Məhkəmə qərarları › İş №e-2-1(116)-590/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-590/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-590/2023 16.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Ağsu rayonu Bico bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 667,53 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 1800 manat məbləğində siyahıya alınmış əmlakdan 900 manat dəyərində olan əmlakının (1 sotu 15 manat olan 60 sot torpaq sahəsi) satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərəkcavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 667,53 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1800 manat məbləğində siyahıya alınmış əmlakından 900 manat dəyərində olan əmlakının (1 sotu 15 manat olan 60 sot torpaq sahəsi) satılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, vergi ödəyicisi olan Ağsu rayonu Bico bələdiyyəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2020-ci il tarixə yaranan 3208,75 manat borcuna görə 1800 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********2 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 667,53 manat ödənilməmiş borcu qalmışdır. Borc ödənilmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, iddia tələbində siyahıya alınmış 60 sot torpaq sahəsinin satılması xahiş olunmuşdur. Tələbdə qeyd olunan torpaq sahəsi dedikdə hansı ərazinin nəzərdə tutulması barədə məlumat və istinad olunan hüquqmüəyyənedici sənədlər olmadığından torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda torpaq sahəsinin siyahıya alınması və satılma ilə bağlı tələb, tələbin konkret olaraq naturada hansı əmlaka yönəlməsi qeyri-müəyyəndir. Məhkəmə tərəfindən iddiaçının nəzərinə çatdırılmışdır ki, inzibati mühakimə icraatı qaydasında irəli sürülən tələb müəyyən olmalıdır. Qeyd olunanlara əsasən hüquqi yardım məktubunda iddia tələbində olan qeyri-müəyyənliyin aradan qaldırılması və yuxarıda qeyd edilənlərə əsasən hazırkı iddia tələbinin mümkünlüyü ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddia tərəfinə beş gün müddətində vaxt təyin edilmişdir. İş materiallarında olan poçt göndərişlərinin izlənməsi sənədindən görünür ki, məhkəmənin hüquqi yardım məktubu iddiaçı 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə alınmış (poçt izləmə nömrəsi: SS840613312AZ), lakin bu günədək yardım məktubunda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İddia ərizəsinə əlavə olunmuş “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli **********2 nömrəli protokolda siyahıya alınmış əmlakın Ağsu rayonu Bico kəndində yerləşən 120 sot torpaqdan ibarət olduğu göstərilmişdir. Torpaq sahəsinin bir sotunun qiyməti 15 manat müəyyən edilmişdir. Həmin torpaq sahəsinin cavabdehə məxsusluğunu təsdiq edən hüquqmüəyyənedici sənəd, çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi əlavə edilməmişdir. İddiaçı tələbini əsaslandırmaq üçün Ağsu rayonu Bico bələdiyyəsinin xəritəsinə istinad etmişdir ki, xəritə məlumatları isə hüquqmüəyyənedici sənəd hesab edrilmir. Məhkəmə eyni zamanda qeyd edir ki, torpaq üzərdində mülkiyyət hüququ qeydiyyat orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada üzərində hüquqların dövlət qeydiyyatı aparldıqdan və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edildikdən sonra özgəninkiləşdirilə bilər. Hazırkı halda isə mübahisəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydə alınmamışdır, sərhədləri bəlli deyildir, koordinatları müəyyən olunmamışdır. Belə olan halda naturada konkret olaraq hansı torpaq sahəsinin siyahıya alınması və satılma ilə bağlı tələb qeyri-müəyyəndir. Mülki Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Hazırkı iş üzrə cavabdehə məxsus hansı torpaq sahəsinin siyahıya alındığı müəyyən olunmadığıdan, siyahıya alındığı göstərilən torpaq sahəsinin cavabdehə məxsusluğu təsdiq edilmədiyindən, cavabdehin həmin torpaq sahəsinə payı naturada ayrılmadığından həmin əmlakın müvafiq qaydada satışının təşkili mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, satılması nəzərdə tutulan torpaq sahəsi dedikdə hansı ərazinin nəzərdə tutulması, nəzərdə tutulmuş ərazinin fərdi müəyyən edilmiş xüsusiyyətləri aydın olmadığından, habelə siyahıya alındığı göstərilən torpaq sahəsinin iddiaçıya məxsusluğu təsdiq edilmədiyindən, naturada konkret olaraq hansı torpaq sahəsinin siyahıya alınması və satılma ilə bağlı tələb qeyri-müəyyəndir. Yuxarıda qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu göndərilmiş və dinlənilmə hüququ təmin edilmişdir. Lakin, iddiaçı tərəfindən məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Ağsu rayonu Bico bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 667,53 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 1800 manat məbləğində siyahıya alınmış əmlakdan 900 manat dəyərində olan əmlakının (1 sotu 15 manat olan 60 sot torpaq sahəsi) satılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar