Məhkəmə qərarları › İş №e-2-1(116)-461/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-461/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-461/2023 10.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli qərarı ilə verilmiş Zaqatala rayonu Sumaylı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli qərarı ilə ona verilmiş ünvan 1ində yerləşən 614.2 kv.m həyətyanı torpaq sahəsinə “çıxarışın” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli qərarı ilə İddiaçı verilmiş Zaqatala rayonu Sumaylı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli qərarı ilə Zaqatala rayonu Sumaylı kəndində yerləşən 614,2 kv.m həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2012-ci il tarixdə (A 408195) 264 nömrə ilə qeydiyyata alınmaqla 614,2 kv.m həyətyanı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı, həmin torpaq sahəsinin planı və ölçüsü və digər müvafiq sənədlərlə birlikdə torpaq sahəsinin dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı Dərvişov X1 rayonu, Sumaylı kəndi ünvanında yerləşən 614.2 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi üçün 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə əlaqədar aparılmış kadastr ekspertizası zamanı məlum olmuşdur ki, iddiaçının ərizəsinə əlavə edilmiş Ləğv edilmiş DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən İddiaçı adına tərtib edilmiş **********0165 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi 18 saylı Zaqatala Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron baza xəritələrində öz əksini tapmır. Bundan əlavə, qeyd olunan torpaq sahəsi sənəd üzrə ölçülərə əsasən köhnə uşaq baxçası binasının bir hissəsinə düşür. Qeyd olunanlara əsasən iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə ona xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktub ünvanlanmışdır. Qeyd olunanlar nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli **********68 nömrəli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - A 408195 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 nömrəli qərarına əsasən İddiaçı adı hüquq subyekti qeyd edilməklə 614,2 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli **********12 nömrəli məktubuna əlavə olunmuş Zaqatala RAİK-in xx.xx.1999-cu il tarixli yığıncağının 81 nömrəli qərarından və ona əlavə edilmiş subyektlər siyahısından görünür ki, Zaqatala rayonunun Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun aqrar islahatı proqramı və kompleks yerquruluşu layihəsi təsdiq edilmiş və həmin məsələ ilə bağlı RAİK-in xx.xx.1995-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş, həmçinin sözügedən qərarla iddiaçıya və digər ailə üzvlərinə (X2, X6, X7, X3, X4) 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı tərtib edilmiş subyektlər siyahısı təsdiq edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan (iddiaçı tərəfindən göstərilən) 614.2 kv.m torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid ictimai tikililər üçün nəzərdə tutulmuş ərazidə yerləşir. İddiaçı tərəfindən göstərilən 614.2 kv.m torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə verilmişdir. Həmin 614.2 kv.m torpaq sahəsinin sərhəddinin hər hansı bir mərz nişanı yoxdur. A 408195 nömrəli plan ölçü sənədində qeyd edilmiş 614.2 kv.m torpaq sahəsinin cizgiləri digər subyektlərə məxsus torpaq sahələrinin hüdudları daxilinə düşmür. Ancaq A 408195 nömrəli plan ölçü sənədində qeyd edilmiş cizgilər ictimai tikililər üçün nəzərdə tutulmuş ərazinin hüdudları daxilinə düşür. İddia olunan torpaq sahəsi qapalı həyət daxilində deyildir. A 408195 nömrəli plan ölçü sənədində qeyd edilmiş 614.2 kv.m torpaq sahəsinin yerləşmə vəziyyəti naturada müəyyən edilmiş və məlum olmuşdur ki, 614.2 kv.m torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid ictimai tikililər üçün nəzərdə tutulmuş ərazidə yerləşir. A 408195 nömrəli plan ölçü sənədində qeyd edilmiş 614.2 kv.m torpaq sahəsinin cizgiləri digər subyektlərə məxsus torpaq sahələrinin hüdudları daxilinə düşmür. Ancaq A 408195 nömrəli plan ölçü sənədində qeyd edilmiş cizgilər ictimai tikililər üçün nəzərdə tutlmuş ərazinin hüdudları daxilinə düşür. A 408195 nömrəli plan ölçü sənədində göstərilən 614.2 kv.m torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə verilmişdir. İddia olunan torpaq sahəsi A 408195 nömrəli plan ölçü sənədində qeyd edilmiş 614.2 kv.m torpaq sahəsi ilə qismən üst-üstə düşür. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqanın iddia tələbinə etirazından və iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materialları ilə müəyyən olunur ki, iddiaçının 5 nəfər ailə üzvü (X2, X6, X7, X3, X4) ilə birlikdə ümumibirgə mülkiyyətinə Zaqatala RAİK-in xx.xx.1999-cu il tarixli yığıncağının 81 nömrəli qərarı əsasında 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmış, ayrılmış torpaq sahəsinə dair A 408195 nömrəli plan ölçü sənədi tərtib edilmişdir. Sözügedən torpaq sahəsi Zaqatala RAİK-in xx.xx.1999-cu il tarixli yığıncağının 81 nömrəli qərarı əsasında ayrılmasına baxmayaraq, cavabdeh orqan həmin torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlilləri “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin 18 saylı Zaqatala Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron baza xəritələrində öz əksini tapmaması və qeyd olunan torpaq sahəsinin sənəd üzrə ölçülərə əsasən köhnə uşaq baxçası binasının bir hissəsinə düşməsi ilə bağlı olmuşdur. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə mütəxəssis rəyi əldə edilmiş və müəyyən edilmişdir ki, həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid ictimai tikililər üçün nəzərdə tutulmuş ərazidə yerləşir. Göründüyü kimi iddia olunan torpaq sahəsində ictimai tikilinin olması yox, torpaq sahəsinin belə tikililər üçün nəzərdə tutulması bildirilir. Lakin, cavabdeh orqan ictimai tikililər üçün nəzərdə tutulmuş ərazidə yerləşən torpaq sahəsinin Zaqatala RAİK-in xx.xx.1999-cu il tarixli yığıncağının 81 nömrəli qərarı ilə xüsusi mülkiyyətə verilməsini nəzərə almamış və qanunvericilikdə bununla bağlı hər hansı məhdudiyyət müəyyən edilmədiyi halda əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırkı iş üzrə Zaqatala RAİK-in xx.xx.1999-cu il tarixli yığıncağının 81 nömrəli qərarının “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarına əsasən Zaqatala rayonu Sumaylı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı (5 nəfər ailə üzvü ilə birlikdə - X2, X6, X7, X3, X4) ümumbirgə mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar