Məhkəmə qərarları › İş №e-2-1(116)-669/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-669/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-669/2023 26.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "aqrar islahat zamanı ailəsinə Qəbələ şəhərində verilmiş və JN-240 kod 40601004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" işlənən 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilən iclasda baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “aqrar islahat zamanı ailəsinə Qəbələ şəhərində verilmiş və JN-240 kod 40601004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" işlənən 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-669/2023 nömrəli qərardadı ilə iş üzrə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, 1996-1997-ci ildə Qəbələ rayonunda aqrar islahat aparılarkən iddiaçıya və ailəsinə Qəbələ şəhərindən 600 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə 2007-ci ildə JN-240 KOD40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə işlənmişdir. Onlar həmin vaxtdan qeyd edilən şəhadətnamə əsasında verilən torpaq sahəsindən istifadə edirlər. Torpaq sahəsində 2000ci ildən ev tikməyə başlamışlar, hazırda da tikinti işləri davam edir. Lakin, sözügedən torpaq sahəsinə verilən JN-240 KOD40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə itdiyi üçün torpağı qeydə aldıra bilmirlər. Şəhadətnamənin itməsi ilə əlaqədar polis şöbəsinə müraciət etmiş, qəzetdə rəsmi elan vermişlər, lakin Şəhadətnamə tapılmamışdır. Bundan sonra isə mülkiyyətlərinə verilən həmin torpaq sahəsinə sənəd verilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Cavabdeh orqan iddia tələbinə etirazını Ərazi İdarəsində mövcud olan Elektron baza məlumatlarında JN-240 F nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin 0.06 ha kimi öz əksini tapmaması ilə, JN-240F nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin Ərazi İdarəsinin arxivində mövcud olan nüsxəsində isə sahəsinin 0.14 ha kimi X8 adına qeyd edilməsi ilə əsaslandırmışdır. Üçüncü şəxsin iddia tələbinə etirazında qeyd edilmişdir ki, notarial qaydada təsdiq edilmiş 23 may 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı və digərlərindən X12 xx.xx.2001-ci saylı qərarı ilə onlara verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-240F, kod 40601004 Şəhadətnaməyə əsasən onlara məxsus 0,06 ha torpaq sahəsini satın almışdır. Qeyd edilən alqı-satqı müqaviləsi əsasında onun adına JN-3206F (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. İddiaçı və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Üçüncü şəxsin vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - JN-240F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı Şakir oğlu, X13 və X9 0.06 ha torpaq sahəsi ayrılmışdır. - Qəbələ rayon DNK-da bağlanmış xx.xx.2005-ci il tarixli 4ə-1-134 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçıŞ, Muradov R.M və Muradov N.X Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-240F KOD 40601004 nömrəli Şəhadətnamədə qeyd edilmiş 0.06 ha torpaq sahəsini X1. - X3 adı qeyd edilmiş JN-3206F kod 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, sözügedən sənəd Qəbələ rayon DNK-nun xx.xx.2005-ci il tarixli 4ə-1-134 saylı alqı-satqı müqaviləsi əsasında tərtib edilmişdir. - JN-240F kod 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə X10 0.14 ha torpaq sahəsi verilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-1469/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,1067 ha torpaq sahəsi Qəbələ şəhər inzibati ərazi dairəsinin sərhədləri dailində təyinatı yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı olmaqla İddiaçı istifadəsindədir. JN-240 kod 40601004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qeyd edilmiş 600 kv.m torpaq sahəsi faktiki ölçülmüş 0,1067 ha torpaq sahəsi ilə üst-üstə düşür. Əsaslandırma hissəsi : Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İddia ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı JN-240 kod 40601004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Belə ki, iddiaçı sözgedən torpaq sahəsinin aqrar islahat aparılarkən ona ailə üzvləri ilə birlikdə ayrıldığını bildirir. Lakin, Dövlət Notariat Arxivindən alınmış Qəbələ rayon dövlət notariat ofisində xx.xx.2005-ci il tarixdə 4Ə-01/134 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işindən görünür ki, iddiaçı və ailə üzvləri hazırda mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb olunan 0.06 ha torpaq sahəsini alqı-satqı qaydasında üçüncü şəxsə (Bəhruz Məmmədova) satmışlar. Odur ki, JN-3206F kod 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” X7 adına tərtib edilməklə həmin torpaq sahəsi sonuncunun mülkiyyətinə verilmişdir. İddiaçı və onun nümayəndəsi iddia olunan torpaq sahəsini əslində üçüncü şəxsə satmadıqlarını və alqı-satqı müqaviləsindəki imzaların onlara məxsus olmadığını bildirsələr də, Qəbələ rayon DNK-da bağlanmış xx.xx.2005-ci il tarixli 4ə-1-134 saylı alqı-satqı müqaviləsi mübahisələndirilməmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsinə dair artıq X3 adına JN-3206F nömrəli və eyni zamanda 0.14 ha torpaq sahəsi ilə birlikdə X8 adına JN-240F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr tərtib edilmişdir. X8 adına şəhadətnamənin hazırlanmasına əsaslar müəyyən edilməsə də, hər bir halda Bəhruz Məmmədovun adına JN-3206F nömrəli şəhadətnamənin xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında tərtib edilməsi işin mübahisəsiz halıdır. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi də JN-3206F nömrəli şəhadətnamənin və X8 adına tərtib edilmiş JN-240F nömrəli şəhadətnamənin məhz iddia olunan torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirmişdir. Bundan başqa işdə olan hər üç şəhadətnamənin cizgisi qonşu torpaq sahələrinə istinad edilməklə müqayisəli təhlil edildikdə iddia olunan torpaq sahəsi ilə şəhadətnamələrdə qeyd edilmiş torpaq sahələrinin eyni ərazi olduqları aşkar görünür. Belə olan halda iddiaçı hüquqi marağına uyğun olaraq JN-3206F nömrəli Şəhadətnamənin tərtib edilməsinə əsas olmuş Qəbələ rayon dövlət notariat ofisində xx.xx.2005-ci il tarixdə 4Ə-01/134 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləni mülki icraat qaydasında mübahisələndirməli, həmin iddia tələbi müsbət həll olunduğu halda sözügedən müqavilə əsasında tərtib edilmiş JN-3206F nömrəli şəhadətnamənin və eyni zamanda X8 adına JN-240F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi üçün cavabdeh orqana müraciət etməli, müraciəti təmin olunmadığı halda isə anoloji iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. İddia olunan torpaq sahəsinə dair yuxarıda qeyd edilmiş şəhadətnamələr ləğv edilmədən (Bəhruz Məmmədovun adına olan JN-3206F nömrəli Şəhadətnamə tamamilə, Azər Qurbanovun adına olan JN-240F nömrəli şəhadətnamə üst-üstə düşən hissədə) həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə hazırlıq iclasında iddiaçıya və onun nümayəndəsinə izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "aqrar islahat zamanı ailəsinə Qəbələ şəhərində verilmiş və JN-240 kod 40601004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" işlənən 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar