.1999-cu il tarixli JN-690 kod 90100028 nömrəli Dövlət aktının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq şifahi, məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı "Avdılar" kəndli (fermer) təsərrüfatının cavabdehlər Yevlax Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 33 nömrəli qərarının X3, X16, X11, X8, X12 pay torpağı ayrılması hissəsində və xx.xx.1999-cu il tarixli JN-690 kod 90100028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın etibarsız hesab edilməklə ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia ərizəsini dəqiqləşdirərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair” xx.xx.1999-cu il tarixli JN-690 kod 90100028 nömrəli Dövlət aktının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2255/2022 nömrəli qərardadı ilə X5, X22, X15, X25 və X17 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddianın əsaslarına görə, Azərbaycan Respublikası Yexlax şəhər X13 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli, 10 nömrəli Qərarına əsasən "Avdılar" Kəndli (Fermer) Təsərrüfatının (bundan sonra - "Avdılar" KFT) mülkiyyətinə 50 hektar torpaq sahəsi ayrılmış və Qərara uyğun olaraq 'Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair" 004761 nömrəli Dövlət Aktı verilmişdir.Qeyd edilən torpaq sahəsinin "Avdılar" KFTnin mülkiyyətində olması Yevlax rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, JN 330 (kod: ********) nömrəli və xx.xx.2005-ci il tarixli, JN 0330 (kod ********) nömrəli Dövlət Aktları ilə də təsdiq edilir.Lakin yaxın günlərdə "Avdılar" KFT-yə məlum olmuşdur ki, mülkiyyətimizdə olan torpaq sahəsinin 6,06 hektar hissəsi Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli, 33 nömrəli qərarına əsasən X30 verdi oğlu, X25, X17, X15 və X9 birgə mülkiyyətinə ayrılmış və onunculara buna dair 'Torpağa mülkiyyət hüququna dair" xx.xx.1999-cu il tarixli, JN 690 (kod ********) nömrəli Dövlət Aktı verilmişdir. Hesab edirik ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının (AİK) qərarı aşağıdakılara görə "Torpağa mülkiyyət hüququna dair" xx.xx.1999-cu il tarixli, JN 690 (kod ********) nömrəli Dövlət Aktına münasibətdə qanunsuzdur: Əvvəla, AİK-in "Avdılar" KFT-nin mülkiyyətində olan torpaq sahəsini heç bir qanuni əsas olmadan və bizə məlumat verilmədən başqa şəxslərin mülkiyyətlərinə verilməsinə dair qərar qəbul etməklə Azərbaycan Respublikasının Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit edilmiş mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Qeyd edirik ki, mübahisəli torpaq sahəsi adları çəkilən şəxslərə məxsus idisə, onda hansı səbəbdən 20 ildən artıq bir müddətdə ayrılmış torpağa qarşı hər hansı iddia irəli sürülməmişdir. Halbuki, "Avdılar" KFT tərəfindən əksinə 1995-ci ildən indiyədək torpaq sahəsi təyinatına görə istifadə edilmiş və həmin sahədə kənd təsərrüfatı məhsullarının istehsalı üçün əhəmiyyətli miqdarda resurslar sərf edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********24 nömrəli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda qeyd etmişdir ki, Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 nömrəli qərarı əsasında X5 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsinin ayrılmaı hissəsində ləğv olunmuş DT və XK-nın Yevlax rayon Şöbəsi tərəfindən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-690 (KOD ********) nömrəli Dövlət Aktının etibarsız hesab edilməklə ləğv edilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərazi idarəsinin elektron və kağız üzərində saxlanılan məlumatlarına istinadən bildirilir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı ilə Səfərov Saleh Aİİahverdi oğlunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 6.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətçılərin ümumi birgə razılığına əsasən 17 yanvar 2006-cı il tarixdə 4Ə-1-18 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Yevlax rayon Qoyunbinəsi kənd sakini X1.Həmin torpaq sahəsinə dair vətəndaş X10 xx.xx.2019-cu il tarixdə ********** və xx.xx.2019-cu il tarixdə 2019-cu il tarixdə isə ********** qeydiyyat nömrəli çıxarışlarla rəsmiləşdirilməsinə dair qeydiyyat aparılmışdır. Üçüncü şəxslər iddia tələbinə münasibət bildirərək idda ərizəsinin mümkünsüz sayılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin vəkili izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Yevlax şəhər XDS-nin xx.xx.1995-ci il tarixli 10 saylı qərarına və torpaq sahəsinin satın alınması barədə notarius qaydasında təsdiq edilmiş müqaviləyə əsasən “Torpağa mülkiyyət,sahiblik və daimi istifadə hüququna dair” B 004761 nömrəli Dövlət aktı ilə 50 ha torpaq sahəsi iddiaçı “Avdılar" KFT-nin mülkiyyətinə verilmişdir. - Yevlax şəhər icra hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli Sərəncamından görünür ki, “Avdılar" KFT”-na 50 ha torpaq sahəsi ayrılmasına dair qərar əsasında Qoyunbinəsi kollektiv təsərrüfatı ərazisində “Avdılar" KFT-nın yaradılmasına icazə verilmişdir. - kod 90100028, JN-0330 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Yevlax rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 130 saylı sərəncamı əsasında 50.01 ha torpaq sahəsi “Avdılar" KFT”-nin daimi istifadəsinə verilmişdir. - X24 filianının xx.xx.2022-ci il tarixli məktubunda deyilir ki,Yevlax RİHB-nın Qoyunbinəsi KİƏD üzrə nümayəndəliyinin 1991-2005-ci illərə dair təsərrüfatbaşına kitablarında X5 və qeyrilərinin qeydiyyatda olmasına dair məlumat yoxdur. - Yevlax RİHB-nın Qoyunbinəsi KİƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubunda deyilir ki, X5, X15, X18,X25 və X17 həmin kənddə qeydiyyatda olmamışdırlar. X17 2014-cü ildən həmin ünvanda daimi qeydiyyatda olmamaqla yaşayır.Həmin şəxslərə məxsus pay torpağından “Avdılar" KFT”i istifadə edir. - Yevlax rayon Qoyunbinəsi bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubunda deyilir ki,sözügedən 6,6 ha torpaq sahəsindən 1998-2002-ci illər ərzində “Avdılar" KFT”i istifadə edərək, vergi və icarə haqqı ödəmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-690 kod 90100028 nömrəli Dövlət aktında göstərilən 6,06 ha torpaq sahısinin 4,56 ha hissəsi iddiaçı “Avdılar" KFT-yə məxsus 50 ha torpaq sahəsinin ərazisinə düşür. - “Avdılar" KFT-nin Nizamnaməsi Yevlax ŞİHB-nın xx.xx.1995-ci il tarixli,130 nömrəli Sərəncamı ilə təsdiqlənmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, JN-690 kod 90100028 nömrəli Dövlət aktının verilməsinə əsas olan Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı aşkar olunmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş siyahıda “Avdılar" KFT-nin paylı üzvlərinin və təsisçilərinin siyahısında X6 və qeyriləri göstərilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin 11 saylı Ərazi Vegilər Baş idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Avdılar" KFT-i xx.xx.1999-cu ildə dövlət qeydiyyatına alınmışdır.Həmin məktuba əlavə edilmiş iddiaçının Nizamnaməsindən görünür ki,KFT-nin təsisçiləri X7 və qeyriləri olmuşdur. - Yevlax ŞİHB-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, JN-690 kod 90100028 nömrəli Dövlət aktının verilməsinə əsas olan Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı aşkar olunmamışdır. - X24 filianının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, JN-690 kod 90100028 nömrəli Dövlət aktının verilməsinə əsas olan Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı aşkar olunmamışdır. - JN-690 saylı kod 90100028 “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktından görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı əsasında 6.06 ha torpaq sahəsi X5 və qeyrilərinin mülkiyyətinə verilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin,iddia mahiyyət etibarı ilə də əsaslıdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia əsaslıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində deyilir ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı “Avdılar" KFT-nə torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 11 Torpaq sahəsini kəndli təsərrüfatının mülkiyyətinə vermək üçün rayon, şəhər xalq deputatları Soveti qərar qəbul etməli, torpaq sahəsini naturada ayırmalı və dövlət aktı verməlidir. Maddə 13. Kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon, şəhər X13 qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında keçirilir. Torpaq sahəsi naturada ayrılıb, yer quruluşu sənədləri və kəndli təsərrüfatı başçısının adına yazılan dövlət aktı verildiyi gündən torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmış hesab edilir. Maddə 19. Kəndli təsərrüfatının torpaq sahəsinə mülkiyyət hüquqlarına xitam verilməsi Kəndli təsərrüfatının torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət hüquqlarına bu torpağı vermiş rayon, şəhər xalq deputatları Soveti aşağıdakı hallarda xitam verir: a) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; b) kəndli təsərrüfatının fəaliyyətinə xitam verildikdə; v) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; q) müəyyən edilmiş torpaq vergisi üzürlü səbəb olmadan ardıcıl olaraq iki il ödənilmədikdə; ğ) torpaq sahəsindən bir il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; d) dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruri olduqda; e) tikinti və qurğu üzərində mülkiyyət hüququ başqasına keçdikdə; ə) torpaq mülkiyyətçisi öldükdə; j) torpaq müsadirə edildikdə. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur.Torpaq islahatı zamanı vahid torpaq fondundadövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar,xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Torpağa mülkiyyət,sahiblik və daimi istifadə hüququna dair” B 004761 nömrəli Dövlət aktına əsasən 50 ha torpaq sahəsi iddiaçı “Avdılar" KFT-nin mülkiyyətinə verilmişdir.Dövlət Aktına əsasən torpağın kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə iddiaçının mülkiyyətinə verildiyi təsbit olunmuşdur. Yuxarıda qeyd olunan qərar və Dövlət aktı hazırkı tarixədək mübahisələndirilməmiş və ləğv olunmamışdır. Yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki, 2006-cı il iyulun 6-dək əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından hazırda da “Avdılar" KFT-nin mülkiyyətində olan torpaq sahəsi hüdudları daxilində digər şəxslərin mülkiyyətinə torpaq sahəsinin verilməsi qanunsuz olmuşdur. Hazırda Qanunun qüvvədə olduğu müddətdə, nə də ondan sonra ötən dövrdə iddiaçıların torpaq sahəsi üzərində hüquqlarına xitam verilməsi barədə hər hansı qərar verilməmişdir. Belə olan halda, iddiaçının adına verilmiş dövlət aktı öz hüquqi qüvvəsini saxlayır. (Oxşar işlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1283/2022 saylı, xx.xx.2022-ci il və 2-1(102)-63/2023 saylı xx.xx.2023-cü il tarixli qərarlarında təsbit olunan hüquqi mövqe) Digər tərəfdən üçüncü şəxslərə torpaq sahəsinin verilməsi əsası olan JN-690 saylı kod 90100028 “Torpağın mülkiyyətə verilməsinə dair” X32 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı ilə verilmişdir.Lakin,həmin qərarın arxiv nüsxəsi nə məhkəmə araşdırması zamanı aşkar olunmamış,nə də üçüncü şəxslər tərəfindən təqdim edilməmişdir. Odur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-690 kod 90100028 nömrəli Dövlət aktına əsasən üçüncü şəxslərə verilmiş 6,06 ha torpaq sahəsinin iddiaçıya ayrılan torpaq sahəsi ilə üst-üstə düşən 4,56 ha hissədə Dövlət Aktı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə "Torpağa mülkiyyət hüququna dair” xx.xx.1999-cu il tarixli JN-690 kod 90100028 nömrəli Dövlət aktının iddiaçı "Avdılar" KFT-nin mülkiyyətinə verilmiş 50 ha torpaq sahəsi ilə üst-üstə düşən 4,56 ha hissədə ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №e-2-1(116)-420/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-420/2023
01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver