Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-518/2023 21.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X5, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Balakən Rayon İcra Hakimiyyətinə qarşı “Balakən Rayon İcra Hakimiyyəti başçısının 08 oktyabr 2008-ci il tarixli, 172 nömrəli Sərəncamının və həmin Sərəncam əsasında verilmiş 11 oktyabr 2008-ci il tarixli, 000013 saylı orderin etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon İcra Hakimiyyəti başçısının 08 oktyabr 2008-ci il tarixli, 172 nömrəli Sərəncamının və həmin Sərəncam əsasında verilmiş 11 oktyabr 2008-ci il tarixli, 000013 saylı orderin etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında hündürmərtəbəli, çoxmənzilli bina inşa edilmişdir. 2008-ci ildə həmin dövrdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan və Balakən rayonu ərazisinin daxil olduğu seçki dairəsindən seçilmiş Rəbiyyət Aslanovaya seçiciləri ilə görüşə gəldiyi zaman qalmaq üçün İddiaçı MMC tərəfindən müvəqqəti olaraq həmin binada mənzil ayrılmışdır. Bu zaman həmin mənzilə dair İddiaçı MMC ilə cavabdeh Balakən Rayon İcra Hakimiyyəti, həmçinin Rəbiyyət Aslanova arasında hər-hansı müqavilə bağlanmamışdır. Cavabdeh ilə iddiaçı arasında hər-hansı yazılı razılaşma olmamasına baxmayaraq, cavabdeh tərəfindən mübahisəli mənzilə dair Rəbiyyət Aslanovanın adına 000013 saylı order verilmişdir. Balakən Rayon İcra Hakimiyyətinin 08 oktyabr 2008-ci il tarixil, 172 saylı Sərəncamı əsasında həmin orderin verilməsindən İddiaçı MMC-nin məlumatı olmamışdır. İddiaçı bu barədə məlumatı Rəbiyyət Aslanovanın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 03 avqust 2022-ci il tarixli iddia ərizəsi üzrə Şəki İnzibati Məhkəməsində baxılan, üçüncü şəxs qismində cəlb olunduğu işdən əldə etmişdir. Orderdə ünvan ev 73, mənzil 40 olaraq göstərilmişdir. 2008-ci ildə bina istismara qəbul edilmədiyindən və dəqiq ünvan verilmədiyindən iddia tərəfi güman edir ki, söhbət Balakən şəhəri, Nəriman Nərimanov küçəsi 93 (yeni qaydalarla: AZ0800, ünvan 2 ünvanında yerləşən 106,10 kv.m olan mənzildən gedir. Balakən Rayon İcra Hakimiyyəti başçısının mübahisəli mənzilə dair orderin verilməsinə əsas olmuş 08 oktyabr 2008-ci il tarixli, 172 saylı Sərəncamında qeyd olunur ki, guya həmin Sərəncam İddiaçı MMC-nin 29 sentyabr 2008-ci il tarixli məktubuna əsasən verilmişdir. Halbuki “Alazançay" MMC tərəfindən Rəbiyyət Aslanovaya mənzil ayrılması ilə bağlı heç bir quruma, o cümlədən Balakən Rayon İcra Hakimiyyətinə hər-hansı məktub ünvanlanmamışdır. Yuxarıda qeyd edildiyi kimi mənzil Rəbiyyət Aslanovaya deputat olduğu dövr üçün müvəqqəti istifadəyə verilmişdir. Mübahisəli mənzil hazırda İddiaçı MMC-nin mülkiyyətindədir və **********32-05301-093035 reyestr nömrəsi ilə (qeydiyyat nömrəsi: **********) xx.xx.2021-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq, iddia tərəfi hesab edir ki, mübahisəli mənzilə dair sərəncam və order etibarsız hesab edilməlidir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 03-1921/3 nömrəli “iddiaya qarşı rəsmi münasibət” məktubunda qeyd etmişdir ki, Balakən RİH tərəfindən İddiaçı MMC-nin sədri P.Əliyarova ünvanlanmış xx.xx.2008-ci il tarixli, 542/1 saylı müraciətdə şəhərin N.Nərimanov küçəsində inşa olunan çoxmərtəbəli yaşayış binasından dördotaqlı bir mənzilin rayon icra hakimiyyəti üçün ayrılması xahiş edilmişdir. İddiaçı MMC (MTK) tərəfindən 29 sentyabr 2008-ci il tarixdə təklifə müsbət cavab verilmişdir. Balakən RİH başçısı yanında mənzil məsələləri üzrə ictimai komissiya tərəfindən 2000-ci ildən etibarən Azərbaycan Respublikası Milli Məclisinin Balakən rayonundan (109 saylı seçki dairəsi) seçilmiş deputatı Rəbiyyət Aslanovanın mənzil-məişət şəraiti araşdırılmış, rayonda tez-tez ezamiyyətdə olan millət vəkilinin mənzili olmadığı nəzərə alınaraq onun Balakən şəhəri, S.Vurğun küçəsində tikilən 1 girişli, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində 40 saylı mənzillə təmin edilməsi təklif edilmiş, Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 172 saylı Sərəncamı ilə S.Vurğun küçəsində tikilən 1 girişli, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yaşayış sahəsi 116 kv.m-dən ibarət 40 saylı mənzilin R.Aslanovaya verilməsi məqsədəuyğun sayılmışdır. İddiaçı MMC isə həmin mənzilin verilməsi üçün Balakən RİH-yə və ya digər qurumlara məktub ünvanlamadığını, mənzilin R.Aslanovaya deputat olduğu üçün müvəqqəti istifadəyə verildiyini və bununla əlaqədar hər-hansı müqavilə bağlanmadığını bildirir. RİH-də İddiaçı MMC-nin sözügedən mənzilin R.Aslanovaya verilməsi ilə bağlı yazılı müraciətinin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Lakin R.Aslanova 2008-ci ildən indiyədək həmin mənzildən istifadə etmiş, kommunal xidmət haqlarını ödəmişdir. İddiaçının da qeyd etdiyi kimi 2009cu il oktyabr ayının 1-dək qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinin 49-cu maddəsinin tələbinə görə mənzil şəraitini yaxşılaşdırmaq ehtiyacları haqqında vətəndaşların hüquqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Lakin həmin maddənin ikinci abzasına əsasən orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Odur ki, iddia əsassız hesab edilməlidir. Cavabdeh məktubunda qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-1(116)-2435/2022 nömrəli qərardadı ilə X4 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Üçüncü şəxs məhkəməyə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə xx.xx.2022-ci il tarixdə iddia tələbinə dair etiraz məktubu təqdim etmişdir. Məktubda qeyd olunmuşdur ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan icra orqanının hüquqi aktının hissəsi ləğv edilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə və iddia qaldırmaq müddətinə əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı iş üzrə İddiaçı MMC tərəfindən Balakən Rayon İcra Hakimiyyəti başçısının 172 saylı, 08 oktyabr 2008-ci il tarixli sərəncamının ləğv edilməsi tələb olunur. R.Aslanova hesab edir ki, inzibati məhkəmə icraatının hazırkı mərhələsində iddianın mümkünlüyü məsələsi həll edilməlidir. İlk növbədə diqqət yetirilməlidir ki, hazırkı iş üzrə iddia mübahisələndirmə iddia növünə aiddir. İddiaçının mübahisələndirmə barədə iddiasının mümkünlüyü məsələsinə baxarkən, məhkəmə diqqət etməlidir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı (üçüncü şəxslər: Balakən Rayon İcra Hakimiyyəti, İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən ünvan 8 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın “Alazançay" MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat № **********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşən 116 kv.m-dən ibarət olan 40 saylı mənzilə dair hissəsinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ilə 05 avqust 2022-ci ildə Şəki İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Şəki İnzibati Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, e-2-1(116)-1811/2022-S/N:006 saylı qərardadı ilə həmin iş üzrə İddiaçı MMC-nin üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Üçüncü şəxsin vəkalətli nümayəndəsi və vəkili Vəkil2 tərəfindən aidiyyəti rabitə orqanına ünvanlanmış sorğuya alınmış cavabla müəyyən edilir ki, məhkəmənin İddiaçı MMC-nin üçüncü şəxs qismində cəlb edilməsinə dair qərardadı 26 avqust 2022-ci il tarixdə İddiaçı MMC-yə təqdim olunmuşdur. Hazırkı işin materiallarından görünür ki, İddiaçı MMC yuxarıda sözügedən iddia tələbi ilə 24 oktyabr 2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı sərəncam verilməsindən xəbərdar olduğu halda, məhkəməyə inzibati aktın qəbul edildiyindən 30 (otuz) gün müddətində müraciət etməli olduğu halda, qanunla müəyyən edilmiş bu müddət daxilində məhkəmədə iddia irəli sürməmiş, bununla da inzibati aktın ləğvinə dair mübahisələndirmə haqqında iddia qaldırılması üçün qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Üçüncü şəxs eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, tərəfindən hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2008-ci il tarixli, 172 saylı sərəncam və bu sərəncam əsasında verilmiş 11 oktyabr 2008-ci il tarixli, 000013 nömrəli order elə həmin sərəncam və orderin verildiyi vaxt İddiaçı MMC-yə təqdim olunmuş və həmin vaxtdan sözügedən sərəncam və order əsasında ona ayrılmış mənzili əldə edib, həmin mənzili əsaslı təmir edərək, bu mənzili zəruri mebel və digər məişət əşyaları ilə təhciz etmişdir. Bundan sonra isə üçüncü şəxs həmin mənzildə faktiki yaşamaqla müvafiq kommunal və xidmət haqlarını vaxtlıvaxtında ödəmişdir. Göründüyü kimi İddiaçı MMC hazırda mübahisələndirdiyi sərəncamdan 2008-ci ilin oktyabr ayından xəbərdar olmasına və həmin sərəncamın, eləcə də orderin surətini həmin tarixdən əldə etməsinə baxmayaraq üzərindən uzun illər, yəni 14 il keçdikdən sonra hazırkı iddianı irəli sürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən iş üzrə üçüncü şəxs Rəbiyyət Aslanova iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və cavabdeh xx.xx.2023-cü il tarixli, 5-36/2-03-231/2023 nömrəli məktubunda nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi (sədri) X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 üçüncü şəxsin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Hazırkı iddia növünə görə müəyyən etmə və ya tanınma haqqında iddialara aiddir. Belə ki, İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara baxılır. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Qeyd olunanlara əsasən məhkəmə iddianı mümkün hesab edir və işə mahiyyəti üzrə baxılmasını istisna edən halların mövcud olmadığı qənaətinə gəlir. İş materiallarında olan: xx.xx.2008-ci il tarixli, 000013 nömrəli Balakən RİH tərəfindən verilmiş orderin surətinə əsasən müəyyən edilir ki, ünvan 9 ünvanında yerləşən 4 otqalı mənzil bir nəfər ailə tərkibi ilə üçüncü şəxsə verilmişdir. Balakən şəhər İƏD üzrə Nümayəndəliyin xx.xx.2022-ci il tarixli, 320 nömrəli məktubunda qeyd olunur ki, ünvan 10 ünvanda Balakən rayonu Katex kəndində qeydiyyatda olan 22 noyabr 1961-ci il təvəllüdlü X6 müvəqqəti yaşayır. Balakən rayon Dövlət Arxivi xx.xx.2022-ci il tarixli, 143 nömrəli məktubu vasitəsilə iddia mübahisələndirilən sərəncamın və ona əlavə edilmiş sənədlərin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir. Məktuba əlavə olunmuş: cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2008-ci il tarixli, 542/1 nömrəli məktubundan görünür ki, cavabdeh vətəndaşların müraciətlərini, rayonda mənzilə olan çox böyük ehtiyacı nəzərə alaraq şəhərin N.Nərimanov küçəsində inşa olunan çoxmərtəbəli yaşayış binasından dörd otaqlı bir mənzilin rayon icra hakimiyyəti üçün ayrılmasını xahiş etmişdir. Balakən RİH başçısının xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamında qeyd olunur ki, Bakı şəhəri, Naxçıvani küçəsi, ev 10, mənzil 43-də yaşayan vətəndaş X4 2000ci ildən etibarən Azərbaycan Respublikası Milli Məclisinin Balakən rayonundan seçilmiş deputatıdır. Rayona tez-tez ezamiyyətə gələn R.Aslanovanın rayonda mənzili yoxdur. Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında mənzil məsələləri üzrə ictimai komissiya R.Aslanovanın İddiaçı MTK-nın 31 saylı, 29 sentyabr 2008-ci il tarixli məktubuna baxmış, mənzil-məişət şəraitini araşdırmışdır. Komissiya millət vəkili R.Aslanovanı Balakən şəhəri, S.Vurğun küçəsində tikilən çoxmərtəbəli, 1 girişli yaşayış binasının 8-ci mərtəbəsində 40 saylı mənzili ilə təmin edilməsini təklif edir. Qeyd olunanları nəzərə alan cavabdeh millət vəkili X2 Balakən şəhəri, S.Vurğun küçəsində tikilən çoxmərtəbəli, bir girişli yaşayış binasının 8-ci mərtəbəsində, yaşayış sahəsi 116 kv.m olan 40 saylı mənzilin verilməsini məqsədəuyğun saymışdır. İddiaçı MTK-nın 31 saylı, 29 sentyabr 2008-ci il tarixli məktubu məhkəmə araşdırması ilə aşkar edilməmişdir. Cavabdeh bunu məktubun itirilməsi ilə əsaslandırmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, 03-1921/2 nömrəli məktubunda qeyd etmişdir ki, ünvan 13 ilə Balakən şəhəri, N.Nərimanov küçəsi ev 93 (AZ0800, ünvan 12 ünvanlardır. İddiaçı MMC-nin sərəncamda qeyd olunan 31 saylı, xx.xx.2008-ci il tarixli məktubu rayon icra hakimiyyətinin sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin əməkdaşlarının səhvi nəticəsində itmişdir. 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********79 nömrəli məktubundan görünür ki, ünvan 13 ünvanı ilə ünvan 14, M8, mənzil 5) ünvanı eyni ünvanlardır. 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********79 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, həmçinin xx.xx.2021-ci il tarixli texniki pasportun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 14, M8, mənzil 5) ünvanında yerləşən, ümumi sahəsi 106,10 kv.m olan mənzil İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. İddia ərizəsinə əlavə olunmuş 000013 nömrəli, xx.xx.2008-ci il tarixəd Balakən RİH tərəfindən verilmiş orderin surətindən görünür ki, həmin orderə əsasən X3 ünvan 17 ünvanında yaşamaq hüququ verilmişdir. Məhkəmə işin hallarına aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. İlk olaraq, qaldırılan iddia inzibati aktın etibarsızlığının tanınması tələbi ilə bağlı müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir. Bu növ iddianın məqsədi hər hansı qeyri-müəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik aydınlaşdırılmasından ibarətdir. İPM-də bu iddiaların üç növü təsbit edilmişdir: 1. hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM-in 36.1-ci maddəsinin birinci yarımcümləsi); 2. inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3. artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi). Müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədilə hüquq münasibətinin müəyyən edilməsi yaxud hüquqi statusun tanınması durur. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslılığı həm də inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasında kifayət qədər marağın olmasından asılıdır. İPM-in 36.1-ci maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbabcan Respublikasının Qanununun: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Azərbabcan Respublikasının Mülki Məcəlləsinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki qanunvericilik mülkiyyət hüququnu üç elementin – sahiblik, istifadə və sərəncam hüquqlarının vəhdəti olaraq qəbul etməkdədir. Şəxsin mülkiyyətində olan əmlaka münasibətdə onun razılığı olmadan hər-hansı subyektin sərəncam vermə hüququ Mülki Məcəllənin tələbləri ilə nəinki məhdudlaşdırır, həmçinin qanunvericiliklə bu kimi halların qarşısının alınması və məsuliyyət mexanizmləri də müəyyən edilir. Mülki hüquq şəxsin yalnız mülkiyyətində, qanuni istifadə və sahibliyində olan əmlaka münasibətdə, xüsusi şərtlər çərçivəsində sərəncam vermək hüququnu tanıyır. İşin hallarından da göründüyü kimi, cavabdeh orqan tərəfindən mübahisəli sərəncamın verilməsində məqsəd üçüncü şəxsin mənzillə təmin edilməsi ilə bağlı olmuşdur. Lakin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh onun səlahiyyəti olmadığı halda, mülkiyyətində olmayan daşınmaz əmlakı heç bir hüquqi əsas olmadan üçüncü şəxsə ayırmaqla inzibati icraat haqqında qanunun tələblərini pozmuşdur. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktla iddiaçının xüsusi mülkiyyətində olan mənzilin başqa şəxsə verilməsi qərara alınmış, qərarın qəbul edilməsi zamanı isə iddiaçının xx.xx.2008-ci il tarixli məktubuna istinad edilmişdir ki, sözügedən məktubun mövcudluğu işin halları və iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda iddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb olunan inzibati aktın müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilməsi müəyyən olunmuşdur. Sərəncam səlahiyyəti olmayan orqan tərəfindən qəbul edildiyindən, sərəncamdan irəli gələn hüquqi nəticələr də aradan qaldırılmalı, yəni həmin sərəncam əsasında verilmiş order də etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İPM-in 36.2-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamı və Balakən Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 000013 nömrəli order etibarsız sayılsın. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №e-2-1(116)-518/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-518/2023
21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver