Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1091/2024 14.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı “Abşeron rayonu Xırdalan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 01/02-610 saylı qərarının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı “Xırdalan Bələdiyyəsinin XB № 01/02-610 nömrəli “Vergi borcucunun tutulması haqqında” Qərarının qanunsuz sayılmaqla ləğv edilməsi və icraata xitam verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Abşeron rayonu Xırdalan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 01/02- 610 saylı qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil (hazırda küçə adı dəyişmişdir) iddiaçının mülkiyyətindədir. Təxmini 2-3 ay əvvəl bir nəfər tanımadığı şəxs ona zəng edərək mənzilə görə vergi ödəməli olduğunu qeyd elədi. Bu barədə niyə məlumat verilmədiyini soruşduqda isə hazırda Xırdalan Bələdiyyəsinin həyata keçirməli olduğu tədbirlə bağlı bu məsələnin gündəmə gəldiyi, bələdiyyənin pul vəsaitinə ehtiyacının olduğunu qeyd etdi. Daha sonra bu zəng təkrar olunmuşdur. Sonuncu telefon danışığı zamanı məbləğin bir hissəsini qanunvericilikdə də nəzərdə tutulduğu kimi avqust ayının birinci yarısına qədər ödəyəcəyini, qalan hissəsini isə 15 noyabr tarixədək ödəyəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə ona elektron icra xidmətindən barəsində 156951/2023-27-29 saylə icra işinin aparılması barədə sms mesaj gəlmişdir. İcra şöbəsi ilə maraqlananda məlum oldu ki, Xırdalan Bələdiyyəsi barəsində Qərar qəbul edib və icra edilməsi üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərib. Ona barəsində inzibati icraatın aparılması barədə heç bir məlumat verilmədiyi, yəqin ki burada bir yanlışlıq olmasını bildirmişdir. Lakin icra məmuru anket məlumatlarını dəqəqləşdirmişdir və məlum olmuşdur ki, qərar həqiqətən də onun barəsindədir. xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək İcra şöbəsindən Qərarı və ona əlavə edilmiş sənədlərin skan variantını götürə bilmişdir. xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktda əks olunmuş məlumatlar yalan və uydurma məlumatlardır. Belə ki, o, heç vaxt həmin şəxslərdən heç birini görməmişdir, onların heç birinə ödənişdən imtina etməyi barədə heç bir söz deməmişdir. Qərara əlavə edilmiş akt saxta aktdır. Guya aktın surəti ona təqdim edilməsi barədə məlumat da yalan məlumatdır. Belə ki, həmin gün şəhərkənarında yerləşən iş yerində işdə olmuşdur, yalnız axşam təxmini saat 19:20-da Xırdalan şəhərinə daxil olmuşdur. İş saatından sonra isə Bələdiyyənin üzvləri icraat apara bilməzdilər. X1 Xidmətinin rəisi Tural Orucovun xx.xx.2023-cü il tarixdə tərtib etmiş olduğu nömrəsiz Təqdimatda da ziddiyyətli informasiya yer almaqdadır. Belə ki, təqdimatda mənə ən son 2022-ci ildə tədiyyə bildirişinin göndərilmiş olması qeyd olunur. Amma Qərara əlavə olunmuş tədiyyə bilidirişinin xx.xx.2023-cü il tarixdə tərtib edildiyi görünməkdədir. Beləliklə təqdimat da özlüyündə formal inzibati icraatın aparılmasını sübut edən sənədlərdən biri kimi çıxış etməkdədir. xx.xx.2023-cü il tarixdə tərtib edildiyi qeyd olunmuş tədiyyə bildirişində 2023-cü il üçün əmlak borcu 19.14 manat müəyyən edilmiş, ödənilmə müddəti 15 avqusta və 15 noyabradək olmaqla iki yerə bölünmüş, hər dəfə üçün 9.57 manat müəyyən edilmişdir. Tədiyyə bildirişi xx.xx.2023-cü il qeyd edilmişdir. Məntiqlə ilk olaraq bu bildiriş ona göndərilməli, ən azı 15 avqusta qədər müddət gözlənilməli, sonra akt tərtib ediləli, sonra təqdimat verilməli,ən sonda isə qərar qəbul edilməli idi. Amma məlum olmayan səbəblərdən ilk sənəd kimi birbaşa xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Xırdalan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, XB № 01/02-610 nömrəli Vergi borcucunun tutlması haqqında qərar tam qanunsuz və əsassız tərtib olunmuş qərardır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutlmuş inzibati icraatın aparlmasına dair tələblərin heç birinə əməl olunmamış, barəsində icraat aparılan şəxsə bu barədə heç vaxt məlumat verilməmiş, biliriş və ya xəbərdarlıq göndərilməmiş, saxta akt tərtib olunmuş, aktın surəti şəxsə təqdim olunmamış, Qərar qəbul olunan zaman ödəyici dəvət olunmamış, onda sübut, izahat, sənəd tələb edilməmiş və bu cür sənədlərin təqdim edilməsi üçün şərait yaradılmamışdır. Həmçinin ödəyicinin qərarla tanış olmaq, ondan şikayət vermək hüququ da təmin edilməmiş, qərarın mətnində “qərarın surəti tərəfə göndərilsin” sözləri qeyd olunmuş olsa da, Qərar ona göndərilməmişdir. İşdə bunun əksini sübut edən hər hansı sənəd mövcud deyildir. Beləliklə də onun qərar qəbul etmiş orqanin qərarından şikayət vermək hüququm pozulmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz bildirilməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Abşeron rayonu Xırdalan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 01/02-610 saylı qərarından görünür ki, ünvan 2 ünvanında yerləşən 93.80 kv.metr torpaq sahəsinə görə İddiaçı 135.36 manat borc məbləğinin tutulması qərara alınmışdır. - Abşeron rayon İcra və Probasiya Şöbəsinin 10 iyul 2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Abşeron rayonu Xırdalan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 01/02-610 saylı qərarı üzrə icraata başlanılmış, İddiaçı 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 01/02-610 saylı qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, Abşeron rayonu Xırdalan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 01/02-610 saylı qərarı ilə, ünvan 2 ünvanında yerləşən 93.80 kv.metr torpaq sahəsinə görə İddiaçı 135.36 manat borc məbləğinin tutulması qərara alınmışdır. İddiaçı hal-hazırda bələdiyyənin sözügedən qərarından narazıdır və ləğv edilməsini məhkəmədən xahiş edir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə hazırkı icraatda tədqiq edilmiş sübutlar və tərəflərin dəlilləri əsasında müəyyən edilmiş aşağıdakı xüsusatları diqqətə çəkir: - mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 01/02-610 saylıqərarın qəbulu üzrə inzibati icraatda maraqlı şəxs kimi hazırkı iddiaçıya rəsmi məlumat verilməsinə, onun həmin qərarın qəbuluna əsas olmuş aktla tanış olmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, cavabdeh mübahisələndirilən qərarın iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə rəsmi qəbul edildiyini iddia etsə də, həmin halı təsdiq edən sənədin əslini məhkəməyə təqdim etməmişdir. Odur ki, inzibati icraatda inzibati orqan tərəfindən Abşeron rayon Xırdalan bələdiyyəsi «İnzibati icraat haqqında» AR Qanununun 25, 51.1-ci maddələrinin, eləcə də «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.4 – 5.6-cı bəndlərinin tələbləri pozulmuşdur; - vergi ödəyicisi kimi hazırkı iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olan xx.xx.2023-cü il tarixli, 01/02-610 saylı qərar onu qəbul edən inzibati orqan Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən aydın və tam şəkildə əsaslandırılmamışdır. Qərarda hansı illər üzrə verginin hesablandığı müəyyən deyil, habelə həmin verginin ödənilməsi ilə bağlı bələdiyyə tərəfindən müvafiq tarixlərdə tədiyə bildirişlərinin vergi ödəyicisi kimi iddiaçıya çatdırılması təsdiqini tapmır. - sözügedən qərarda iddiaçının 135.36 manat əsas borcunun olduğu qeyd edilmişdir. Lakin bələdiyyə tərəfindən iddiaçıya hesablanmış vergilərin məbləğinin hansı əsaslarla hesablanması, hesablanmanın istinad edilməli olduğu hüquq norması, ümumilikdə borcun miqdarı qeyd edilmişdir. Halbuki qanunvericilikdə yerli vergilərin müəyyən edilməsinin əsasları müəyyən edilmişdir. Həmin əsaslara vergitutma obyekti, vergitutma bazası, vergitutma dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası daxildir. - mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 01/02-610 saylı qərar vergi ödəyicisi kimi iddiaçıya münasibətdə vergi borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul oluna bilməz. Çünki, yerli (bələdiyyə) vergilərin sırasına daxil olan “fizki şəxslərin əmlak vergisi”nin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri də nəzərə alınmaqla belə nəticə yaranır ki, cavabdeh inzibati orqan tərəfindən «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin qeyd olunan müddəasının (5.6-cı bəndinin) tələblərinə riayət edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 01/02-610 saylı qərarı qanunsuzdur və onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə məhkəmə qeyd olunanlara əsaslanaraq və qanunvericiliyin sadalanan normalarının, o cümlədən AR Vergi Məcəlləsinin 70.1-ci maddəsinin, «İnzibati icraat haqqında» AR Qanununun 67.1, 67.2-ci maddələrinin, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.10-cu bəndinin, İPM-in 70.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilərək cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 01/02-610 saylı qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Abşeron rayonu Xırdalan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 01/02-610 saylı qərarı ləğv edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Abşeron rayonu Xırdalan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 01/02-610 saylı qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva