Məhkəmə qərarları › İş №e-2-1(116)-754/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-754/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-754/2023 02.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və pensiyanın təyin ediləcəyi günədək yığılmış pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququ yarandığı vaxtdan – 57 yaşı bitdiyi xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının vəkili iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və pensiyanın təyin ediləcəyi günədək yığılmış pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixinədək Ləki pambıq təmizləmə zavodunda 7 ay 23 gün, xx.xx.1980-ci ildən xx.xx.1980-ci il tarixinədək kolxozda 2 ay 8 gün,müddətli hərbi xidmətdə 2 il, xx.xx.1983-cü ildən xx.xx.1983-cü il tarixinədək yenə kolxozda 6 ay 24 gün, xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun gündüz hazırlıq şöbəsinə 9 aylıq tədris müddəti, xx.xx.1984-cü ildən xx.xx.1989-cu il tarixinədək 5 illik ali təhsil müddəti, xx.xx.1989-cu ildən xx.xx.2002-ci il tarixinədək “Azrezintexnika” zavodunda pozvari qayışlar sexində 12 il 6 ay 7 gün, işsizlik müavinəti aldığı xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək olan dövr üzrə 6 ay, habelə xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək olan dövr üzrə yenə 6 ay, xx.xx.2005-ci ildən xx.xx.2013- cü il tarixinədək “X4” ASC-də idarə heyətinin sədri vəzifəsində 8 il 6 ay 12 gün, xx.xx.2013-cü ildən xx.xx.2018-ci il tarixinədək "xxxx" ASC-nin sədri vəzifəsində 4 il 8 ay 2 gün olmaqla toplamda 35 il 10 ay 16 gün əmək stajına, həmçinin (12 il 6 ay 7 gün + 8 il 6 ay 12 gün) 21 il 19 gün güzəştli şərtlərlə yaşa görə əmək stajına malikdir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş,xx.xx.2022-ci il tarixli məktuba əsasən tələbinin icrasından imtina edilmişdir. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş xx.xx.2022-ci il tarixli iddia tələbinə etirazında bildirmişdir ki, İddiaçının əmək kitabçasında ona xx.xx.2002-ci ildə işsizliyə görə müavinətin təyin edildiyi, xx.xx.2002-ci ilə qədər ödənildiyi və xx.xx.2003-cü ildən yenidən işsizlik müavinəti təyin ediliyi qeyd olunmuşdur. İşsizlik müavinətinin təyin edildiyi tarix qeyd olunsa da, onun nə vaxta qədər ödənildiyi qeyd olunmamışdır. Həmçinin, iddiaçı tərəfindən mərkəzi filiala işsizlik müavinəti alması ilə bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının işsizlik müavinəti aldığı dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. xx.xx.2005-ci il tarixdə “X4'' ASC-də idarə heyətinin sədri vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2013-cü il tarixdən "xxxx" ASC-nin sədri təyin edilmiş, xx.xx.2018-ci il tarixdə müəssisənin ləğv edilməsi səbəbi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı tərəfindən mərkəzi filiala təqdim edilən sənədlərdə onun xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2013-cü il tarixədək “X4” ASC-də mexanik vəzifəsində işlədiyi qeyd edilib. Sözügedən müəssisədəki iddiaçının iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq arxivdə saxlanılan sözügedən müəssisəyə dair sənədlərdə qeyd olunanlara əsasən 1999-cu ilin 12 ayı üzrə və 2002-ci ilin yanvar, fevral aylarında ona əmək haqqı hesablanmadığı bildirilib. Qeyd olunan fakt adıçəkilən müəssisə tərəfindən xx.xx.2022-ci il tarixli Akt ilə təsdiq olunmuşdur. Göstərilənləri nəzərə alaraq, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 4 ay 6 gün (xx.xx.1989-cu il, xx.xx.2000-xx.xx.2002ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda bildiririk ki, iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 9 ay 19 gün (xx.xx.1979 - xx.xx.1980-ci il, xx.xx.1980 - xx.xx.1982-ci il, xx.xx.1989 - xx.xx.1999-cu il, xx.xx.2002-ci il, xx.xx.2005 - xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 8 il 2 ay)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bugünə cəmi 17555,46 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. İddiaçının vəkili iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli xx.xx.1980-ci il tarixdə tərtib olunmuş əmək kitabçası; İddiaçıya məxsus PB № 043959 nömrəli xx.xx.1989-cu il tarixdə tərtib olunmuş diplom. Azərbaycan Respublikasının Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2023-cü il tarixli T-222 (E) nömrəli arxiv arayışı; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X5 Məşğulluq fialının xx.xx.2023-cü il tarixli 3-17-2/2-12325/2023 nömrəli məktubu; “X4” ASC-nin xx.xx.2023-cü il tarixli 424 və 425 nömrəli güzəştli arayışları; Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 196 nömrəli arxiv arayışı; Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş (Azərbaycan Respublikasının 1996-cı il 21 may tarixli 78-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir): Maddə 1. Sazişin 6 və 7-ci maddələrində nəzərdə tutulan hallardan başqa, Tərəflərin vətəndaşlarının, vətəndaşlığı olmayan şəxslərin, həmçinin onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində daimi yaşadıqları Tərəflərin vəsaiti hesabına və qanunvericiliyinə əsasən səlahiyyətli idarələri Tərəfindən həyata keçirilir. Maddə 3. Pensiya hüququnun, o cümlədən güzəştli şərtlərlə və xidmət illərinə görə pensiya hüququnun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının və ya Türkmənistanın ərazisində qazanılmış iş stajı, həmçinin keçmiş SSRİ tərkibinə daxil olan digər dövlətlərin ərazisində 1992-ci il yanvarın 1-nə qədər qazanılmış iş stajı da nəzərə alınır İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il iş stajı olmamışdır.Lakin həmin tarixdən sonra iddiaçı xx.xx.2018-ci il tarixədək əmək fəaliyyətini davam etdirmişdir.İddiaçının ümumilikdə iş stajı 34 il 11 ay 2 gün,güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işlədiyi müddət 17 il 7 ay 26 gün olmaqla aşağıdakı kimi hesablanmalıdır. xx.xx.1979 - xx.xx.1980-ci il, Ləki pambıq təmizləmə zavodunda 7 ay 23 gün; xx.xx.1980 - xx.xx.1980-ci il, Ağdaş rayon Nehrəxəlil kəndi “ Özbəkistan” kolxozunda 1 ay 21 gün (34x365:240=51 gün); xx.xx.1980 - xx.xx.1982-ci il, müddətli hərbi xidmət 2 il 5 gün; xx.xx.1983 - xx.xx.1983-cü il, Ağdaş rayon Nehrəxəlil kəndi “ Özbəkistan” kolxozunda 6 ay 24 gün; xx.xx.1984 - xx.xx.1989-cu il, Azərbaycan Neft-Kimya İnstitutunda ali təhsil müddəti;4 il 9 ay 28 gün xx.xx.1989- xx.xx.2002-ci il, “Azrezintexnika” zavodunda pozvari qayışlar sexində 12 il 6 ay 7 gün ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahıya əsasən 2110A010 koduna uyğun olaraq); xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2003- xx.xx.2003-cü il İşsizlik müavinəti aldığı ümumi 1 il ; xx.xx.2005- xx.xx.2013-cü il “X4” ASC-də 7-ci,9-cu dərəcə avadanlıqların təmiri üzrə usta, İdarə heyətinin sədri vəzifəsində,cəmi 8 il 6 ay 12 gün; xx.xx.2013- xx.xx.2018-ci il tarixinədək "xxxx" ASC-nin sədri vəzifəsinin icrası 4 il 8 ay 2 gün; Nəzərə alınmalıdır ki, formalaşmış məhkəmə təcrübəsi və iddiaçının fəaliyyət göstərdiyi müəssisənin xarakterinə əsasən məhkəmə hesab edir ki, iddiaçının yuxarıda qeyd edilən vəzifələrdə həyata keçirdiyi fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahıya əsasən 2110A010 kodunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Kimya istehsalatı bölməsinin 8.3.1ª bəndində nəzərdə tutulmuşdur. Odur ki, həmin müddət xüsusi iş stajı kimi nəzərə alınmalıdır. Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2022-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1962-ci ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. "Dövlət rüsumu haqqında" Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə,

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar