Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1209/2025 12.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.1959-cu ildə anadan olmuşdur. İddiaçı xx.xx.1978-xx.xx.1980-ci ilədək Sovet Ordu sıralarında hərbi qulluqçu kimi, xx.xx.1981-xx.xx.1982-ci ilədək Sadə Superfosfat sexinə Aparat və avadamlıqlar üzrə 3-cü dərəcəli təmirçi çilingər kimi, xx.xx.1982-xx.xx.1987-ci ilədək Avtonəqliyyat sexinə Avto-Yükləyici nəqliyyat vasitəsinə (KON-özü yükləyib-boşaldan) 4-cü dərəcəli universal avto yükləyici sürücüsü kimi, xx.xx.1987-xx.xx.1996-cı ilədək həmin müəssisədə traktor nəqliyyat vasitəsi üzrə 5-ci dərəcli universal traktor sürücüsü kimi, xx.xx.1996-cı ildən xx.xx.2008-ci ilədək həmin müəssisədə 8-ci dərəcəli universal avto-yükləyici sürücüsü kimi işləyərək yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən güzəştli iş stajını tamamlamışdır. Hesab edir ki, qanunvericiliyin tələb etdiyi güzəştli iş stajı mövcud olduğundan ona 60 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Bununla bağlı iddiaçı ərizə ilə cavabdeh orqana müraciət olunmuş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu ilə cavab vermişdir. İmtina məktubunda qeyd edilmişdir ki, iddiaçının avtonəqliyyat sexində xx.xx.1982-xx.xx.1987, xx.xx.1987-xx.xx.1996, xx.xx.1996-xx.xx.2008-ci il tarixləri arasındakı dövr müvafiq Qərarla təsdiq edilmiş Siyahının kimya istehsalatı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli şərtlərlə iş stajı 12 il 6 aydan az, yəni 8 ay 21 gün təşkil edir. Cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, icraatınızda olan e-2-1(118)- 4155/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, inzibati Prosessual Məcəllənin (bundan sonra - İPM) 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazlarını təqdim edirlər. İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-Y-70417/2024 nömrəli məktubla cavablandırılmış və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, beləliklə də xx.xx.2019-cu il tarixdə 60 yaşı tamam olmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçıya proaktiv qaydada xx.xx.2024-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi üzrə ümumi əsaslarla yaşa görə pensiya təyin edilmişdir. İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsi təşkil etmişdir. Həmin maddənin iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.” Həmin Qanunun 7-ci maddəsinə görə 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddia ərizəsinə əsasən İddiaçı hüquqi marağı ona 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi olduğundan həmin tarixdə qüvvədə olan qanunvericiliyin tələbləri əsasında münasibət bildirməyi məqsədəuyğun hesab edirlər. “Əmək pensiyaları haqqında” Qanunun müddəaları baxımından İddiaçı xx.xx.2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: İddiaçının 60 yaşı tamam olmalıdır (yaş tələbi); İddiaçı iş stajının ən azı 12 il 6 ayını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi); İddiaçı ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (ümumi iş stajı tələbi); İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir (pensiya kapitalı tələbi). İddiaçının işlədiyi dövrlərin güzəştli iş stajı hesab edilməsi üçün bir sıra hallar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Həmin Qaydaya 2 nömrəli Əlavədə isə şəxsin güzəştli şərtlə əmək pensiyası hügugu verən işdə çalışmasına dair işəgötürənin arayışının forması göstəriİmişdir. Buna əsasən, işəgötürənin arayışında aşağıdakı məlumatlar geyd olunmalıdır: Arayışı verən dövlət orqanının (qurumun), işlədiyi müəssisənin adı; Arayışın təqdim olunduğu şəxsin adı, soyadı və atasının adı; Şəxsin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) işlədiyi dövrlər və həmin vəzifənin adı; Şəxsin 3-cü bənddə qeyd edilmiş vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər; Şəxsin işlədiyi həmin vəzifə üzrə sosial sığorta (əmək) stajı (il, ay, günlə göstərilməklə); Şəxsin işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri; Şəxsin işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı Qərarı ilə təsdiq edilmiş Siyahının hansı bəndinə/ (yarımbəndinə) və (və ya) hansı vəzifə koduna uyqun olması. İşin faktiki hallarından da məlum olur ki, iddiaçı M.X12 müraciət edərkən "xxxx" ASC-dən iş stajı ilə bağlı arayış təqdim etmişdir. xx.xx.2024-cü il tarixli 39 və 41 nömrəli həmin arayışlara əsasən iddiaçının xx.xx.1981 -ci il tarixdən 08.01 2008-ci il tarixədək işlədiyi dövrlər güzəştli iş stajı hesab edilir. Arayışlara əsasən sözügedən dövrlərdəki iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının “Kimya istehsalatı” adlanan X bölməsinin 2110A00 kodu ilə qeyd olunmuş vəzifəyə uyğundur. Bildirirlər ki, həmin kod üzrə “tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri” vəzifələri üzrə iş müddəti güzəştli iş stajına daxil edilə bilər. Lakin "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 40 nömrəli arxiv arayışına və iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən İddiaçı sözügedən müəssisənin Avtonəqliyyat sexində xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində Avto- Yükləyici nəqliyyat vasitəsində universal avto-yükləyici sürücüsü, xx.xx.1987- 01,07.1996-cı il tarixləri arasındakı dövr ərzində Traktor nəqliyyat vasitəsində universal traktor sürücüsü, xx.xx.1996-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində universal avto-yükləyici sürücüsü vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bu isə heç də arayışda istinad edildiyi kimi kimya istehsalatı sahəsinə aid deyil. Həmçinin, həmin kodda sürücü vəzifəsi ümumiyyətlə nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi dövrlər onun güzəştli iş stajına daxil edilə bilməz. Məhkəmə hər bir halda iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji işlərlə bağlı 2-1(102)-1030/2023 nömrəli qərarı ilə də müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda da birbaşa göstərilmişdir ki, güzəştli iş stajı ilə bağlı işəgötürənin arayışında şəxsin işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüquğuna əsas olan xüsusiyyətləri geyd olunmalıdır. Lakin hazırkı iş üzrə müəssisənin arayışlarında həmin məsələyə münasibət bildirilməmiş, vəzifə təlimatları da təgdim olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyası 2-1(102)-669/2024 nömrəli qərarında oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Digər tərəfdən, hazırkı iş üzrə müəssisənin arayışında iddiaçının 08.01,2008-ci il tarixədək işlədiyi dövrün staja daxil edildiyi bildirilsə də, "xxxx" ASC tərəfindən İddiaçı münasibətdə xx.xx.2007-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanununun 21.1-ci maddəsinin tələbi baxımından, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçının fərdi şəxsi hesabına "xxxx" ASC tərəfindən xx.xx.2007-ci il tarixdən sonra məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. 2007-ci ilin dekabr ayı işəgötürənin arayışında güzəştli iş stajı hesab edilən dövrə daxil edilsə də, sığortaedən tərəfindən İddiaçı münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən əmək kitabçasında və arayışda qeyd olunan həmin dövr onun istər ümumi, istərsə də güzəştli iş stajına daxil edilə bilməz. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji işlərlə bağlı iddiaçı X7 "əmək pensiyanın bütün əmək stajı nəzərə alınmaqla yenidən hesablanması və əmək pensiyasının sığorta hissəsinin düzgün indeksləşdirilməsi” tələbinə dair xx.xx.2024-cü il tarixli 2-1(102)-139/2024 nömrəli qərarı ilə də müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X2 "yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair xx.xx.2024-cü il tarixli 2-1(102)-474/2024 nömrəli qərarının 26-cı bəndində də qeyd olunduğu kimi xx.xx.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə 2007-ci ilin dekabr ayı üzrə məhz iddiaçının adına sosial sığorta ödənişlərinin həyata keçirildiyi müəyyən edilmir. Hazırkı iş üzrə müəssisənin arayışında qeyd edilən digər dövrlərə gəldikdə isə bildirirlər ki, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 40 nömrəli arxiv arayışına və iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sadə Superfosfat sexində təmirçi-çilingər vəzifəsində işləmişdir. Mərkəzi Filial tərəfindən yalnız qeyd edilən dövr iddiaçının güzəştli iş stajına daxil edilmişdir. Beləliklə, iddiaçının mübahisələndirilməyən güzəştli iş stajı 8 ay 21 gün təşkil edir, bu isə qanunvericiliklə tələb edilən 12 il 6 ay müddətdən azdır. Həmçinin, iddia ərizəsində iddiaçının hazırkı tələblə cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etdiyi bildirilsə də, Mərkəzi Filialda belə bir müraciət aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Məlumdur ki, cavabdehin imtinasının hüquqi baxımdan qanuni olub-olmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır:
1. İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması;
2. Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib- seçməməsi. Mövcud icraat materiallarına əsasən İddiaçı güzəştli iş stajı qanunvericiliklə tələb olunan 12 il 6 aydan azdır və “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə pensiya təyinatına imkan verməmişdir. Deməli, güzəştli iş stajı ilə bağlı dispozisiya şərti iddiaçıya münasibətdə mövcud olmamışdır. Müvafiq normanın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olubolmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib- seçmədiyi müəyyən olunmalıdır. Mərkəzi Filialın imtinasının hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş, güzəştli iş stajı, ümumi iş stajı və pensiya kapitalı tələbi ilə bağlı qeyd olunan dörd şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə pensiya təyinatından imtina etməkdə haqlıdır. Deməli, Mərkəzi Filial iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən Mərkəzi Filialın imtinası qanunauyğundur. Cavabdehin iddiaya qarşı yazılı etiraza əlavə ərizəsində qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı (bundan sonra - Mərkəzi Filial) "xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlə ki, icraatınızda olan e-2-1(118)- 1209/2025 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mərkəzi Filial tərəfindən iddiaçıya təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-Y-70417/2024 nömrəli imtina məktubunda iddiaçının ümumi iş stajı və pensiya kapitalına münasibət bildirilmədiyindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-201005/2024 nömrəli etiraza əlavəni təqdim edirlər. Məlumdur ki, cavabdehin imtinasının hüquqi baxımdan qanuni olub-olmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır:
1. İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması;
2. Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib-seçməməsi. İddiaçı iddia ərizəsində xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli 3- 17- 1/2-201005/2024 nömrəli etirazda da qeyd etdiyimiz kimi Əmək pensiyaları haqqında Qanunun müddəaları baxımından İddiaçı xx.xx.2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: İddiaçının 60 yaşı tamam olmalıdır (yaş tələbi); İddiaçı iş stajının ən azı 12 il 6 ayını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi); İddiaçı ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (ümumi iş stajı tələbi); İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir (pensiya kapitalı tələbi). İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.2019-cu il tarixdə yaş və ümumi iş stajı tələblərini ödəmişdir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi iş stajı 28 il 7 ay 16 gün (xx.xx.2006-cı il tarixədək 26 il 9 ay 16 gün (xx.xx.1978-xx.xx.1980-ci il (hərbi xidmət dövrü) və 24 04 1981-xx.xx.2005-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 1 il 10 ay) təşkil edir. Bununla belə, pensiya təyin edilməsi tələb edilən xx.xx.2019-cu il tarixdə iddiaçıya münasibətdə güzəştli iş stajı və pensiya kapitalı ilə bağlı dispozisiya şərtləri mövcud olmamışdır. Məlumat üçün bildirirlər ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, həmin tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 23233.44 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 661,08 manat təşkil edirdi. xx.xx.2024-cü il tarixli 3-17-1/2-201005/2024 nömrəli etirazda iddiaçının güzəştli iş stajına münasibət bildirdiklərinə görə təkrarən qeyd etməyi zəruri hesab etmirlər. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi üçün yaş, güzəştli iş stajı, ümumi iş stajı və pensiya kapitalı tələbi ilə bağlı qeyd olunan dörd şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə pensiya təyinatından imtina etməkdə haqlıdır. Deməli, Mərkəzi Filial iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən Mərkəzi Filialın imtinası qanunauyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi' tələbinə dair xx.xx.2024-cü il tarixli 2-1 (1021- 1208/2024 nömrəli qərarının 49-cu bəndində də qeyd olunduğu kimi məhkəmələr pensiya yaşının tamam olduğu tarixə güzəştli pensiya təyin edilməsi üçün qanunvericiliklə pensiya kapitalının tələb olunduğu zaman iddiaçının kifayət qədər pensiya kapitalının mövcud olub-olmaması ilə bağlı araşdırma aparmalıdırlar. Beləliklə, İddiaçı güzəştli iş stajı və pensiya kapitalı tələb olunandan az olduğuna görə “Əmək pensiyaları haqqında" Qanunun müddəaları əsasında iddiaçıya iddia ərizəsində qeyd etdiyi tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: ИТ-İ-0633881 saylı əmək kitabçasının surəti; НЗ № ******* saylı hərbi biletin surəti; № 029919 saylı diplomun surəti; 41 saylı, 27 fevral 2024-cü il tarixli arayış və digər sənədlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən 28 mart 2024-cü il tarixli məktub ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajının (bəzi dövlər üzrə məcburi sosial sığorta haqqları ödənmədiyindən ) tamamlanmamasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idiyaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Hazırki işdə iş materiallarına əlavə olunmuş əmək kitabçasından görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün 08 yanvar 2008-ci il tarixinədək (xx.xx.1981-ci ildən - xx.xx.2008-ci ilədək) və əlavə olaraq xx.xx.1978-ci ildən – xx.xx.1980-ci ilədək olan hərbi xidmət dövrü nəzərə alınmaqla (həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir) 25 ildən artıq ümumi stajı vardır. Həmçinin cavabdeh orqan da imtina məktubunda iddiaçının ümumi iş stajını mübahisələndirməmişdir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əmək kitabçasından, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli arayışdan arayışdan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə (avtonəqliyyat sexi-universal avtoyükləyici sürücüsü) 26 il 8 ay 8 gün çalışmışdır. Həmçinin "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlamış 42 saylı, xx.xx.2024-cü il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir; “X9 həqiqətən 24 Aprel 1981-ci il taridən 08 Yanvar 2008-ci ilə kimi Sumqayıt Superfofat zavodunda müxtəlif vəzifələrdə iləmişdir. O cümlədən 24 Aprel 1981-ci il tarixdən 15 Yanvar 1982-ci il tarixinə kimi Sumqayıt Superfosfat zavodunun 01 saylı X8 (DSS)Aparat və Avadanlıqları üzrə 3-cü dərəcəli təmirçi-çilingər vəzifəsində zərərli iş şəraitində işləmişdir. 15 Yanvar 1982-ci il tarixdən 08 Yanvar 2008-ci ilə kimi isə Zavodun Avtonəqliyyat sexində Avto- Yükləyici(KON-özü yükləyib-boşaldan nəqliyyat vasitəsidir) nəqliyyat vasitəsi üzrə 4-cü dərəcəli unversal avto-yükləyici sürücü olaraq,bütün sexlərdə istehsal olan məhsulların daşınması və eləcə də boşaldılmasında bilavasitə,mütamadi olaraq, iştirak etmiş və işləmişdir. Qeyd etmək istəyirik ki, zavodumuz o dövrlərdə yalnız kimyəvi məhsullar istehsal edərək, Keçmiş SSRİ-nin bütün Respublikalarına yəni, kənd Təsərrüfatlarında və digər sahələrində istifadə etmək üçün Dənəvər Superfosfat, Sadə Superfosfat(üyüdülmüş toz şəklində) kübrələri, Sulfat turşusu, Oleum, Ftor Alminium kimi zəhərli, eləcə də insan orqanizminə bilavasitə tam zərərli olan kimyavi məhsullar istehsal edirdi. Elə bu səbəbdən də həmin sexlərdə çalışan işçilər müəyyən müddətdən sonra, yaş həddinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 İyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 № -li siyahıda qeyd olunan güzəştli şərtlərlə pensiya hüququna malik olurlar (Kod: 1080A010-17541,1080A010) və 2№ -li siyahıda qeyd olunan güzəştli şərtlərlə pensiya hüququna malik olanlar (Kod : 2110A00) pensiyaya çıxırlar”. Göründüyü kimi iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququ verən iş stajı hesablanarkən onun "xxxx" firmasında işlədiyi dövrləri nəzərə almasından imtinası tam əsassız olmuşdur. Məhkəmə iddiaçının tələbinə “60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən əmək pensiyasının təyin edilməsi”nə münasibətdə bildirir ki, cavabdeh orqan etirazın əsaslarından biri olaraq vətəndaşın ona pensiya təyin edilməsi üçün pensiya kapitalın mövcud olmadığını qeyd etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçıya qanunvericiliyə əsasən pensiya kapitalının tələb edilmədiyi dövrdən xx.xx.2022-ci il tarixdən əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya hüququ verən iş stajının qəbul edilməsindən imtinanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edilə bilər. İPM-in 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı xx.xx.2022-ci il tarixdən (60 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən (60 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva