Məhkəmə qərarları › İş №e-2-1(116)-70/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-70/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-70/2022 19.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı Regional Ərazi Filialının 04.03.2021-ci il tarixli **********4 nömrəli artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarının ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı Regional Ərazi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin 04.03.2021-ci il tarixli **********4 nömrəli artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarının ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi Sosial Ekspert və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya 03.04.2018-ci il tarixdə əlillik dərəcəsi təyin edilmiş və həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Nəticədə iddiaçıya 31.01.2021-ci il tarixədək cəmi, 14497.13 manat manat məbləğində əlilliyə görə əmək pensiyası ödənilmişdir. Daha sonra Tibbi Sosial Ekspertiza və X2 iddiaçıya təyin edilmiş əlillik etibarsız hesab edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçının 03.04.2018-ci il tarixdən – 31.01.2021-ci il tarixədək aldığı 14497.13 manat pensiya məbləğinin 10 gün müddətində tələbkarın hesabına ödənilməsi barədə 04.03.2021-ci il tarixdə **********4 №-li “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərar qəbul edilmişdir. İddiaçı 04.03.2021-ci il tarixli, **********4 №-li “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərarı mübahisələndirmiş və tələbini onunla əsaslandırmışdır ki, artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması “İnzibati icraat haqqında” Qanunla deyil, “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə görə isə artıq ödənilmiş əmə pensiyasının geri qaytarılması tərəflərin razılığı yaxud məhkəmə qaydasında mümkündür. Hazırkı işdə hər iki hal mövcud olmamış, inzibati orqan səlahiyyəti olmadığı halda müvafiq qərarı qəbul etmişdir. Odur ki, göstərilənlər nəzərə alınaraq iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh iddia tələbinə etirazını Tibbi Sosial Ekspertiza və X1 iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi ilə əsaslandırmış və buna görə də “İnzibati icraat haqqında” Qanunun 82.3-cü maddəsinə əsasən “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında 04.03.2021-ci il tarixdə **********4 №-li qərarın qəbul edildiyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Şəki İnzibati Məhkəməsinin 30.12.2021-ci il tarixli e-2-1(116)-825/2021 nömrəli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı Regional Ərazi Filialı hüquq varisi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı Regional Ərazi Filialının 04.03.2021-ci il tarixli, **********4 №-li “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərarından görünür ki, xx.xx.1983-cü il tarixdə anadan olmuş, Ucar şəhəri, Səttarxan 24 ünvanında yaşayan borclu İddiaçı 03.04.2018-ci il tarixdən 31.01.2021-ci il tarixədək 14497.13 manat məbləğində artıq ödənilmiş əmək pensiyası tələb edilərək 10 gün müddətində tələbkar Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı Regional Ərazi Filialının hesabına ödənilməsi qərara alınmışdır. - cavabdehin 15.03.2021-ci il tarixli **********3 №-li “pul tələbinin icraya yönəldilməsi haqqında” qərarından görünür ki, 04.03.2021-ci il tarixli **********4 №-li “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərarın icraya yönəldilməsi və məcburi qaydada icra edilməsi üçün Ucar rayon icra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. - “Əlillik” altsistemində əlilliyi etibarsız edilmiş şəxslərin siyahısından görünür ki, iddiaçının adı 77 sıra nömrəsinin qarşısında qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq inzibati işə iştirakının olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar 04.03.2021-ci il tarixində qəbul edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən, poçt qəbzindən mübahisələndirilən qərarın 2021-ci ilin mart ayının hansı günündə iddiaçıya göndərilməsi və hansı tarixdə iddiaçıya çatdırılması müəyyən edilmir. Qəbzdə olan SS718251771AZ nömrəsi ilə poçt göndərişinin izlənməsi mümkün deyil (məlumat tapılmır). İddia ərizəsi 19.04.2021-ci il tarixdə məhkəməyə təqdim edildiyindən və iddiaçının 19.03.2021-ci il tarixədək mübahisələndirilən qərarı əldə etməsi iş materialları ilə sübut edilmədiyindən, məhkəmə müvafiq halın iddiaçının ziyanına şərh edilməsini ədalətli hesab etmir və hazırki iddianın qaldırılması üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin buraxılmaması qənaətinə gəlir (eyni zamanda mübahisələndirilən qərarın icraya yönəldilməsi haqqında cavabdehin qəbul etdiyi 15.03.2021 qərarın Ucar rayon icra və probasiya şöbəsinə 30.03.2021-ci il tarixdə göndərilməsi də (qəbul edildikdən 15 gün sonra) onu deməyə əsas verir ki, inzibati orqanın qəbul etdiyi qərarları tərəflərə vaxtında göndərməsi vəzifəsini düzgün yerinə yetirməsi ilə bağlı əsaslı şübhələr mövcuddur). İddianın qaldırılmasında iddiaçının hüquqi marağı - ondan 14497.13 manat pul məbləğinin tutulmasını nəzərdə tutan cavabdeh inzibati orqanın qəbul etdiyi 04.03.2021-ci il tarixli, **********4 №-li “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərarın ləğvinə nail olmaqdır. Həmçinin iddia əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə tərəfindən 04.03.2021-ci il tarixli, **********4 №-li “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərar qəbul edilərkən iddiaçının razılığının alınıbalınmaması ilə bağlı 09.12.2021-ci il tarixdə cavabdehə sorğu verilmiş, lakin cavabdeh tərəfindən sorğu cavablandırılmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında müvafiq qərarın qəbulu ilə bağlı bütün sənədlərin məhkəməyə təqdim edildiyini və iddiaçının razılığının alınması ilə məlumatın olmadığını bildirdiyindən məhkəmə hesab edir ki, müvafiq sorğunun cavablandırılması zərurəti aradan qalxmışdır. ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki,... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Beləliklə, İPM-in 118ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3- 118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPM-in 79.2 və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8-ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26-cı və İPM-in 118.5-ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, belə razılıq olmadığı halda isə məhkəmə qaydasında tutulur. Cavabdeh iddia tələbini etirazını “İnzibati icraat haqqında” Qanunun 82.3-cü maddəsi ilə əsaslandırsa da məhkəmə qeyd edir ki, həmin norma pul tələbinin ödənilməsi ilə bağlı inzibati aktın qəbul edilməsini deyil, qəbul edilmiş inzibati aktın icraya yönəldilmə qaydasını tənzimləyir. Bunun üçün isə cavabdehin pul tələbinin ödənilməsi barədə, yəni hazırkı işə münasibətdə - “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə” qərar qəbul etmək səlahiyyəti olmalıdır. Cavabdeh inzibati orqanın sahəvi qanunu olan və birbaşa fəaliyyətini tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunda ona əmək pensiyaçısının razılığı olmadığı halda, müstəqil olaraq “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə” qərar qəbul etmək səlahiyyəti verilməmişdir. Buna görə də qeyd olunan normaya istinad etməklə, iddiaçının razılığı olmadan artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması ilə bağlı cavabdehin qəbul etdiyi 04.03.2021-ci il tarixli qərarı mahiyyət etibarilə əsassız olmuşdur. “İnzibati İcraat Haqqında” Qanun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı Regional Ərazi Filialının 04.03.2021-ci il tarixli **********4 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” qərarı ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar