Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1050/2022 10.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (Sumqayıt Regional Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndələri X4 (Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin Müraciətlərə baxılması və hüquq şöbəsində dövlət vergi müfəttişi işləyən, ünvan 2 ünvanında yaşayan) və X1 (Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsi Operativ nəzarət şöbəsində baş dövlət vergi müfəttişi işləyən, ünvan 4 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 19.11.2021-ci il tarixli **********5489 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 22.09.2021-ci il tarixli, **********0061 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən 21.09.2021-ci il tarixli **********9781 nömrəli qərara əsasən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi **********-31005 kodlu obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və tədbirin nəticəsi olaraq 05.10.2021-ci il tarixli DVX seriyalı 005840 nömrəli akt tərtib edilmişdir. Akta qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri nəticəsində iddiaçıya məxsus obyektdə 21.09.2021-ci il tarixdə obyektin fəaliyyətinə uyğun olmayan 2 493 539.8 manat dəyərində malın elektron qaimə-faktura təqdim edilmədən 3 001 224.5 manata (ticarət əlavəsi 2 % və ƏDV daxil) satıldığı müəyyən edilmişdir. Qeyd olunan aktın əsasında cavabdeh vergi orqanı tərəfindən 19.11.2021-ci il tarixli **********5489 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərar ilə fərdi sahibkara Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 300.122,45 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh vergi orqanı fərdi sahibkara məxsus obyektdə qəfil reyd zamanı 05.10.2021-ci il tarixdə 3 001 224.5 manat dəyərində malların satıldığı, lakin həmin təqdim edilmiş mallara görə alıcıya elektron qaimə-fakturanın təqdim edilmədiyini aşkar etmişdir. İlk öncə qeyd edim ki, cavabdeh vergi orqanı tərəfindən operativ vergi nəzarəti keçirilən gün, yəni 05.10.2021-ci il tarixə fərdi sahibkara məxsus obyektdə 3 001 224.5 manat dəyərində malların satışı həyata keçirilməmişdir. Həmin məbləğ 2021-ci ilin yanvar ayından yoxlama keçirilən günədək satılan malların dəyəridir ki, həmin mallar pərakəndə ticarət qaydasında satılmış və malların dəyəri nəzarət kassa aparatına mədaxil edilmişdir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə iclasında iddiaçınn nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izah etdi ki, uçot-baza məlumatlarına əsasən İddiaçı 19.09.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, aktiv 4 obyektləri olduğu görünür.Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” 21.09.2021 -ci il tarixli **********9775, **********9776, **********9777 və **********9781 nömrəli qərarları əsasında İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində 130481 manat dəyərində mal qalığının (64640 manat dəyərində sənədli və 65841 manat dəyərində sənədsiz mal) olduğu, elektron qaimə faktura təqdim edilməli olduğu halda 3001224,5 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək 05.10.2021-ci il tarixli DVX seriyalı 005840 nömrəli akt tərtib edilmiş, həmin akt İddiaçı etibarnamə üzrə nümayəndəsi tərəfindən imzalanmamış və aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir.Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 19.11.2021-ci il tarixli **********5489 nömrəli qərarı ilə İddiaçı 300122,45 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin etibarnamə ilə səlahiyyətli nümayəndəsi İbrahimov Qurbanın idxal- ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi 21,09.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, “Vergi ödəyicisinin faktiki olaraq 3 aktiv obyektləri mövcuddur. 31006 kodlu Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Fatmayi yolu ünvanında olan obyektimiz digər vergi ödəyicisinin (VÖEN **********) fəaliyyətindədir. Malların üzərinə qoyulan ticarət əlavəsi 2-3% (iki-üç) faiz təşkil edir. Obyektlərimiz həftənin 7 günü olmaqla saat 9:00-dan 18:00-a qədər işləyir”.Vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilən gəlir vergisi bəyannaməsində ilin sonuna mal qalığının olmaması qeyd edilmiş, eləcə də 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər təqdim edilən ƏDV bəyannamələrində 4742 216 manat (ƏDV-siz) vergi tutulan dövriyyə əks edilmiş, vergi ödəyicisi tərəfindən ******* manat (ƏDV-siz) dəyərində idxal, elektron qaimə faktura tətbiq olunmaqla 465948 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alışı və 117603 manat manat (ƏDV-siz) dəyərində satış əməliyyatları həyata keçirilmişdir.Keçirilmiş operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin mağazasının (Tikinti materialları mağazası) fəaliyyət növünə uyğun gəlməyən 2493539,8 manat (ƏDV-siz və ticarət əlavəsiz) məbləğdə mallar (qabıqlı qoz, kosmetika, saç şampunları, uşaq oyuncaqları və s) Vergi Məcəlləsinin 58.13cü maddəsinin tələblərinin pozularaq topdan qaydada və müxtəlif vergi ödəyicilərinə elektron qaimə faktura təqdim edilmədən 3001224,5 manata (ticarət əlavəsi 2% olmaqla və ƏDV daxil) təqdim edilməsi aşkar edilmişdir. Belə ki, sözügedən hallar (vergi ödəyicisinin fəaliyyətinin iqtisadi göstəriciləri, pərakəndə adı altında fəaliyyətinə uyğun olmayan malların təqdim edilməsi) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Beləliklə, qeyd olunan hallar üzrə malların fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci i! tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotnun aparılması Qaydası”nın 1.3.1 bəndinə əsasən topdansatış -malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.Eyni zamanda həmin Qaydaların 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək H.Həsənovun izahatına uyğun izahat verdi. İş materiallarına əlavə edilmiş : - Fiziki şəxs haqqında məlumatdan görünür ki, İddiaçı İbrahim oğlunun əsas fəaliyyət növü malların saxlanılması və anbarlara yığılması üzrə fəaliyyətdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsi tərəfindən qəbul edilmiş 21.09.2021-ci il tarixli **********9781 nömrəli qərardan görünür ki, İddiaçı məxsus obyektdə 21.09.2021ci il tarixdən 18.10.2021-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı məxsus obyektdə növbədənkənar operativ vergi nəzarəti barədə qərar reyestrdə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsi tərəfindən qəbul edilmiş 19.11.2021-ci il tarixli **********5489 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13–cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 300122,45 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. -05.10.2021-ci il tarixli 005840 saylı operativ vergi nəzarətinin nəticəsi haqqında aktdan görünür ki, iddiaçıya məxsus obyektdə 21.09.2021-ci il tarixdə obyektin fəaliyyətinə uyğun olmayan 2 493 539.8 manat dəyərində malın elektron qaimə-faktura təqdim edilmədən 3 001 224.5 manata (ticarət əlavəsi 2 % və ƏDV daxil) satıldığı müəyyən edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:..... 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq və qapalı siyahısı təsbit edilmişdir. İstinad olunan normaya görə yalnız həmin əsaslardan (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1- ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda) hər hansı birinin mövcud olduğu təqdirdə operativ vergi nəzarəti həyata keçirilə bilər. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 21.09.2021-ci il tarixli **********9781 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əlavə olaraq, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə , həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan hər hansı biri üzrə operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Qeyd olunanlar baxımından hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 21.09.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti 21.09.2021-ci ildən 18.10.2021-ci ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, ilin əvvəlindən 21.09.2021-ci ilədək olan dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsası kimi iddiaçı müəssisənin topdansatış qaydada satış həyata keçirdiyi halda alıcı subyektin vergi ödəyicisi olub-olmamasını yoxlamaması və malları elektron qaimə-faktura tərtib edilmədən verməsini göstərmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədi. Cavabdeh vergi orqanı yalnız ehtimallara əsaslanaraq iddiaçının topdansatış fəaliyyətlə məşğul olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllnin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Məhkəmə hesab edir ki, vergi ödəyiciinin elektron qaimə faktura göndərmək vəzifəsi yalnız vergi ödəyicisi kimi uçotda olan şəxslərə münasibətdə aid edilməlidir. Bu halda iddiaçının pərakəndə satış nöqtəsi kimi alıcı - fiziki çəxslərin sahibkarlıq subyekti olub-olmaması və onların vergi ödəyicisi kimi uçota alınıb-alınmamasını yoxlamaq kimi bir vəzifəsi yoxdur. Belə ki, iddiaçı pərakəndə qaydada satış həyata keçirdiyindən belə bir vəzifə daşımamışdır və kassa aparatının çekini verməklə kifayətlənmişdir. Vergi Məcəlləsinin 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Məhkəmə hesab edir ki, müəssisə istehsalat ərazisində satış mağazası təşkil etməklə və buradan istehsal etdiyi malların eyni zamanda pərakəndə satışını təmin etməklə qanunvericiliyin tələblərini pozmamışdır. İddiaçı tərəfindən satış mağazasında hazır məhsulları satan zaman alıcı fiziki şəxslərin özlərini vergi ödəyicisi kimi uçotda olan şəxs qismində təqdim etməməsi və ya həmin uçota alınmamasına görə məsuliyyət daşımamalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, operativ vergi nəzarəti yoxlaması zamanı istinad edilən çeklərə malların sahibkarlıq və ya qeyri-sahibkarlıq subyektlərinə satılması müəyyən edilməmişdir ki, bu halda iddiaçının vergi məsuliyyətinə cəlb edilərək barəsində maliyyə sanksiyasının tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Həmin Məcəllənin 53.3-cü maddəsinin dördüncü bəndində qeyd edilir ki, vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 19.11.2021-ci il tarixli **********5489 nömrəli qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 19.11.2021-ci il tarixli **********5489 nömrəli qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №e-2-1(118)-1050/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1050/2022
10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver