Məhkəmə qərarları › İş №e-2-1(118)-1217/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1217/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1217/2024 19.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********97800 və xx.xx.2024-cü il tarixli, **********843700 nömrəli qərarların ləğv edilməsi və artıq ödənilmiş 79,107.16 manat vergi məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia qaldıraraq ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********145000 nömrəli qərarın ləğv edilməsi və artıq ödənilmiş 79,107.16 manat vergi məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********97800 və xx.xx.2024-cü il tarixli, **********843700 nömrəli qərarları ləğv edilməsi və artıq ödənilmiş 79,107.16 manat vergi məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X2 xx.xx.2023-cü il tarixdə **********493400 nömrəli “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqlarının və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə uçotda olduğu 3 saylı ƏVİ-nə müraciət edərək şəxsi hesab vərəqəsində mövcud olan 79107,16 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılmasını xahiş etmişdir. Lakin həmin ərizə təqdim edildikdən 11 gün sonra cavabdeh vergi orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********145000 nömrəli Qərara əsasən 2023-cü ilin may ayına ƏDV üzrə 63 418.64 manat əlavə vergi məbləği hesablanmışdır. Bundan sonra cavabdeh vergi orqanı iddiaçıya “Artıq ödənilmiş məbləğin qaytarılması haqqında” cavab məktubu göndərmiş və məktubda qeyd edilmişdir ki, “şəxsi hesab vərəqənizə əsasən müraciətinizdə qeyd etdiyiniz məbləğdə (79,107.16) artıq ödəmə məbləği müəyyən edilməmişdir. Belə ki, tərəfinizdən 2023-cü ilin may ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində aşkar edilmiş kənarlaşmalar ilə əlaqədar olaraq 63418,64 manat kameral hesablama aparılmışdır”. Gördüyümüz kimi, cavabdeh vergi orqanı artıq ödənilmiş vergi məbləğini qaytarmaq əvəzinə cəmiyyətə əlavə olaraq 63,418.64 manat əsassız əlavə vergi məbləği hesablamışdır. Qeyd olunan qərarda hesablama ilə bağlı qeyd edilmişdir ki, “faəliyətiniz üzrə aparılmış yoxlama zamanı əldə olunmuş məlumatlar əsasında 2022-ci ilin iyun ayı üzrə 74,371.56 manat, iyul ayı üzrə 82268.38 manat, avqust ayı üzrə 77966.31 manat olduğu müəyyən edilmiş və nəticədə ümumi dövriyyə məbləği 200000.0 manatdan artıq olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmısınız. Bundan başqa fəaliyyətiniz üzrə aparılmış yoxlama zamanı dövriyyənizin 2022-ci ilin sentyabr ayı üzrə 82396.58 manat, oktyabr ayı üzrə 75177.77 manat, noyabr ayı üzrə 86840.05 manat, dekabr ayı üzrə 53054.2 manat, 2023-cü ilin yanvar ayı üzrə 38417.77 manat, fevral ayı üzrə 36336.13 manat, mart ayı üzrə 18597.5 manat ƏDV-lı məbləğ olmuşdur. Bundan başqa, 2023-cü ilin aprel və may ayları üzrə eqaimə məlumatlarına əsasən tərəfinizdən 18162.62 manat mal təqdim edilmiş və müvafiq dövr üzrə onlayn kassa məlumatlarına əsasən isə 2959.91 manat əməliyyat olmuşdur. Qeyd olunanlara əsasən 2023-cü ilin may ayı üzrə 63418.64 manat ((390819.88/1.18 * 18%) + (18162.62 + 2959.91) * 18%) ƏDV məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir”. Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********145000 nömrəli qərarı və artıq ödənilmiş vergi məbləğinin qaytarılmasından imtinanı qanunsuz və əsassız hesab edirik. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı X1 cavabdeh Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********297800 saylı Qərarın ləğv olunması, artıq ödənilmiş məbləğin geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi icraatınızda olan iş üzrə iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq iddia tələbinin mümkünsüz hesab edir: Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Bildiririk ki, iddiaçı X2 “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizələrlə müraciət edərək vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Lakin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə göstərilən məlumatları düzgün qeyd etməmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə qeyd edilənlər formal xarakter daşımır və büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsi ilə ünvanlı istifadəsinə, gəlirlərin, xərclərin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılmasına xidmət edir. “Büdcə sistemi haqqında” Qanunun 1.1.2-ci maddəsinə əsasən, büdcə təsnifatı dedikdə, dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, yerli büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılması nəzərdə tutulur. Həmin qanunun 9.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş həcmdən artıq ödənilmiş vergilərin, rüsumların, digər ödənişlərin və daxilolmaların büdcədən qaytarılması dövlət büdcəsi gəlirlərinin azaldılmasına aid edilir. Həmin qanunun 1.1.10-cu maddəsində isə qeyd edilir ki, dövlət büdcəsinin kassa icrası dedikdə büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsi ilə ünvanlı istifadəsini təmin edən icra mexanizmi başa düşülür. Qeyd edildiyi kimi, artıq ödəmənin qaytarılması barədə ərizə mahiyyət etibarilə düzgün tərtib edilmədiyi üçün vergi ödəyicisinə bu barədə “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq məlumat verilmiş və qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya imtina verilməmişdir. Eyni zamanda, əlavə məlumata ehtiyacı olacağı təqdirdə 195 Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməsi vergi ödəyicisinə təklif edilmişdir. Lakin, ötən müddət ərzində Zülfüqarov Orxan artıq ödənilmiş vergilərin qaytarılması barədə dürüstləşdirilmiş ərizə forması ilə yenidən cavabdehə müraciət etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarının 6.3-cü maddəsində qeyd edilmişdir ki, büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin və ya sığortaedənin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə fəaliyyətini dayandırmış, lakin fəaliyyətinin dayandırılmasına baxmayaraq 2023-cü ilin gəlir vergisi bəyannaməsini təqdim edilməmişdir. Aparılmış araşdırma zamanı 2022-ci il üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən dövrün sonuna 94145,26 manat mal qalığının olduğu, eləcə də 2023-cü il ərzində fəaliyyətini dayandırdığı günədək 99557,8 manat mal alışının olduğu müəyyən edilmidir. Qeyd olunan malların təsərrüfat subyektində olubolmamasının yoxlanılması məqsədi ilə nəzarət tədbirinin keçirilməsi üçün vergi orqanı tərəfindən obyektə baxış keçirilmiş faktiki obyektdə başqa vergi ödəyicisinin işlədiyi məlum olmuşdur. Qeyd olunanlara əsasən mal qalığının müəyyən olunmadığı üçün təqdim etmə kimi qiymətləndirilmişdir. Bundan başqa aparılmış araşdırma zamanı 2023-cü il üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 426493,10 manat dövriyyəsinin olduğu müəyyən edilmişdir. Bu baxımdan (426493,10-(94145,26+99557,8)=232790*20%) 46558,01 manat 2023-cü il üzrə gəlir vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir. VM-nin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, vergi ödəyicisinin müraciəti düzgün şəkildə doldurulmadığı üçün onun gecikdirilmiş müddət üçün faiz ödənilməsini tələb etməsi də əsassızdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********843700 saylı və xx.xx.2024-cü il tarixli, **********29800 nömrəli qərarlar və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 3 saylı Ərazi Vergilər İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 1stərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 3 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 3 saylı Ərazi Vergilər İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından iddiaçı barəsində 3 saylı Ərazi Vergilər İdarəsinin tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********97800 və xx.xx.2024-cü il tarixli, **********843700 qərarlardan məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt İnzibati Məhkəməsinin ərazi aidiyyatına aid olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqlarının və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəyə əsasən iddiaçı Zülfüqarov Orxan əlavə dəyər vergisi üzrə 79107.16 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli **********297800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 2023-cü ilin may ayına ƏDV üzrə 63418.64 manat əlavə vergi məbləği hesablanmışdır. xx.xx.2024-cü il tarixli **********843700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 2023-cü ilin Gəlir vergisi üzrə 41369.84 manat əlavə vergi məbləği hesablanmışdır. “Artıq ödənilmiş məbləğin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli **********453800 nömrəli məktubda qeyd edilir ki, şəxsi hesab vərəqənizə əsasən müraciətinizdə qeyd etdiyiniz məbləğdə (79,107.16) artıq ödəmə məbləği müəyyən edilməmişdir. Belə ki, tərəfinizdən 2023-cü ilin may ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində aşkar edilmiş kənarlaşmalar ilə əlaqədar olaraq 63418,64 manat kameral hesablama aparılmışdır. Məhkəmə aşağda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh vergi orqanı iddiaçıya gəlir vergisi və ƏDV hesablamaqda, eləcə də artıq ödənilmiş vergi məbləğini qaytarmaqdan imtina etməkdə haqlı olmamışdır. Hazırda iddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********843700 nömrəli və xx.xx.2024-cü il tarixli **********297800 nömrəli qərarları mübahisələndirir və artıq ödənilmiş 79107.16 manat vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı tələbini belə əsaslandırır ki, 2023-cü ilinə gəlir vergisi və 2023-cü ilin may ayına ƏDV üzrə əlavə vergi məbləğinin hesablanması üçün hər hansı əsas mövcud olmamış, sadəcə olaraq vergi orqanı artıq ödənilmiş 79107.16 manat vergi məbləğini qaytarmamaq üçün belə bir hesablama həyata keçirmişdir. Məhkəmə 2023-cü ilin may ayı üzrə ƏDV hesablanmış əlavə vergi məbləğinə münasibətdə qeyd edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********297800 nömrəli qərarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, “sair: fəaliyyətiniz üzrə aparılmış yoxlama zamanı əldə olunmuş məlumatlar əsasında 2022-ci il üzrə dövriyyəniz iyun ayı üzrə 74371,56 manat, iyul ayı üzrə 82268,38 manat, avqust ayı üzrə 77966,31 manat, sentyabr ayı üzrə 82396,58 manat, oktaybr ayı üzrə 75177,77 manat, noyabr ayı üzrə 86840,05 manat, dekabr ayı üzrə 53054,2 manat, 2023-cü ilin yanvar ayı üzrə 38417,77 manat, fevral ayı üzrə 36336,13 manat, mart ayı üzrə isə 18597,5 manat ƏDV-li məbləğ olmuşdur.” Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli etirazda qeyd edilir ki, “aparılmış yoxlama zamanı əldə olunmuş məlumatlar əsasında 2022-ci ilin iyun ayı üzrə 74371,56 manat, iyul ayı üzrə 82268,38 manat, avqust ayı üzrə 77966,31 manat olduğu müəyyən edilmiş və nəticədə ümumi dövriyyə məbləği 200000.00 manatdan artıq olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmısınız. Bundan başqa fəaliyyətiniz üzrə aparılmış yoxlama zamanı dövriyyənizin 2022-ci ilin sentyabr ayı üzrə 82396,58 manat, oktaybr ayı üzrə 75177,77 manat, noyabr ayı üzrə 86840,05 manat, dekabr ayı üzrə 53054,2 manat, 2023-cü ilin yanvar ayı üzrə 38417,77 manat, fevral ayı üzrə 36336,13 manat, mart ayı üzrə isə 18597,5 manat ƏDVli məbləğ olmuşdur. Bundan başqa 2023-cü aprel və may ayları üzrə e-qaimə məlumatlarına əsasən tərəfinizdən 18162,62 manat mal təqdim edilmiş və müvafiq dövr üzrə onlayn kassa məlumatlarına əsasən isə 2959,91 manat əməliyyat olmuşdur.” Qeyd olunanlara əsasən 2023-cü ilin may ayı üzrə 63418.64 ((390819.88/1.18)*18%)+(18162,62+2959,91=21122,53*18%) manat ƏDV məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir”. Göründüyü kimi, cavabdeh vergi orqanı yoxlama zamanı əldə edilmiş məlumatlara əsasən iddiaçının vergiyə cəlb dövriyyəsinin 200000 manatdan artıq olduğunu müəyyən edərək, ilk öncə onu xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydə almış, daha sonra iddiaçının 2022-ci ilin sentyabr-dekabr və 2023-cü ilin yanvar-may ayları üzrə vergiyə cəlb edilən dövriyyəsi olduğunu əsas götürərək, 2023-cü ilin may ayına ƏDV üzrə 63418.64 manat əlavə vergi məbləği hesablamışdır. Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh vergi orqanı hesablamanı “yoxlama zamanı əldə edilmiş məlumatlara” əsasən həyata keçirdiyini qeyd etsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilən zaman vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilməmişdir. Belə ki, işdən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli **********297800 nömrəli qərarı kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş və həmin qərarla iddiaçı barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə 2023-cü ilin may ayı üzrə əlavə vergi məbləği hesablamışdır. Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni, kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Odur ki, vergi orqanı 2023-cü ilin may ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2023-cü ilin may ayında baş vermiş əməliyyatları əsas götürməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinin tələbləri baxımından ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır. Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir. Sadalanan maddələrə nəzər yetirdikdə aydın olur ki, 2023-cü ilin may ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan rəqəmdən əvəzləşdirilmiş ƏDV-nı çıxaraq yaranan fərqi büdcəyə hesablanmış olsun. Lakin, hazırkı işdən görünür ki, vergi ödəyicisinin 2023-cü ilin may ayında vergitutma obyekti üzrə hər hansı kənarlaşma olmadığı halda, vergi orqanı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə iddiaçı barəsində 2023-cü ilin may ayı üzrə əlavə vergi məbləği hesablamışdır ki, bu da Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normalarına ziddir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 2270/2023 nömrəli qərarında da məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, vergi orqanı kameral qaydada ƏDV hesabladığı zaman həmin hesabat dövründə baş vermiş əməliyyatları əsas götürməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilən zaman vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilmədiyindən iddiaçı barəsində əsassız qərar qəbul edilmişdir. Həmçinin məhkəmə 2023-cü il gəlir vergisi üzrə əlavə vergi məbləğinə hesablanmış əlavə vergi məbləğinə münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixli **********843700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarda hesablamaya səbəb olaraq qeyd edilmişdir ki, “tərəfinizdən 2023-cü ilin gəlir vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, aparılmış araşdırma zamanı kənarlaşma aşkar edilmişdir. Belə ki, 2023-cü il üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 426493,10 manat dövriyyənizin olduğu müəyyən edilmişdir. Tərəfinizdən xx.xx.2023-cü il tarixdə 2023-cü ilin may ayı üzrə ƏDV bəyannaməsini vergidən yayınmaq məqsədi ilə boş təqdim etmişdir. Lakin 2023-cü il üzrə real dövriyyəniz 354037,16 manat olmuşdur. Bu baxımdan ƏDV bəyannamələrinə əsasən 426493,10 manat olmasına baxmayaraq 2023-cü ilin gəlir vergisi dövriyyəsini 219643,92 manat dəyərində göstərmişdir. Göstərilənləri nəzərə alaraq (426493,10 - 205984,91) = 220508,19 *20%) 44101,63 manat 2023-cü il üzrə gəlir vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir”. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli etirazda qeyd edilir ki, “aparılmış araşdırma zamanı 2022-ci il üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən dövrün sonuna 94145,26 manat mal qalığının olduğu, eləcə də 2023-cü il ərzində fəaliyyətini dayandırdığı günədək 99557,8 manat mal alışının olduğu müəyyən edilmidir. Qeyd olunan malların təsərrüfat subyektində olub-olmamasının yoxlanılması məqsədi ilə nəzarət tədbirinin keçirilməsi üçün vergi orqanı tərəfindən obyektə baxış keçirilmiş faktiki obyektdə başqa vergi ödəyicisinin işlədiyi məlum olmuşdur. Qeyd olunanlara əsasən mal qalığının müəyyən olunmadığı üçün təqdim etmə kimi qiymətləndirilmişdir. Bundan başqa aparılmış araşdırma zamanı 2023-cü il üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 426493,10 manat dövriyyəsinin olduğu müəyyən edilmişdir. Bu baxımdan (426493,10-(94145,26+99557,8) =232790*20%) 46558,01 manat 2023-cü il üzrə gəlir vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir”. Göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçının 2023-cü il üzrə ƏDV bəyannamələri üzrə dövriyyəsinin 426493.10 manat olduğunu müəyyən etmiş, həmin dövriyyəni eyni zamanda gəlir vergisi məqsədləri üçün vergiyə cəlb edilən ümumi gəlir kimi qiymətləndirmiş, alınmış mallar ilə bağlı çəkilmiş xərcləri həmin gəlirdən çıxmış, aradakı fərqə 20% dərəcə ilə gəlir vergisi hesablamışdır. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş 2023-cü il Gəlir vergisi bəyannaməsinə əsasən iddiaçının həmin il üzrə malların təqdim edilməsindən gəliri 219643.92 manat, gəlirdən çıxılan xərcləri 205984.91 manat (o cümlədən əmək haqqı 11726.13 manat, sosial sığorta haqları 2566.51 manat, malın dəyəri 184972.07 manat, icarə haqqı 2664.20 manat, bank xidməti üzrə xərclər 1011 manat, rezident üzrə faizlər 3045 manat), vergiyə cəlb edilən gəlir 13659.01 manat, ödənilməli gəlir vergisi 2731.80 manat bəyan edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı ilə iddiaçı arasında gəlir vergisinə münasibətdə mübahisə 2023-cü il üzrə malların təqdim edilməsindən əldə edilən gəlirin ümumi məbləği ilə bağlıdır. Belə ki, iddiaçı həmin il üzrə təqdim etdiyi bəyannamədə malların təqdim edilməsindən ümumi gəliri 219643.92 manat bəyan etsə də, cavabdeh vergi orqanı həmin il üzrə gəliri 426493.10 manat müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, araşdırma nəticəsində müəyyən edildi ki, cavabdeh vergi orqanı kameral vergi yoxlaması nəticəsində 2023-cü ilin gəlir vergisi üzrə vergiyə cəlb edilən ümumi gəliri məhz 2023-cü ilin ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş 426493.10 manat dövriyyə əsasında hesablamışdır. Başqa sözlə desək, cavabdeh vergi orqanı 2023-cü ilin gəlir vergisi üzrə vergitutulan dövriyyəni də eynilə ƏDV üzrə hesablamada olduğu kimi “yoxlama zamanı əldə edilmiş məlumatlara” əsasən müəyyən etmişdir ki, bu da həmin hesablamanın əsassız olduğunu göstərir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi cavabdeh vergi orqanı həmin məlumatlara dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Başqa sözlə, hazırkı halda sübutetmə yükü cavabdehin üzərindədir. Məhz cavabdeh mübahisələndirilən inzibati aktın əsaslandığı faktların mövcudluğunu sübut etməlidir. İşin hallarından isə müəyyən edilir ki, cavabdeh iddiaçının “yoxlama zamanı əldə edilmiş məlumatlara” əsasən dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi “məlumatların” mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı (bu halda kameral vergi yoxlaması aparılarkən və müvafiq qərar qəbul edilərkən) işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır itabiznİ“) icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir itabiznİ“) icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, mübahisələndirilən inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olan inzibati orqan məhkəməyə inzibati aktların qəbul edilməsinə əsas olmuş hallara dair hər hansı mötəbər sübut təqdim edə bilməmiş və qərarlar qəbul edilərkən vergi qanunvericiliyinin tələblərinin pozulmasının səbəblərini əsaslandıra bilməmişdir. İddiaçının ikinci tələbi olan artıq ödənilmiş məbləğin qaytarılması məsələsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən göründüyü kimi, iddiaçının xx.xx.2023-cü il tarixdə dövlət büdcəsinə vergilər üzrə 79107.16 manat artıq ödəməsi olmuşdur. İddiaçı həmin tarixdə 79107.16 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi məqsədilə ərizə ilə vergi orqanına müraciət etsə də, cavabdeh vergi orqanı iddiaçıya kameral vergi yoxlaması qaydasında əlavə vergi məbləğinin hesablanmasını əsas gətirərək məbləğin qaytarılmasından imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçının sonrakı tarixlərdə yaranmış vergi öhdəliyini əsas gətirərək, müraciət etdiyi tarixdə mövcud olmuş vergilər üzrə artıq ödəməsini qaytarmaqdan imtina etməkdə haqlı olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 24.1.10-cu maddəsinə əsasən vergi orqanı vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilmir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Sadalanan normaların birgə təhlilindən aydın olduğu kimi, vergi ödəyicisi artıq ödənilmiş vergi məbləğləri ilk öncə digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir. Əgər belə borcu mövcud olmazsa, həmin məbləğ vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində qaytarılır. Əgər vergi ödəyicisi artıq ödənilmiş vergi məbləğlərinin sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsinə razılıq versə, bu halda vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Başqa sözlə desək, vergi ödəyicisinin dövlət büdcəsinə vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc yoxdursa və artıq ödənilmiş vergi məbləğlərinin sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsinə razılıq vermirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Lakin iş materiallarından göründüyü kimi, iddiaçının vergi orqanına müraciət etdiyi tarixdə (xx.xx.2023-cü il tarixdə) dövlət büdcəsinə digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcu olmadığı və iddiaçı artıq ödəmənin sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsinə razılıq vermədiyi halda, cavabdeh vergi orqanı sonrakı tarixdə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğini əsas gətirərək iddiaçının vergilər üzrə artıq ödəməsini qaytarmaqdan imtina etmişdir ki, bu da qanunvericiliyin yuxarıda sadalanan tələblərinə zidd olmuşdur. Digər yandan məhkəmə qeyd edir ki, hazırkı məhkəmə araşdırması zamanı iddiaçıya 2023-cü ilin gəlir vergisi və 2023-cü ilin may ayının ƏDV-si üzrə kameral qaydada hesablanmış əlavə vergi məbləğlərinin əsassız olduğu da müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müraciət etdiyi tarixdə (xx.xx.2023cü il tarixdə) iddiaçının dövlət büdcəsinə vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc olmadığı, iddiaçı artıq ödəmənin sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsinə razılıq vermədiyi və eləcə də 2023-cü ilin gəlir vergisi və 2023cü ilin may ayının ƏDV-si üzrə kameral qaydada hesablanmış əlavə vergi məbləğləri əsassız olduğu üçün dövlət büdcəsinə vergilər üzrə 79107.16 manat artıq ödəmənin iddiaçıya qaytarılmasından imtina üçün hər hansı hüquqi əsas olmamışdır. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin X2 barəsində qəbul edilmiş ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********97800 və xx.xx.2024-cü il tarixli, **********843700 nömrəli qərarları ləğv edilməli və artıq ödənilmiş 79,107.16 manat vergi məbləği qaytarılmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin X2 barəsində qəbul edilmiş ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********97800 və xx.xx.2024-cü il tarixli, **********843700 nömrəli qərarları ləğv edilsin və artıq ödənilmiş 79,107.16 manat vergi məbləği qaytarılsın. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar