Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1193/2025 18.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: ümidsiz borcun silinməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “hesablanmış faiz məbləğindən 56.700 manat hissəsinin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi, hesablanmış faiz məbləğindən 56.700 manat hissəsinin ümidsiz borc kimi silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddia ərizəsinə əlavə edilmiş "xxxx" MTKnə məxsus şəxsi hesab vərəqəsindən də aşkar şəkildə göründüyü kimi 13 yanvar 2017-ci il tarixdə İddiaçı-nin faiz üzrə borcu 3402,01 manat təşkil etmişdir. 07 sentyabr 2017-ci il tarixdə isə bu məbləğ 65488,73 manata çatmışdır. Sonradan bu məbləğ 56.000 manata qədər yenmiş və 2023-cü ildə 60682 manata qalxmışdır. Şərh edilənlərdən də göründüyü kimi İddiaçı-nə hesablanmış 56.700 manat faiz məbləği 2017-ci ilə aiddir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Konstitusiya Məhkəməsinin Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair 12 yanvar 2011-ci il tarixli Qərarına görə ”Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, izahatında qeyd etmişdir ki, 2016-cı ildə yoxlama keçirilmişdir. 433495 manat əsas borcdur. Ödənilmişdir. xx.xx.2017-ci ilə qədər faiz borcu 3402 manat idi. 433000 manat hesablanandan sonra faiz artmışdır. xx.xx.2017-ci ildə faiz borcu 3402 manat idi. Ondan sonra faiz məbləği 65489 manat olmuşdur. xx.xx.2019-cu il tarixdə ödəniş 30000 manat edilmişdir. 56700 manat faiz borc qalmışdır. xx.xx.2020-ci ilə qədər 57738 manat faiz borc hesablanmışdır. 20000 manat ödənilmişdir. 15000 manat əsas borcdan, 5000 manat faizdən silinmişdir. xx.xx.2020-ci il tarixdə 20000 manat ödəniş edilmişdir. bütövlükdə faiz borcundan silinmişdir. xx.xx.2020-ci ildə 12000 manat bütövlükdə faiz borcundən silinmişdir. Faiz borcu 10645 manata düşmüşdür. xx.xx.2020-ci il tarixdə 3 düzəliş edilmiş, 12000, 2000 və 1000 manat. Faiz borcu yenidən 56700 manat olmuşdur. Əsas borc 133000 manata düşmüşdür. Faizdən silinəni yenidən bərpa etmişdirlər. 56700 manat 2017-ci ildən olan faiz borcudur. Ümumilikdə hazırda 4000 və 1000 manat maliyyə sanksiyası var.Mübahisələndirilmir. silinməli olan məbləğ 56700 manat faiz borcudur. Konstitutiya Məhkəməsinin mövqeyi var. üzərindən 5 ildən çox müddət keçir. Cavabdehin etirazında qeyd etdiyi dəlillərin müddətə təsiri yoxdur. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı "xxxx" Mənzil Tikinti Kooporativi iddia ərizəsində cəmiyyətin şəxsi hesab vərəqəsində olan 56700 manat borcunun əsaslı borc olmadığı, Vergi Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən 5 illik tələbetmə müddətin bitməsi əsas gətirilərək ümidsiz borc kimi silinməli olduğunu qeyd etmişdir. Vergi Məcəlləsinin 85-ci maddəsinə əsasən: -hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər; -vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur; - vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada şilinə bilər. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 77-ci maddəsinə əsasən: -bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur; -vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi ücün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir; - vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uygun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar açılmış və xx.xx.2019-cu il tarixli **********396700 nömrəli əmlakın müəyyən edilməməsi barədə akt tərtib edilmişdir. Lakin aparılmış araşdırma zamanı vergi ödəyicisinin fəaliyyət sahəsi də nəzərə alınmaqla xx.xx.2016-cı il tarixli səyyar vergi yoxlaması aktına əsasən balansında bir sıra aktivlərinin olduğu müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı borc məbləğlərinin alınması istiqamətində vergi orqanının xx.xx.2021-ci il tarixli **********292700 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərarına əsasən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, lakin İcra İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən “İcraata başlamaq haqqında” Qərar qəbul edilmiş, daha sonra xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri Mənzil Komunnal Təsərrüfat İstehsalat Birliyi tərəfindən təqdim edilmiş arayışa əsasən həmin ünvanda vergi ödəyicisi fəaliyyət göstərmədiyi üçün “Tələbin icraya yönəldilməsi haqqında” Qərarın icra olunmadan geri qaytarıldığı məlum olmuşdur. Belə ki, qərarın geri qaytarılmasına baxmayaraq, yenidən aidiyyəti üzrə icra idarəsinə müraciət olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, izahatında bildirmişdir ki, 2016-cı ildə səyyar vergi yoxlaması əsasında qəbul edilmiş qərar əsasında hesablanmış faiz məbləğidir. Etirazı müdafiə etdiyini bildirirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçının şəxsi hesab vərəqəsi iş materiallarına əlavə edilmişdir. Vergi borcunun ödənilməsinə dair **********6 nömrəli bildirişə əsasən iddiaçının dövlət büdcəsinə 57,514.60 manat borcu olduğu qeyd edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi ilə cavabdehdən hesablanmış faiz məbləğindən 56.700 manat hissəsinin ümidsiz borc kimi silinməsi müraciətini etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı hesablanmış faiz məbləğindən 56.700 manat hissəsinin ümidsiz borc kimi silinməsini istəyir. Cavabdeh etirazında qeyd edir ki, vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar açılmış və xx.xx.2019-cu il tarixli **********396700 nömrəli əmlakın müəyyən edilməməsi barədə akt tərtib edilmişdir. Lakin aparılmış araşdırma zamanı vergi ödəyicisinin fəaliyyət sahəsi də nəzərə alınmaqla xx.xx.2016-cı il tarixli səyyar vergi yoxlaması aktına əsasən balansında bir sıra aktivlərinin olduğu müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı borc məbləğlərinin alınması istiqamətində vergi orqanının xx.xx.2021-ci il tarixli **********292700 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərarına əsasən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, lakin İcra İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən “İcraata başlamaq haqqında” Qərar qəbul edilmiş, daha sonra xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri Mənzil Komunnal Təsərrüfat İstehsalat Birliyi tərəfindən təqdim edilmiş arayışa əsasən həmin ünvanda vergi ödəyicisi fəaliyyət göstərmədiyi üçün “Tələbin icraya yönəldilməsi haqqında” Qərarın icra olunmadan geri qaytarıldığı məlum olmuşdur. Belə ki, qərarın geri qaytarılmasına baxmayaraq, yenidən aidiyyəti üzrə icra idarəsinə müraciət olunmamışdır. Cavabdeh 2016-cı ildə səyyar vergi yoxlaması əsasında qəbul edilmiş qərar əsasında hesablanmış faiz məbləğinə istinad edir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsaslı olmamışdır. Belə ki, şəxsi hesab vərəqəsindən göründüyü kimi, xx.xx.2017-ci il tarixə iddiaçının 3402.01 manat faiz borcu olmuşdur. xx.xx.2019-cu il tarixdə 30000 manat ödəniş edilməklə fazi borcu 57.726,58 manat olmuşdur. xx.xx.2020-ci ilə qədər 57738,05 manat faiz borc hesablanmışdır, 20000 manat iddiaçı tərəfindən ödənilmişdir. Həmin məbləğin bir hissəsi əsas borcdan, bir hissəsi faiz borcundan silinmiş, xx.xx.2020-ci il tarixdə 20000 manat ödəniş edilmiş, bütövlükdə faiz borcundan silinmişdir. xx.xx.2020-ci ildə ödənilmiş 12000 manat bütövlükdə faiz borcundən silinmişdir. Nəticədə faiz borcu 10.644,41 manata düşmüşdür. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə 3 düzəliş edilmiş, faiz borcu 56736.73 manat qeyd edilmiş, əsas borc isə 133586.34 manata qeyd edilmişdir. Göründüyü kimi 56700 manat iddiaçının 2017-ci ilə olan faiz borcudur. Borcun 56700 manat hissəsinin 2017-ci ilə aid olan faiz borcu olması cavabdeh tərəfindən mübahisələndirilməmiş, işin mübahisəsiz halı kimi çıxış etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi .... 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 93. Ümidsiz borcların silinməsi 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Qanunvericiliyin tələbindən görüdüyü kimi, vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının, xx.xx.2023-cü il tarixli, 2-1(102)-287/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)- 286/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)- 486/2023 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-1140/2021 nömrəli, xx.xx.2020-ci il tarixli, 2- 1(102)-669/2020 nömrəli qərarları və s.) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
10. Başqa sözlə, vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.
11. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd edildiyi kimi, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır.
12. Beləliklə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir.
13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-3453/2024 saylı Qərardadı) Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə hesablanmış faiz məbləğindən 56.700 manat hissəsinin ümidsiz borc kimi silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova