Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-808/2022 13.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, üçüncü şəxs X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı “21.05.2012-ci il tarixli, 77 saylı sərəncamın dəyişdirilərək X3 ilə yanaşı İddiaçı1 və İddiaçı2 adının həmin sərəncama daxil edilməsinin cavabdehin üzərinə qoyulması” barədə inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş “buraxılmış müddətin üzürlü hesab edilməsi haqqında” ərizəyə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq: müəyyən etdi: İddiaçı1 cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “21.05.2012-ci il tarixli, 77 saylı sərəncamın dəyişdirilərək X3 ilə yanaşı İddiaçı1 və İddiaçı2 adının həmin sərəncama daxil edilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin e-2-1(116)-808/2022 nömrəli, 18.04.2022-ci il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir. Məhkəmənin e-2-1(116)-808/2022 nömrəli, 18.04.2022-ci il tarixli qərardadı ilə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakı adi cəlb etmədən zəruri cəlb etməyə dəyişdirilmiş, həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı vəsatət təmin edilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya dinlənilmə hüququnun təmin edilməsi məqsədilə 02.02.2011-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, hazırkı iddia tələbi müddətlə bağlı mümkünlük şərtinə cavab vermir. Belə ki, iddia tələbi inzibati orqanın 21.05.2012-ci ildə qəbul edilmiş sərəncamını dəyişdirilməsi barədədir. Yəni hazırkı iddia İPM-nin 2.2.1-ci və 32-ci maddələri anlamında “mübahisələndirmə haqqında” iddiadır. İddiaçılar, məhkəməyə “buraxılmış müddətin üzürlü hesab edilməsi haqqında” ərizə təqdim etmişlər. Ərizə aşağıdakı kimi əsaslandırılmışdır: - İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 21.05.2012-ci il tarixli 77 saylı sərəncam qəbul etməsi ilə bağlı iddiaçıların məlumatı olmamışdır. Həmin sərəncam iddiaçılara aid olmadığı üçün onlara təqdim və elan edilməmişdir. Buna görə də onların 2020-ci ildə İsmayıllı rayon məhkəməsində işə baxılana qədər həmin sərəncam barədə heç bir məlumatları olmamışdır. Həmin sərəncamın mövcudluğu ilə bağlı ilk dəfə İsmayıllı rayon məhkəməsində işə baxılarkən məlumat almışlar. Həmin vaxt İsmayıllı rayon məhkəməsi onların iddiasını təmin edərək həmin sərəncam əsasında verilmiş çıxarışları tam şəkildə ləğv etmişdi. Bu səbəbdən də onlar həmin qətnamənin qüvvəyə minməsini gözləmişdirlər ki, sonra İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 21.05.2012-ci il tarixli 77 saylı sərəncamını mübahisələndirsinlər. Lakin, X1 şikayətləri nəticəsində məhkəmə aktı qüvvəyə minmədi. Sonda isə uzun məhkəmə prosseslərindən sonra qeyd edilən qətnamə 2021-ci ildə Şəki Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilərək yeni qətnamə qəbul edildi və iddia qismən təmin edildi. Həmçinin həmin vaxt Şəki Apellyasiya Məhkəməsi qətnamə çıxararkən bu məsələni həll etmədiyi üçün İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 21.05.2012-ci il tarixli 77 saylı sərəncamının ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı ayrıca iddia ilə məhkəməyə müraciət etməyi tövsiyyə edildi. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsini aldıqdan sonra, onlar İsmayıllı rayon İcra Hakimiyyətinə müraciət edərək 21.05.2012-ci il tarixli 77 saylı sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsini xahiş etmişlər. Lakin İsmayıllı rayon İcra Hakimiyyəti 15 oktyabr 2021- ci il tarixli məktubu ilə onlara həmin sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olan hüquq müəyyənedici sənədləri təqdim edildiyi təqdirdə həmin məsələyə baxıla biləcəyini bildirmişdir. Bundan sonra onlar təkrarən hazırkı iş üzrə bütün sənədlərin və məhkəmə aktlarının surətlərini əlavə etməklə yenidən İsmayıllı rayon İcra Hakimiyyətinə müraciət edərək 21.05.2012-ci il tarixli 77 saylı sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsini xahiş etmişlər. Lakin, təqdim edilən sənədlər və məhkəmə aktlarından onların da mübahisə predmeti olan torpaq sahəsi və evə hüquqlarının olmasının müəyyən edilməsinə baxmayaraq İsmayıllı rayon İcra Hakimiyyəti 21.05.2012-ci il tarixli 77 saylı sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsindən imtina etmişdir. Bundan sonra onlar pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmişlər. Göründüyü kimi İsmayıllı rayon məhkəməsində İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 21.05.2012-ci il tarixli 77 saylı sərəncamı ilə bağlı məlumat aldıqdan sonra onların həmin sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etməmələrinin səbəbi yekun məhkəmə aktının nəticəsini gözləmələri olmuşdur. Bundan sonrakı müddətdə isə həmin sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyətinə etdikləri müraciətə cavab almaq üçün gözlədikləri müddətdir. Çünki, onlar İsmayıllı rayon İcra Hakimiyyətinin bu məsələ ilə bağlı məhkəmə aktlarında müəyyən etdiyi halları nəzərə alacağını və ədalətli qərar qəbul edəcəyinə ümid etmişlər. Buna görə də hesab edirlər ki, yuxarıda qeyd edilən hallar onların İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 21.05.2012ci il tarixli 77 saylı sərəncamı haqqında məlumat aldıqdan sonra məhkəməyə müraciət etməmələri üçün üzürlü hal hesab edilməli və buraxılmış prosessual müddət bərpa edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq buraxılmış iddia müddətinin üzürlü hesab edilməsi haqqında qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddisçıların etibarnamə üzrə nümayəndəsi və vəkili ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, faktiki olaraq mübahisələndirilən sərəncamın məzmunundan məlumatlı olsa da, iş üzrə mülki qaydada müxtəlif məhkəmə instansiyalarında mübahisəyə baxıldığına görə onun müvafiq sərəncamı mübahisələndirmək imkanı olmamışdır. Belə ki, yuxarı instansiya məhkəmələri müvafiq sərəncamla bağlı inzibati mübahisəyə toxunmaya və mübahisənin qaldırılmış iddia çərçivəsində də həll edə bilərdilər. Buna görə də o, baxılan iş üzrə yekun məhkəmə aktının nəticəsini gözləməli olmuşdur. Cavabdeh orqan isə müraciətinə qədər həmin sərəncamı onlara təqdim etməmiş, məhkəmə iclaslarından kənar hər hansı digər formada mübahisələndirdikləri sərəncamdan məlumatları olmamışdır. Buna görə də hesab edir ki, əslində ümumiyyətlə həmin müddət ötürülməmişdir. Yalnız prossesual baxımdan həmin müddətin bərpa olunmasını xahiş edir. Üçüncü şəxs X3 məhkəmə iclasında izahat verərək ərizənin qanuna müvafiq qaydada həll edilməsini xahiş etdi. İşdə olan, İsmayıllı rayonu İHB-nın 21.05.2012-ci il tarixli 77 nömrəli sərəncamından görünür ki, İsmayıllı şəhəri K.Əhmədov küçəsində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa uyğun 0.07 ha həyətyanı torpaq sahəsində X2 məxsus tikinti altı sahəsi 135.58 kv.m, ümumi sahəsi 113.42 kv.m, yaşayış sahəsi 66.7 kv.m olan 1 mərtəbəli, kürsülü, 3 otaqlı fərdi yaşayış evinin istismar olunduğunu nəzərə alaraq müvafiq qaydada sənədləşdirilməsinə və kommunikasiya (elektrik, qaz, rabitə, su və kanalizasiya) xətlərinin qoşulmasına icazə verilmişdir. İşdə olan, İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(037)- 27/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar Qəribova (Hüseynova) Elmira Əfsər qızı, İddiaçı2, X7, X8 və X4 cavabdeh İsmayıllı rayon Notariat Ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışların ləğv edilməsi, torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin bərabər payda olmaqla bölünməsi tələbi qismən təmin edilərək, İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən X1 adına verilmiş 31 yanvar 2012-ci il tarixli 2V-1/18N nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv ediməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X1 adına verilmiş 20 aprel 2012-ci il tarixli MA seriyalı ******* nömrəli və 27 mart 2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların ləğv edilməsi qət edilmiş. Qətnamənin 5-cı səhifəsində (2-ci abzas) hazırkı iddia tələbində mübahisələndirilən sərəncamın məzmunu, tarixi və nömrəsi qeyd edilmişdir. İşdə olan, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.06.2020-ci il tarixli 2(107)-953/2020 nömrəli qətnaməsindən görünür ki, X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(037)-27/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin 6-cı səhifəsində (2-ci abzas) hazırkı iddia tələbində mübahisələndirilən sərəncamın məzmunu, tarixi və nömrəsi qeyd edilmişdir. İşdə olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.03.2021-ci il tarixli 2(102)-407/2021 nömrəli qərarında görünür ki, üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-953/2020 nömrəli iş üzrə qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qərarın 8-ci səhifəsində (3-cü abzas) hazırkı iddia tələbində mübahisələndirilən sərəncamın məzmunu, tarixi və nömrəsi qeyd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.06.2021-ci il tarixli 2(107)- 1099/2021 nömrəli qətnaməsindən görünür ki, X3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(037)- 27/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə yeni qətnamə çıxarılmışdır. İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən X1 adına verilmiş 31 yanvar 2012-ci il tarixli, 2V-1/18 N reyestr nömrəli Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında Şəhadətnamə ləğv edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20 aprel 2012-ci il tarixli, MA seriyalı ******* nömrəli Çıxarış tam və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 mart 2013-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarış qismən, yəni torpaq sahəsinə dair hissədə ləğv edilmiş, mübahisə predmeti olan - İsmayıllı şəhəri K.Əhmədov küçəsi 10 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi İddiaçı2, Qəribova (Hüseynova) Elmira Əfsər qızı və X1 arasında hər birinin payı 1/3 hissə olmaqla bölünmüş, iddia qalan hissədə rədd edilmişdir. Qətnamənin 5-ci və 8-səhifələrində hazırkı iddia tələbində mübahisələndirilən sərəncamın məzmunu, tarixi və nömrəsi qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, buraxılmış müddətin üzürlü hesab edilməsi ilə bağlı ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia tələbi inzibati orqanın 21.05.2012-ci il tarixli, 77 saylı sərəncamının dəyişdirilməsi barədədir. Yəni, iddia “mübahisələndirmə haqqında” iddiadır. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Dəyişdirilməsi tələb edilən inzibati akt 2012-ci ildə qəbul edilmişdir və iddianın müddətlər baxımından həllində 01 yanvar 2011-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin tələbləri rəhbər tutulmalıdır. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda hər bir halda maraqlı şəxsin hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. İş materialları ilə sübut olunur ki, hazırda mübahisələndirilən, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 21.05.2012-ci il tarixli, 77 saylı sərəncamından iddiaçıların, ilkin mübahisəyə İsmayıllı rayon Məhkəməsində baxılarkən məlumatları olmuşdur (iddiaçılar ərizələrində də bunu etiraf edirlər). Belə ki, 14.01.2020-ci il tarixdə qəbul edilmiş həmin qətnamədə işdə mövcud olan sübutlar sadalanarkən hazırkı iş üzrə dəyişdirilməsi tələb edilən sərəncamdan bəhs olunur. Müvafiq qətnamə apellyasiya qaydasında mübahisələndirilmişdir. Müəyyən edilir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.06.2020-ci il tarixli 2(107)-953/2020-ci il tarixli qətnaməsində də hazırkı iş üzrə dəyişdirilməsi tələb edilən sərəncam iş üzrə mövcud olan sübut qismində qeyd edilmişdir. Daha sonra mübahisəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və 18.03.2021-ci il tarixli 2(102)-407/2021 nömrəli qərarda bir daha müvafiq sərəncamdan ətraflı bəhs olunmuş, həmin sərəncamın mübahisəli tikili ilə bağlı verilməsi, məzmunu, tarixi və nömrəsi qeyd edilmişdir. Növbəti dəfə isə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında mübahisəyə baxılmış və 17.06.2021-ci il tarixdə qəbul edilmiş, 2(107)-1099/2021 nömrəli qərarda yenə də həmin sərəncamdan ətraflı bəhs olunaraq iddiaçılar məlumatlandırılmışlar. Müvafiq məhkəmə aktlarından görünür ki, iddiaçılar bütün məhkəmə proseslərində iştirak etmiş və mübahisənin mahiyyətindən, o cümlədən mübahisəli torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsindən ətraflı məlumatlı olmuşlar. Apellyasiya və kassasiya instansiyası məhkəmələri həmin fərdi yaşayış evinin miras kütləsinə aid olmamasını qeyd etməklə, həmin fərdi yaşayış evinin İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 21.05.2012-ci il tarixli, 77 saylı sərəncamı əsasında sənədləşdirildiyini dəfələrlə vurğulamışlar. Bu isə onu deməyə əsas verir ki, iddiaçıların ilkin olaraq İsmayıllı rayon Məhkəməsində iddia tələbinə baxılarkən 2020-ci ilin yanvar ayından müvafiq sərəncamdan və onun məzmunundan məlumatları olmuş (sonrakı məhkəmə aktlarında da (ən geci 2021-ci ilin iyun ayı) İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 21.05.2012-ci il tarixli, 77 saylı sərəncamının məzmununa dəfələrlə istinad olunmuşdur), lakin buna baxmayaraq iki il müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsinə əlavə olunmuş, iddiaçının cavabdehə müraciətinə və cavabdehin 21.12.2021-ci il tarixdə iddiaçıya təqdim etdiyi məktuba münasibətdə məhkəmə qeyd edir ki, müvafiq sənədlər iddiaçıların dəyişdirilməsini tələb etdikləri sərəncamın məzmunundan məlumatsız olması qənaətinə gəlmək üçün əsas vermir. Müvafiq müraciətə qədər iddiaçıların yuxarıda qeyd olunduğu kimi 21.05.2012-ci il tarixli, 77 saylı sərəncamdan məlumatlarının olması müəyyən edildiyindən, cavabdehin müvafiq məktubu 21.12.2021-ci il tarixdə iddiaçılara göndərməsi - 30 günlük iddia müddətinin həmin məktubun təqdim edildiyi gün əsas götürülməklə hesablanmasına səbəb olmur. Sənədin maraqlı şəxsə təqdim olunmasında qanunvericinin əsl məqsədi şəxsin, onun barəsində çıxarılmış inzibati aktın qəbul olunmasının faktiki və qanuni əsasları, eləcə də hüquqi müdafiə vasitələri barədə tam, dəqiq və dürüst məlumatın əldə edilməsindən ibarətdir... (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1909/2019 02.07.2019-cu il tarixli qərarında əks olunmuş hüquqi mövqe). Odur ki, Məhkəmə hesab edir ki, inzibati orqanın 21.05.2012-ci il tarixli, 77 saylı sərəncamının mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddəti ötürülmüşdür. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır. Prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qeyd olunan normalara əsasən, prosessual müddətlər buraxıldığı təqdirdə onların bərpa edilməsi imkanı nəzərdə tutulsa da, bunun üçün müddəti buraxmış şəxs müddətin onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş, o cümlədən, müddətin buraxılması təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmuşdur və bu hallar bilavasitə onun iradəsindən asılı olmamışdır. Lakin, ötən müddət ərzində iddiaçılar İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin buraxılmasının səbəblərinin təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına, habelə iddia müddətinin iddiaçının təqsiri olmadan buraxılmasına dair sübutlar təqdim etməmişlər. İddiaçılar tərəfindən təqdim edilmiş “buraxılmış müddətin üzürlü hesab edilməsi barədə” ərizədən görünür ki, iddiaçılar iddia müddətinin bərpa edilməsini xahiş etsələr də, əslində müddətin buraxılması ilə bağlı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmır və müddətin buraxılmasının üzürlü səbəbləri ilə bağlı heç bir sübut təqdim etmirlər. Məhkəmə iclasında izahat verərkən iddiaçının nümayəndəsi ərizə ilə eyni məzmunlu izahat verməklə iddia müddətini buraxmış hesab etmədiyini, yalnız prossesual baxımdan bərpa edilməsi üçün həmin ərizəni təqdim etdiyini bildirir. İddiaçılar, müddətin ötürülməsinə əsas olaraq müvafiq məhkəmə proseslərinin yekunlaşmasını gözlədiyini bildirsələr də, nəzərə alınmalıdır ki, iddiaçıların gözlədiklərini iddia etdikləri sonuncu məhkəmə prosesi 2021-ci ilin iyun ayında yekunlaşmışdır. Yəni, iddiaçılar, müvafiq məhkəmələrdə iddialara baxılmasını - müddətə əməl olunmasına mane olan hal kimi qeyd edirlərsə, onda ən azından hazırkı iddia tələbini sonuncu məhkəmə prosesindən 15 gün ərzində məhkəməyə təqdim etməli idilər. Halbuki müvafiq iddia ərizəsi sonuncu məhkəmə prosesindən 6 ay keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. Odur ki, məhkəmə “iddia müddətinin bərpası barədə” ərizədə qeyd olunmuş hüquqi məsələlərlə bağlı iddiaçının mövqeyini buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi üçün yetərli hesab etmir və hazırkı iddia tələbinin irəli sürülməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin iddiaçıların təqsiri üzündən buraxılması və müddətin bərpası üçün hər hansı üzürlü halın olmaması qənaətinə gəlir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 “buraxılmış müddətin üzürlü hesab edilməsi haqqında” ərizəsi təmin edilmir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı “21.05.2012-ci il tarixli, 77 saylı sərəncamın dəyişdirilərək X3 ilə yanaşı İddiaçı1 və İddiaçı2 adının həmin sərəncama daxil edilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-808/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-808/2022
13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver