Məhkəmə qərarları › İş №e-2-1(118)-1152/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1152/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1152/2023 29.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ onu riskli vergi ödəyicisi siyahısından çıxarılması, ƏDV depozit hesabındakı sub-uçot hesabına qoyulmuş blokun götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK Vergilər Nazirliyində qeydiyyatdan keçərək ********** nömrəli VÖEN əldə etmiş və hazırda Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun fərdi qaydada sahibkarlıq fəaliyyətini həyata keçirir. Hazırkı iddia ərizəsi ilə müraciət etməyinin səbəbi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qanunsuz olaraq MTK-nı riskli vergi ödəyicisi siyahısına salması və ƏDV depozit hesabındakı sub-uçot hesabının bloklanmasıdır. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 8 may 2020-ci il tarixli 90-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə “riskli vergi ödəyicisi” anlayışı əlavə edilmişdir. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Göründüyü kimi, “riskli vergi ödəyicisi” anlayışı qanunvericilik aktlarında 2020-ci ilin may ayından etibarən öz əksini tapmış, həmin tarixədək isə belə bir anlayış qanunvericilik aktlarında mövcud olmamışdır.Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müəssisənin 2019-cu il tarixdə riskli vergi ödəyicisi hesab edilərək, fəaliyyətinə qanunsuz məhdudiyyətlər tətbiq edilmiş, MTK-nın ƏDV depozit sbındakı sub-uçot hesabı bloklanmışdır. Cavabdeh orqanın əməkdaşlarının hazırkı hərəkətləri MTK-nın normal sahibkarlıq fəaliyyətinin dayanmasına gətirib çıxarır ki, bu da nəticədə maddi ziyan dəyməsi ilə nəticələnir. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki,Dövlət Vergi Xidməti aşağıda qeyd olunan səbəblərə əsasən iddia ərizəsi ilə razı deyil: Məlum olduğu kimi, qüvvədə olan Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 13.2.8-ci maddəsinə əsasən isə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır.Bu cür əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (VM,109.9-cu maddə) və həmin əməliyyatların rəsmiləşdirildiyi sənədlər Vergi Məcəlləsinin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir (VM, 178.11 -ci maddə).Belə ki, İddiaçı MTK-nın 2019-cu il ərzində idxalının əsas hissəsini “Novatec” brendinə məxsus su qızdırıcıları (5 minutka) və həmin brendə məxsus “Plasmas kütlədən məmulatlar” təşkil edir. Qeyd edilən malların aşağı büdcəli (bazar) malları olduğu və üçüncü şəxslərə sənədsiz təqdim edilməsinə baxmayaraq, qaimələri bu mallara uyğun fəaliyyəti olmayan əsasən "xxxx" MMC-yə (VÖEN: **********) və digər bir neçə müəssisəyə təqdim etmişdir."xxxx" MMC-nin fəaliyyəti ərazilərdə və yollarda tikinti bərpa işlərinin görülməsindən ibarətdir. Bu səbəbdən qeyd edilən əməliyyatlar əmtəəsiz hesab edilmiş və nəticədə "xxxx" MTK riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. ƏDV depozit hesabındakı sub-uçot hesabına qoyulmuş blokun götürülməsi vəzifəsinin cavabdehə həvalə olunması və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə cavabdeh tərəfindən süni maneələrin cavabdehə qadağan olunması məsələsinə gəldikdə isə ilk növbədə bildiririk ki, iddiaçı bu halların əsaslandırılması üçün hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətlərin və qadağaların aradan qaldırılmasını tələb etməsinə baxmayaraq, belə bir məhdudiyyətin mövcudluğunu, eləcə də bu məhdudiyyətin vergi orqanı tərəfindən həyata keçirilməsini sübut edə bilməmişdir. Həmçinin, iddia olunan məhdudiyyətlə vergi orqanının hərəkətləri arasında səbəbliəlaqənin mövcudluğu müəyyən edilməmişdir. İstər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında vəsaitlərin hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020 tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnaməyə müvafiq olaraq Nazirlik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində (bundan sonra müvafiq sahə) dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Qeyd olunan Əsasnamədə ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır.Qeyd olunan Əsasnamə ilə Xidmətin ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır.İddiaçının ərizəsində qeyd olunan “ƏDV sub-hesabına əməliyyatların aparılmasında yaradılmış məhdudiyyət” ilə bağlı Dövlət Vergi Xidməti tərəfindən hər hansı hərəkətlər edilməmiş, bu barədə hər hansı inzibati akt qəbul olunmamışdır. Göründüyü kimi, İddiaçı MTK-nın iddiası əsassız və qanunvericiliyinin tələblərinə tamamilə ziddir.Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın etiraz ərizəsi, İddiaçı MTK-nın və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidməti iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Vergi Xidməti hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, öhdəliyin icrası haqqında iddialarda inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi üçün Dövlət Vergi Xidməti hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçının nümayəndəsi bildirmişdir ki, Dövlət Vergi Xidmətinə elektron online müraciət etmiş, lakin hal-hazırda elektron səhifə bloklandığına görə həmin müraciəti məhkəməyə təqdim edə bilmir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını, tərəflərin təqdim etdikləri sübutları və verdikləri izahatları tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbi üzrə iddiaçı olan İddiaçı MTK Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun fərdi qaydada sahibkarlıq fəaliyyətini həyata keçirir. Cavabdeh Dövlət Vergi Xidməti MTK-nı riskli vergi ödəyicisi siyahısına salaraq və ƏDV depozit hesabındakı sub-uçot hesabının bloklamışdır. MKT-nın ƏDV depozit hesabındakı maliyyə hesabları üzərində sərəncam vermək hüququ mahdudlaşdırıldığından məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə prosesində gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olunaraq müəyyən olundu ki, iddiaçının elektron kabineti lazımi qaydada işləmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısının 7 və 7.3-cü bəndlərinə uyğun olaraq “Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısında göstərilmişdir. Həmin reqlamentin 3.3.2 bəndinə uyğun olaraq imtina üçün əsas olmadıqda elektron xidmət göstərilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.3.1-ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir: 1) Əlavə dəyər vergisi odəyicisi olmayan vergi ödəyiciləri; 2) İstifadəçi kodu, parol və ya şifrəsi səhv olarsa; 3) Dövlət büdcəsinə borcu olduğü halda digər subuçot hesaba ödəniş aparılmasından imtina edilir; 4) Vergi ödəyicisi gücləndirilmiş elektron imzaya malik olmadıqda. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.4.2-ci bəndinə əsasən idxala görə ƏDV köçürmə əməliyyatı ilə ƏDV sub-uçot hesabından idxala görə ƏDV köçürməsi ödənişi gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir. Bunun üçün əməliyyat növündən “İdxala görə ƏDV köçürməsi” bəndi qeyd edilir. Sonra alanın VÖEN-i siyahısından müvafiq Gömrük idarəsi seçilir, ödənişin məbləği və ödənişin təyinatı daxil edilir. Sonda gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər" düyməsi basılır. Bu əməliyyatdan sonra daxil edilmiş məbləğ vergi ödəyicisinin subuçot hesabından təyin edilmiş Gömrük idarəsinə köçürülür. İşin materialları ilə müəyyən edilmişdir, “X3” MMC sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst və maneəsiz hərəkəti, habelə köçürülməsi vergi orqanları tərəfindən tam təmin edilməmişdir. “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə edilmiş əməliyyatların çıxarışlarından ƏDV köçürmə əməliyyatının uğurla icra edilə bilmədiyi və sistem tərəfindən monitorda reqlamentdə müəyyən edilməyən “Səhv!!! Məbləğin formatı düzgün deyil” yazısı göstərildiyi müəyyən edilmişdir. Məhkəmədə işə baxılarkən məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi tərəfindən iddia etdiyi məhdudiyyət əyani olaraq göstərilmişdir. Nümayəndə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytında İddiaçı MMC-nin şəxsi kabinetinə daxil olaraq “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidmətindən əyani istifadə zamanı “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin tələblərinə uyğun olaraq “idxala görə ƏDV köçürmə əməliyyatını” icra etmək üçün bütün zəruri düzgün hərəkətləri etməsinə baxmayaraq, ondan asılı olmayan səbəblərdən əməliyyatı uğurla icra edə bilməmişdir və sistem tərəfindən monitorda reqlamentdə müəyyən edilməyən “sistemə daxil olmaq mümkün deyil, internet bağlantısı yoxdur kimi” yazılar göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012- ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.3.1-ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən imtina halları müəyyən edilmiş və bu zaman sistem tərəfindən istifadəçinin ekranına verilən mesajların qəti siyahısı müəyyən edilmişdir. Lakin, iddiaçının nümayəndəsi tərəfindən əməliyyatın nümayişi zamanı sistem tərəfindən kompüter ekranına verilən ““sistemə daxil olmaq mümkün deyil, internet bağlantısı yoxdur kimi” yazısı həmin imtina hallarının və kompüter ekranına verilən mesajların siyahısında göstərilməmişdir. Beləliklə, iddiaçı “idxala görə ƏDV köçürmə əməliyyatım” sistemdə mövcud olan məhdudiyyətlərə görə icra edə bilməmişdir. Bundan başqa, məhkəmədə işə baxılarkən, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən də əməliyyatın icra edilməsi üçün bütün zəruri hərəkətlərin düzgün edildiyi təsdiq edilmiş, lakin onlar iddiaçının ƏDV sub-uçot hesabının işlək vəziyyətdə olmasını da nümayiş etdirə bilməmişlər. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Buna görə də ƏDV sub-uçot hesabı ilə bağlı olan proqram təminatının daima işlək vəziyyətdə olmasına məsuliyyəti Azərbaycan Respublikasının Vergilər Nazirliyi daşıyır. Buna baxmayaraq, cavabdeh tərəfindən proqram təminatının daima işlək vəziyyətdə saxlanılması, vergi ödəyicilərinin elektron xidmətlərdən maneəsiz və sərbəst istifadəsi təmin edilmədiyi üçün maraqlı şəxsin subuçot hesabında məhdudiyyət yaranmışdır. Bu məhdudiyyət onun normal fəaliyyət göstərməsinə, habelə üçüncü şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsinə maneəçilik törədir və gəlir əldə etməsinin qarşısını alır. Həmçinin, sub-uçot hesabında məhdudiyyət mövcud vəziyyətin dəyişməsinə səbəb olduğu üçün sonradan ərizəçinin hüquqlarının qorunması, yəni təmin və ya bərpa edilməsi mümkün olmayacaq yaxud xeyli dərəcədə çətinləşəcək. Beləliklə, qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, ərizə təmin edilməli və Dövlət Vergi Xidməti tərəfindən İddiaçı MMC-nin ƏDV depozit hesabı üzrə əməliyyatların aparılması və sub-hesabının aparılmasına qoyulmuş məhdudiyyətlər aradan qaldırılmalıdır. Ərizədə qeyd olunan “digər şəxslər tərəfindən cəmiyyətin sub-uçot hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən İddiaçı MMC əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur" yazısının silinməsi tələbi üzrə gətirdiyi arqumentləri araşdıraraq, məhkəmə hesab edir ki, bu hissədə ərizə təmin edilməlidir. Belə ki, nəzərə alınmalıdır ki, ”Riskli vergi ödəycisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təstiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 28 iyul 2020-ci il tarixli qərarı mövcüddur. Qeyd olunan Qərarın 1.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilıərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi Nazirlər Kabinetinin 28 iyun 2020-ci il tarixli Qərarına əsasən vergi ödəyicilərinin riskli əməliyyatlarda iştirak etməsinin müəyyən edilməsi, o cümlədən vergi borcunun olması barədə qərarının qəbul edilməsi səlahiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verilib. Başqa sözlə desək riskli vergi ödəyicilərinin meyarları 2020-ci ildən sonra məlum olub. Yəni 2020-ci ilə qədər vergi ödəyicilərinin apardığı əməliyyatların riskli olmasının müəyyən edilməsi vergi orqanı əməkdaşının subyektiv fikrinə əsaslanırdı. Bu isə vergi ödəyicilərinin işgüzar nüfüzuna xələlə gətirən hal kimi qiymətləndirilirdi. Hazırkı iddia tələbi üzrə isə 2020-ci ildən öncə rəsmiləşdirilən əməliyyatlara 2020-ci ildən sonra məlum olan meyarlar tətbiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, vergi orqanının hüquqi əsası olmadan etdiyi hərəkət qanunsuzdur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılması, ƏDV depozit hesabındakı subuçot hesabına qoyulmuş blokun (qadağanın) götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar