Məhkəmə qərarları › İş №e-2-1(118)-1113/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1113/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1113/2022 24.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “İddiaçı 0949003AACJA nömrəli, xx.xx.2017-ci il tarixli forma 88 əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “İddiaçı 0949003AACJA nömrəli, xx.xx.2017-ci il tarixli forma 88 əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 06 06.2017-ci il tarixdə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq qeyd olunmuşdur. İddiaçı xx.xx.2022-ci ildə yenidən qiymətləndirmədən keçməli idi. Əlilliyin təyinatı zamanı diaqnoz bölməsində «Bronxların və ağciyərin bədxassəli yenitörəməsi; Sol ağciyərin Cr-i; kimyəvi terapiyadan 6 kurs sonrakı vəziyyət; Limfa və qaraciyərə MTS; İkincili anemiya; Splenomegaliya» qeyd olunmuşdur. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlilik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, ona təyin olunmuş pensiya dayandırılmışdır. İddiaçı tərəfindən həmin hal araşdırılmış və onun əlilliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsistemində etibarsız hesab edilməsi məlum olmuşdur. İddiaçı ətraflı şəkildə məlumat əldə etmək və əlilliyinin bərpası məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, iddaçıya məxsus müalicə məlumatları səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyindən əlillik “əlillik” Alt sistemində etibarsız edilmişdir. İddiaçı cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edir. Bu səbəbdən, o iddia ərizəsi ilə AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı məhkəməyə müraciət etmişdir. Məhkəmə gedişatı zamanı müəyyən olunmuşdur ki, Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2019-cu il tarixli, xx/xx-4330 № li məktub göndərilmişdir. Məktubda qeyd olunmuşdur ki, 105 nəfər şəxsin adına 88 saylı göndərişlər rəsmiləşdirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 140 №-li Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1-ci bəndinin tələlərinə əməl edilməməsi ilə bağlı Səhiyyə Nazirliyinin İşçi qrupunun 13 may 2019-cu il tarixli aktı ilə “Tibbi arayışların elektron reyestri”ndə etibarsız hesab edilmişdir. Bundan sonra iddiaçı yenidən iddia ərizəsi ilə cavabdeh Səhiyyə Nazirliyinə qarşı məhkəməyə müraciət etmişdir. Lakin işə məhkəmədə baxılan zaman mövcud məhkəmə praktikasının dəyişməsi ilə əlaqədar iddia ərizəsi iddiaçı tərəfindən geri götürülmüşdür. Hazırda mövcud praktikaya uyğun olaraq iddiaçı təkrarən eyni iddia ilə Cavabdehnə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, iddaçının əlillik vəziyyəti Gəncə şəhər 1 nömrəli poliklinikasının 04940003AACJA saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən 5 il müddətinə ikinci dərəcəli əlilliyin təyin edilməsi barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 04940003AACJA saylı göndəriş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli, 02/02/-45 nömrəli məktubla əsassız hesab edildiyinə görə əlillik məlumatları altsistemdə etibarsız hesab edilmişir. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Həmçinin iddiaçıya təyin edilmiş əlillik etibarsız hesab edilsə də, etibarsız hesab ediləcəyi barədə əvvəlcədən iddiaçıya heç bir məlumat verilməmişdir. Yəni cavbabdeh bu hərəkət və hərəkətsizliyi ilə “İnzibati İcraat haqqında” AR Qanununun tələblərini pozmuşdur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri bardə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq, iddiaya onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Gəncə 1 nömrəli Şəhər poliklinikasının xx.xx.2017-ci il tarixli 0494003AACJA saylı göndərişi əsasında qiymətləndirilmiş: “Ümumi xəstəlik, İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C30-C39 - Tənəffüs və döş qəfəsi orqanlarının bədxassəli yenitörəmələri => C34 - Bronxların və ağciyərin bədxassəli yenitörəməsi =>..., Bronxların və ağciyərin bədxassəli yenitörəməsi. Sol ağ ciyərin Cr-i . Polikimyəvi terapiyadan 6 kurs sonrakı vəziyyət.Limfa və qaraciyərə MTS. İkincili anemiya. Splenomegaliya." Bu səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qeyd edilən qərar xx.xx.2019-cu ildən ləğv edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli xx/xx-4330 nömrəli məktubda 105 nəfərin Forma 88 sənədləri yüklənilərkən qanunvericiliyin tələblərinə riayət edilmədiyi və buna görə də etibarsız sayılması xahiş edilmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmiş sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, göndərişi rəsmiləşdirən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də “Əlillik” altsistemində aid qiymətləndirmə etibarsız edilmişdir. Cavadxan ASM-in rəhbərliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli № 11- 2/2022 nömrəli cavab məktubunda bildirilmişdir ki, 1955-ci il təvəllüdlü İddiaçı Gəncə şəhəri Cavadxan Ailə Sağlamlıq Mərkəzinə (keçmiş 1nömrəli şəhər poliklinikası) heç bir xəstəliklə əlaqədar müraciət etməmiş və xəstəlik ilə bağlı heç bir tibbi qeydiyyatı olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - TSEK müayinələri barədə məlumatdan görünür ki, xx.xx.2017-ci il tarixdə iddiaçıya ümumi xəstəlik səbəbindən İİ qrup əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş, 105 nəfər şəxsin adına 88 saylı göndərişlər rəsmiləşdirilərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 140 nömrəli "Tibbi Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları"nın 1.3 1 bəndinə əməl edilməməsi ilə bağlı məktuba baxılmışdır. Siyahıda adları qeyd edilmiş 105 nəfər şəxsin adına rəsmiləşdirilmiş göndərişlər işçi qrupun 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri''ndə etibarsız hesab edilmişdir. Həmin məktuba əlavə olunmuş siyahıda 72-ci sırada İddiaçı da adı qeyd olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçıya ümumi xəstəllik səbəbi ilə 5 illik müddətə İİ dərəcə əlillik təyin edilmişdir. Lakin cavabdehin iddia ərizəsinə etirazından, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı adına rəsmiləşdirilmiş göndəriş işçi qrupun 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri''ndə etibarsız hesab edilmişdir. Beləliklə iddiaçıya təyin edilmiş İİ dərəcəli əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi, 13 may 2019-cu il tarixli aktı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının İİ dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ sadəcə yuxarıda göstərilmiş yazışmalarla (məktublarla, yazılı cavablarla) həll olunmuşdur, yəni bu məsələyə dair işdə hər hansı bir rəsmi qərar yoxdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsinin 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyinin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X3 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə müvafiq olaraq TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 36 nömrəli qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.1-ci bəndinə müvafiq olaraq Əlillik səbəbi Xidmət tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Həmin Qaydanın 3.2-ci bəndinə görə əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Xidmət tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Əsasnamənin 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir Həmin Qaydanın 3.8-ci bəndinə müvafiq olaraq xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Göründüyü kimi, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Yenə həmin normaların məzmununa əsasən əlilliyin ləğvi barədə nəticə müayinənin nəticələrinə istinad edilməklə qəbul edilə bilər. Hazırkı halda isə cavabdeh tərəfindən belə müayinə aparılmadığından əlilliyin ləğvi də qanunsuz olardı. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı işin sadalanan hallarından isə məlumdur ki, cavabdeh inzibati orqan tərəfindən belə bir icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik cavabdeh orqan tərəfindən etibarsız sayılsada, bunun səbəbləri qanunvericiliyin maddələrinə istinad edilməklə əsaslandırılmamışdır. Beləliklə, əlilliyin etibarsızlığı inzibati icraatın prinsiplərinin pozulması ilə aparıldığından cavabdehin əlilliyin etibarsızlığı ilə bağlı hərəkəti qanunsuz olmuşdur. Bundan başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Halbuki, “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X1 xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar