Məhkəmə qərarları › İş №e-2-1(116)-721/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-721/2022

28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-721/2022 28.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********2978 saylı və **********2984 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********2978 saylı və **********2984 saylı qərarların ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin Bakı şəhəri X9 üzrə baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********5498 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən vergi orqanının əmkdaşları tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Orland” kafesində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxlərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilmişdir. 11 saylı Ərazi vergilər Baş İdarəsinin, iddiaçı barəsində tərtib etdiyi xx.xx.2021-ci il tarixli **********978 saylı qərarı ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunma vəziyyətini pozduğuna görə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 1000 manat, həmin tarixli **********2984 saylı qərarı ilə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 4000 manat olmaqla maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hesab edir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı tərtib edilmiş aktlar və həmin aktlar əsasında qəbul edilmiş qərarlar əsassız olmuşdur. Belə ki, onun obyekti bağlı olmuş, fəaliyyətə başlamaq üçün hazırlıq zamanı vergi orqanının işçiləri yoxlama keçirmək üçün obyektə daxil olmuşlar. Vergi orqanının əməkdaşları özləri də etiraf etmişlər ki, obyektə bir neçə dəfə gəlmişlər, lakin obyekt fəaliyyətsiz olduğundan yoxlama apara bilməyiblər. Yoxlama zamanı operativ vergi nəzarətinin həyata keçirilməsinə hüquqi əsas yaratmaqdan ötrü qərəzli aktlar tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktda NKA-dan gündəlik olaraq “Z” hesabatları çıxarılmır və saxlanılmır” sözləri yazılmışdır. Reallıqda isə kafe həmin vaxt işləmirdi və fəaliyyətə başlamaq üçün hazırlıq işləri ilə məşğul olurdu və bu səbəbdən “Z” hesabatları çıxarılmırdı. Operativ vergi nəzarətini həyata keçirən 8 nəfər vergi orqanının işçiləri kafedə olduqları 4-5 saat ərzində heç bir müştərinin olmadığının şahidi olmuşlar. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar xx.xx.2021-ci il tarixli olmasına baxmayaraq, vergi orqanının əməkdaşları vergi nəzarət tədbirini xx.xx.2021-ci il tarixdə keçirmişlər. Əgər obyekt fəaliyyət göstərib müştərilərə xidmət göstərilirdisə, hansı səbəbdən 14 gün gözləmək zəruri idi. Eyni zamanda aktda müştəri tərəfindən verilən 8 manat məbləğin nəzarət kassa aparatının yaddaşına vurulmadığı qeyd olunmuşdur. Əslində isə kafedə müştəri olmadığından vergi əməkdaşları özləri, müştəri qismində sifariş vermiş və ödəniləcək 8 manat pul məbləğini ödəmişlər. Kafe fəaliyyət göstərmədiyi üçün ödəniş olunmadığından NKA-na məbləğ vurulmamış və internet zəif olduğundan gündəlik “Z” hesabataları çıxarmaq mümkün olmamış, bu səbəbdən vergi orqanının əməkdaşları tərəfindən ödənilən 8 manat məbləği NKA-nın yaddaşına vurmaq mümkün olmamışdır. Bu vəziyyətdən istifadə edən vergi işçiləri internet əlaqəsi bərpa edildikdən sonra dünənki tarixə boş “Z” hesabatları çıxarmış, sonra həmin məbləği NKA-nın yaddaşına bərpa etmişlər. Faktiki olaraq işləməyən obyektdə 8 nəfər vergi əməkdaşının operativ vergi nəzarətinin həyata keçirməsi və 4-5 saat vaxt sərf etməsi şübhə doğurur. Belə ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən alıcıya təqdim edilməli olan çekə görə maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur. Yoxlama zamanı vergi orqanının əməkdaşları ödənilmiş pulun alınmasını təsdiq edən çekin istehlakçılara verilibverilməməsini araşdırmalı olduğu halda, aparılan yoxlamada istehlakçı özləri olmuşdur ki, bu halda maraqlar toqquşmuşdur. Yoxlama zamanı müştərilər ilə pul hesablaşmaları zamanı nəzarət kassa aparatından istifadə olunmadığı aşkar edildikdə nəzarət kassa aparatından “X” hesabatı alınsaydı obyektin fəaliyyətinin olmadığı aşkar edilərdi. Eyni zamanda X2 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunmuş kimi göstərilməsi həqiqətə uyğun deyildir. Belə ki, Həmin vaxt S.Ağayevanın kafedə olmasının səbəbi iş üçün müraciət etməsi olmuşdur. Operativ vergi əməkdaşları vaksin sertifikatı yoxlamaq adı altında S.Ağayevanın şəxsiyyət vəsiqəsini alıb mobil telefona qeyd edərək aşkar edilmiş qanun pozuntusu kimi yazılması əsassız və qanunsuz olmuşdur. Belə ki, S.Ağayevadan izahat alınmamış, onun hansı tarixdən və kim tərəfindən işə cəlb edilməsi və əmək haqqı məbləği müəyyən edilməmişdir. Bu hal müəyyən edilə də bilməzdi, çünki onunla S.Ağayeva arasında heç bir anlaşma mövcud olmamışdır. Odur ki, cavabdehin qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********2978 saylı və **********2984 saylı qərarların ləğv edilməsi xahiş edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın təmin edilməməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazını aşağıdakı kimi əsaslandırmışdır: - uçot-baza məlumatına əsasən fiziki şəxsin xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, fəaliyyət növlərinin restoranlar tərəfindən xidmətlərin göstərilməsi (əsas fəaliyyət) yə “kafelərin fəaliyyəti” olduğu müəyyən edilmişdir. Fərdi sahibkar Nümayəndə tərəfindən icarəyə götürdüyü təsərrüfat subyektinin “ORLAND RESTORAN” adı ilə vergi orqanında xx.xx.2021-ci il tarixdə uçota alınmışdır. xx.xx.2021-ci il tarixdə isə həmin təsərrüfat subyektində zavod nömrəsi VS43217S51977 olan SUNMİ V1S markalı nəzarət-kassa aparatı quraşdırılmışdır. Fərdi sahibkar Nümayəndə sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********5498 nömrəli qərarı ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il də daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Həmin qərara əsasən xx.xx.2021-ci il tarixdə saat 19:01-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən 3 ədəd qutab, 1ədəd fanta, 1 ədəd kola üçün nağd qaydada ödənilmiş 8 manat müqabilində nəzarət-kassa aparatı çeki vurulmadığı və müştəriyə təqdim olunmadığı aşkar edilmiş, bu hal DVX seriyalı 009300 nömrəli aktla rəsmiləşdirilmiş, fərdi sahibkar Nümayəndə həmin aktı imzalamaqdan və nüsxəsini götürməkdən imtina etmişdir. Bundan başqa operativ vergi nəzarəti tədbiri zamanı təsərrüfat subyektində işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 4 nəfər işçinin olduğu, lakin bunlardan 2 nəfərinin - X5 və X4 əmək müqaviləsi bağlanmadan (əmək müqaviləsi qanuni qüvvəyə minmədən) xidmətlərin göstərilməsinə cəlb edildiyi müəyyən edilmiş, bu hal xx.xx.2021-ci il tarixli 005351 nömrəli aktla rəsmiləşdirilmiş, fərdi sahibkar Nümayəndə həmin aktı imzalamaqdan və nüsxəsini götürməkdən imtina etmişdir. Odur ki, həmin sənədlər vergi ödəyicisinə xx.xx.2021-ci il tarixdə elektron qaydada və poçt vasitəsilə göndərilmişdir. Fərdi sahibkar barəsində qəbul ediləcək qərar üzrə operativ vergi nəzarəti materiallarına baxılmasında iştirak etməsi üçün xx.xx.2021-ci il tarixli **********291900 və **********815600 nömrəli bildirişlər göndərilmiş və həmin bildirişlər vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə oxunmuşdur. Operativ vergi nəzarəti materiallarına baxılması üzrə fərdi sahibkar barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat maliyyə sanksiyası, Vergi Məcəlləsinin 58.7.1 -ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi barərə xx.xx.2021-ci il tarixli **********2984 və **********2978 nömrəli qərarlar qəbul edilmişdir. İddiaçı, iddia ərizəsində göstərmişdir ki, operativ vergi nəzarətinin keçirildiyi vaxt obyekt bağlı olmuş, işləməmişdir. Ödənilmiş 8 manat məbləğin nəzarət-kassa aparatına vurulmamasını isə internetin zəif olması ilə əsaslandırmağa çalışmışdır. Bununla bağlı bildiririk ki, operativ vergi nəzarəti tədbiri zamanı tərtib olunmuş DVX seriyalı 009300 nömrəli aktdan da göründüyü kimi 3 ədəd qutabın və içkilərin satılması obyektin işləməməsi barədə iddiaçının arqumentinin əsassız və məsuliyyətdən yayınmaq məqsədi daşıdığını sübut edir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2015-ci il tarixli **********002400 nömrəli əmri ilə təsdiq edilmiş “istismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması” Qaydasının müvafiq maddələrinə əsasən əgər həqiqətən də hər hansı nasazlıq səbəbindən nəzarət-kassa aparatına çekin vurulması mümkün olmamışdırsa onda fərdi sahibkar tərəfindən “Nəzarət- kassa aparatına texniki xidmət kitabı”nda müvafiq qeydlər aparılmalı idi. Nəzarət-kassa aparatının gündəlik “Z” hesabatları çıxarılmadıqda nəzarət-kassa aparatı çekinin vurulması mümkün olmur. Əslində fərdi sahibkar barəsində tərtib edilmiş DVX seriyalı 009300 nömrəli aktdan da göründüyü kimi fərdi sahibkar tərəfindən gündəlik “Z” hesabatı çıxarılmamışdır. Məhz bu səbəbdən “Z” hesabatı çıxarıldıqdan sonra xx.xx.2031 -ci il tarixdə saat 19:01-də ödənilmiş 8 manat məbləğin kassa aparatına daxil edilməsi yoxlayıcılar tərəfindən xx.xx.2021 -ci il saat 19:07-də təmin edilmişdir. Göründüyü kimi internetin zəif olması səbəbindən nəzarət kassa aparatına çek vura bilməməsi barədə iddiaçının iddiası əsassızdır və həqiqətə uyğun deyildir. Daha sonra iddia ərizəsində göstərilmişdir ki, operativ vergi nəzarəti keçirilən zaman əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmiş Şəbinə Ağayevanın həmin vaxt kafedə olmasının səbəbi onun iş üçün müraciət etməsi olmuşdur. Bununla bağlı bildiririk ki, operativ vergi nəzarəti keçirilən zaman əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilməsi aşkar edilmiş Səbinə Ağayevanın şəxsiyyət vəsiqəsinin surəti mobil telefon vasitəsilə çəkilərək götürülmüş və bu barədə DVX nömrəli 003550 nömrəli protokol tərtib edilmişdir. Şəbinə Ağayeva izahat verməkdən imtina etmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilməsi aşkar edilmiş X8 isə izahatında xx.xx.2021-ci il tarixdən fərdi sahibkar Nümayəndə tərəfindən əmək müqaviləsi bağlanmadan işə götürüldüyünü bildirmişdir. Göstərilənləri nəzərə alınaraq, fərdi sahibkar Nümayəndə iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “operativ vergi nəzaərtinin həyata keçirilməsi” haqqında xx.xx.2021-ci il tarixli, **********5498 nömrəli qərarda və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda aşağıda qeyd edilən məlumatlar öz əksini tapmışdır: yoxlayıcı orqan – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı – İddiaçı (Vöen:**********), yoxlamanın müddəti – xx.xx.2021xx.xx.2021, yoxlamanın predmeti - əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxlərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması, yoxlanılan təsərrüfat subyektinin ünvanı və fəaliyyət növü – 1001 Orland restoranı, AZ1134 Bakı şəhəri ünvan 3, m.0. restoranlar tərəfindən xidmətlərin göstərilməsi, yoxlamanın növü – operativ vergi nəzarəti, yoxlamanın tipi – plandankənar, plandankənar yoxlamanın təyin edilməsi üçün əsas - vergi orqanı tərəfindən mənbəyi bəli mənbələrdən əldə edilən məlumatlar. Həmçinin yoxlayıcı şəxslər barəsində məlumatlar qeyd olunmuşdur. - “vergi ödəyicisinin vergi qanunvericiliyinn pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2021-ci il tarixli, **********2984 nömrəli qərardan görünür ki, iddiaçı, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə vəlb edilmişdir. - “vergi ödəyicisinin vergi qanunvericiliyinn pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2021-ci il tarixli, **********2978 nömrəli qərardan görünür ki, iddiaçı, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. - xx.xx.2021-ci il tarixdə X8 tərəfindən yazılmış izahatda qeyd edilmişdir ki, o, iddiaçını tanıyır, xx.xx.2021-ci il tarixdən Nümayəndə tərəfindən ofisiant işinə qəbul olunmuşdur. Nümayəndə ilə aralarında hər hansı əmək və xidməti müqavilə bağlanmamışdır. Həftənin 5 günü 15:00-dan 22:00-a qədər işləyəcəyi və bu işin müqabilində 250 manat alacağı barədə razılıq olmuşdur. - xx.xx.2021-ci il tarixli seriya DVX 005351 №-li aktda və ona əlavədə qeyd edilmişdir ki, həmin tarixdə saat 19:10-da iddiaçıya məxsus, ünvan 3 ünvanda yerləşən “Orland” restoranında elektron əmək müqaviləsi bildirişlərinə, xidmət müqavilələrinə və digər mühasibat sənədlərinə əsasən obyektdə yeməkxanalar tərəfindən işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş 4 nəfər fiziki şəxsdən 2 nəfərin Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin şəxslər X8 və X3r. Onlar vəzifəsinin yerinə yetirilməsinə cəlb olunmuşlar. Bununla bağlı fərdi sahibkar Nümayəndə izahat versə də yazdığı izahatı imzalamamış, Mirzəyev Akif izahat vermiş, digər işçi Səbinə Ağayeva izahat verməkdən imtina etmişdir. - xx.xx.2021-ci il tarixli seriya DVX 009300 №-li aktda qeyd edilmişdir ki, iddiaçıya məxsus, ünvan 3 ünvanda yerləşən “Orland” restoranında xx.xx.2021-ci il tarixdə saat 19:01-də müştəri tərəfindən 3 ədəd qutab, 1 ədəd fanta və 1 ədəd kola üçün iddiaçıya 8.0 AZN ödənildi, lakin ödənilmiş 8.0 AZN müqabilində NKA-na çek vurulmadı və müştəriyə təqdim edilmədi. Dövriyyədən yayındırılmış 8.0 AZN məbləğ vergi orqanının əməkdaşları tərəfindən saat 19:07-də, 8 saylı çeklə NKA-nın fiskal yaddaşına bərpa edildi. “X” hesabatı və bərpa çeki akta əlavə edilir. “Z” hesabatlar gündəlik çıxarılmır və saxlanılmır. Nəzarət kitabçası təqdim edilmədi. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərarlar xx.xx.2021-ci il tarixlərində qəbul edilmişdir. İddiaçı həmin qərarları xx.xx.2022-ci il tarixdə mübahisələndirmişdir. Odur ki, hazırki iddianın qaldırılması üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Tətbiq edilən hüquq. Vergi Məcəlləsi: Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (-); 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; (-); 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; (-). 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. (-). Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. (-). 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarətkassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; (-). 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: ... 16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək: [107] 16.1.8.1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda); 16.1.8.2. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı; 16.1.8.3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti; 16.1.8.4. qiymətli kağızların, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı; [108] 16.1.8.5. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti; 16.1.8.6. bu Məcəllənin 220.10-cu maddəsinə əsasən fərdi qaydada göstərilən bərbər fəaliyyəti; Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş, “İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası”: 2.2. NKA-nın istismarı zamanı, plombun pozulması da daxil olmaqla, istənilən nasazlıq yarandıqda vergi ödəyicisi tərəfindən bu barədə təcili Servis Texniki Xidmət Mərkəzinə sifariş (çağırış) verilir. Servis Texniki Xidmət Mərkəzinə verilmiş sifariş haqqında vergi ödəyicisi və ya onun bu işə məsul etdiyi şəxs tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsində verilmiş forma üzrə “Nəzarət-kassa aparatına texniki xidmət kitabı”nda müvafiq qeydlər aparılır. Bu kitabın səhifələri nömrələnir, qaytanlanır və Servis Texniki Xidmət Mərkəzinin rəhbəri (rəhbərin müavini) tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.3. NKA-dan istifadə edilməsi müvəqqəti olaraq (nasazlıq aradan qaldırılana və ya elektrik enerjisi ilə təchizat bərpa edilənə qədər) dayandırıldığı müddətdə vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektdə həyata keçirilən nağd pul hesablaşmalarının qeydiyyatı bu Qaydanın 1 nömrəli əlavəsində verilmiş forma üzrə “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda vergi ödəyicisi tərəfindən aparılır. Bu kitabın səhifələri nömrələnir, qaytanlanır və Servis Texniki Xidmət Mərkəzinin rəhbəri (rəhbərin müavini) tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Nağd pul hesablaşmalarının qeydiyyatı “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda aparılan zaman, vergi ödəyicisi tərəfindən hər bir müştəridən (alıcıdan, sifarişçidən) alınmış nağd pul vəsaiti kitabın ayrıca sətrində yazılmaqla uçota alınır. Bu zaman, qeydiyyatın aparıldığı sətirdə nağd pul məbləğinin alındığı tarix, vaxt (saat, dəqiqə), NKA-nın işləməməsinin səbəbi, satılmış malın (görülmüş işin, göstərilmiş xidmətin) adı, ölçü vahidi, bir vahidinin qiyməti, sayı (miqdarı) və dəyəri (manat, qəpik) mütləq göstərilir. İddiaçının, müvafiq yoxlamanın xx.xx.2021-ci il tarixli olmasına baxmayaraq, vergi orqanının əməkdaşlarının vergi nəzarət tədbirini xx.xx.2021-ci il tarixdə keçirməsi ilə bağlı dəlilinə münasibətdə isə izah olunur ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan göründüyü kimi yoxlamanın müddəti xx.xx.2021xx.xx.2021-ci il müəyyən edildiyindən və cavabdeh orqan məhz həmin tarix aralığında (xx.xx.2021-ci il) yoxlamanı həyata keçirdiyindən, qanunvericiliyin hər hansı tələbinin pozulması müəyyən edilmir. Əmək Məcəlləsi: Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 1-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 2-2. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir.

3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.

4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, xx.xx.2021-ci il tarixində vergi ödəyicisi kimi uçota alınmış və əsas fəaliyyət növü “restoranlar tərəfindən xidmətlərin göstərilməsi (əsas fəaliyyət)”, eləcə də, əlavə fəaliyyət növü “kafelərin fəaliyyəti” olmuşdur. İddiaçının, icarəyə götürdüyü təsərrüfat subyekti “Orland Restoran” adı ilə vergi orqanında xx.xx.2021-ci il tarixdə uçota alınmışdır. xx.xx.2021-ci il tarixdə həmin təsərrüfat subyektində zavod nömrəsi VS43217S51977 olan SUNMİ V1S markalı nəzarət kassa aparatı quraşdırılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin Bakı şəhəri X9 üzrə baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********5498 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən İddiaçı məxsus sahibkarlıq obyektində operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə 2 nəfər fiziki şəxsin, əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli seriya DVX 005351 №-li və dövriyyədən yayındırılmış 8.0 AZN məbləğ pul məbələği ilə bağlı eyni tarixli, seriya DVX 009300 №-li akt tərtib edilmişdir. Bundan sonra cavabdeh orqan tərəfindən hazırda mübahisələndirilən qərarlar qəbul edilmişdir İşin hallarından görünüyü kimi iddiaçının cavabdehə qarşı iki tələbi mövcuddur. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması ilə bağlı qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********2984 nömrəli qərarı mübahisələndirərəkən iddiaçı qeyd edir ki, sözügedən obyekt fəaliyyət göstərmədiyi, fəaliyyətinə hazırlıq getdiyi üçün qərarın qəbul edilməsi əsassız olmuşdur. Lakin, iddiaçı, obyektin fəaliyyət göstərmədiyi halda qutab və digər sərinləşdirici içkilərin operativ vergi nəzarətini həyata keçirən vergi orqanın əməkdaşlarına satılmasını əsaslandıra bilmir. Obyekt fəaliyyət göstərmədiyi halda satış həyata keçirilməməli idi. Digər tərəfdən X8 verdiyi izahatında faktiki olaraq ofisiant kimi həmin restoranda işə başlamasını və bununla bağlı iddiaçı ilə aralarında razılığın yarandığını bildirmişdir. Aktda adı olan digər şəxs Səbinə Ağayevaya münasibətdə isə məhkəmə qeyd edir ki, onun həmin obyektdə yoxlamanın aparıldığı zaman əmək fəaliyyəti ilə məşğul olubolmaması iş materialları ilə müəyyən edilmir. Cavabdeh orqan, Səbinə Ağayevanın həmin obyektdə ofisiant işləməsini, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə əsaslandırır və bildirir ki, xidməti həyata keçirən şəxs Səbinə Ağayeva olmuş, ondan şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb edilmiş, o da müvafiq sənədi vergi nəzarəti orqanının əməkdaşlarına təqdim etmişdir. Bu isə onu göstərir ki, Səbinə Ağayeva həmin obyektdə ofisiant vəzifəsində çalışmışdır. Lakin, məhkəmə cavabdeh orqanın həmin əsaslanmasını yetərli hesab etmir. Belə ki, cavabdeh orqan, Səbinə Ağayevaya münasibətdə, iddiaçının əmək müqaviləsi olmadan işçinin işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmiş, onun əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsinə istinad etsə də, öz qərarında bu halı əsaslandırmamış, məhkəmə iclaslarında da, iddiaçının həmin şəxsi həqiqətən əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Səbinə Ağayevanın yoxlama aparılan zaman restoranda olması yox, onun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin restoranda əmək fəaliyyəti ilə məşğul olması müvafiq maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsasdır. Odur ki, Səbinə Ağayevanın şəxsiyyət vəsiqəsinin cavabdeh orqana təqdim edilməsi, habelə onun izahat verməkdən imtinası, onun həmin restoranda ofisiant işləməsini sübut edən hal kimi nəzərdən keçirilə bilməz. Cavabdeh orqan operativ vergi yoxlaması apararkən pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüququ olduğu halda bunu etməmişdir. Buna görə də, aktda adı qeyd edilən və izahatı alınmış X8 həmin restoranda ofisiant işləməsini etiraf etdiyindən və iddiaçı özü də, həmin şəxsə münasibətdə iddia ərizəsində hər hansı əsaslanma təqdim etmədyindən məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt yalnız həmin hissədə, yəni X6 aid 2000 manat maliyyə sanksiyasının tətbiqi hissəsində əsaslıdır. İddia tələbinin “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması ilə bağlı cavabdehin xx.xx.2021-ci il tarixli, **********2978 nömrəli qərarının ləğv edilməsi” hissəsini məhkəmə əsassız hesab edir. Belə ki, yuxarıda məzmununa istinad edilmiş, “İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası”ndan göründüyü kimi NKA-dan istifadə zamanı istənilən nasazlıq yarandıqda vergi ödəyicisi tərəfindən bu barədə təcili Servis Texniki Xidmət Mərkəzinə sifariş (çağırış) verilməli, müvafiq qeydlər aparılmaqla rəsmiləşdirilməli, NKA-dan istifadə edilməsi müvəqqəti olaraq dayandırıldığı müddətdə vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektdə həyata keçirilən nağd pul hesablaşmalarının qeydiyyatı aparılmalı, bu qeydiyyat “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda aparılan zaman, vergi ödəyicisi tərəfindən hər bir müştəridən (alıcıdan, sifarişçidən) alınmış nağd pul vəsaiti kitabın ayrıca sətrində yazılmaqla uçota alınmalı idi. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən rəsmiləşdirmənin həyata keçirilməsini təsdiq edən sənədlər iddiaçıdan tələb edilməsinə baxmayaraq, iddiaçı, müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iddiaçının, internetin zəif olması səbəbindən müvafiq ödənişlərin NKA-na işlənilməsinin mümkünsüzlüyü ilə bağlı dəlillərini əsassız hesab edir. Digər tərəfdən iddiaçının həmin dəlili, yəni internetin zəif olması səbəbindən 8 manat pul məbləğinin NKA-nın yaddaşına vurulmasının mümkün olmaması ilə bağlı dəlili onu deməyə əsas verir ki, iddiaçı faktiki olaraq obyektin, yoxlamanın aparıldığı tarixdə fəaliyyət göstərdiyi etiraf edir. Yəni, iddiaçının əsaslanmasına görə internet zəif olmayacağı halda həmin ödənişlər NKA-nın yaddaşına vurulacaqdı. Belə olan halda məhkəmə bir daha qeyd edir ki, nəzarətkassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatlarla bağlı hər hansı sübut təqdim edilmədiyindən məhkəmə, cavabdehin qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********2978 nömrəli qərarını qanuni inzibati akt hesab edir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinn pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2021-ci il tarixli, **********2984 nömrəli qərarı 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********2978 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinn pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarının ləğv edilməsi hissəsində iddia tələbi təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar