Məhkəmə qərarları › İş №e-2-1(116)-600/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-600/2021

03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-600/2021 03.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdehin 22.01.2021-ci il tarixli **********143940 saylı qərarının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 22.01.2021-ci il tarixli **********143940 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 29.12.2020-ci il tarixli **********143312 saylı qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, daha sonra yoxlayıcının dəyişdirilməsi zərurəti ilə əlaqədar olaraq 21.01.2020-ci il tarixli **********443700 saylı xidməti məruzəyə əsasən, yoxlamanın aparılması 10 saylı Ərazi Vergilər İdarəsinə 22.01.2021-ci il tarixli **********143940 saylı qərarla həvalə olunmuşdur. Qərara əsasən vergi qanunvericiliyinə əməl edilməsini yoxlamaq məqsədilə 01.11.2017-01.11.2020-ci il tarixləri arasında olan müddəti əhatə edən dövr üçün səyyar vergi yoxlamasının keçirilməsi planlaşdırılmışdır. Bununla bağlı Ədliyyə Nazirliyindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Həmin qərar (qərara əlavələr (dəyişikliklər) qanunsuzdur və ləğv edilməlidir. Belə ki, Vergi Məcəlləsinin (bundan sonra - “VM”) 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1 Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Belə ki, iddiaçı tərəfindən vergi orqanına müvafiq bəyannamələr təqdim olunmuş, bundan sonra vergi orqanı qanunvericiliyin müəyyən etdiyi müddətlərə əməl etməyərək səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul etmiş və ərazi aidiyyatı qaydalarını pozduğu üçün əsassız yoxlamanı aparmaq üçün yoxlamanın aparılmasını xidməti tapşırıqla 10 saylı ərazi vergilər idarəsinə göndərmişdir. Vergi orqanının yoxlamanı 01.11.2017-01.11.2020-ci illər arasındakı dövr üzrə aparmaq hüququ yoxdur. Cavabdeh iddia ərizəsinə münasibətdə 26.02.2021-ci il tarixli **********524400 nömrəli vəsatətlə məhkəməyə müraciət edərək, iddia ərizəsinin mümkün hesab edilməməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi 22.01.2021-ci il tarixli **********143940 saylı qərarın ləğv edilməsi ilə bağlıdır. Həmin qərar sadəcə olaraq əsas qərara (Səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********143312 saylı qərara) əlavələr (dəyişikliklər) edilməsi ilə bağlı açılmışdır, iddiaçının mübahisələndirdiyi qərarla iddia tələbi uyğun gəlmir. Çünki iddiaçı iddianın məqsədinə nail olmaq üçün ilkin inzibati aktı (**********143312 saylı qərarı) mübahisələndirməli idi. Bundan əlavə **********143940 saylı qərarın ləğvi iddiaçının arzuladığı məqsədə çatmasına səbəb olmayacaq. İddiaçı işin mahiyyəti üzrə həll edilməsi üçün **********143312 saylı qərarı (ilkin inzibati akti) mübahisələndirməli idi. Lakin iddiaçı tərəfindən yoxlayıcının dəyişdirilməsi ilə bağlı **********143940 saylı qərar mübahisələndirilmişdir. Cavabdehin vəsatətinə iddiaçının vəkili “Elektron Məhkəmə” sistemi vasitəsilə 29.03.2021-ci il tarixdə təqdim edilmiş yazılı etirazında bildirmişdir ki, iddiaçının Bakı şəhərinə heç bir aidiyyəti yoxdur. Belə olan halda səyyar vergi yoxlamasını keçirmək üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səlahiyyəti olmamış və ona görə də, 21.01.2021ci il tarixli xidməti məruzəyə əsasən qərar dəyişdirilərək, 22.01.2021-ci il tarixli **********143940 saylı qərar qəbul edilmişdir. Çünki Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qeyd olunan yoxlamanı aparmaq səlahiyyəti olmadığı üçün xidməti məruzə ilə yoxlamanın keçirilməsini 10 saylı Ərazi Vergilər İdarəsinə göndərmiş və bunun əsasında yekun 22.01.2021-ci il tarixli **********143940 saylı qərar qəbul olunmuşdur. Buradan məlum olur ki, vergi orqanının yekun qərarı məhz 22.01.2021-ci il tarixli **********143940 saylı 10 saylı Ərazi Vergilər İdarəsinin Qərarıdır. Həmin qərar da öz növbəsində qanunsuzdur. Cavabdeh məhkəmədə yanlış təsəvvür formalaşdırmaqla öz maraqlarına uyğun qərar qəbul edilməsinə nail olmaq istəyir. Halbuki, hüquq normalarının düzgün tətbiq olunmaması iddiaçının hüquqlarını pozmaqda davam edir. Qeyd olunanları nəzərə alaraq vəsatətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi artıq növbədənkənar səyyar vergi yoxlamasının keçirildiyini, yoxlamanın nəticələrinə uyğun müvafiq qərar qəbul olunduğunu, qərarın iddiaçı tərəfindən icra edildiyini bildirmiş, iddianın mümkün sayılmamasını xahiş etmişdir. İddiaçı MMC (VÖEN **********) 29.03.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı AZ3600, Qəbələ rayonu Qəbələ şəhəri H.Əliyev prospektidir, maliyyə ili 01 yanvar-31 dekabr tarixlərini əhatə edir. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC üzrə VM-in 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə noyabr 2017 - oktyabr 2020 dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında 29.12.2020-ci il tarixli **********143312 nömrəli qərar qəbul edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 30.12.2020-ci il tarixdə Çıxarış alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı ərazi vergilər idarəsinin 22.01.2021-ci il tarixli **********143940 nömrəli Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə qərarına əsasən, Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 29.12.2020-ci il tarixli qərara əlavələr (dəyişikliklər) edilərək, 21.01.2021-ci il tarixli **********443700 nömrəli xidməti məruzə əsasında yoxlamanın keçirilməsi 10 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X3 və həmin şöbənin böyük dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X2 tapşırılmış, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 22.01.2021-ci il tarixdə yeni Çıxarış alınmışdır. İddiaçı tərəfindən təqdim olunan sənədlərə əsasən qərarların İddiaçı MMC-nin nümayəndəsi tərəfindən 04.02.2021-ci il tarixdə qəbul edildiyi müəyyən edilmiş, cavabdehin nümayəndəsi tərəfindən bu hal mübahisələndirilməmişdir. Cavabdehin təqdim etdiyi 02.02.2021-ci il tarixli akta və onun üzərində olan qeydlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsinə vergi ödəyicisinin elektron kabinetinə daxil edilmiş sənədlər barədə məlumat 02.02.2021-ci il tarixdə verilmişdir Məhkəmə tərəfindən iddiaçının vəkilinə 24.05.2021-ci il tarixli məktub ünvanlanaraq, iddia ərizəsində mübahisələndirilən qərarın qanunsuzluğu ilə bağlı mövqe əsaslandırılsa da, həmin qərarın mübahisələndirilməsi ilə bağlı iddiaçının hüquqi marağının nədən ibarət olmasının göstərilmədiyi bildirilmiş, iddia ərizəsinə uyğun olaraq qeyd olunan qərarı mübahisələndirməkdə hüquqi marağının nədən ibarət olduğunu (qərarın hüquq və mənafelərinə nə kimi təsir göstərməsini) əsaslandırılmış ərizə ilə məhkəmə iclasınadək təqdim etməsi təklif edilmişdir. Belə bir əsaslandırma məhkəməyə təqdim olunmasa da, məhkəmə iclasında iştirak edən iddiaçının vəkili qərarın qanunsuz olduğundan ləğv edilməsini və iddiaçıda növbədənkənar səyyar vergi yoxlamasının keçirilməməsini istədiklərini bildirmişdir. Belə ki, iddiaçının mövqeyinə görə həmin növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas kimi hazırkı qərar çıxış edir. İş materiallarında olan cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.04.2021-ci il tarixli **********146532 nömrəli qərarına əsasən müəyyən edilmişdir ki, iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsində olan məlumatlara və cavabdehin təqdim etdiyi 11456029 nömrəli kassa mədaxil qəbzinin təsdiq olunmuş surətinə əsasən müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən 25.05.2021-ci il tarixdə saat 13:02:39-da digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarından daxilolmalar (kod: ********) xidməti üzrə 50.015,00 AZN məbləğdə ödəniş edilmişdir. Vegi borcu və maliyyə sanksiyalar üzrə ödəniş edilməsi iddiaçının vəkili (nümayəndəsi) tərəfindən təsdiq edilmişdir. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM-2.2.1, 32, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Göstərilən Plenum qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. Bu baxımdan aparılmış məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçının hazırkı inzibati mühakimə icraatı çərçivəsində həyata keçirdiyi hərəkətlər, son nəticədə cavabdeh inzibati orqan tərəfindən inzibati icraat daxilində qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsi zamanı növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qarşısını almağa yönəlmişdir. İddia tələbi irəli sürülərkən iddiaçının işin nəticəsində hüquqi marağının və hüquqi müdafiəyə ehtiyacının olması öz təsdiqini tapsa da, sonradan cavabdeh tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi və iddiaçının özü tərəfindən həmin yoxlamanın nəticəsi olaraq qəbul edilmiş 30.04.2021-ci il tarixli qərarın könüllü icra olunması, sanksiya ilə bağlı ödənişin edilməsi iddiaçının mübahisələndirdiyi qərara münasibətdə hüquqi marağının artıq aradan qalxdığını ifadə etməkdədir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin müdafiə edilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının mübahisə üzrə hər-hansı hüquqi marağa malik olması müəyyən edilməməkdədir. Belə ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Hazırkı mübahisə üzrə isə artıq təyin olunması barədə qərarın mübahisələndirildiyi növbədənkənar səyyar vergi yoxlaması cavabdeh tərəfindən aparılmış və müvafiq qərar qəbul edilmişdir. İddiaçı tərəfindən isə öz faktiki xarakterli hərəkətləri ilə (qərar əsasında hesablanmış vergi borcunun ödənilməsində ifadə olunan) həmin nəticələr və hesablanmış borc etiraf olunmuşdur. Belə olan halda, iddianın uğurluluq ehtimalında belə, mübahisələndirilsə də, artıq icra olunmuş qərarın ləğv edilməsi iddiaçıya heç bir şey qazandırmayacaqdır. Odur ki, qanunvericiliyin tələblərinin və yuxarıda göstərilənlərin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddiaçının hüquqi marağı aradan qalxdığından iddia mümkün hesab edilməməlidir. Digər tərəfdən, İPM-in 32.2-ci maddəsinin tələblərinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:

1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Normanın tələbinin işin halları ilə qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi qərarın dəyişdirilmiş formada ilkin inzibati akt olduğunu iddia etsə də, mübahisələndirilən qərar faktiki olaraq şikayət instansiyası deyil, cavabdeh tərəfindən qəbul edildiyindən mübahisələndirimə iddiasının predmetini təşkil edə bilməzdi. Belə ki, inzibati orqan tərəfindən qəbul edilmiş qərarın icraçısının dəyişdirilməsindən ibarət 22.01.2021-ci il tarixli akt (yəni, qərar) “səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi” başlığı altında qəbul edilsə də, qərarın məzmunundan da göründüyü kimi, faktiki olaraq iddiaçının hüquqi marağının əsasını təşkil edən, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə əsas olmuş və yoxlamanın keçirilməməsi üçün ləğv edilməsi zəruri olan inzibati akt deyildir. İPM-in göstərişinə əsasən, mübahisələndirilən qərarın dəyişdirən inzibati akt kimi qiymətləndirilməsi üçün ən başlıca şərt kimi onun şikayət instansiyası tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Hazırkı halda isə mübahisələndirilən qərarın ləğvi halında ilkin inzibati akt (yəni, qərar) qüvvəsini saxlayacaqdır. Odur ki, iddiaçı çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ehtimalında belə nail olmayacaq, sadəcə olaraq yoxlamanın keçirilməsini ertələmək imkanı əldə edəcəkdir ki, bu da iddia qaldırılarkən gözlənilən hüquqi maraqlara cavab vermir. Beləliklə, hazırkı işə baxan məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı :

İddiaçı cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdehin 22.01.2021-ci il tarixli **********143940 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar