Məhkəmə qərarları › İş №e-2-1(116)-990/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-990/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-990/2022 14.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin “AR-nin CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə mövcud olan 82432.10 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “AR-nin CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə mövcud olan 82432.10 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, cavabdeh orqana müraciət edərək 82432.10 manat vergi borcunun (kameral vergi yoxlaması nəticəsində 2016-cı ilin iyun ayı üzrə hesablanmış 43892.78 manat ƏDV-nin və 2016-cı ilin 3-cü rübü üzrə hesablanmış 34701.2 cari vergi məbləğinin ödənilməmiş hissəsi) ümidsiz borc kimi silinməsini xahiş etmiş, tələbini qeyd olunan vergi borcunun tələbetmə müddətinin bitməsi ilə əsaslandırmışdır. Lakin, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, dövlət büdcəsinə vergilər üzrə borcların tərkibində ödəmə müddəti bitmiş və silinməli olan borc olmadığını bildirmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, 2016-cı ilin iyun ayı üzrə hesabat dövrü xx.xx.2016-cı il tarixdə, 5 illik müddət xx.xx.2021ci il tarixdə, 2016-cı ilin 3-cü rübünün cari vergi ödəməsi üzrə hesabat dövrü xx.xx.2016-cı il tarixdə 5 illik müddət isə xx.xx.2021-ci il tarixdə bitmişdir. Bu da həmin hesabat dövrü üzrə qalıq borcun ümidsiz borc kimi silinməli olduğunu göstərir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, vergi ödəyicisi İddiaçı tərəfindən külli miqdarda təşkil edən 161411.56 manat məbləğində vergilərin dövlət büdcəsindən ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə ********* №-li cinayət işi başlanılaraq istintaqı aparılır. Hazırda həmin cinayət işi ********* №-li cinayət işinə birləşdirilərək istintaqı davam etdirilir. İddiaçının ümidsiz borc kimi silinməsini tələb etdiyi məbləğ sözügedən cinayət işi üzrə mülki iddia məbləği olduğundan həmin məbləğin Vergi Məcəlləsinin 85.4 və 93.1-ci maddələrinə əsasən ümidsiz borc kimi silinməsi mümkün deyildir. Ümumilikdə isə xx.xx.2022-ci il tarixə İddiaçı-yə məxsus şəxsi hesab vərəqəsinin “AR-nin CPM-in 53.1.3cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə göstərilməli olan məbləğ 82432.10+6358.47=88790,57 manat təşkil edir İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - "xxxx" MMC-nin şəxsi hesab vərəqindən görünür ki, AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işi üzrə tələbetmə müddəti keçmiş borc vərəqisində qalıq 82432.10 manat qeyd edilmişdir. - Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi ev 80, mənzil 46-dır. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - 18.012022-ci il tarixli “mülki iddiaçı və onun nümayəndəsi qismində tanınmaq haqqında” vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin istintaq və təhqiqat idarəsinin qərarından görünür ki, ********* №-li cinayət işi üzrə 11 saylı Ərazi Vergilər Baş İdarəsi mülki iddiaçı kimi, həmin Baş İdarənin hüquq şöbəsinin baş X1 mülki iddiaçının nümayəndəsi kimi tanınmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə uyğun olaraq vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 93.1-ci maddəsinə müvafiq olaraq vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Bundan əlavə «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 30 dekabr 2016-cı il tarixli 474-VQ nömrəli Qanununa 1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.1-ci maddəsinə əsasən hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Həmin Məcəllənin 85.2-ci maddəsinə müvafiq olaraq vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. Həmin Məcəllənin 85.3-cü maddəsinə görə, vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» 12 yanvar 2011-ci il tarixli qərarına əsasən, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir… Vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (Vergi Məcəlləsinin 23.1.6 – 23.1.8-ci maddələri). Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Vergi orqanları Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Başqa sözlə, qanunverici yalnız bir halda – vergi orqanı 5 illik müddət ərzində ona verilmiş hüquqlardan istifadə edərək borcun ödənilməsi istiqamətində tədbir görmədikdə, həmin borcun ümidsiz borc kimi silinməsini nəzərdə tutur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ümumilikdə ümidsiz borc kimi silinməsi tələb edilən 82432.10 manat vergi borcuna münasibətdə 5 illik müddət xx.xx.2021-ci il tarixdə bitmişdir. Buna baxmayaraq, cavabdeh orqan həmin məbləğin heç bir hüquqi əsas olmadan silinməsindən imtina etmiş və mövqeyini İddiaçı tərəfindən külli miqdarda təşkil edən 161411.56 manat məbləğində vergilərin dövlət büdcəsindən ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə başlanmış cinayət işinin ********* №-li cinayət işinə birləşdirilərək istintaqının davam etdirilməsi və həmin məbləğin sözügedən cinayət işi üzrə mülki iddia məbləği olması ilə əsaslandırmışdır. Məhkəmə cavabdeh orqanın həmin dəlilini əsassız hesab edir. Belə ki, mübahisələndirilən borc məbləğinin cinayət işinin predmeti olduğundan ümidsiz borc kimi silinə bilməməsi ilə bağlı qanunvericilikdə qadağa və hər hansı istisna nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 93.1-ci maddəsində ümidsiz borcların vergi orqanları tərəfindən hansı hallarda silinməli olması imperativ qaydada müəyyən edilmişdir. Hətta sözügedən borcun zamanında tutulması məsələsini cavabdeh Vergi Məcəlləsinin 89, 90-cı maddələrinin tələbləri çərçivəsində də həll etmək imkanına malik olsa da, bunu etməmişdir, yəni, iddiaçının bu istiqamətdə hər hansı bir hərəkətləri cavabdehin vergi qanunvericiliyinin müddəalarına riayət etməklə adıçəkilən borcun zamanında tutulmasını məhdudlaşdıra bilməzdi. Bununla yanaşı xüsusi olaraq qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş məlum 12 yanvar 2011-ci il tarixli qərarında göstərdiyi hüquqi mövqeyi də, şübhəsiz ki, nəzərə alınaraq 2020-ci ilin 01 yanvar tarixindən Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə qanunla məhkəmə aktının olduğu halda belə, tələb edilməsi vaxtı keçmiş vergi borcunun ümidsiz borc sayıla bilməsi barədə 29 noyabr 2019cu il tarixli 1704-VQD nömrəli Qanunla dəyişiklik edilmişdir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 669/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe). İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə AR-nin CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş Ömür” MMC-yə aid borc vərəqəsi”-ndə mövcud olan 82432.10 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyi qoyulur. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar