Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-453/2025 19.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin pensiyasının yenidən hesablanması ilə bağlı artıq ödənilmiş pul vəsaitin geri tutulmasına dair faktiki hərəkətini qanunsuz hesab edərək, tutulmanın dayandırılması və pensiyadan tutulmuş vəsaitin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əlavə ödənişlərə görə iddiaçının pensiyasından tutmanın 01 yanvar 2023-cü il tarixdən dayandırılması və həmin tarixdən başlayaraq qərarın icrası gününədək pensiyasından tutulmuş pul məbləğinin ona qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin pensiyasının yenidən hesablanması ilə bağlı artıq ödənilmiş pul vəsaitin geri tutulmasına dair faktiki hərəkətini qanunsuz hesab edərək, tutulmanın dayandırılması və pensiyadan tutulmuş vəsaitin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı 23 fevral 2006-cı il tarixdə iddiaçıya əlilliyə görə əmək pensiya təyin edilmişdir. Hazırda təyin edilmiş pensiyanın məbləği 2729 manatdır. Artıq hesablandığına görə 2019-cu ilin fevral ayından etibarən pensiyasından artıq ödənilmiş pul məbləğinin qaytarılmasını təmin etmək üçün hər ay 432.64 manat məbləğində pul tutulur. Tutma hələ də davam etdirilir. 2023-cü ilin yanvar ayınadək əmək pensiyasından bu qayda ilə 20.334,08 manat (432.64 manat x 47 ay = 20.334,08 manat) pul tutulub. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutula bilər. Cavabdeh qanuna əsasən 01 yanvar 2023-cü il tarixdən pensiyasından tutmanı dayandırmalı idi. Buna baxmayaraq tutma hələ də davam etdirilir. Bu yolla 01 yanvar 2023-cü il tarixindən 15 fevral 2024-cü il tarixinədək pensiyadan qanunsuz olaraq 5.624,32 manat məbləğində əlavə pul tutulub. Qanunsuz tutma davam etdirilir. Ona görə də, ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasından qanunsuz tutulmanın dayandırılmasını, iddiaçıdan qanunsuz tutulmuş pulun qaytarılmasını xahiş etmişdir. Cavabdeh ərizəyə cavab olaraq iddiaçıya göndərdiyi 28 dekabr 2023-cü il tarixli, 3-171/2- 14-309303/2023 saylı məktubu ilə xahişini təmin etməkdən imtina etmişdir. Cavabdeh məktubda öz mövqeyinin belə əsaslandırmağa çalışmışdır: “...pensiya işinizə aid sənədlərdə sizə Fondun Zərdab Rayon Şöbəsi tərəfindən 17 dekabr 2010-cu il tarixindən əlilliyə görə pensiya təyin edildiyi qeyd olunub. Pensiya işinizə aid sənədlərdə və müvafiq altsistemdə qeyd olunan məlumatlara əsasən sözügedən şöbə tərəfindən vaxtilə aparılmış araşdırma nəticəsində əmək pensiyanız yenidən hesablanaraq sizə xx.xx.2013-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 30509,72 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin vəsaitin 2019-cu ilin fevral ayından etibarən əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilməsinə başlanılıb. Lakin yenidən hesablamadan sonra aylıq pensiya məbləğiniz azaldılmalı olduğu halda, azaldılmayıb. Bununla əlaqədar xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində əlavə olaraq 3868,74 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. ... Zərdab rayon şöbəsi tərəfindən 2019-cu ilin noyabr ayında əmək pensiyanız bir daha yenidən hesablanaraq yuxarıda qeyd edilən məbləğlərdən əlavə sizə 21388,77 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. “Əmək pensiyaları haqqında”Qanunun 39.1-ci maddəsinin 1 yanvar2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar sizə artıq ödənilmiş pul vəsaiti 3 il üzrə məhdudlaşdırılaraq ümumilikdə 55767,23 (30509,72+3868,74+21388,77) manatdan 34454,25 manata azaldılıb. Əmək pensiyanızdan xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24.683,00 manat pul vəsaitinin tutularaq büdcəyə bərpa edilməsi nəzərə alınmaqla, hazırda qalıq borcunuz 9.771,25 manat təşkil edir.." Cavabdehin məktubu tamamilə başdansovdu və tam aydın olmayan məzmunda tərtib edilmişdir. Məktubun məzmunundan göründüyü kimi qanunla qadağan edilsə də 01 yanvar 2023-cü il tarixdən pensiyamdan qanunsuz tutma davam etdirilir. Artıq tutulmuş vəsaitin mənə qaytarılmasından isə, ümumiyyətlə, söhbət getmir. Əslində cavabdeh məktubda 2019-cu il tarixdə yenidən hesablama aparılaraq mənə yenə də artıq pensiya ödənildiyini göstərməklə 3 illik məhdudiyyətdən yayınmağa çalışır. Halbuki, 2019-cu il tarixdə aparıldığı göstərilən yenidən hesablama və əskik ödəmələr barədə məlumatlandırılmamışam, belə bir inzibati icraatın aparıldığı mənə məlum deyildir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: Hesab edirik ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Fondun Zərdab rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən ona xx.xx.2010-cu il tarixdən dövlət qulluqçusu kimi əlilliyə görə pensiya təyin olunmuşdur. Lakin, pensiyanın yenidən hesablanması ilə əlaqədar aparılmış araşdırılmalara əsasən, xx.xx.2013-xx.xx.2019-cu il tarixləri arasında İddiaçı ümumilikdə 30509.72 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin vəsait 2019-cu ilin fevral ayından etibarən iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsinə başlanılmışdır. Lakin, yenidən hesablamadan sonra aylıq pensiya məbləği azaldılmalı olduğu halda, azadılmamışdır. Bununla əlaqədar olaraq, xx.xx.2019xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində əlavə olaraq 3868,74 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmçinin, Fondun Zərdab rayon şöbəsi tərəfindən 2019-cu ilin noyabr ayında iddiaçıya onun əmək pensiyasının bir daha yenidən hesablanaraq yuxarıda qeyd edilən məbləğlərdən əlavə 21388,77 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Sözügedən Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə kı, Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Əlavə olaraq Qanunun 39.1-ci maddəsinin 01.01,2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar iddiaçıya artıq ödənilmiş pul vəsaiti 3 il üzrə məhdudlaşdırılaraq ümumilikdə 55767,23 (30509,72+3868,74+21388.77) manatdan 34454.25 manat azaldılmışdır. Qeyd etməyi zəruri hesab edirik kı, İddiaçı əmək pensiyasından xx.xx.2019xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24683,00 manat pul vəsaitinin tutularaq büdcəyə bərpa edilməsi nəzərə alınmaqla, hazırda qalıq borcu 9771,25 manat təşkil edir. Göründüyü kimi, Fondun Zərdab rayon şöbəsi tərəfindən qərar qəbul edilərkən "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1964cı il təvəllüdlüdür.
3. Əmək pensiyasının dəyişdirilməsi haqqında xx.xx.2019-cu il tarixli sərəncamın surəti.
4. Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2010-cu il tarixli qərarı.
5. Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2011-ci il tarixli qərarı.
6. İddiaçıya məxsus ИT ******* seriya nömrəli əmək kitabçasının əsli.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı iddiaçıya təyin edilmiş əliliyə görə əmək pensiyasının cavabdeh tərəfindən yenidən hesablanması nəticəsində artıq ödənilmiş pul vəsaitin geri tutulmasına dair faktiki hərəkətlərinin qanunsuz hesab edilərək, tutulmanın dayandırılması və pensiyadan tutulmuş vəsaitin iddiaçıya qaytarılmasından ibarətdir.İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında xx.xx.2023-cü il tarixinədək aparılmış tutulma ilə bağlı mübahisə açmadığını,həmin tarixdən etibarən aparılmış tutulmanın əsassız olduğunu və həmin tarixdən sonra aparılmış vəsaitin ona qaytarılmasını xahiş etmişdir.Odur ki,inzibati işə iddia tələbi çərçivəsində qiymət verilməlidir. İş materiallarından görünür ki, xx.xx.2010-cu il tarixində iddiaçıya dövlət qulluqçusu kimi əlilliyə görə pensiya təyin olunmuşdur. Daha sonra cavabdeh inzibati orqan 2019-cu ilin fevral ayından etibarən iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsinə başlanılmışdır. DSMF-nin Zərdab rayon şöbəsi tərəfindən 2019-cu ilin noyabr ayında iddiaçıya təyin olunan əmək pensiyasının bir daha yenidən hesablanaraq yuxarıda qeyd edilən məbləğlərdən əlavə 21388,77 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd olunan faktiki hərəkətlər nəticəsində iddiaçıya təyin edilmiş əliliyə görə əmək pensiyasının məbləği iki dəfə hesablanmış,artıq ödəmə məbləği müəyyən edilmiş,pensiyadan tutulma aparılmışdır. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. 40. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-3135/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı) İddiaçının pensiya işindən görünən odur ki, inzibati orqan ilk dəfə iddiaçıya xx.xx.2010-cu il tarixində dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin etmiş, sonrakı dövrdə ayrı-ayrı qərarları ilə pensiyanı yenidən hesablamış, bununla bağlı inzibati icraat aparmadan 2019-cu ilin noyabr ayında qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında və şikayətlərində hansı hallara görə 2019-cu ilin noyabr ayında qəbul etdiyi qərarın qanunsuz olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə pensiya məbləğinin dəyişdirilməsinin səbəblərini bildirməmişdir. İş materiallarından görünür ki, iddiaçıya pensiya təyin olunmuşdur. Daha sonra cavabdeh inzibati orqan 2019-cu ilin fevral ayından etibarən iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsinə başlanılmışdır. DSMF-nin Zərdab rayon şöbəsi tərəfindən 2019-cu ilin noyabr ayında iddiaçıya təyin olunan əmək pensiyasının bir daha yenidən hesablanaraq yuxarıda qeyd edilən məbləğlərdən əlavə 21388,77 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd olunan faktiki hərəkətlər nəticəsində iddiaçıya təyin edilmiş əliliyə görə əmək pensiyasının məbləği iki dəfə hesablanmış,artıq ödəmə məbləği müəyyən edilmiş,pensiyadan tutulma aparılmışdır.Bununla bağlı iddiaçının hər hansı razılığı olmamışdır. İddiaçı dövlət qulluqçusu kimi əlilliyə görə təyin olunmuş pensiyasının yenidən hesablanması ilə bağlı artıq ödənilmiş pul vəsaitin geri tutulmasına dair cavabdehin faktiki hərəkəti qanunsuz hesab edərək xx.xx.2023-cü il tarixindən etibarən pensiyadan tutulmuş vəsaitin iddiaçıya qaytarılması öhdəliyi qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı dövlət qulluqçusu kimi əlilliyə görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması ilə bağlı artıq ödənilmiş pul vəsaitinin tutulmasının dayandırılması və pensiyadan tutulmuş vəsaitin iddiaçıya qaytarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.