Məhkəmə qərarları › İş №e-2-1(116)-469/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-469/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-469/2023 11.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən 30 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən 30 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Balakən bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli qərarına əsasən, şəhərin Rafiq Səmədov küçəsinin cənub-qərb tərəfində yerləşə 30 kv.m ölçüdə torpaq sahəsi mağaza tikmək üçün iddiaçıya hər kv.m 8000 manata satılmış, tərəflər arasında 26 oktyabr 2004-cü il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, həmin akt tərəflərin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müdiri tərəfindən imzalanmaqla, həmin orqanların möhürü ilə təsdiq olunmuş, 271 nömrə ilə DTXK Balakən rayon şöbəsində qeydiyyata alınmış, torpaq sahəsinin dəyəri alıcı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Satılmış torpaq sahəsinin naturada yerləşməsini əks etdirən torpaq sahəsinin yerquruluşu planı bələdiyyə və DTXK-nın Balakən rayon şöbəsinin imza və möhürləri ilə təsdiq edilmiş, eləcə də həmin torpaq sahəsinin situasiya planı aidiyyəti dövlət orqanlarının imza və möhürləri ilə təsdiq edilmiş, torpaq sahəsinin qonşuları qeyd olunmaqla iddiaçıya naturada tanıdılmışdır. İddiaçı həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa etmiş, cavabdeh inzibati orqanın hüquqi varisi olduğu Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının adına 390 qeydiyyat, 602 inventar nömrəli texniki pasport tərtib edilmiş, həmin texniki pasportda sənədin hazırlanma əsası kimi, mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair bələdiyyənin 26 oktyabr 2004-cü il tarixli qərarına istinad edilmişdir. Bununla yanaşı, mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının adına torpağa mülkiyyət hüququna dair JN-0016 nömrəli dövlət aktı tərtib edilmiş, həmin dövlət aktı dövlət qeydiyyatına alınmaqla DTXK-nın Balakən rayon şöbəsinin və Dövlət Yerquruluşu və Layihə İnstitutunun imza və möhürü ilə təsdiq edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********75 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan 0,003 ha torpaq sahəsi məktəb ərazisi ilə prospekt arasında yerləşir. Həmin torpaq sahəsi baza xəritələrində iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyəti torpaq sahəsi kimi öz əksini tapıb. Eyni zamanda “Dövlət Aktı” sənədində göstərilən koordinatlara əsasən torpaq sahəsinin yerləşdiyi ərazi DWG xəritələrində məktəb ərazisi kimi göstərilib. Torpaq sahəsinin üzərindəki qeyri-yaşayış binası iddiaçı tərəfindən notariat qaydada satılmış və alıcının adına qeydiyyata alınmışdır. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.1-ci maddəsinə əsasən müraciətin təmin olunmasından imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********34 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan 0,003 ha torpaq sahəsi məktəb ərazisi ilə prospekt arasında yerləşir. Həmin torpaq sahəsi baza xəritələrində iddiaçıya məxsus olmuş qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyəti torpaq sahəsi kimi öz əksini tapıb. Eyni zamanda “Dövlət Aktı” sənədində göstərilən koordinatlara əsasən torpaq sahəsinin yerləşdiyi ərazi DWG xəritələrində məktəb ərazisi kimi göstərilib. Torpaq sahəsinin üzərindəki qeyri-yaşayış binasını iddiaçı notariat qaydada satmış və alıcı X2 adına qeydiyyata alınmışdır. Məlumat üçün bildirilir ki, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 0,003 ha torpaq sahəsinin mülkiyyət növü dövlət olmaqla X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2022-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-1(116)-2355/2022 nömrəli qərardadı ilə Balakən bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-469/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-469/2023 nömrəli qərardadı ilə X4 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ünvanlayaraq, yeni tələbində “TEKUİS məlumat bazasında dəyişiklik edilərək, torpağa mülkiyyət hüququna dair JN seriyalı 0016 nömrəli (kod ********) Dövlət Aktı barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-469/2023 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizənin qəbulundan imtina edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, iddiaçının nümayəndəsi və vəkili, üçüncü şəxslər Balakən bələdiyyəsinin nümayəndəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi və X4 məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə saat 09:51-də ərizə təqdim edərək, Balakən Rayon Məhkəməsində məhkəmə iclaslarının olduğunu bildirmiş, iddia tərəfinin iştirakı olmadan işə baxılaraq yeni tələb üzrə iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs Sevda Çantayevaya ünvanlanmış məhkəmə sənədləri onun əmisi oğlu X7 çatdırılmışdır. Ramin Həmzəyev xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, bildirmişdir ki, S.Çantayeva hazırda Rusiya Federasiyasındadır, 15-20 gün ərzində ölkəyə qayıdacaqdır. Bu səbəblə məhkəmə iclasının 20 gün sonraya təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı, iddiaçının nümayəndəsi və vəkili, üçüncü şəxslər Balakən bələdiyyəsinin nümayəndəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi və X2 iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 nömrəli iclasının protokolundan çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, iddiaçı xx.xx.2004-cü ildə bələdiyyəyə ərizə ilə müraciət edərək, R.Səmədov küçəsində mağaza tikmək üçün ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bələdiyyənin həmin qərarı ilə iddiaçının ərizəsi nəzərə alınaraq, R.Səmədov küçəsinin cənub-qərb tərəfində iddiaçıya mağaza tikmək üçün 6x5 metr ölçüdə 30 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixdə 1 nömrəli reyestr kitabının 47-ci səhifəsində 390 reyestr nömrəsi ilə qeydiyyata alınmış 390 nömrəli Qeydiyyat vəsiqəsinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən qeyri-yaşayış binası iddiaçının mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, iddiaçı Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən, ümumi sahəsi 30 kv.m olan qeyri-yaşayış binasını alıcı X1. xx.xx.2022-ci qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Balakən şəhəri, H.Əliyev prospektində (əvvəlki ünvanı R.Səmədov küçəsi) yerləşən qeyriyaşayış binası üçüncü şəxs Sevda Çantayevanın xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış binasının yerləşdiyi 0,0034 ha torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla S.Çantayevanın istifadəsindədir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-382/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Balakən rayonu Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı əsasında İddiaçı Balakən şəhəri R.Səmədov küçəsindən ayrılmış 30 kv.m torpaq sahəsi 18 saylı Ərazi İdarəsinin xidməti istifadəsində olan TEKUİS məlumat bazasına əsasən iddia olunan ərazi dövlət mülkiyyətində saxlanılan torpaqlara aiddir və naturada ölçüləri 34 kv.m olmaqla başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Həmin torpaq sahəsinin istifadəçisi İddiaçıdur. Torpaq sahəsinin üzərində mağaza binası yerləşir və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti üst-üstə düşür. İddia olunan torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, sahəsi, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, torpaq sahəsinin üzərində yerləşən tikilinin ölçüsü 34 kv.m təşkil edir. Belə olan halda tikilinin S.Çantayevanın adına rəsmiləşdirilməsini nəzərə alsaq, mütəxəssis rəyində torpaq sahəsinin İddiaçı istifadəsində olmasının göstərilməsi əsassızdır. Balakən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-7RA/2-43/2023 nömrəli məktubuna əlavə olunmuş Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 10 nömrəli iclasının protokolunun arxiv nüsxəsindən görünür ki, iclasın gündəliyindəki 2-ci məsələ bələdiyyəyə daxil olmuş ərizə və şikayətlərə baxılması barədə olmuşdur. Protokolda olan siyahıda 6-cı sırada İddiaçı adının yazıldığı və ona azad sahibkarlıqla məşğul olması üçün torpaq sahəsinin satıldığı müəyyən olunur. İddiaçının nümayəndəsi və vəkili tərəfinən təqdim olunmuş: Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 nömrəli iclasının protokolundan çıxarışından görünür ki, iddiaçı xx.xx.2004-cü ildə bələdiyyəyə ərizə ilə müraciət edərək, R.Səmədov küçəsində mağaza tikmək üçün ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bələdiyyənin həmin qərarı ilə iddiaçının ərizəsi nəzərə alınaraq, R.Səmədov küçəsinin cənub-qərb tərəfində iddiaçıya mağaza tikmək üçün 6x5 metr ölçüdə 30 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. xx.xx.2004-cü il tarixdə tərtib edilmiş Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 nömrəli qərarı ilə 30 kv.m torpaq sahəsi satılmışdır. İddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin bank hesabına ödənilmişdir. JN-0016 kod 40100001 nömrəli Dövlət Aktından görünür ki, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 10 nömrəli qərarı ilə 0,003 ha torpaq sahəsi mağaza tikintisi üçün İddiaçı satılmışdır. xx.xx.2004-cü il tarixli, 118 nömrəli kassa mədaxil orderindən görünür ki, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyəyə ödənilmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. İddiaçı tələbini əsaslandırmaq üçün bələdiyyə qərarı əsasında mübahisəli torpaq sahəsinin onun adına satılmasına istinad etsə də, məhkəmə hesab edir ki, torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlar dairəsinə aid olduğundan, bələdiyyənin həmin torpaq sahəsinə münasibətdə sərəncam vermək hüququ olmamışdır. Eyni zamanda torpaq sahəsinin üzərində yerləşən tikiliyə, qeyri-yaşayış sahəsinə münasibətdə iddiaçının adına qeydiyyat vəsiqəsi tərtib edilmiş, həmin qeydiyyat vəsiqəsi əsasında qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən özgəninkiləşdirilmiş, özgəninkiləşdirilmiş əmlaka münasibətdə tərtib edilmiş çıxarışda da torpaq sahəsinin mülkiyyətçisi kimi dövlət qeyd olunmuşdur. Həmçinin mübahisəli torpaq sahəsi üçüncü şəxsə məxsus qeyri-yaşayış obyektinin altında yerləşir. Odur ki, səlahiyyəti olmadığı halda bələdiyyə tərəfindən dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçıya satılmasına dair qəbul edilmiş qərara əsaslanan iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən 30 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar