Məhkəmə qərarları › İş №e-2-1(116)-588/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-588/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-588/2023 18.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Azərbaycan Respublikası Ağsu Rayonu Qaraqoyunlu Bələdiyyəsinə qarşı cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 646.09 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 800 manat dəyərində olan əmlakının (1 sotu 20 manat olan 40 sot torpaq sahəsi) satılması” tələbinə dair inzibati işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh Azərbaycan Respublikası Ağsu Rayonu Qaraqoyunlu Bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 646.09 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 800 manat dəyərində olan əmlakının (1 sotu 20 manat olan 40 sot torpaq sahəsi) satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən müəyyən edilir ki, vergi ödəyicisi olan Ağsu rayonu Qaraqoyunlu bələdiyyəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2020-ci il tarixə yaranan 7896.79 manat borcuna görə 4800 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********0 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən DSMF-na 646.09 manat ödənilməmiş borcu qalmışdır. Əsaslandırma hissəsi : Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə ilk növbədə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş “Əmlakın siyahıya alınması haqqında” protokolda siyahıya alınmış əmlakın Ağsu rayonu Qaraqoyunlu bələdiyyəsi ərazisində yerləşən 240 sot torpaq sahəsi olduğu qeyd edilmiş, fərqləndirici əlamət olaraq xəritə məlumatlarına istinad edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya sorğu ünvalanaraq siyahıya alınmış torpaq sahəsi dedikdə (4800 manat məbləğində siyahıya alınmış əmlak 800 manat dəyərində olan 40 sot torpaq sahəsi) hansı ərazinin nəzərdə tutulması barədə məlumat verilməsi və istinad olunan hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin 10 gün müddətində təqdim edilməsi xahiş olunmuş, lakin iddiaçı tərəfindən sözügedən torpaq sahəsinə dair hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri” PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə sorğu ünvanlanaraq Ağsu rayonu Qaraqoyunlu bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinə dair bütün hüquq müəyyənedici və texniki sənədlərin təsdiqlənmiş surətlərinin təqdim edilməsi xahiş edilmişdir. Təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən 0.10 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən 0.10 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən 0.10 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən 0.10 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2017-cı il tarixli çıxarışa əsasən 0.10 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2017-cı il tarixli çıxarışa əsasən 0.10 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən 0.10 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən 0.10 ha, **********0 qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən 0.10 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən 0.10 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2017-cı il tarixli çıxarışa əsasən 0.10 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2017-cı il tarixli çıxarışa əsasən 0.10 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2017- cı il tarixli çıxarışa əsasən 0.10 ha torpaq sahələri üzərində Ağsu rayonu Qaraqoyunlu bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi hazırkı iddia tələbində qeyd edilmiş 4800 manat məbləğində siyahıya alınmış əmlakdan 800 manat dəyərində olan 40 sot torpaq sahəsi dair Ağsu rayonu Qaraqoyunlu bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı ayrıca torpaq sahəsi yoxdur. Həmin torpaq sahəsi yuxarıda qeyd edilmiş bələdiyyənin mülkiyyət hüququ qeydə alınmış torpaq sahələrinin tərkib hissəsi, yaxud ümumiyyətlə dövlət qeydiyyatına alınmamış bələdiyyə ərazisində yerləşən torpaq sahəsi ola bilər. Odur ki, məhkəmə hesab edir ki, satılması nəzərdə tutulan torpaq sahəsi dedikdə hansı ərazinin nəzərdə tutulması, nəzərdə tutulmuş ərazinin fərdi müəyyən edilmiş xüsusiyyətləri aydın olmadığından, habelə siyahıya alındığı göstərilən torpaq sahəsinin iddiaçıya məxsusluğu təsdiq edilmədiyindən, naturada konkret olaraq hansı torpaq sahəsinin siyahıya alınması və satılma ilə bağlı tələb qeyri-müəyyəndir. Odur ki, həmin əmlakın müvafiq qaydada satışının təşkili mümkün deyildir. Yuxarıda qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu göndərilmiş, iddiaçının elektron kabinetinə yerləşdirilərək dinlənilmə hüququ təmin edilmişdir. Lakin, iddiaçı tərəfindən məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh Azərbaycan Respublikası Ağsu Rayonu Qaraqoyunlu Bələdiyyəsinə qarşı cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 646.09 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4800 manat məbləğində siyahıya alınmış əmlakından 800 manat dəyərində olan əmlakının (1 sotu 20 manat olan 40 sot torpaq sahəsi) satılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar