Məhkəmə qərarları › İş №e-2-1(118)-1097/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1097/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1097/2024 24.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı “Çinar” X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ““Çinar” X1 vergilər, faizlər və mailiyyə sanksiyaları üzrə ümidsiz borclarının (xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə hesablanmış 3713,81 manat (2698,07 manat əsas borc, 1015, 74 faiz borcu)) silinməsinin təmin olunması ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı “Çinar” X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “Çinar" X1 vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclarının, həmçinin sosial sığorta və işsizlikdən sığorta haqlarının silinməsinin təmin olunması ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Əarzi Vergilər Baş İdarəsinin üzərinə öhdəlik qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ““Çinar” X1 vergilər, faizlər və mailiyyə sanksiyaları üzrə ümidsiz borclarının (xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə hesablanmış 3713,81 manat (2698,07 manat əsas borc, 1015, 74 faiz borcu)) silinməsinin təmin olunması ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-4576/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yanında Dövlət Sosial Müdafiə Fondu zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1097/2024 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-4576/2023 saylı qərardadı ləğv edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Çinar" X1 (STB) (VÖEN:**********) əvvəlki təsisçisi və direktoru X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bundan sonra, qanun üzrə vərəsəliklə bağlı aidiyyəti üzrə notariat kontoru ofisinin xüsusi notariusu tərəfindən mərhumun həyat yoldaşı X2 qanun üzrə vərəsə olmasına dair xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında müəssisəyə təsisçi və direktor dəyişikliyi ilə bağlı xx.xx.2023-cü il tarixli **********072200 saylı hüquqi şəxslərin dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan günədək müəssisənin fəaliyyəti olmamış və asan imzanın əldə olunması mümkün olmamışdır. Bundan sonra yeni asan imza alınmaqla müəssisənin fəaliyyətinin bərpa olunmasına cəhd olunsa da, əvvəllər hesablanmış və vergi qanunvericiliyinin tələblərinə əsasən silinməli olan ümidsiz borcların mövcudluğu müəssisənin bank hesablarının aktiv olunması və fəaliyyətinin bərpa olunmasına maneələr yaratmışdır. Bununla əlaqədar, ümidsiz vergi borclarının silinməsi üçün dəfələrlə vergi orqanına müraciətlər olunsa da, vergi orqanı tərəfindən şikayətlərə baxılmamışdır. Belə ki, “Çinar” STB-nin fəaliyyəti xx.xx.2017-ci il tarixli **********188200 saylı kargüzarlıq nömrəli məktubla xx.xx.2017 ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi dayandırılmışdır. Müəssisənin əvvəlki təsisçisi və direktoru X4 xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən, asan imzanın aktivləşdirilməsi və hesabatların verilməsi mümkün olmamışdır. Müəssisənin şəxsi hesab vərəqəsindən görünür ki, 01.01. 2017-ci il tarixdən xx.xx.2018-cı il tarixədək olan dövr üzrə müəssisəyə, yəni ümidsiz borc olaraq silinməli olan dövrə görə, ümumilikdə 3713,81 manat (2698.07 manat əsas borc. 1015,74 manat faiz borcu) hesablanmışdır. Həmin vergilər və faizlər Vergi Məcəlləsinin tələblərinə əsasən ümidsiz borc kimi silinməli olduğu halda, vergi orqanı tərəfindən həmin borcların silinməsi təmin olunmamışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, məhkəmə prosesində iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək vergilər, faizlər və maliyyə sanksiyası üzrə ümidsiz borclarının (xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə hesablanmış 3713,81 manat (2698,07 manat əsas borc, 1015,74 manat faiz borcu)) silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etmişdir. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Bildiririk ki, “Çinar” X1 (VÖEN:**********) şəxsi hesab vərəqəsinin məlumatına əsasən xx.xx.2023-cü il tarixə 2.415,55 manat (o cümlədən; 1.851,63 manat əsas, 40,00 manat maliyyə sanksiyası, 523,92 manat faiz) vergi borcu, həmçinin, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 2937,49 manat borcu vardır. Vergi Məcəlləsinin 93-cü maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda, bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə silinir. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada şilinə bilər. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub- olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 85-ci maddəsinə əsasən: hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər; vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur; vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 77-ci maddəsinə əsasən: bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur; vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir; vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Əlavə olaraq Dövlət Vergi Xidmətinin mövqeyinə əsasən borcların alınması istiqamətində tədbirləri natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi məqsədəmüvafiq hesab edilmir. Beləliklə hesab edirik ki, 5 illik tələb etmə müddətinin bitməsi əsas gətirilərək, xüsusilə də borcların alınması istiqamətində tədbirləri natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi həyata keçirilməməli, lakin bu müddətdən sonra vergi borcu tələb edilməməlidir. Bununla yanaşı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada şilinə bilər Məlum olduğu kimi, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-çü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialar hesab olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Sadalanan maddələrin tələblərindən aydın olur ki, öhdəliyinin icrası haqqında iddianın mümkün sayılması üçün: mübahisə inzibati məhkəmələrin səlahiyyətlərinə aid olmalı; iddianın məqsədi inzibati oqran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi ilə bağlı olmalı; iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. X9 9-cu bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Lakin hazırki iş üzrə, iddiaçı cavabdeh inzibati orqana hazırkı iddia tələbinin məzmunu ilə bağlı deyil, iddia tələbinin məzmunundan fərqli tələblərlə müraciət etmişdir ki, qeyd olunan hal da hazırki iddianın mümkünlük şərtlərinin pozulmasına və dolayısı ilə iddia ərizəsinin mümkün sayılmamasına hüquqi əsaslar yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: AZ İİ№ 101590 seriyalı “Ölüm haqqında şəhadətnamə”; “Çinar” X1 şəxsi hesab vərəqəsi; 16 fevral 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqın şəhadətnamə” və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1)subyektiv hüququnun olub-olmamasını, 2)cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 1t göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanı Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki “Çinar” X1 vergilər, faizlər və mailiyyə sanksiyaları üzrə ümidsiz borcları xx.xx.2017-ci il tarixdən xx.xx.2018ci il tarixədək olan dövr üzrə hesablanmış 3713,81 manat: 2698,07 manat əsas borc, 1015, 74 faiz borcu təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Həmin Məcəllənin 85.5-2-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Vergi Məcəlləsinin 38.7, 38.7.1, 38.7.2, 38.7.4 və 38.7.5-ci maddələrinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək ; səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda - məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; (93.1.1) bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə (93.1.2) qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə (93.1.3) Sadalanan normaların təhlilindən əldə edilən nəticəyə əsasən vergi orqanı hesablanmış və ya yenidən hesablanmış hər hansı vergi məbləğini vergi ödəyicisindən həmin vergi növü üzrə vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək (tutmaq) hüququna malikdir. Qeyd olunan müddətin axımı aşağıdakı hallar olduqda dayandırılır: vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda; səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə; səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda; sənədlərin və nümunə kimi əşyaların götürülməsi məqsədilə səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanı tərəfindən məhkəməyə müraciət edildikdə; vergi ödəyicisi tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı məhkəməyə şikayət verildikdə.Yuxarıda göstərilən hallar nəzərə alınmaqla, vergi qanunvericiliyində nəzərdə tutulan 5 illik müddət bitdikdən sonra isə hesablanmış və ödənilməmiş vergilər, maliyyə sanksiyaları və faizlər ümidsiz borc qismində silinir. İş materiallarından göründüyü kimi, iddiaçı “Çinar” X1 xx.xx.2019-cu il tarixdə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ümumilikdə 3713,81 manat vergi borcu, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları kimi ödənilməmiş borc olaraq hesablanmışdır. Vergi Məcəlləsinin 177.2-ci və 178-ci maddələrinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır və ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Həmin Məcəllənin 129-cu və 149.2-ci maddələrinə əsasən mənfəət vergisi üzrə hesabat dövrü təqvim ili sayılır və rezident müəssisələr hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Göstərilənlərdən belə nəticə əldə olunur ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulan 5 illik tələbetmə müddəti 2018-cı ilin avqust ayına hesablanmış borca münasibətdə xx.xx.2023-cü il tarixdə bitmişdir. Başqa sözlə desək, xx.xx.2018-ci il üzrə hesablanmış ümumilikdə 3713,81 manat vergi məbləği üzrə qanunla müəyyən edilmiş tələbetmə müddəti ötmüşdür və ümidsiz borc qismində silinməlidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında qeyd edilir ki, “VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir... Bundan başqa qeyd edilməlidir ki, VM-in 85.4-cü maddəsində müəyyən edilən tələb etmə müddətinə hər hansı bir istisna halı nəzərdə tutulmamışdır...VM-in 93-cü maddəsində vergi borcunun ümidsiz hesab olunması üçün vergitutma müddətinin bitməsi əsas kimi nəzərdə tutulmasa da, vergi orqanlarında yuxarıda göstərilən hallarda qanunla müəyyən olunmuş qaydada vergi qalıqlarının tutulması üçün real imkan olmadığına görə borc silinməyə məruz qalır...Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının VM-in 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Çinar” X1 vergilər, faizlər və mailiyyə sanksiyaları üzrə ümidsiz borclarının (xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə hesablanmış 3713,81 manat (2698,07 manat əsas borc, 1015, 74 faiz borcu)) silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. “Çinar” X1 vergilər, faizlər və mailiyyə sanksiyaları üzrə ümidsiz borclarının (xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə hesablanmış 3713,81 manat (2698,07 manat əsas borc, 1015, 74 faiz borcu)) silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar