Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-540/2023 10.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “alğı-satqı yolu ilə bələdiyyədən əldə etdiyi, ünvan 1 ünvanında yerləşən, Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı 423249 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin hazırda istifadə etdiyi yerdə, yəni tikdiyi mağazanın yerləşdiyi yerdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alğı-satqı yolu ilə bələdiyyədən əldə etdiyi, ünvan 1 ünvanında yerləşən, Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı 423249 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin hazırda istifadə etdiyi yerdə, yəni tikdiyi mağazanın yerləşdiyi yerdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, ünvan 1 ünvanında yerləşən 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsini iddiaçı alğı-satqı yolu bələdiyyənin xx.xx.2004-cü il tarixli 11 saylı protokol qərarı ilə almışdır. İddiaçı bələdiyyənin həmin qərarını İcra Hakimiyyətinə təqdim edərək, memarlıq şöbəsinin razılığı əsasında onların göstərdiyi smeta sənədi və layihə əsasında həmin torpaq sahəsi üzərində mağaza tikmişdir. Həmin tarixdən indiyədək iddiaçı həmin mağazadan istifadə edir. Həmin torpaq sahəsi üçün A seriyalı 423249 saylı Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, həmin sənəd xx.xx.2013-cü il tarixdə 33 nömrəsi ilə Dövlət torpaq kadastr kitabında uçota alınmış və X2 Komitəsinin Balakən rayon şöbəsinin müdiri tərəfindən təsdiq olunmuşdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********52 nömrəli imtina məktubunda qeyd etmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən yerləşmə yeri ilə faktiki istifadə olunan yer fərqlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1.1-ci maddəsinə əsasən müraciətin təmin olunmasından imtina edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-1(116)-2472/2022 nömrəli qərardadı ilə Balakən bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-540/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər Balakən bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin imtina məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddiaçı tərəfindən təqdim olunmuş: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin 76 nömrəli xx.xx.2004-cü il tarixli rəyinin notariat qaydada təsdiq olunmuş surətində qeyd olunur ki, Balakən bələdiyyəsinin mülkiyyətinə aid olan sahədən Balakən şəhər sakini İddiaçı alqısatqı yolu ilə sahibkarlıq məqsədi üçün 9 kv.m torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsi Balakən bələdiyyəsinin mülkiyyətində olan ərazidir. Balakən bələdiyyəsinin müraciətini, mütəxəssis rəyini nəzərə alaraq mövcud qanunvericiliyə əsasən alqı-satqı yolu ilə sahibkarlıq məqsədi üçün 9 kv.m torpaq sahəsinin Balakən şəhər sakini İddiaçı verilməsini DTXK-nın Balakən rayon şöbəsi məqsədə müvafiq hesab etmişdir. Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı iclas protokolundan çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iclasın gündəliyi bələdiyyəyə daxil olan ərizə və şikayətlərə baxılması barədə olmuşdur. İddiaçının xx.xx.2004-cü il tarixli 149 saylı ərizəsi nəzərə alınmış, H.Əliyev küçəsində İddiaçı mağaza tikmək üçün 3x3 metr ölçüdə 9 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Balakən bələdiyyəsinin sədrinin xx.xx.2004-cü il tarixli 102 nömrəli sərəncamının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, vətəndaşın ərizəsinə, komissiyanın rəyinə və xx.xx.2004-cü il tarixli 11 saylı protokol qərarına əsasən H.Əliyev küçəsində İddiaçı mağaza tikmək üçün 3x3 metr ölçüdə 9 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. DTXK-nın Balakən rayon şöbəsində xx.xx.2004-cü il tarixə 278 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair” Aktın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 nömrəli qərarı ilə iddiaçıya 9 kv.m torpaq sahəsi satılmış, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş və Akt xx.xx.2004-cü il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq olunmuşdur. A seriyalı 423249 nömrəli DTXK tərəfindən verilmiş, Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı qərarı ilə 9 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi üçün iddiaçıya verilmişdir. xx.xx.2004-cü il tarixli 121 nömrəli kassa mədaxil orderinin qəbzinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir. Balakən bələdiyyəsi xx.xx.2022-ci il tarixli 212 nömrəli məktubunda qeyd etmişdir ki, İddiaçı 9 kv.m torpaq sahəsinin ayrılmasına dair Balakən bələdiyyəsində heç bir sənəd qalmamışdır. Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 141 nömrəli məktubuna əlavə olunmuş Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı iclas protokolunun arxiv nüsxəsindən görünür ki, iclasın gündəliyi bələdiyyəyə daxil olan ərizə və şikayətlərə baxılması barədə olmuşdur. İddiaçının xx.xx.2004-cü il tarixli 149 saylı ərizəsi nəzərə alınmış, İddiaçı azad sahibkarlıqla məşğul olmaq üçün torpaq sahəsinin satılması qərara alınmışdır. İclas protokolunda satılmalı olan torpaq sahəsinin ölçüsü və yeri göstərilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2092/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, Balakən rayonu Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı iclas qərarı ilə İddiaçı ünvan 2 ünvanında ayrılmış 9 kv.m torpaq sahəsinin naturada ölçüləri 12 kv.m olmaqla Balakən şəhərinin hüdudları daxilində TEKUİS məlumat bazasına əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və digər Sosial və İctimai Tikinti altında olan torpaqlara və mülkiyyət növü isə dövlət mülkiyyəti kimi işlənilmişdir, iddia olunan torpaq sahəsinin faktiki istifadəçisi İddiaçıdır. Həmin torpaq sahəsinin ölçüləri yerləşmə vəziyyəti koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi A seriyalı 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. İlkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi ilə A seriyalı 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi eyni torpaq sahəsidir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. O cümlədən, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə iddiaçı ilə bələdiyyə arasında mövcud mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunvericilik normaların tətbiqi baxımından aşağıdakı müdəalara istinad olunmalıdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 9.6-cı maddəsinin qüvvədə olmuş mətninə görə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir... Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, bələdiyyələr yalnız bələdiyyə mülkiyyətində olan torpaq sahələrini qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülkiyyətə, istifadəyə və ya icarəyə vermək hüququna malikdirlər. Lakin məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Mütəxəssis rəyində qeyd olunmuşdur ki, Balakən rayonu Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı iclas qərarı ilə İddiaçı ünvan 2 ünvanında ayrılmış 9 kv.m torpaq sahəsinin naturada ölçüləri 12 kv.m olmaqla Balakən şəhərinin hüdudları daxilində TEKUİS məlumat bazasına əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və digər Sosial və İctimai Tikinti altında olan torpaqlara və mülkiyyət növü isə dövlət mülkiyyəti kimi işlənilmişdir. Belə olan halda iddiaçının istinad etdiyi qərarı qəbul etmiş bələdiyyə, yəni daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmamamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “alğı-satqı yolu ilə bələdiyyədən əldə etdiyi, ünvan 1 ünvanında yerləşən, Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı 423249 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin hazırda istifadə etdiyi yerdə, yəni tikdiyi mağazanın yerləşdiyi yerdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №e-2-1(116)-540/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-540/2023
10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver