Məhkəmə qərarları › İş №e-2-1(118)-1244/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1244/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1244/2022 13.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “Nəsirova Gülana İbrahim qızının ona məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanda yerləşən 42 saylı evin 24 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanda yerləşən 42 saylı evin 24 nömrəli mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Mənzildə oğlunun keçmiş həyat yoldaşı Nəsirova Gülana İbrahim qızı pasport qeydiyyatındadır. Üçüncü şəxs faktiki olaraq başqa ünvanda yaşayır. Üçüncü şəxsi qeydiyyatdan çıxarmaq üçün cavabdeh polis idarəsinə müraciət etmiş, onun müraciəti təmin edilməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cu şəxsin pasport qeydiyyatında olduqları mənzilə məhkəmə bildirişi göndərilmiş, lakin üçüncü şəxsə göndərilmiş məhkəmə bildirişi zərf ilə bərabər və zərfin üzərində “bu ünvandan köçüb” qeydi qoyulmaqla məhkəməyə geri qaytarılmışdır. Sonradan məhkəmə bildirişi 3-cü şəxsin faktiki yaşadığı Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsinə göndərilmiş, lakin 3-cü şəxs teleqramma ilə məhkəməyə müraciət edərək, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasını 1 ay sonraya təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, hesab edir ki, 3-cü şəxs tərəfindən məhkəmə iclasını üzürlü səbəbdən təxirə salınmasına dair hər hansı bir dəlil təqdim edilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan məhkəmə iclasına baxılması mümkündür. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-4082Q-3221 nömrəli, 17 fevral 2022-ci il tarixli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********95-05101-093024 reyestr nömrəli çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında 191 saylı 31.01.2022-ci il tarixli arayış, Sumqayıt Şəhər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanda yerləşən 42 saylı evin 24 nömrəli mənzilin mülkiyyətçisidir. Nəsirova Gülana İbrahim qızı qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır, Gülana Nəsirova iddiaçının keçmiş gəlinidir və faktiki olaraq başqa ünvanda yaşayır. İddia tələbi üzrə 3-cü şəxs Nəsirova Gülana İbrahim qızı ilə iddiaçının oğlu arasında olan nikaha Sumqayıt Şəhər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə xitam verilmiş və iddiaçının keçmiş gəlini faktiki olaraq başqa ünvanda yaşayır. Nəzərə alınmalıdır ki, Nəsirova (Qədirova) Gülana İbrahim qızının sözügedən mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil İddiaçı övladı olan X1 mülkiyyətində olduğu tədqirdə 3-cü şəxs olan Gülana Nəsirovanın həmin mənzildə istifadə hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaranmış olardı. Lakin, Gülanə Nəsirova pasport qeydiyyatına düşdüyü mənzil qayınanasının mülkiyyətində olduğuna görə onun həmin mənzilə istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Nəsirova (Qədirova) Gülana İbrahim qızının mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxs - Nəsirova (Qədirova) Gülana İbrahim qızı Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanda yerləşən 42 saylı evin 24 nömrəli mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq pasport qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Nəsirova (Qədirova) Gülana İbrahim qızının İddiaçı məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanda yerləşən 42 saylı evin 24 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar