Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1187/2022 03.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********2№-li xx.xx.2021-ci il tarixli məktubu ilə ona güzəştli şərtlərlə əmək pensiya təyin olunmasından imtina edilərək sənədləri geri qaytarılmışdır. Cavabdeh orqan imtinaya əsas kimi, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə əsaslandırmışdır. Cavabdeh orqanın imtina cavabı ilə razı deyil. Cavabdehin imtinası qanuna zidd olmuş və onun hüquqlarını pozmuşdur. O, xx.xx.1959-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Uzun müddət Sumqayıt şəhərində zərərli istehsalat sahəsində çalışmasının nəticəsi olaraq sağlamlığını itrmiş və 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2009-cu il tarixli müayinə aktına əsasən əmək qabiliyyətini tam itirməklə ona 2-ci qrup əlillik təyin edilmişdir. Bu səbəbdən də əmək fəaliyyətini dayandırmağa məcbur olaraq işdən çıxmışdır. 2-ci qrup əlillik xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək davam etmiş və onun əlilliyə görə son aldığı son əmək pensiyasının məbləği 459,98 manat civarında olmuşdur. O, 2021-ci ilin iyun ayında əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyasına keçmək məqsədi ilə ilkin olaraq yaşayış yeri üzrə DSMF-nin 1 saylı Regional ərazi filialına müraciət etmiş, ordan isə ona təyinatı üzrə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməli olduğunu bildirdikdən sonra ora müraciət etmiş, lakin həmin orqan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasından imtina etmişdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh orqan imtinaya əsas kimi, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə əsaslandırmışdır və hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 35200 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiyanın cəmi 23312,16 manat təşkil etdiyini qeyd etmişdir. Cavabdeh orqanın ona münasibətdə pensiya kapitalının “özünəməxsus şəkildə” hesablama aparması ilə razı deyi, onun riyazi hesabalamanı necə aparması müəmmalı olaraq qalır və belə hesablama qanunvericiliyin tələblərinə ziddir. Belə ki, cavabdeh orqan fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq ona münasibətdə 35200 manat hesablandığını qeyd edir, lakin onun hansı qaydada hesablama aparmasına dair ətraflı açıqlama vermir. TSEK-in xx.xx.2009-cu il tarixli müayinə aktına əsasən əmək qabiliyyətini tam itirməklə ona 2-ci qrup əlillik təyin edilmişdir. Göründüyü kimi 2-ci qrup əlil olması ilə yanaşı əmək qabiliyyətinin tam itirmiş hesab edilmişdir. Hazırda isə cavabdeh orqan ondan xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün də pensiya kapitalı olmasını tələb edir ki, bu “absurd” tələbdir. Belə ki, həmin dövrdə o, əmək qabiliyyətini tam itirməklə 2-ci qrup əlilliyə görə əmək pensiyası almışdır. Aldığı 460 manat əlillik pensiyasının məbləği də, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğinin yüksək olmasına bir daha dəlalət edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən - axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzfiələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən normanın tələbinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ reallaşdırmaq üçün 2 tələbi yerinə yetirməlisən: 1) 60 yaşın tamamında, azı 25 il sığorta stajına malik olmaq və bu müddətin azı 12 il 6 ayını zərərli işlərdə çalışmaq. Cavabdeh orqan bu halı mübahisələndirmir və beləliklə bu hal işin mübahisələndirilməyən halıdır. 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Cavabdeh tərəfindən əsassız olaraq mübahisələndirilir. Yuxarıda sadalanan tələbləri artıqlaması ilə yerinə yetirmişdir. Belə ki, 33 il sığorta stajına malikdir, bu müddətin 20 ilini zərərli işlərdə çalışmşdır. Eləcədə, fərdi hesabının sığorta hissəsində kifayət qədər pensiya kapitalı vardır. Əmək pensiyaları haqqında Qanunun 34-cü maddəsinə əsasən - əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının özünün **********12№-li, xx.xx.2021-ci il tarixli imtina məktubu vətəndaş olaraq onun hüquqlarının kobud şəkildə pozulmasını nəzərdə tutduğundan qanunsuz olmaqla heç bir hüquqi əsası yoxdur. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi həmçinin vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, **********2 nömrəli cavab məktubunda iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğidən aşağı olmayan pensiya təminatına imkan vermədiyi qeyd olunmuşdur. Eyni zamanda xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malik olduğu barədə məlumat verilmişdir. Cavabdehin imtinası aşağıda sadalanan müddəalara əsasən qanuni və əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək qanununun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar— 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə bu günə 40560 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hazırda cəmi 23291,93 manat təşkil edir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - "xxxx" ASC-nin 05 aprel 2021-ci il tarixli 05 saylı arayışından görünür ki, iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilədək, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək, xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək, xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilədək, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək, xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək güzəştli şərtlərlə əmək pensiyasına əsas verən peşələrdə işləmişdir. - НЗ ******* saylı hərbi biletdən görünür ki, 18 noyabr 1977-ci ildən 13 noyabr 1979cu ilə qədər hərbi xidmətdə olmuşdur. - ИТ-0126727 saylı əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək, xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək, xx.xx.1983-cü ildən xx.xx.1999-cu ilədək, xx.xx.2001-ci ildən xx.xx.2009-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının İddiaçı ünvanladığı 01 iyul 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddia tələbi iddiaçıya xx.xx.2021-ci il tarixdın yaşa görə əmək pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslıdır. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idiyaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Hazırki işdə iş materiallarına əlavə olunmuş əmək kitabçasından görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün xx.xx.2006-cı ilədək 25 ildən artıq ümumi stajı vardır. Eyni zamanda "xxxx" ASC-nin Sumqayıt “Alüminium” İstehsalat sahəsinin 05 aprel 2021-ci il tarixli 05 saylı arayışı ilə də iddiaçının 12 il 06 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə işlədiyi öz əksini tapmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə cavabdehin iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 06 ay xüsusi iş stajına malik olduğundan Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq ona güzəştli şərtlərlə pensiya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq təyin edilməlidir. Həmin Qanunun müvafiq maddəsi ilə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün pensiya kapitalı tələb olunmurdu. Sözügedən qanunun 13-cü maddəsinin “b” bəndi ilə vətəndaşlara pensiya təyinatı üçün yaş həddi 57 yaş müəyyən edilmişdir. Lakin hazırki işdə iddiaçı xx.xx.2009cu ildən xx.xx.2021-ci ilədək 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası almışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, inzibati işin məhkəmə araşdırması davam etdiyi dövrdə cavadeh orqan İddiaçı xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul etsə də, iddiaçı ona yaşa görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən təyin edilməli olduğunu bildirərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçının tələbi haqlı olduğundan, ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2-1(118)-1187/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1187/2022
03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver