Məhkəmə qərarları › İş №e-2-1(116)-643/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-643/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-643/2023 18.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Zaqatala rayonu Göyəm bələdiyyəsinə qarşı “Zaqatala rayon Göyəm bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 6 saylı qərarı əsasında mübahisə predmeti olan 16 ha və 3.06 ha torpaq sahələrinin alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsinə dair alqı-satqı müqaviləsinin bağlanması üçün inzibatı aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Zaqatala rayonu Göyəm bələdiyyəsinə qarşı “Zaqatala rayon Göyəm bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 6 saylı qərarı əsasında mübahisə predmeti olan 16 ha və 3.06 ha torpaq sahələrinin alqı-satqı yolu ilə mülkiyyətinizə verilməsinə dair müvafiq hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsinin "xahiş edirəm" hissəsinin düzgün tərtib edilməməsi və tələbin qeyri-müəyyən formada ifadə edilməsi İPM-nin 13-cü maddəsinə əsasən izah edilmiş, iddiaçı, xx.xx.2022-ci il tarixdə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Zaqatala rayon Göyəm bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 6 saylı qərarı əsasında mübahisə predmeti olan 16 ha və 3.06 ha torpaq sahələrinin alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsinə dair alqı-satqı müqaviləsinin bağlanması üçün inzibatı aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-1(116)-2606 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Göyəm bələdiyyəsinin 27 may 2016-cı il tarixli 6 saylı qərarı ilə iddiaçının icarəsində olmuş bələdiyyənin ehtiyat fonduna aid 19,06 ha torpaq sahəsinin ayrılmasının qanuna uyğunluğu barədə müsbət rəy verildikdə hərrac və ya müsabiqənin keçirilməsi məqsədi ilə torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması məqsədə müvafiq hesab edilmiş və prosedura başlanılmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsinin təyinatı ərazinin yer quruluşu təsərrüfat planına ərazinin planlaşdırılması layihəsinə uyğun olduğundan həmin yer başqa hüquqi və ya fiziki şəxsin mülkiyyətinə verilməsi üçün aidiyyəti orqanlara müraciət edilsin. İddiaçı, həmin qərarın icrası ilə əlaqədar bələdiyyəyə müraciət edərək qeyd olunan torpaq sahələrinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsini xahiş etmiş, bələdiyyə xx.xx.2022-ci il tarixdə 130 nömrəli məktubu ilə ona imtina məktubu göndərək bildirmişdir ki, torpaq sahələrinin bələdiyyə ehtiyat fondu torpaqlarına əkin torpaq sahəsinə aid olduğuna görə yararsız torpaq sahəsi kimi yer quruluşu planının hazırlanması mümkünsüzdür. Bu səbəbdən də alqı-satqı ilə torpaq sahələrinin onun mülkiyyətinə verilməsindən imtina etmişdir. Cavadeh orqan iddia tələbinə qarşı etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Zaqatala rayonu Göyəm kənd sakini İddiaçı 01 noyabr 2022- ci il tarixli ərizəsi bələdiyyə tərəfindən 03 noyabr 2022-ci il tarixdə cavablandırılmış və bildirilmişdir ki, onun istifadəsində olan 16.0 ha və 3,0 ha bələdiyyə ehtiyat fonduna aid torpaq sahələri əkin torpaq sahələridir. İddiaçı bələdiyyənin 27 may 2016-cı il tarixli 06 saylı qərarına əsasən istifadəsində olan 19.6 ha BEF-na aid az yararlı əkin torpaq sahəsinin alqı-satqı yolu ilə satılması üçün prosedura başlanması ilə əlaqədar qərarın icra olunmasını xahiş etmişdir. Qeyd edilmişdir ki, bələdiyyə qərarına əsasən prosedura başlanması ilə bağlı 28 sentyabr 2021-ci il tarixdə 108 və 109 saylı məktublarla Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məktubla müraciət edilmişdir. Həmin məktuba cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Göyəm bələdiyyəsinə ünvanladığı 18 oktyabr 2021-ci il tarixli **********76 saylı məktubunda ayrılması nəzərdə tutulan torpaq sahələrinin bələdiyyə ehtiyat fondu torpaqlarına əkin torpaq sahəsinə aid olduğuna görə yararsız torpaq sahəsi kimi yerquruluşu planının hazırlanmasının mümkünsüzlüyü qeyd edilmişdir. İddiaçı 28 noyabr 2000-ci ildə 15 il müddətinə icarəyə götürdüyü BEF-na aid olan torpaq sahəsinin icarə müddəti 2015-ci ildə bitmiş və o, həmin torpaq sahəsindən 2023-cü ilədək dəyəri ödənilmədən istifadə etmişdir. İstifadəsində olan 16.0 ha və 3.0 ha bələdiyyə ehtiyat fonduna aid olan əkin torpaq sahələri yalnız Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində X2 Publik hüquqi şəxsin Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası ilə müqavilə bağlanaraq bələdiyyəyə müraciət etmiş vətəndaşlara hərrac və ya müsabiqə yolu ilə uzunmüddətli icarəyə verilə bilər. Bələdiyyənin 03 noyabr 2022-ci il tarixində İddiaçı yazdığı məktubda 19,6 ha bələdiyyə torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi üçün bələdiyyəyə yenidən ərizə ilə müraciət edilməsi qeyd olunmuşdur və göstərilmişdir ki, əks halda həmin torpaq sahələrinin istifadəsinə xitam veriləcəkdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi isə etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2000-ci il tarixli (9/452 nömrəli şəhadətnamə) “Nicat” kəndli (fermer) təsərrüfatı (VÖEN-ni **********) nizamnaməsindən görünür ki, müəssisənin hüquqi ünvanı ünvan 1onu Göyəm kənd sakini İddiaçı və onun torpağa mülkiyyət hüququna dair JN-1029 kod 40204018 Dövlət Aktında adları göstərilən fəaliyyət qabiliyyətli ailə üzvləridir. - MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Göyəm kəndində 3,06 ha torpaq sahəsində yerləşən 432,6 kv.metr ümumi, 392 kv.metr əsas, 40,6 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksi (Toyuq damı) tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddia olunan 16.0 ha torpaq sahəsi JN-098 nömrəli Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə eyni ərazidir və həmin torpaq sahəsi Zaqatala rayonu, Göyəm bələdiyyəsinin mülkiyyətinə aid Bələdiyyənin ehtiyyat fondu torpaqlarına aid (BEF) əkin ərazisidir, iddia olunan 16.0 ha torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq sahəsidir. İddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan 3.06 ha torpaq sahəsi JN-0908 nömrəli Şəhadətnamədə və **********47-12301 reyestr nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə eyni ərazidir. İddia olunan 3.06 ha torpaq sahəsi Zaqatala rayonu, Göyəm bələdiyyəsinin mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulmuş ərazidir və kənd təsərrüfatına yararsız ərazidir, iddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. - **********47-12301 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli, 377 inventar nömrəli Daşınmaz Əmlakın (qeyri-yaşayış binasının) Texniki Pasportundan görünür ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 3,06 ha, faktiki sahəsi 3,06 ha, tikinti altı sahə 0,0507 ha, digər sahələr isə 3,01 ha-dır. Torpaq sahəsində 1978-ci il tarixdə tikilmiş cücə damı, 1980-ci il tarixdə tikilmiş yaşayış evi, dəmir tor və çirkab su təmizləmə qurğusu yerləşir. - JN- 0908 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədən görünür ki, xx.xx.2000-ci il tarixli 02 saylı icarə müqaviləsi ilə “Nicat” kəndli (fermer) təsərrüfatına heyvandarlığın və quşçuluğun inkişafı üçün 15 il müddətinə, 19,06 ha, o cümlədən 16 ha əkin, 3,06 ha kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının naturada fiziki sərhədlər daxilində faktiki istifadəsində 18.0 ha torpaq sahəsi mövcuddur. Həmin naturada istifadə edilən 18.0 ha torpaq sahəsinin TEKUİS məlumat bazasında 2.75 ha hissəsi Kənd təsərrüfatı təyinatlı torpaqlara aid tikinti altında olan torpaqlar və qalan 15.25 ha torpaq sahəsi isə Kənd təsərrüfatı təyinatlı əkin ərazisi kimi işlənilmişdir. Mübahisəli torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Əsaslandırma hissəsi: İddiaçının nail olmadığı hüquqi nəticəyə uyğun olaraq cavabdeh tərəfindən qəbul edilməsi tələb edilən qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt hesab olunduğundan hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Həmçinin iddia tələbi qismən əsaslıdır. Tətbiq edilən hüquq. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN-0908 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədədə qeyd edilmiş, əvvəllər “Nicat” kəndli (fermer) təsərrüfatına heyvandarlığın və quşçuluğun inkişafı üçün 15 il müddətinə icarəyə verilmiş 19,06 ha torpaq sahəsinin ona satılması ilə bağlı cavabdeh tərəfindən müvafiq qərarın qəbul edilməsinə nail olmaqdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 18 hektardır. Hazırda həmin torpaq sahəsindən istifadə edilməsi ilə bağlı iddiaçı və cavabdeh orqan arasında hər hansı müqavilə münasibətləri mövcud deyil. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarının əlaqəli təhlili bu qənaətə gəlməyə əsas verir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki, həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, MH seriyalı ******* nömrəli çıxarışla Zaqatala rayonu Göyəm kəndində 3,06 ha torpaq sahəsində yerləşən 432,6 kv.metr ümumi, 392 kv.metr əsas, 40,6 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksi (Toyuq damı) tam mülkiyyət hüququ üzrə iddiaçının anası X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsinə aid **********47-12301 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli, 377 inventar nömrəli Daşınmaz Əmlakın (qeyri-yaşayış binasının) Texniki Pasportunda sənəd üzrə torpaq sahəsinin ölçüsü 3,06 ha, faktiki sahəsi 3,06 ha, tikinti altı sahə 0,0507 ha, digər sahələr isə 3,01 ha qeyd edilmiş, torpaq sahəsində 1978-ci il tarixdə tikilmiş cücə damı, 1980-ci il tarixdə tikilmiş yaşayış evi, dəmir tor və çirkab su təmizləmə qurğusunun yerləşdiyi göstərilmişdir. Gülnaz Bayramova xx.xx.2003-cü ildə vəfat etmişdir. İddia olunan torpaq sahəsi üzərində mövcud olan qeyri-yaşayış sahəsi mərhum Gülnaz Bayramovaya məxsus olsa da, iddiaçı, mərhumun vərəsəsi olduğundan sözügedən əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair legitim gözləntisi mövcuddur. Buna görə də o, qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin cavabdeh tərəfindən hərracdan kənar qaydada özünə satılmasını tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. (Prince Hans- Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). Beləliklə, iddia olunan 3.06 ha torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilən torpaq sahəsi olaraq nəzərdən keçirilməsi mümkündür. Həmin torpaq sahəsinin geri qaytarılmasının mümkün olub-olmamasına münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində 432,6 kv,m sahəsi olan qeyri-yaşayış sahəsinin yerləşməsi işin mübahisəsiz halıdır. Həmin tikili üzərində iddiaçının mərhum anasının mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsi özü də JN-0908 №-li şəhadətnamə əsasında hazırkı iş üzrə iddiaçının təsisçisi olduğu Nicat" kəndli fermer təsərrüfatının icarəsində olmuşdur. Texniki pasportda qeyd edilmiş məlumatlarla tikililərin bələdiyyə torpaqlarının idarə olunması haqqında qanun qüvvəyə minənədək 1978-1980-ci illərdə inşa edilməsi (A və B liter) müəyyən edilir. Torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin faktiki istifadəçisinin və sahibinin iddiaçı olması mübahisəsizdir. Qeyri-yaşayış sahəsindən quş damı olaraq istifadə olunur və torpaq sahəsinin geri alınması üçün həmin tikili sökülməlidir ki, bu da iddiaçının əmlak hüquqlarının pozulmasına səbəb olacağından faktiki olaraq mümkün deyil. Məhkəmə hesab edir ki, hər iki tikili (A və B literi) torpaq sahəsinin müxtəlif ərazilərində yerləşdiyindən tikililərin ətrafında və arasında qalan torpaq sahəsinin də, geri alınması mümkün deyil. Belə ki, torpaq sahəsinin tikili olmayan ərazilərinin digər subyektlərə satılması faktiki olaraq tikililərin anklavına və onlardan təyinatı üzrə istifadənin mümkünsüzlüyünə səbəb olacaqdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə iddia olunan 3.06 ha torpaq sahəsinin **********47-12301 reyestr nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə eyni ərazi olmaqla Göyəm bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatına yararsız torpaq sahəsi olması müəyyən edilir. Cavabdeh orqan dəqiqləşdirilmiş mütəxəssis rəyində naturada istifadə edilən 18.0 ha torpaq sahəsinin TEKUİS məlumat bazasında 2.75 ha hissəsinin Kənd təsərrüfatı təyinatlı torpaqlara aid tikinti altında olan torpaqlar və qalan 15.25 ha torpaq sahəsi isə Kənd təsərrüfatı təyinatlı əkin ərazisi kimi iki hissədən ibarət olduğunu göstərsə də, faktiki olaraq işdə olan texniki pasportda torpaq sahəsinin sənəd üzrə və faktiki sahəsinin 3.06 ha olması qeyd edilmişdir. Odur ki, TEKUİS məlumat bazasında torpaq sahəsinin 2.75 ha qeyd edilməsinin hər hansı hüquqi əsası olmadığından sözügedən torpaq sahəsinin ölçüsü 3.06 ha qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddia olunan 3.06 ha torpaq sahəsinə aid hissədə iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddia tələbinin qalan torpaq sahəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin torpaq sahəsinin ölçüsünü 16 ha qeyd etsə də, mütəxəssis rəyi ilə iddia olunan torpaq sahəsinin ölçüsünün 18 ha olması müəyyən edilmişdir. Həmin torpaq sahəsinin 3.06 ha hissəsi **********47-12301 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli, 377 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunda qeyd edilmiş qeyri-yaşayış binasının istifadəsində olan torpaq sahəsi olduğundan, naturada mövcud olan, qalan torpaq sahəsinə (18–3.06 ha = 14.94 ha) münasibətdə iddia tələbinin əsaslılığına hüquqi qiymət verilmişdir. Sözügedən torpaq sahəsi JN-0908 №-li şəhadətnamə əsasında hazırkı iş üzrə iddiaçının təsisçisi olduğu Nicat" kəndli fermer təsərrüfatının icarəsində olmuş, 2015-ci ildə icarə müqaviləsinin müddəti başa çatmışdır. İş materiallarından görünür ki, iddia olunan 14.94 ha torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 16.3 və 16.4-cü maddələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilən, habelə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olaraq qiymətləndirilə bilməz. Odur ki, ümumiyyətlə həmin torpaq sahəsinin geri qaytarılmasının mümkünlüyünə hüquqi qiymət verilməsinə lüzum yoxdur. İddiaçı, hər bir halda həmin torpaq sahəsini cavabdehə qaytarmalı, yaxud qanunvericiliklə müəyyən edilmiş qaydada icarə müqaviləsi bağlanmaqla istifadəni davam etdirməlidir. Həmin torpaq sahəsinin iddiaçıya satılması "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 16.3 və 16.4-cü maddələrinin tələblərinə zidd olmaqla bərabər, həm də torpaq sahəsinin təyinatı baxımından da mümkün deyil. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən ... hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı ... torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə sözügedən torpaq sahəsinin Göyəm bələdiyyəsinin mülkiyyətində olmaqla, ehtiyyat fondu torpaqlarına aid (əkin ərazisi) kənd təsərrüfatına yararlı torpaq sahəsi olması müəyyən edilmişdir. Odur ki, cavabdeh orqan 14.94 ha torpaq sahəsinə münasibətdə iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Zaqatala rayonu Göyəm bələdiyyəsinə üzərinə Zaqatala rayon Göyəm bələdiyyəsinin üzərinə Göyəm bələdiyyəsinin mülkiyyətinə aid, **********47-12301 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli, 377 inventar nömrəli Daşınmaz Əmlakın (qeyri-yaşayış binasının) Texniki Pasportunda qeyd edilmiş tikilinin yerləşdiyi, 3.06 ha kənd təsərrüfatına yararsız torpaq sahəsinin hərracdan kənar qaydada İddiaçı satılması barədə qərar qəbul edilməsi öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar