Məhkəmə qərarları › İş №e-2-1(116)-548/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-548/2023

30.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-548/2023 30.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “ona ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik təyin edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri plevral bitişmələr. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, restriktiv tip mötədil ventelyasiya pozğunluğu” diaqnozlu xəstəliyi var. Xəstəlik hərbi ximdət keçdiyi dövrdə alınıb. Belə ki, iddiaçı 1992-ci ilin iyul ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlamışdır. Hərbi xidmət keçdiyi dövrdə 1995-ci ildə bu xəstəliyə tutulmuşdur. xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilə qədər Bakı şəhəri 1 saylı Vərəm Dispanserində müalicə almışdır. Xəstəlik haqqında 920 saylı şəhadətnaməyə əsasən Diaqnoz və xəstəliyin (yaralanmanın, kontuziyanın, travmanın) hərbi xidmətlə səbəbəlaqəsi: vərəm etiologiyalı eksudativ plevritdən sonrakı qalıq təsirləri. BK-mənfi. Hərbi xidmətə, hərbi vəzifəyə yararlılıq və s. haqqında komissiyanın qərarı: 23-cü maddəsinin İ qr. əsasən, “Xəstəliklərin və fiziki qüsurları cədvəli” və ƏTC əsasən (SSR MN 1987-ci il 260 saylı əmri) Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qeyri-sıravi hərbi xidmətə yararlıdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh tərəfindən iddiaçının əlilliyi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik təyin etməməsi səbəbindən imtina olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B90-B94 - İnfeksion və parazitar xəstəliklərin nəticələri => B90 - Vərəmin nəticələri => B90.9 - Tənəffüs orqanları vərəminin və dəqiqləşdirilməmiş...; Diaqnozun mətni: Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri plevral bitişmələr. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, restruktiv tip mötədil ventelyasiya pozğunluğu; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2022-ci il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1996-cı il tarixli 920 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Vərəm etiologiyalı eksudativ plevritdən sonrakı qalıq təsirləri. BK - (mənfi)" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı oynaqlarında, ağciyərlərində ağrılardan şikayətlənmişdir. Baxış zamanı boyu 163 sm, çəkisi 68 kq, nəbzi 83 vurğu, SpO2-99% müəyyən edilmiş, auskultasiyada vezikulyar tənəffüs eşidilmişdir. Azərbaycan Respublikası SN X1 İnstitutunun xx.xx.2022-ci il tarixli X4 diaqnoz “Keçirilmiş vərəmdən sonra qalıq əlamətləri plevral bitişmələr. Restriktiv tipli mötədil ventilyasiya pozğunluğu. FVC 71%, FEV 1 82%” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrə Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Cavabdeh qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “ona ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o, müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də, müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşin faktiki hallarını iş materialları ilə qarşılıqlı şəkildə təhlil edən məhkəmə hesab edir ki, iddia əsaslıdır. İddiaçıya münasibətdə göndərişin verildiyi xx.xx.2022-ci il tarixdə və cavabdeh tərəfindən göndərişin qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunurdu. Həmin Əsasnamənin: 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Həmin bənddə birinci dərəcə əlilliyin təyin edilməsi üçün 16 hal sadalanmışdır. 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. 2.3-cü bəndinə əsasən isə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Qeyd olunan bənddə üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün 9 hal sadalanmışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Odur ki, iş üzrə iddiaçıya təyin edilmiş diaqnozun doğruluğunun yoxlanılması və diaqnozun əlillik təyin edilməsinə əsas verib-verməməsinin araşdırılması məqsədilə ekspertiza təyin edilmişdir. Məhkəmə araşdırması zamanı əldə edilmiş, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin T 434/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1973-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun olaraq komissiya aşağıdakı nəticəyə gəlmişdir: Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi İlə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “B90.0-tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri, plevral bitİşmələr. Ağırlaşma: J96-başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, restruktiv tip mötədil ventilyasiya pozğunluğu” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental və özünün əyani müayinələri əsasında müəyyən edilmişdir. Qərardadda göstərilən 2,4,6-cı suallar məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. İddiaçı düçar olduğu yuxarıda qeyd edilən xəstəliklərin tam sağalma ehtimalı olmasa da, vəziyyətinin stabilləşməsi mümkündür, xəstəliklər kəskinləşdikdə isə şəxs müalicəyə cəlb edilə bilər. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə Zaqatala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə sorğu ünvanlanaraq aşağıda qeyd olunan sualların cavablandırılması xahiş olunmuşdur: Ekspert rəyinə əsasən komissiya tərəfindən gəlinmiş nəticədə göstərilən diaqnoz əlillik təyin edilməsi üçün əsas verirmi? Həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı diaqnoza uyğundur? Zaqatala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi xx.xx.2023-cü il tarixli, PHŞ-6-78/2-893/2023 nömrəli məktubunda qeyd etmişdir ki, əlilliyin təyin edilməsi TSEK tərəfindən aparılır. B90.0 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” meyarlarda öz əksini tapmamışdır. J96-2.2.3 bəndinə uyğundur. Dz: ağciyərlərin xroniki proqressiv gedişli fibrokavernoz vərəmi, TG İİ dərəcə. Göründüyü kimi, iddiaçıya qoyulmuş J96 kodlu diaqnoz iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.3-cü bəndində göstərilən (2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9, J96-J96.9)) xəstəliklərin əhatə dairəsinə daxildir ki, bu da iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, iddia tələbi iddia ərizəsində göstərilən şəkildə təmin edilməli, cavabdehin üzərinə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi qoyulmalıdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilsin. İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar