Məhkəmə qərarları › İş №e-2-1(116)-849/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-849/2023

30.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-849/2023 30.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "Cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 1043,69 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5000 manat məbləğində siyahıya alınmış daşınmaz əmlakın (Balakən şəhəri, H.Əliyev prospekti 66 ünvanında yerləşən və xüsusi mülkiyyət formasında müvafiq Çıxarış əsasında cavabdehə məxsus, 5000 manat dəyərində ticarət cərgəsində yerləşən 146 nömrəli ticarət obyektinin) hərrac vasitəsilə satılması" tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 1043,69 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5000 manat məbləğində siyahıya alınmış daşınmaz əmlakın (Balakən şəhəri, H.Əliyev prospekti 66 ünvanında yerləşən və xüsusi mülkiyyət formasında müvafiq Çıxarış əsasında cavabdehə məxsus, 5000 manat dəyərində ticarət cərgəsində yerləşən 146 nömrəli ticarət obyektinin) hərrac vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən müəyyən edilir ki, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müdətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 1043.69 manat borcuna görə 5000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********5 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 1043.69 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.İddiaçı işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. - İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. - “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli protokola əlavədən görünür ki, cavabdehə məxsus (Balakən şəhəri, H.Əliyev prospekti 66 ünvanında yerləşən və xüsusi mülkiyyət formasında müvafiq Çıxarış əsasında cavabdehə məxsus, 5000 manat dəyərində ticarət cərgəsində yerləşən 146 nömrəli ticarət obyektinin) əmlak iddiaçı tərəfindən siyahıya alınmışdır. - “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak saxlanılması üçün cavabdehə təhvil verilmişdir. - “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh ( VÖEN **********) Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. - MA seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Balakən şəhəri, H.Əliyev prospekti 66 ünvanında yerləşən 146 nömrəli ticarət obyekti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. Əsaslandırma hissəsi Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra VM) 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. VM-nin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. VM-nin 89.6-ci maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. VM-nin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İPM-in : 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarına əsasən vergi orqanı əməkdaşı fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının işin hallarına tətbiq edərək iddia tələbinin təmin oluna bilməyəcəyini qeyd edir.Belə ki,Vergi Məcəlləsinin 89.6cı maddəsində vergi orqanı tərəfindən əmlakın siyahıya alınmasının həmin Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla ardıcıllığı müəyyən edilmişdir. Qeyd olunan müdəalara əsasəm yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. İddiaçı tərəfindən siyahıya alınmış əmlakla yaranmış borc arasında mütənasiblik təmin edilməmiş,həmçinin VM-nin 89.6-ci maddəsində göstərilən normalardan kənara çıxılması əsaslandırılmamışdır.Belə ki,bütövlükdə daşınmaz əmlak siyahıya alınmış,lakin həmin əmlakın içərisində yaranmış borca adekvat əmlakın olub-olmaması məsələsi araşdırılmamışdır.Odur ki,yuxarıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,iddia təmin olunmalı deyildir. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "Cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 1043,69 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5000 manat məbləğində siyahıya alınmış daşınmaz əmlakın (Balakən şəhəri, H.Əliyev prospekti 66 ünvanında yerləşən və xüsusi mülkiyyət formasında müvafiq Çıxarış əsasında cavabdehə məxsus, 5000 manat dəyərində ticarət cərgəsində yerləşən 146 nömrəli ticarət obyektinin) hərrac vasitəsilə satılması" tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar