Məhkəmə qərarları › İş №e-2-1(116)-703/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-703/2023

23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-703/2023 23.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1024.36 manat məbləğində borcunun ödənilməsini təmin edilməsi məqsədilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının satılması" tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1024.36 manat məbləğində borcunun ödənilməsini təmin edilməsi məqsədilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının satılması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən müəyyən edilir ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müdətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 1174.36 manat borcuna görə 15000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********8 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. - “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli protokola **********8 nömrəli protokolundan görünür ki, cavabdehə məxsus 1 ədədinin qiyməti 15000 manat olan 1 ədəd X1 Minik sedan cəmi 15000 manat dəyərində əmlak iddiaçı tərəfindən siyahıya alınmışdır. - “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak saxlanılması üçün cavabdehə təhvil verilmişdir. - “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və iddiaçı xx.xx.2023-cü il tarixli ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra VM) 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. VM-nin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. VM-nin 89.6-ci maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. VM-nin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İPM-in : 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarına əsasən vergi orqanı əməkdaşı fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının işin hallarına tətbiq edərək iddia tələbinin təmin oluna bilməyəcəyini qeyd edir. Belə ki, Vergi Məcəlləsinin 89.6-cı maddəsində vergi orqanı tərəfindən əmlakın siyahıya alınmasının həmin Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla ardıcıllığı müəyyən edilmişdir. Qeyd olunan müdəalara əsasəm yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Göstərilən müddəalara əsasən vergi orqanı yalnız vergi öhdəliyinin yerinə yetirilməsi üçün «zəruri və kifayət olan həcmdə» əmlakın satılması barədə məhkəməyə müraciət edə bilər. Qeyd edək ki, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə görə, vergi ödəyicisinin əmlakı təkcə vergi öhdəliyinin deyil, həmçinin həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınır. Bununla yanaşı, Vergi Məcəlləsinin 90.4-cü maddəsi də əmlakın satışından əldə edilən məbləğlərin hesablanmış vergilərdən sonra faizlərin və maliyyə sanksiyalarının ödənilməsinə yönəldilməsini nəzərdə tutur (Vergi Məcəlləsinin 89.5-ci və 90.4-cü maddələrinin tələbləri nəzərə alınarsa elə həcmdə əmlak satışa çıxarılmalıdır ki, onun satışından əldə edilən vəsait həm də «tənbeh tədbirlərinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin» ödənilməsi üçün kifayət etsin). Vergi orqanı elə bu qədər əmlakı da siyahıya almağa borcludur. Lakin məhkəməyə müraciət edənədək vəziyyət dəyişərsə, vergi orqanı siyahıya aldığı bütün əmlakın yox, yalnız yuxarıda göstərilənləri təmin etmək üçün zəruri və kifayət olan əmlakın satışı barədə məsələ qaldıra bilər. Hazırkı iş üzrə vergi ödəyicisinin iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixə 1024.36 manat borcu qalmışdır. Digər tərəfdən əmlakın siyahıya alınması həyata keçirilərkən vergi orqanı tərəfindən yuxarıda qeyd olunan ardıcıllığın tələblərinə əməl olunmamış, dəyəri 15000 manat olan nəqliyyat vasitəsi siyahıya alınmışdır ki, həmin əmlakın real dəyəri ilə cavabdehin borcu arasında kifayət qədər uyğunsuzluq mövcuddur. Odur ki, hazırkı iş üzrə borc məbləğinin həmin nəqliyyat vasitəsinin satılması hesabına ödənilməsi vergitutmanın adekvatlılıq prinsipi və qərarının icrasının təmin olunması baxımdan məqsədəmüvafiq deyildir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı, həmin nəqliyyat vasitəsinin dəyərini 15000 manat qeyd etsə də, həmin məbləğin hansı qiymətləndirmə meyarları əsasında müəyyən edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən elektron informasiya resurslarından istifadə edilməklə (https://turbo.az) 2012-ci ildə istehsal olunmuş, Hyundai Elantra markalı, 1800 kubsm mühərrik həcmi olan nəqliyyat vasitəsinin bazar dəyəri öyrənilmiş və həmin məbləğin 17800-22900 manat aralığında olması müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin faktiki mövcud olan borcundan 17 dəfə artıq məbləğdə olan əmlakının satılması ilə bağlı iddiaçının tələbi əsassız olmuşdur. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-nin 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1024.36 manat məbləğində borcunun ödənilməsini təmin edilməsi məqsədilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının satılması" barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar