Məhkəmə qərarları › İş №e-2-1(118)-1264/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1264/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1264/2022 27.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, cəmiyyətin 08.02.2022- ci il tarixə vergi borcu aşağıdakı kimidir: Vergi borcu: 99164.94 manat, Maliyyə sanksiyası: 100 manat, Faiz borcu: 42901.83 manat, AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi: 40489.36 manat. Qeyd olunan “AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə mövcud olan 40489.36 manat vergi borcu 2016-cı ilin iyul ayı üzrə kameral vergi yoxlaması nəticəsində hesablanmış 468968,43 manat ƏDV-nin ödənilməmiş hissəsidir. Yuxarıda göstərilən 40489.36 manat vergi borcunun tələbetmə müddəti bitmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda (93.1.1.); bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə 93.1.2); qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə (93.1.3). Göründüyü kimi, hər hansı vergi növü üzrə hesablanmış vergi məbləği və faiz, tətbiq edilmiş maliyyə sanksiyası hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutula bilər, bununla bağlı qanunla müəyyən edilmiş məcburiyyət tədbirləri həyata keçirilə bilər. 5 illik müddət bitdikdən sonra isə hesablanmış vergi, faiz borcu və tətbiq edilmiş maliyyə sanksiyası üzrə qalıq borc ümidsiz borc qismində silinməlidir. Göstərilənlərə əsasən qeyd etməlidir ki, 2016-cı ilin iyul ayı üzrə hesabat dövrü 20.08.2016-cı il tarixdə, 5 illik müddət isə 20.08.2021-ci il tarixdə bitmişdir ki, bu da həmin hesabat dövrü üzrə qalıq borcun ümidsiz borc kimi silinməli olduğunu göstərir. Hazırkı işin hallarından göründüyü kimi, cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 40489.36 manat borc üzrə tələbetmə müddəti 20.08.2021-ci il tarixdə bitdiyindən silinməlidir. Bununla əlaqədar olaraq cavabdeh vergi orqanına müraciət etsələr də, hər hansı müsbət nəticə əldə edə bilməmişik. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq, iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə”sində olan 99164.94 manat, “AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə olan 40.489,36 manat, ümumilikdə isə 139654.3 manat vergilər üzrə borcun ümdisiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: İddiaçı iddia ərizəsində şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sində olan 99164.94 manat, “AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə olan 40.489,36 manat, ümumilikdə isə 139654.3 manat vergilər üzrə borcun ümdisiz borc qismində silinməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulmasını bildirmişdir. Belə ki, İddiaçı MMC tərəfindən külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı araşdırılaraq Azərbaycan Respublikası CMnin 213.2.2-ci maddəsi ilə 25.07.2017-ci il tarixdə ********* nömrəli cinayət işi başlanmışdır. İstintaq zamanı ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və hazırda sonuncu cinayət işinin istintaqı davam etdirilir. Əlavə olaraq bildiririk ki, vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada şilinə bilər. Həmçinin Vergi Məcəlləsinin 85.5-2-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2- ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Həmçinin vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, Vergi məcəlləsinin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Bu səbəbdən də iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbinin rədd edilməsinin məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 13.11.2022-ci il tarixli **********177800 nömrəli imtina məktubu, etirazı, şəxsi hesab vərəqələrinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan vergi borcunun silinməsi üçün qanunla müəyyən edilmiş müddət bitdiyi andan yaranmış olur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının vergi orqanında qeydiyyata alındığı ərazi 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımlarının aparılması səlahiyyəti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsi müraciət etmiş və inzibati orqanın 13.11.2022-ci il tarixli **********177800 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhər ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı MMC-nin 14.01.2022-ci il tarixə vergilər və maliyyə sanksiyaları üzrə qalıq borcu 99264.94 manat, faiz borcu 40091.65 manat, AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işi üzrə tələbetmə müddəti ötmüş borcu isə 40489.36 manat təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Həmin Məcəllənin 85.5-2-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Vergi Məcəlləsinin 38.7, 38.7.1, 38.7.2, 38.7.4 və 38.7.5-ci maddələrinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək ; səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda - məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; (93.1.1) bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə (93.1.2) qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə (93.1.3) Sadalanan normaların təhlilindən əldə edilən nəticəyə əsasən vergi orqanı hesablanmış və ya yenidən hesablanmış hər hansı vergi məbləğini vergi ödəyicisindən həmin vergi növü üzrə vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək (tutmaq) hüququna malikdir. Qeyd olunan müddətin axımı aşağıdakı hallar olduqda dayandırılır: vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda; səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə; səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda; sənədlərin və nümunə kimi əşyaların götürülməsi məqsədilə səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanı tərəfindən məhkəməyə müraciət edildikdə; vergi ödəyicisi tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı məhkəməyə şikayət verildikdə.Yuxarıda göstərilən hallar nəzərə alınmaqla, vergi qanunvericiliyində nəzərdə tutulan 5 illik müddət bitdikdən sonra isə hesablanmış və ödənilməmiş vergilər, maliyyə sanksiyaları və faizlər ümidsiz borc qismində silinir. İşin materiallarından göründüyü kimi, İddiaçı MMC-nin bugünki tarixə olan ümumilikdə 139654.30 manat vergi borcu 16.12.2016-cı il tarixdə 2016-cı ilin iyul ayı üzrə hesablanmış 468968.43 manat ƏDV-nin və 08.05.2017-ci il tarixdə 2016-cı il üzrə hesablanmış 24789.68 manat mənfəət vergisinin ödənilməmiş hissəsini təşkil edir. Vergi Məcəlləsinin 177.2-ci və 178-ci maddələrinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır və ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Həmin Məcəllənin 129-cu və 149.2-ci maddələrinə əsasən mənfəət vergisi üzrə hesabat dövrü təqvim ili sayılır və rezident müəssisələr hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Göstərilənlərdən belə nəticə əldə olunur ki, 2016-cı ilin iyul ayı üzrə hesabat dövrü 20.08.2016-cı il tarixdə, həmin ilin mənfəət vergisi üzrə hesabat dövrü isə 31.03.2017-ci il tarixdə bitmişdir. Bu isə həm də o deməkdir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulan 5 illik tələbetmə müddəti 2016-cı ilin iyul ayına hesablanmış ƏDV-yə münasibətdə 20.08.2021-ci il tarixdə, həmin ilin mənfəət vergisinə münasibətdə isə 31.03.2022-ci il tarixdə bitmişdir. Başqa sözlə desək, 2016-cı ilin iyul ayı üzrə hesablanmış 468968.43 manat ƏDV və 2016-cı il üzrə hesablanmış 24789.68 manat mənfəət vergisi üzrə ödənilməmiş və şəxsi hesab vərəqəsində hazırkı tarixə vergi borcu olaraq göstərilən ümumilikdə 139654.30 manat vergi məbləği üzrə qanunla müəyyən edilmiş tələbetmə müddəti ötmüşdür və ümidsiz borc qismində silinməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, iş üzrə cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi ödənilməmiş 139654.30 manat vergi borcunun 40489.36 manat hissəsi üzrə tələbetmə müddətinin ötdüyünü etiraf edərək həmin məbləği şəxsi hesab vərəqəsinin “Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işi üzrə tələbetmə müddəti ötmüş borc vərəqəsi”nə daxil etmişdir. Həmin məbləğə münasibətdə cavabdeh vergi orqanı hesab edir ki, iddiaçıda vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işinin başlanması barədə qərar qəbul edildiyindən, cinayət işi üzrə yekun qərar qəbul edilənədək tələbetmə müddəti hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmir. Belə ki, Cinayət Məcəlləsinin tələblərinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ötməmişdir. Cavabdehin qeyd olunan dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 85.5-2-ci maddəsində vergi, maliyyə sanksiyası və faizlər üzrə 5 illik tələbetmə müddətinin axımının dayandırılmasına əsas olan hallar sadalanmış, lakin vergi borcu ilə bağlı cinayət işinin mövcud olması və davam etməsi həmin müddətin axımını dayandıran hal qismində nəzərdə tutulmamışdır.Həmçinin məhkəmə qeyd edir ki, vergi qanunvericiliyinin tələblərinə əsasən Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb etmə müddəti yalnızca hüquq mühafizə orqanlarının qərarına əsasən təyin edilmiş səyyar vergi yoxlamalarının əhatə etdiyi dövrlər və Vergi Məcəlləsinin tələblərinin pozulması ilə bağlı məsuliyyətə cəlb etmə müddəti hesablanan zaman nəzərə alınır. (Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələri). “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.01.2011-ci il tarixli qərarında qeyd edilir ki, “VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir... Bundan başqa qeyd edilməlidir ki, VM-in 85.4-cü maddəsində müəyyən edilən tələb etmə müddətinə hər hansı bir istisna halı nəzərdə tutulmamışdır...VM-in 93-cü maddəsində vergi borcunun ümidsiz hesab olunması üçün vergitutma müddətinin bitməsi əsas kimi nəzərdə tutulmasa da, vergi orqanlarında yuxarıda göstərilən hallarda qanunla müəyyən olunmuş qaydada vergi qalıqlarının tutulması üçün real imkan olmadığına görə borc silinməyə məruz qalır...Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının VM-in 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində “vergilər üzrə vərəqə”də öz əksini tapmış 99164.94 manat, “AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işi üzrə tələbetmə müddəti ötmüş borc vərəqəsi”ndə öz əksini tapmış 40489.36 manat, ümumilikdə isə 139654.30 manat vergi borcu üzrə qanunla müəyyən edilmiş tələbetmə müddəti bitdiyi halda, vergi orqanı həmin borcları ümidsiz borc qismində silməmiş və nəticədə iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçınə məxsus şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə”sində olan 99164.94 manat, “Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə olan 40.489,36 manat, ümumilikdə isə 139654.3 manat vergilər üzrə borcun ümdisiz borc qismində silinməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar