Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1311/2025 04.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: Prezident təqaüdünün dayandırılması barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və təqaüdün tutulduğu tarixdən bərpa edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Prezident təqaüdünün dayandırılması barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və təqaüdün tutulduğu tarixdən bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. AA******* nömrəli “Şəxsiyyət vəsiqəsi”ndən görünür ki, İddiaçı xx xxxxxx 1973-cü il tarixdə doğulmuşdur.
2. 295596 nömrəli vəsiqədən görünür ki, həmin vəsiqə hərbi xidmət vəzifələrini yerinə yetirməsi səbəbi ilə birinci qrup əlil olan İddiaçı 19 yanvar 2010-cu il tarixdə verilmişdir.
3. X1 məxsus 83499 nömrəli “Azərbaycan Vətən müharibəsi veteranları ictimai birliyi” vəsiqəsi.
4. “32 Mərəkzi Hərbi-Dəniz Hospital” tərəfindən “İddiaçı Şəkixan” oğluna dair tərtib edilmiş 25 sentyabr 1992-ci il tarixli, 4351 nömrəli xəstəlik tarixçəsindən arayış.
5. 22 oktyabr 1992-ci il tarixli “İddiaçı Şəkixan” oğluna dair tərtib edilmiş xəstəlik haqqında şəhadətnamə.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 5 aprel 2024-cü il tarixli, 3-17-1/2-H-78786/2024 nömrəli İddiaçı göndərilmiş “Prezident təqaüdü haqqında” məktubundan görünür ki, 1 sentyabr 2008-ci il tarixdən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar İ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi Prezident təqaüdü təyin edilmişdir. Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, əlilliyinin səbəbi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində "xxxx" olduğu qeyd olunmuşdur. Bu səbəbdən təqaüdün ödənişi 31 mart 2024cü il tarixdən dayandırılmışdır. Bildirilmişdir ki, əlilliyi barədə məlumatların dəqiqləşdirilməsi məqsədilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edilməsi tövsiyə olunmuşdur. MEİS-in “Əlillik” altsistemində müvafiq düzəliş edildikdən (əlilliyinin səbəbi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar olduğu qeyd edildikdən) sonra Prezident təqaüdünün ödənişinin bərpa olunmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 6 may 2024-cü il tarixli, 3-17-1/2-H-114744/2024 nömrəli İddiaçı göndərilmiş “Prezident təqaüdü haqqında” məktubundan görünür ki, 1 sentyabr 2008-ci il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar İ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi Prezident təqaüdü təyin edilib. Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, əlilliyinin səbəbi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində "xxxx" olduğu qeyd olunmuşdur. Bu səbəbdən təqaüdün ödənişi 31 mart 2024-cü il tarixdən dayandırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, göndərilmiş rəsmi cavab məktubunda qeyd olunan “qərar” Qanunun bir hissəsinə istinad edilərək yazılmışdır. Yəni təqaüd ödənişi “aydınlaşma” statusu ilə (müvəqqəti) dayandırıldığı üçün yekun bir qərar qəbul edilməmişdir. Bildirilmişdir ki, əlilliyi barədə məlumatların dəqiqləşdirilməsi məqsədilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edilməsi tövsiyə olunur. MElS-in “Əlillik” altsistemində müvafiq düzəliş edildikdən (əlilliyinin səbəbi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar olduğu qeyd edildikdən) sonra Prezident təqaüdünün ödənişinin bərpa olunmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır.
8. 11 oktyabr və 28 oktyabr 2024-cü il tarixli İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş ərizələrdən görünür ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik altsistemi”ndə müvafiq düzəliş edilməklə İddiaçı əlilliyin səbəbi kimi “hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar” qeyd olunması və Prezident təqaüdünün bərpa olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 12.3-cü maddəsinə əsasən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 5 aprel 2024-cü il tarixli, 3-17-1/2-H-78786/2024 nömrəli İddiaçı göndərilmiş “Prezident təqaüdü haqqında” məktubu (§6).
10. İddiaçı 3 may 2024-cü il tarixli müraciət ərizəsi.
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 6 may 2024-cü il tarixli, 3-17-1/2-H-114744/2024 nömrəli İddiaçı göndərilmiş “Prezident təqaüdü haqqında” məktubu (§7).
12. Sosial təmin şöbəsi tərəfindən tərtib edilmiş İddiaçı pensiya işi.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 8 avqust 2024-cü il tarixdə “elektron kabinet” vasitəsilə aşağıdakı sənədlər təqdim edilmişdir: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 1 aprel 2024-cü il tarixli, 1-İMTK-2024/0005157 nömrəli qərarından görünür ki, İddiaçı ödənişi müvəqqəti dayandırılmışdır. Vətəndaşın təqaüd işinə dair sənədlərdə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində 9 noyabr 2004-cü il tarixdən "xxxx" səbəbindən müddətsiz birinci dərəcə əlilliyi olmasına baxmayaraq, ona 1 sentyabr 2008-ci il tarixdən “Hərbi xidmət yerinə yetirməklə əlaqədar” müddətsiz birinci dərəcə əlilliyə gorə təqaüd təyin olunmuşdur. Vətəndaş qüvvədə olan əlillik dərəcəsi, səbəbi və müddəti ilə bağlı Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində müvafiq düzəlişlər etdirdikdən sonra təqaüd hüququna yenidən baxılacaqdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 6 may 2024-cü il tarixli, 3-17-1/2-H-114744/2024 nömrəli İddiaçı göndərilmiş “Prezident təqaüdü haqqında” məktubu (§7); - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 5 aprel 2024-cü il tarixli, 3-17-1/2-H-78786/2024 nömrəli İddiaçı göndərilmiş “Prezident təqaüdü haqqında” məktubu (§6); - Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı dair elektron sistemindən çıxarışlar; - Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 14 aprel 2010-cu il tarixli, 43 nömrəli qərarı; - 295596 nömrəli vəsiqə (§2).
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 26 avqust 2024-cü il tarixli, 3-17-4/2-23227/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - İddiaçı dair ətraflı qiymətləndirmə məlumatlarının elektron çıxarışından görünür ki, ona "xxxx" səbəbi ilə 9 noyabr 2004-cü il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
15. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş Prezident təqaüdünün dayandırılması barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və təqaüdün tutulduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 sentyabr 2008-ci il tarixdən iddiaçıya hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar İ dərəcə əlilliyi müəyən edilmiş şəxs kimi Prezident təqaüdü təyin edilmiş və o, fasiləsiz olaraq 16 il ərzində həmin təqaüdü almışdır. Lakin 5 aprel 2024-cü il tarixdə cavabdeh orqan tərəfindən iddiaçıya 3-17- 1/2-H-78786/2024 nömrəli məktub göndərilərək, xidməti yoxlama zamanı əlilliyin səbəbi mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsistemində "xxxx" olduğu qeyd olunmuş və bu səbəbdən də 31 mart 2024-cü il tarixdən təqaüdün dayandırılacağı bildirilmiş və həmin tarixdən də təqaüdü dayandırılmışdır. Qeyd olunanlarla bağlı iddiaçı barəsində inzibati icraat aparılan şəxsə 5 aprel 2024-cü il tarixli, 3-17-1/2-H-78786/2024 saylı məktub 15 aprel 2024-cü il tarixdə göndərilsə də, qərar ona təqdim edilməmiş, inzibati icraat haqqında tələbləri pozularaq həmin qərarla tanış edilməmişdir. Cavabdeh öz səlahiyyətlərini icra edərkən qəbul etdiyi aktla əvvəlcə iddiaçıya 1 sentyabr 2008-ci il tarixdən Prezident təqaüdü təyin edərək, ödənişlər həyata keçirmiş, daha sonra isə guya hansısa altsistemdə "xxxx" olduğu qeyd edilərək əsassız olaraq təqaüdün dayandırılması qənaətinə gələrək, bu barədə məktub yollamışdır. Cavabdehin bu hərəkətləri tamamilə qanunsuzdur və bununla da iddiaçının hüquqları məhdudlaşdırılır. İşin hallarından da göründüyü kimi, inzibati orqan iddiaçıya əsassız olaraq təqaüd təyin edilməsini iddia edirsə, deməli o, qanunla üzərinə qoyulan vəzifəni düzgün icra etməyərək, işin bütün faktiki hallarını araşdırmadan iddiaçıya Prezident təqaüdü təyin etmişdir. İnzibati orqan öz-özlüyündə qanunla onun üzərinə qoyulan vəzifəni icra etmədiyini etiraf etmiş olur ki, bu da qanunaziddir və buna görə hər hansı şəxsin hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.
17. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli, 823 nörməli Fərmanına, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12, 14, 24.1, 67.4, 67.5, prosessual hüquqi əsası kimi İPM-in 2.2.3, 11.1, 12.1, 34.1, 36.2-ci maddələrinə istinad olunmuşdur.
18. Daha sonra iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab edərək, həmin orqanın iddiaçıya münasibətdə sosial müavinət, təqaüd və kompensasiya işlərinin inventarlaşdırılması üzrə 1 aprel 2024-cü il tarixli, 1-İMTK-2024/005157 nömrəli qərarının ləğv edilməsi və təqaüdün tutulduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 8 oktyabr 2024cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişir.
19. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
20. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsinə qarşı etirazın dəlilləri:
21. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, imtina məktubunda (§7) qeyd edilmiş hallara istinad etmiş, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2.1, 11.2.2, “Əlillərin hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli, 823 nörməli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2, 1.5-ci bəndlərinə istinad olunmuşdur.
Tərəflərin iştirakı və izahatları:
23. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, məhkəmənin diqqətinə çatdırmışdır ki, “Əlillik altsistemi”ndə düzəliş edilməsi ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edilmişdir. Çünki, düzəlişin edilməsi təqdirdə hazırkı tələb də cavabdeh tərəfindən icra olunmalıdır. Lakin mübahisələndirilən qərar cavabdeh tərəfindən qəbul olduğu üçün iddia tələbi də həmin qərarın ləğv edilməsi, təqaüdün tutulduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
24. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə əsaslanaraq onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, “Əlillik altsistemi”ndə müvafiq düzəlişlər edilsə, cavabdeh orqan tərəfindən təqaüdün ödənilməsi təmin olunacaqdır.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
25. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
26. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
27. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 28.İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
29. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir.
30. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr)
31. Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə 1 sentyabr 2008-ci il tarixindən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir.
32. Hazırkı iş üzrə iddiaçının tələbinin əsası ondan ibarətdir ki, ona 1 sentyabr 2008-ci il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar İ dərəcə əlilliyi müəyən edilmiş şəxs kimi Prezident təqaüdü təyin edilmiş və o, fasiləsiz olaraq 16 il ərzində həmin təqaüdü almışdır. Lakin hazırda iddiaçının əlilliyin olduğuna baxmayaraq, əsassız olaraq həmin təqaüdün verilməsi dayandırılmışdır.
33. Cavabdeh isə iddiaya qarşı etiraz edərək bildirir ki, iddiaçının “Əlillik altsistemi”ndə əlillik səbəbi “hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” deyil, "xxxx" kimi qeyd edilmişdir. Bu səbəbdən də qanunvericiliyin tələblərinə əsaslanaraq, Prezident təqaüdünün ödənişi dayandırılmışdır.
34. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya "xxxx" səbəbi ilə 9 noyabr 2004-cü il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş, 1 sentyabr 2008-ci il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 1-ci dərəcə (orqanizm fəaliyyətinin 81-100% pozulması) əlilliyi müəyyən edilmiş şəxs kimi Prezident təqaüdü təyin edilmişdir. Hazırda “Əlillik altsistemi”ndə iddiaçının əlillik səbəbi "xxxx" olduğu üçün, cavabdehin 1 aprel 2024-cü il tarixli, 1-İMTK-2024/0005157 nömrəli qərarı ilə Prezident təqaüdün ödənilməsi müvəqqəti dayandırılmışdır.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır.
36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu: 11.2. hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə ilə əlaqədar əlilliyi olan şəxslər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə.
37. Beləliklə, Azərbaycan Respublikası Qanunvericiliyində əlilliyin hərbi xidmət dövrü ilə əlaqədar yaranması ilə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar yaranması fərqləndirilmiş və sözügedən təqaüd məhz hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar yarandığı hallarda tətbiq edilməkdədir.
38. Lakin hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçının əlillik səbəbi “Əlillik altsistemi”ndə "xxxx" kimi qeyd edilmişdir.
39. Qanunvericiliyə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır.
40. Odur ki, əlillik altsistemində mövcud olan məlumatların düzgün tərtib edilməsinə hazırkı cavabdeh orqan deyil, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyalarının səlahiyyətlərinə aiddir.
41. Eyni zamanda, iş materiallarında mövcud olan sənədlərdən və iddiaçının vəkilinin izahatından müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən qeyd olunan müvafiq düzəlişlərin aparılması ilə əlaqədar səlahiyyətli quruma müraciət edilmişdir.
42. Məhkəmə qeyd edir ki, iddiaçının həmin müraciətinin icra olunacağı təqdirdə, iddiaçıya hazırkı mübahisə predmeti olan prezident təqaüdünün ödənilməsi cavabdeh tərəfindən təmin olunacaqdır.
43. Hazırda mövcüd olan halların qiymətləndirilməsinin nəticəsi olaraq məhkəmə hеsаb еdir ki, əlillik səbəbi mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik altsistemi”ndə "xxxx" qeyd edildiyi üçün, iddiaçıya ödənilən Prezident təqaüdün dayandırılmasında cavabdeh haqlı olmuşdur. Odur ki, cavabdeh tərəfindən qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.
44. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
45. Şərh edilənlərə və İPM-in 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab edərək, həmin orqanın iddiaçıya münasibətdə sosial müavinət, təqaüd və kompensasiya işlərinin inventarlaşdırılması üzrə 1 aprel 2024-cü il tarixli, 1-İMTK-2024/005157 nömrəli qərarın ləğv edilməsi və təqaüdün tutulduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova