Məhkəmə qərarları › İş №e-2-1(116)-989/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-989/2022

18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-989/2022 18.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsində mövcud olan 128.773,83 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin AR-nın CPMnin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsində mövcud olan 128.773,83 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, cəmiyyətin xx.xx.2022-ci il tarixə vergi borcu aşağıdakı kimidir:

1. vergi borcu: 342.10 manat;

2. faiz borcu: 12.501,60 manat;

3. AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi: 128.773,83 manat. Göründüyü kimi, cəmiyyətin xx.xx.2022-ci il tarixə ödənilməmiş vergi borcu 128.773,83 manat təşkil edir. Bildirilir ki, qeyd olunan 128.773,83 manat vergi borcu kameral vergi yoxlaması nəticəsində 2016-cı ilin iyun ayı üzrə hesablanmış 160.565,95 manat ƏDV məbləğinin ödənilməmiş hissəsidir. Qeyd etmək lazımdır ki, şəxsi hesab vərəqəsində mövcud olan 128.773,83 manat vergi borcunun tələbetmə müddəti bitmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: - bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda (93.1.1.); - bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə (93.1.2); - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə (93.1.3) Göründüyü kimi, hər hansı vergi növü üzrə hesablanmış vergi məbləği və faiz, tətbiq edilmiş maliyyə sanksiyası hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutula bilər, bununla bağlı qanunla müəyyən edilmiş məcburiyyət tədbirləri həyata keçirilə bilər. 5 illik müddət bitdikdən sonra isə hesablanmış vergi, faiz borcu və tətbiq edilmiş maliyyə sanksiyası üzrə qalıq borc ümidsiz borc qismində silinməlidir. Göstərilənlərə əsasən qeyd etməliyik ki, 2016-cı ilin iyun ayı üzrə hesabat dövrü xx.xx.2016-cı il tarixdə, 5 illik müddət xx.xx.2021-ci il tarixdə bitmişdir ki, bu da həmin hesabat dövrü üzrə qalıq borcun ümidsiz borc kimi silinməli olduğunu göstərir. Hazırkı işin hallarından göründüyü kimi, cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə ümumilikdə 128.773,83 manat borc üzrə tələbetmə müddəti xx.xx.2021-ci il tarxdə bitdiyindən silinməli idi. İddiaçı tərəf borcun silinməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********369600 nömrəli etiraz məktubudna qeyd etmişdir ki, vergi ödəyicisi İddiaçı tərəfindən külli miqdar təşkil edən 166.759,45 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə ********* nömrəli cinayət işi başlanılaraq istintaqı aparılır. Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi mülki iddiaçı, həmin baş idarənin Hüquq şöbəsinin baş hüquqşünası X2 isə mülki iddiaçının nümayəndəsi kimi tanınmışdır. İddiaçının ümidsiz borc qismində silinməsini tələb etdiyi 128.773,83 manat mülki iddia məbləği olduğundan həmin məbləğin Vergi Məcəlləsinin 85.4 və 93.1-ci maddələrinə əsasən ümidsiz borc kimi silinməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən "xxxx" MMC xx.xx.2015-ci ildə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə araşdırması ilə iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mülki iddiaçı və onun nümayəndəsi qismində tanınmaq haqqında qərara əsasən müəyyən olunmuşdur ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin istintaq şöbəsinin böyük müstəntiqi tərəfindən qəbul edilmiş qərar əsasında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas fakt əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olan material olmuşdur. Cinayət işi üzrə icraat 05 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və dayandırılmış icraat 14 sentyabr 2021-ci il tarixdə təzələnmişdir. 04 oktyabr 2021-ci il tarixdə cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş İdarənin istintaq və təhqiqat idarəsinə həvalə edildiyindən cinayət işi icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. Həmin cinayət işinə direktoru eyni şəxs - X3 olan ‘'Səma-7’’ MMC-də (VÖEN: **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2016-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə başlanılmış ********* №-li, "xxxx" MMC-də (VÖEN:**********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə başlanılmış ********* №-li, "Caspian ENK” MMC-də (VÖEN: **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə başlanılmış ********* №-li, "xxxx" MMC-də (VÖEN: **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 213.2.2- ci maddəsi ilə başlanılmış ********* №-li, “X7” MMC-də (VÖEN: **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə başlanılmış ********* №-li və "X4" MMC-də (VÖEN **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə başlanılmış ********* №-li, "xxxx" MMC-də (VÖEN: **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının CM-in 213.2.2-cimaddəsi ilə başlanılmış ********* nömrəli cinayət işləri birləşdirilərək, ibtidai istintaq 21970074 nömrə altında davam etdirilir. İstintaq zamanı qeyd olunmuş cəmiyyətlərdə kameral vergi yoxlaması ilə, həmçinin səyyar vergi yoxlaması ilə vergiləri hesablamış və borc aktlarını tərtib etmiş müfəttişlər, cəmiyyətlərin əməliyyatlar apardığı müəssisələrin vəzifəli şəxsləri, cəmiyyətlərin cari hesablarının olduğu bankların əməkdaşları, müxtəlif dövrlərdə cəmiyyətin direktorları olmuş şəxslər şahid qismində dindirilmiş, cəmiyyətlərin cari hesablarının olduğu banklardan bank sənədləri götürülmüş, məhkəmə-mühasibat ekspertizaları təyin edilərək müvafiq rəylər alınmış və sair istintaq hərəkətləri yerinə yetirilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, azərbaycanlı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan X3 "xxxx" (VÖEN: **********), “Nigar Tikinti" (VÖEN: **********) və “Oktavia Group" (**********) Məhdud Məsuliyyətli Cəmiyyətlərinin (MMC) fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən həmin cəmiyyətlərin nizamnamələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirilmiş, bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 72, 77, 78.1, 82, 104.1, 105.1, 130, 130.2, 154, 155, 159.1, 159.4, 175 və 177-ci maddələrinin tələblərini pozaraq, qeyd olunan cəmiyyətlərin adından qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə təqdim etməməklə və təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, vahid niyyətlə ümumilikdə xüsusi ilə külli miqdar təşkil edən 786.665,84 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. xx.xx.2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə 11 saylı Ərazi Vergilər Baş İdarəsi mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə qanunvericiliyin aşağıda sadalanan normalarına əsasən iddia tələbinin əsassız olduğunu qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 1.4-cu maddəsinə əsasən Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.1-ci maddəsinə müvafiq olaraq vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (Vergi Məcəlləsinin 23.1.6 – 23.1.8-ci maddələri). Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Bu məhdudlaşdırma isə qanunvericilikdə birbaşa olaraq vergi orqanlarının hərəkətsizliyinin hüquqi nəticəsi kimi ifadə olunmaqdadır. İşin hallarından da göründüyü kimi, iddiaçıya münasibətdə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, başlanmış cinayət təqibi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, “təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda” əsası ilə dayandırılmış, yalnız xx.xx.2021-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. xx.xx.2022-ci il tarixli qərarla isə 11 saylı Ərazi Vergilər Baş İdarəsi mülki iddiaçı qismində tanınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2016-cı ildə bitdiyini iddia etdiyi hesabat dövrünə münasibətdə cavabdeh tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, əksinə cinayət təqibinin başlanmasına əsas qismində çıxış etmiş vergi borcunun tutulması istiqamətində müvafiq tədbirlər görülmüş, cinayət işi başlanılmış və cinayət təqibi üzrə icraat dayandırılmışdır ki, bu isə öz növbəsində prosessual müddətlərin axımının dayanmasına səbəb olmuşdur. Azərbaycan Respublikası CPM-in 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı ona münasibətdə AR CM-in 213.2.2-ci maddəsi ilə başlanmış külli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayəti üzrə vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını inzibati mühakimə icraatında tələb etməklə dolayısı ilə son nəticədə belə bir borcun olmamasına əsaslanaraq cinayət təqibi üzrə icraata xitam verilməsinə nail olmağa çalışmaqdadır. Qanunvericilik normalarının qarşılıqlı təhlili bizə onu deməyə imkan verir ki, qanunverici məhz xeyli miqdarda (bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma halını kriminallaşdırmaqla bu növ cinayətlərin ictimai təhlükəli xarakterini qabartmışdır. Azərbaycan Respublikası CM-in 99-4.1-ci maddəsinə əsasən hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və Məcəllənin 99-4.1.1—99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir. Cinayət təqibi üzrə icraat isə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən olunmaması əsası ilə dayandırılmışdır. Bununla yanaşı vergi qanunvericiliyi ilə təsbit edilmiş 5 illik müddətin keçməsi yalnız o zaman müzakirə obyekti ola bilərdi ki, vergi orqanı qanunvericiliklə üzərinə düşən vəzifələri icra etmək iqtidarında olduğu halda, bu borcun tutularaq dövlət büdcəsinə ödənilməsi üçün heç bir tədbir görmədən hərəkətsizlik nümayiş etdirmiş olsun. İndiki halda isə vergi orqanı borcun tutulması üçün qanunamüvafiq tədbirlər görmüş, cinayət işi başlanmasına nail olmuş, iddiaçının iddia etdiyi 5 illik müddət keçməmiş cinayət təqibi üzrə icraatı dayandırmış və hazırkı iş üzrə cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsini üçüncü şəxs qismində cəlb etməklə öz üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Odur ki, borcun şəxsi hesab vərəqəsindən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsinə keçirilməsi borcun silinməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 72.1-ci maddəsinə görə, bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir; 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlrdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidir. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir; 85.4-cü maddəsinə görə, Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir; 85.5-1-ci maddəsinə görə bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Beləliklə məhkəmə hesab edir ki, bu kimi halların mövcud qanunvericilikdə təsbit olunmuş şəkildə hərfi mənada qəbul edilərək mübahisəyə tətbiq edilməsi birmənalı olaraq dövlətin büdcə siyasətinə zidd olmaqla yanaşı, iqtisadi faəliyyət sahəsində törədilən vergi cinayətlərinə görə məsuliyyətdən boyun qaçırmaq məqsədi daşımaqla, konstitusion vəzifələrin yerinə yetirilməsindən yayınmaya səbəb olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələblərin təmin edilməsi vergi qanunvericiliyinin istinad olunan normalarının pozulmasına gətirib çıxaracağından, iddiaçının hazırkı iddia tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsində mövcud olan 128.773,83 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar