Məhkəmə qərarları › İş №e-2-1(116)-499/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-499/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-499/2023 18.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 22813,80 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 23464 manat məbləğində siyahıya alınmış əmlakının (cəmi 23464 manat dəyərində ümumilikdə 2,3464 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) hərrac vasitəsilə satılması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının nümayəndəsi X1 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 22813,80 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 23464 manat məbləğində siyahıya alınmış əmlakının (cəmi 23464 manat dəyərində ümumilikdə 2,3464 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) hərrac vasitəsilə satılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, vergi ödəyicisi olan fiziki şəxs Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş göndərilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 22813,80 manat borcuna görə 23464 manat məbləğində daşınmaz əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli, **********5 nömrəli Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 1 (bir) vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 22813,80 manat ödənilməmiş borcu qalmışdır. Borc ödənilmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-1(116)-2401/2022 nömrəli sərəncamı cavabdehə ünvanlanmış və iddia ərizəsində qeyd olunanlarla bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, lakin cavabdeh tərəfindən münasibət bildirilməmişdir. Məhkəmənin 15(116)-18/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “dövlət büdcəsinə ödənilməmiş 22813,80 manat məbləğdə borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 23464 manat məbləğdə siyahıya alınmış daşınmaz əmlakın hərrac vasitəsilə satılması barədə qərar qəbul olunması” tələbinə dair işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********43 reyestr nömrəli dövlət reyestrindən çıxarışla qeydiyyata alınmış 0,8554 ha, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********18 reyestr nömrəli dövlət reyestrindən çıxarışla qeydiyyata alınmış 0,7255 ha və xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********60 reyestr nömrəli dövlət reyestrindən çıxarışla qeydiyyata alınmış 0,7655 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qadağan edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş və cavabdeh iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın tam həcmdə təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İş materiallarında olan: İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərar qəbul edilmişdir. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli **********5 nömrəli protokoldan görünür ki, cavabdehə məxsus 1 hektarının qiyməti 10000 manat olan 0,8554 ha, 0,7255 ha və 0,7655 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri (ümumi dəyəri 23464 manat) iddiaçı tərəfindən siyahıya alınmışdır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, qərarın icrası ilə əlaqədar cavabdehə vergi ödəyicisinin mülkiyyətində olan torpaq sahələrinin siyahıya alınmaya təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli bildiri göndərilməsinə baxmayaraq sonuncu tərəfindən müvafiq sənədlər təqdim edilməmiş, iddiaçı tərəfindən əldə edilmiş rəsmi məlumatlar əsasında torpaq sahələrinin siyahıya alması aparılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli **********877400 nömrəli ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanlanmış “borclu vergi ödəyicilərinin daşınmaz əmlakları barədə məlumatların təqdim edilməsi barədə” sorğudan görünür ki, iddiaçı cavabdehin daşınmaz əmlak məlumatlarını sorğu etmişdir. İddiaçıya məxsus torpaq sahələrinə dair, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar iddiaçıya təqdim edilmişdir. Göstərilən torpaq sahələri siyahıya alınmışdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, siyahıya alınmış torpaq sahələrindən başqa iddiaçının ümumi birgə mülkiyyətində JN-0434 nömrəli Dövlət aktı ilə 2,45 ha, JN-414A nömrəli Şəhadətnamə ilə 0,12 ha və tam pay hüququ əsasında xüsusi mülkiyyətində xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla daha 0,6090 ha torpaq sahəsi vardır. “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra VM) 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. VM-nin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. VM-nin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarilxi 393 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. 1.40-1-ci bəndinə görə həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” AR Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 3-cü bəndinə əsasən bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. İşin hallarından da göründüyü kimi, siyahıya alınmış əmlak iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 hektardan artıq olan hissəsinə münasibətdə aparılmışdır. Mübahisəli torpaq sahələrinə münasibətdə mütəxəssis rəyinin alınması ilə bağlı iddiaçıya smetanın ödənilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən smetanın ödənilməsi təmin edilmədiyindən mütəxəssis rəyinin əldə edilməsi mümkün olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə münasibətdə siyahıya alınmış əmlaklar çıxarışla rəsmiləşdirildiyindən qərar qəbul edilərkən daşınmaz əmlakın dövlət reyestrində qeyd edilmiş məlumatlara istinad edilə bilər. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixə 22813,80 manat vergi borcunun olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən isə xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 22813,80 manat məbləğdə borcun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın satılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Əmlakın siyahıya alınması haqqında qərar qüvvədədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubuna əlavə olunmuş: xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Balakən rayonunun Hənifə kəndində yerləşən 0,8554 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Balakən rayonunun Hənifə kəndində yerləşən 0,7255 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Cavabdeh göstərilən torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında 4500 manata əladə etmişdir. xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Balakən rayonunun Hənifə kəndində yerləşən 0,7655 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Cavabdeh göstərilən torpaq sahəsini xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən 3000 manata əladə etmişdir. Əmlakın siyahıya alınmasına dair xx.xx.2022-ci il tarixli **********5 nömrəli aktdan da göründüyü kimi, cavabdeh tərəfindən siyahıya alınmış torpaq sahələrinin qiyməti 1 ha üçün 10000 manat olaraq müəyyən edilmişdir. Göstərilən məbləğ isə cavabdehin siyahıya alınmış torpaq sahələrini əldə etmə dəyərindən artıq olduğundan məhkəmə hesab edir ki, mübahisəli torpaq sahələrinin dəyərləndirilməsi iddiaçı tərəfindən düzgün aparılmışdır. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-nin 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 22813,80 manat məbləğdə borcun ödənilməsinin təmin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixli protokol əsasında siyahıya alınmış cavabdehə məxsus 23464 manat dəyərində əmlakın (1 hektarının qiyməti 10000 manat olan, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə 0,8554 ha, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə 0,7255 ha və xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə 0,7655 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri) hərrac vasitəsilə satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək öhdəliyi iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar