Məhkəmə qərarları › İş №e-2-1(116)-670/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-670/2023

30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-670/2023 30.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X2 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci il tarixdə 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2019-cu il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi, məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial X2 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” təqaüdünün hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-12389/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2018-ci il tarixdə 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2019-cu il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ümumi və xüsusi iş stajını nəzərə alaraq hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı 22 iyun 2022-ci il tarixində ərizəylə inzibati orqana müraciət etmiş, lakin İddiaçı 29 avqust 2022-ci il tarixli **********9 nömrəli imtina məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunduğu bildirilmişdir. İmtinanın əsasları kimi İddiaçı təqdim etdiyi əmək kitabçası, hərbi bilet və digər sənədlərin surətlərinə əsasən ümumi sosial sığorta stajı 25 ildən az (20 il 7 ay 2 gün) təşkil etdiyi bildirilmişdir. Həmçinin iddiaçının xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı “Şəki şəhəri Uşaq- Gənclər Fiziki hazırlıq klubu”nda işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə ‘‘Sığorta Alt Sistemi (monitorinq)’’ proqram təminatında araşdırma aparılmış və həmin müəssəsinin qeyd olunan dövrdə Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Beləliklə, sözügedən dövrlərin İddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. İddiaçı təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətinə (AZE 0*******; FİN xxxxxxx) əsasən o, 28.11,1961-ci il tarixdə anadan olmuşdur. Təqdim etdiyi sənədlərə əsasən iddiaçı iddia ərizəsində 1977-ci ildən əmək fəaliyyətinə başladığını və xx.xx.2006-cı il tarixədək 26 ildən çox ümumi iş stajının olduğunu qeyd etmişdir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18195,85 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavadeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - Г 602472 nömrəli diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhər 39 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, xx.xx.1984-cü il tarixdə bitirmişdir. - ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1977-ci il tarixdə 343 nömrəli əmrə əsasən Şəki Üzümçülük sovxozuna k/t fəhləsi qəbul edilmiş, xx.xx.1980-ci il tarixdə 550 nömrəli əmrə əsasən hərbi xidmətə getdiyi üçün k/t fəhləliyindən azad edilmiş, xx.xx.1983-cü il tarixdə 520-k nömrəli əmrə əsasən Mingəçevir şəhər 39 nömrəli orta texniki texniki peşə məktəbində bir illik qrupuna elektrik qaynaqçısı peşəsi üzrə şagird kontingentinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə 572-k nömrəli əmrə əsasən məktəbi qurtardığı üçün şagird kontingentliyindən çıxarılmış, xx.xx.1984-cü il tarixdə 222/k nömrəli əmrə əsasən Az.DRES TQİ-də 2-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı il tarixdə 84 nömrəli əmrə əsasən 3-cü dərəcə, xx.xx.1987-ci il tarixdə 145 nömrəli əmrə əsasən 4-cü dərəcə, xx.xx.1989-cu il tarixdə 244 nömrəli əmrə əsasən 5-ci dərəcə verilmiş, xx.xx.1992-ci il tarixdə 18/k nömrəli əmrə əsasən öz xahişi ilə işdən azad olunmuş, xx.xx.1992-ci il tarixdə 123 nömrəli əmrə əsasən Azərbaycan DRES-də yardımçı təsərrüfata əl ilə qaynaq üzrə 3-cü dərəcəli qaynaqçı işinə qəbul edilmiş, xx.xx.1995-ci il tarixdə 92/k nömrəli əmrə əsasən öz xahişi ilə işdən azad olunmuş, xx.xx.1995-ci il tarixdə 2k nömrəli əmrə əsasən “Monitor” X1 5-ci dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə 18k nömrəli əmrə əsasən öz xahişi ilə işdən azad olunmuş, xx.xx.1998-ci il tarixli 23k nömrəli əmrə əsasən 5 nömrəli Mingəçevir AHM-də müvəqqəti qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1998-ci il tarixli 26k nömrəli əmrə əsasən bağlanmış müqavilənin vaxtı qurtardığı üçün işdən azad edilmiş, xx.xx.1998-ci il tarixdə 87 nömrəli əmrə əsasən Uşaq-gənclər fiziki hazırlıq klubuna təsərrüfat müdiri təyin edilmiş, xx.xx.2006-cı il tarixədək həmin vəzifədə çalışmışdır. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1980xx.xx.1982-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. - "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 19 nömrəli işin xarakteri haqqında arayışında aşağıdakı məlumatlar qeyd edilmişdir: İddiaçı, xx.xx.1984-cü il tarixdən (Əmr№ 222/k xx.xx.1984-cü il) xx.xx.1992:ci il tarixinə kimi (əmr № 18/k xx.xx.1992-ci il) “Azərenerjitikinti" trestinin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsində əvvəl 2-ci dərəcəli sonra isə 7-4-5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.1992-ci il tarixdən (əmr №18/k xx.xx.1992-ci il) "Azərenerjitikinti" trestinin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsindən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçının əl ilə qaynaq aparan eleklirik qaynaqçısı peşəsində , Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 370 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəşli şərtlərlə yaşa gö ə pensiya hüququ verən istehsalatların, islərin, vəzifələrin və göstəricilərin siyahısının" XXXİİİ ümumi peşələr bölməsində 23200000 - 19906 kodu ilə olan - əl ilə qaynaq aparan eleklirik qaynaqçısı peşəsinə uyğundur, eynilik təşkil edir və imtiyazlı təqaüd almaq hüququna malikdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada düzgün cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddianın qaldırılması üçün iddiaçı subyetktiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Müəyyən edilir ki, iddiaçının hərbi xidmətdə olduğu və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 25 il 9 ay 13 günə bərabərdir. Yəni, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. Cavabdeh orqanın xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasında iddiaçının “Şəki şəhəri Uşaq- Gənclər Fiziki hazırlıq klubu”nda işlədiyi dövrün dəqiqləşdirilməsi, sözügedən qurumun Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmaması və məcburi dövlət sosial sığorta haqları ödəməməsi, buna görə də həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməməsi ilə bağlı etirazının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, xx.xx.2006-cı ilədək dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsinin araşdırılmasına heç bir lüzum yoxdur. İddiaçının xüsusi iş stajına münasibətdə isə məhkəmə qeyd edir ki, həmin müddət xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1992, xx.xx.1992-xx.xx.1995, xx.xx.1995xx.xx.1996-cı illəri əhatə etməklə 13 il 1 ay 4 günə bərabərdir. Belə ki, qeyd olunan illərdə iddiaçının peşəsi müxtəlif dərəcələrdə əl ilə elektrik qaynaqçısı olmuşdur. İddiaçının işlədiyi əl ilə elektrik qaynaqçısı vəzifəsi 2 nömrəli Siyahıda nəzərdə tutulan 23200000 - XXXİİİ. Ümumi peşələr - 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları - peşəsinə uyğun gəlir. Eyni zamanda, iddiaçının əmək kitabçasında qeyd olunan peşələrin “23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eyni olması, SSRİ və postsovet dövrlərində elektrik qaynaqçılarının tam əksəriyyətinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları olması səbəbindən, inandırıcı, ağlabatan və məntiqlidir, bu işlərin fərqli olması məhkəmə təcrübəsi və iş materialları ilə təsdiqini tapmır (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2101/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe). Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının 57 yaşdan yəni, xx.xx.2018-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1957-cı ildə doğulub). İddiaçı, xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etdiyindən, müraciət edilən tarixdən əvvəlki üç il müddət, xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Dövlət Sosial X2 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2018-ci il tarixdə 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar