Məhkəmə qərarları › İş №e-2-1(116)-824/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-824/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-824/2021 12.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialına qarşı “cavabdehin 12.03.2021-ci il tarixli **********6 nömrəli artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarının ləğv olunması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 12.03.2021-ci il tarixli **********6 nömrəli artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarının ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya AR ƏƏSMN Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 25.06.2018-ci il tarixdə ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli əlillik təyin edilmişdir. Daha sonra bir müddət əlillik dayandırılmış, lakin yenidən qiymətləndirmə zamanı 04.03.2020-ci il tarixdən, yenidən 5 illik müddətə iddiaçıya üçüncü dərəcəli əlillik təyin olunmuşdur. 2021-ci ilin mart ayından etibarən iddiaçıya təyin olunmuş pensiya dayandırılmışdır. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, ilk öncə ona daxili araşdırma aparıldığı bildirilmiş, sonra isə təyin olunmuş əlilliyin etibarsız hesab olunduğu bildirilmişdir. İddiaçı bunun səbəbini araşdırdığı zaman müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən 12.03.2021-ci il tarixli **********6 №-li qərar qəbul edilmiş və həmin qərar əsasında iddiaçıdan 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixə və 01.04.2020-ci il tarixdən 30.06.2020-ci ilə qədər 10.125,89 manat artıq ödənilmiş pensiya məbləğinin 10 gün müddətində cavabdehə ödənilməsi qərara alınmışdır. Aşağıdakı əsaslara görə iddiaçı hesab edir ki, cavabdehin qəbul etdiyi qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Mübahisə predmeti olan qərara nəzər yetirdikdə aydın olur ki, həmin qərar cavabdehin iddia etdiyi kimi artıq ödənilmiş pensiyanın geri tələb olunması ilə bağlıdır. Lakin artıq ödənilmiş pensiyanın geri tələb edilməsi qaydası “İnzibati icraat haqqında” AR Qanunu ilə deyil, “Əmək pensiyaları haqqında” AR Qanunu ilə tənzimlənir. Həmin Qanunun 39-cu maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısının ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasının əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Cavabdeh inzibati orqan asan yola baş vuraraq özü inzibati qaydada qərarla məsələni həll etmək istəmişdir. Cavabdehin 07.06.2021-ci il tarixli **********8 nömrəli etirazında qeyd edilmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, Fondun Qəbələ rayon şöbəsinin 06.07.2018-ci il tarixli 147 nömrəli qərarı əsasında iddiaçıya 25.06.2018-ci il tarixdən 30.06.2023-cü il tarixədək 639,28 manat məbləğində İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin şöbənin İddiaçı ünvanlanan 01.11.2019-cu il tarixli **********8 nömrəli məktubunda bildirilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən onun əlilliyinin etibarsız olmasına dair TSERAS-da məlumat yerləşdirilmişdir. Həmin məlumata əsasən, İddiaçı əlilliyinin qeyriqanuni olduğu müəyyən edilmiş və ona pensiyanın ödənilməsi 01 iyul 2019-cu il tarixdən dayandırılmışdır. Pensiyanın təyin olunduğu 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək ümumilikdə əsassız olaraq 7.914,30 manat məbləğdə vəsait ödənilmişdir. İddiaçı 04.03.2020-ci il tarixdə yenidən müayinədən keçmiş və ona 5 illik müddətə, yəni 04.03.2025-ci il tarixədək İİİ dərəcə əlillik təyin olunmuşdur. Fondun Qəbələ rayon şöbəsinin sərəncamı əsasında 04.03.2020-ci il tarixdən pensiyanın aylıq məbləği 712,67 manat müəyyən edilməklə həmin məbləğdən ayda 142,53 manatla tutulma aparılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə uyğun olaraq artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Sözügedən Qanunun 39.2-ci maddəsinə əsasən bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, əmək pensiyaçısına ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz. Eyni zamanda Qanunun 39.4-cü maddəsinin tələbinə uyğun olaraq borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. N.Ə.X2 rayon şöbəsinə ünvanladığı 14.04.2020-ci il tarixli ərizəsində 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək olan dövrdə əsassız olaraq aldığı 7.914,30 manat pensiya məbləğini hər ay ödənilməli olan əlilliyə görə əmək pensiyası məbləğindən 20% hesabı ilə hissə-hissə tutulmasını xahiş etmişdir. Fondun 14 saylı regional ərazi filialının 12.03.2021-ci il tarixli **********6 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” qərarına əsasən müəyyən edilmişdir ki, İddiaçı 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək və 01.04.2020-ci il tarixdən 30.06.2020-ci il tarixədək olmaqla, ümumilikdə 10.125,89 manat məbləğində İİİ dərəcə əlilliyə görə əmək pensiyası artıq ödənilmişdir. Belə ki, AR ƏƏSMN Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı 25.06.2018-ci il tarixdə və 04.03.2020-ci il tarixdə təyin edilmiş əlillik dərəcəsinin etibarsız olması barədə TSERAS-da məlumat yerləşdirildiyindən təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. İddiaçı təyin olunmuş əlillik təyin olunduğu tarixdən etibarsız hesab olunduğundan, pensiya alt sisteminin təqdim etdiyi məlumatlara əsasən 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək və 01.04.2020-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövr üzrə heç bir əsas olmadan ödənilmiş 10.125,89 manat məbləğin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İnzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Beləliklə, filial İddiaçı 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək və 01.04.2020-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövr üzrə heç bir əsas olmadan ödənilmiş 10.125,89 manat məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdehin müvafiq qərarı qanunauyğun olmuşdur. İddiaçı, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkilinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili məhkəmənin elektron sisteminə şəxsi kabinet vasitəsilə daxil etdiyi ərizəsində onların iştirakı olmadan işə baxıb iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkilinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etirazına uyğun izahat vermiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 38.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı mübahisələndirilən qərarı aldıqdan sonra onun nümayəndəsi və vəkili 19.04.2021-ci il tarixdə məhkəmənin elektron sisteminə iddia ərizəsini daxil etmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin 06.07.2018-ci il tarixli, 147 nömrəli qərarından görünür ki, həmin qərarla iddiaçıya 3-cü qrup əlilliyə görə 25.06.2018-ci il tarixdən 30.06.2023-cü il tarixədək 639,28 manat pensiya təyin edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin iddiaçıya ünvanladığı 01.11.2019-cu il tarixli, **********8 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfındən iddiaçının əlilliyinin etibarsız edilməsinə dair Tibbi-Sosial Ekspertiza və X1 (TSERAS) məlumat yerləşdirilmişdir. Həmin məlumata əsasən, iddiaçının əlilliyinin qeyri-qanuni olduğu müəyyən edilmiş və ona pensiyanın ödənilməsi 01 iyul 2019-cu il tarixdən dayandırılmışdır. Pensiyanın təyin olunduğu 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək ona ümumilikdə qanunsuz olaraq 7.914,30 manat (yeddi min doqquz yüz on dörd manat otuz qəbik) məbləğində vasait ödənilmişdir. Qeyd olunan vəsaitin qısa müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi iddiaçıdan xahiş olunmuşdur. İşə cavabdeh tərəfindən təqdim edilmiş Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin 04.03.2020-ci il tarixli, 147 nömrəli qərarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya təkrarən 04.03.2020-ci il tarixdən 04.03.2025-ci il tarixədək 712,67 manat məbləğdə pensiya təyin edilmişdir. Daha sonra iddiaçının Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə ünvanladığı 14.04.2020-ci il tarixli ərizədə o, 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək olan dövrdə qanunsuz aldığı 7.914,30 manat pensiya məbləğini hər ay ona ödənilməli olan əlilliyə görə pensiya məbləğindən 20 faiz hesabı ilə hissə-hissə tutulmasını xahiş etmişdir. İş materiallarında olan iddiaçının pensiya işinə əlavə edilmiş cavabdehin sərəncamına əsasən müəyyən edilmişdir ki, həmin sərəncamla iddiaçıya 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək artıq ödənilmiş 7.914,30 manat məbləğin pensiyadan tutularaq bərpa edilməsi, 04.03.2020-ci il tarixdən pensiyanın aylıq məbləği 712,67 manat müəyyən edilməklə həmin məbləğdən ayda 142,53 manat tutulma aparılması üçün göstəriş verilmişdir. Göründüyü kimi, iddiaçı artıq ilk dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyinin etibarsız edilməsinə dair Tibbi-Sosial Ekspertiza və X1 (TSERAS) məlumat yerləşdirilməsindən sonra cavabdehə ərizə təqdim etməklə, faktiki olaraq 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək ona ödənilmiş 7.914,30 manat məbləğdə pensiyanın əsassız olmasını və qanunsuz şəkildə ödənilməsini qəbul etmiş, öz aktiv hərəkətləri ilə ərizə təqdim edərək, ona yenidən təyin olunmuş əmək pensiyasından müvafiq tutmaların aparılmasına razılıq verməklə cavabdehin hərəkətlərinin qanuniliyini qəbul etmişdir. X5-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı 12.03.2021-ci il tarixli **********6 nömrəli məktubunda qeyd edilir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfındən iddiaçının əlilliyinin etibarsız edilməsinə dair Tibbi-Sosial Ekspertiza və X1 (TSERAS) məlumat yerləşdirilmişdir. Həmin məlumata əsasən, iddiaçının əlilliyinin qeyri-qanuni olduğu müəyyən edilmiş və ona pensiyanın ödənilməsi 01 iyul 2020-ci il tarixdən dayandırılmışdır. Pensiyanın təyin olunduğu 25.06.2021-ci il tarixdən 30.06.2020-ci il tarixədək ona ümumilikdə qanunsuz olaraq 10.125,89 manat məbləğdə vasait ödənilmişdir. Cavabdehin iddiaçıya münasibətdə qəbul etdiyi artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında 12.03.2021-ci il tarixli **********6 nömrəli qərarından görünür ki, həmin qərarla xx.xx.1978-ci il tarixdə Qabələ rayonunda anadan olmuş Qəbələ rayon Nohurqışlaq kandi ünvanında yaşayan (qeydiyyatda olan) borclu İddiaçı 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixə və 01.04.2020-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövr üzrə artıq ödənilmiş cəmi 10.125,89 manat məbləğdə əmək pensiyasının tələb edilərək 10 gün müddətində Qəbələ şəhər Z.Əliyeva-8 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialının qeyd olunmuş bank hesabına ödənilməsi qərara alınmışdır. Göründüyü kimi, həmin məbləğin bir qismini faktiki olaraq iddiaçının əsassız ödənilməsinə razılığının ifadə olunduğu 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək olan dövr üçün ödənilmiş məbləğ təşkil edir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanunauyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 4.5.7-ci bəndinə əsasən, Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək İdarə Heyətinin vəzifələrinə aid edilmişdir. X4 23 noyabr 2020-ci il tarixli, **********2 nömrəli qərarı ilə Fondun 14 saylı regional ərazi filialının əsasnaməsi təsdiq olunmuşdur. Hazırkı mübahisəyə münasibətdə inzibati aktla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-İİQ nömrəli Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi. Forma – inzibati akt qəbul etməyə yönəlmiş iradənin xarici (maddi) aləmə ünvanlanmış ifadə üsuludur. Bir qayda olaraq inzibati aktlar yazılı formada olmalı və müəyyən edilmiş üsul qaydalarına riayət etməklə qəbul edilməlidirlər. Bu tələb, inzibati aktlara münasibətdə forma sərbəstliyi prinsipinin olmamasından irəli gəlir. Bununla yanaşı, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan (başa düşülən) formada qəbul edilə bilər. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər (“İnzibati icraat haqqında” Qanunun 57.1, 57.3, 57.5-ci maddələri). Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 1) borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 2) pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 3)inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. "İcra haqqında" Qanunun 6.1.8-ci maddəsinə görə isə, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında göstərilir ki, "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında" Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra özünəməxsus səciyyəvi xüsusiyyətlər mövcuddur və bu hal, onların özəl hüquqi təbiətini Konstitusiyada təsbit olunmuş digər şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlardan fərqləndirir. Sosial təminat hüququnun xüsusi hüquqi təbiəti isə ilk növbədə ondan irəli gəlir ki, Konstitusiyada eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Qeyd olunan xüsusiyyət, həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir. Hər nə qədər sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından birbaşa asılı olsa da, dövlətin ən azı minimum səviyyədə bu hüquqları təmin etmək vəzifəsi də var. Bundan başqa, dövlət büdcə sabitliyinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunması maraqlarından çıxış etməklə özünün bu pozitiv öhdəliklərinin yerinə yetirilməsində müəyyən mülahizə səlahiyyətinə malik olmaqla yanaşı, həm də həmin səlahiyyətlərini hüquqi dövlətin hamılıqda qəbul edilmiş prinsiplərinə uyğun həyata keçirmək öhdəliyi daşıyır. Məhz bu sosial hüquqların həyata keçirilməsi dövlətin müstəsna səlahiyyətlərinə aid edilsə də, hər hansı şəxs və ya şəxslər qrupu tərəfindən belə sosial hüquqların həyata keçirilməsi prosesində sui-istifadələrə yol verməsi, dövlətin sosial funksiyasının həyata keçirilməsinə böyük zərbə və sosial balansın pozulmasına yönəlik addım kimi qiymətləndirilməlidir. İddiaçı öz tələbini əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respblikası Qanunun 39.1-ci maddəsinə istinad edərək, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin, əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulması imkanı ilə əsaslandırmağa çalışsa da, məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə mübahisə predmetinə nəzərən faktiki olaraq artıq ödəmənin deyil, məhz qanunla yol verilməyən qaydada təyin edilmiş və həyata keçirilmiş ödənişlərin geri qaytarılması tələb olunur ki, bu da maraqlı şəxs, yəni iddiaçı tərəfindən etimadın qorunması hüququna istinad olunma imkanını istisna edir. Göstərilən mövqedən çıxış edən məhkəmə qeyd edir ki, hər-hansı şəxsə əsassız olaraq ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ, bu hüququn həyata keçirilməsi prosesində ödənişlərin məhz həmin cavabdeh tərəfindən həyata keçirilməsi nəzərə alınmaqla, onun özü tərəfindən də həll edilməlidir. Elə bu səbəbdəndir ki, cavabdeh göstərilən məbləğin iddiaçıdan tutulmasına dair qərar qəbul etmişdir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Azərbaycan respublikasının Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, inzibati orqanın mübahisəli qərarı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə, inzibati praktikaya və inzibati orqanın güddüyü məqsədlərə uyğun və mütənasib olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; 69.5-ci maddəsinə görə məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir; 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialına qarşı “cavabdehin 12.03.2021-ci il tarixli **********6 nömrəli artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarının ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar