Məhkəmə qərarları › İş №e-2-1(118)-1344/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1344/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1344/2025 10.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-18011/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-21-2-9/2- 19322/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək “İddiaçınə əlavə vergilərin hesablanmasına əsas olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-9/2- 18011/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-19322/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarının ləğv edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı-nə (MMC) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********818100 saylı “Vergilərin, sosial sığorta və işsizi sığortası haqlarının hesablanması barədə” Qərar əsasında 2023-cü il üzrə 11945,66 manat həcmində əlavə mənfəət vergisi hesablanmışdır. Həmin Qərarın təsviriəsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, Cəmiyyət tərəfindən 2023-cü il üzrə təqdim olunmuş mənfəət vergisi bəyannaməsində əks olunan xərclər bölümündəki 59892,35 manat məbləğində xərc həmin ödənişlərin həyata keçirildiyi Cəmiyyətlər riskli vergi ödəyiciləri siyahısına daxil edildiklərindən, qəbul olunmur. Bundan başqa, İddiaçı MMC-yə qeydiyyatda olduğu vergi orqanı tərəfindən ünvanlanmış Xəbərdarlıq məktublarında qeyd olunmuşdur ki, 2022-2023-cü illər ərzində əməliyyatlar həyata keçirilmiş "xxxx" MMC (VÖEN:**********), "xxxx" MMC (VÖEN:**********) və "xxxx" MMC (VÖEN:**********) adlı təşkilatlar riskli vergi ödəyiciləri siyahısına daxil edildiklərin, İddiaçı MMC-nin həmin təşkilatlarla həyata keçirilmiş əməliyyatlar üzrə əlavə dəyər vergisinin (ƏDV) əvəzləşdirilməsi nəzərə alınmır. Bundan da belə görünür ki, yuxarıda qeyd olunan Cəmiyyətlərlə həyata keçirilmiş əməliyyatlar üzrə ƏDV-nin əvəzləşdirmələri vergi orqanı tərəfindən qəbul olunmadığından, həmin məbləğlər üzrə də əlavə ƏDV hesablamasına dair kameral qaydada Qərarlar qəbul olunaraq, İddiaçı MMC-yə əlavə ƏDV hesablanacaqdır. Vergi orqanının hazırkı yanaşması tamamilə əsassızdır və xx.xx.2024-cü il tarixli **********818100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar ləğv olunmalıdır. Belə ki, Xəbərdalıq məktublarından göründüyü kimi, İddiaçı MMC tərəfindən elektron- qaimələr əldə edilən zaman həmin Cəmiyyətlər riskli vergi ödəyicisi olmamışlar. Həmin Cəmiyyətlərin hamısı İddiaçı MMC tərəfindən elketron-qaimələr əldə edildikdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Cəmiyyətlərin riskli vergi ödəyicisi siyahsına daxil ediləcəklərindən İddiaçı MMC-nin heç bir məlumatı olmamış və ya məlumat əldə etmək imkanı da olmamışdır. Ona görə də sözügedən Cəmiyyətlərlə həyata keçirilmiş əməliyyatlar üzrə əvəzləşmələrin qəbul olunmaması və xərc kimi nəzərə alınmaması tam qanunsuzdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.4-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə, onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması, yüngülləşdirici və ya ağırlaşdırıcı hallar və bu Məcəllə, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəaları müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd olunanlardan göründüyü kimi, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********818100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar tam əsassızdır və ləğv olunmalıdır. Bundan başqa, məhkəmə prosesinin gedişində müəyyən olunmuşdur ki, hazırkı iş üzrə iddianın predmetini təşkil edən xx.xx.2024-cü il tarixli **********818100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar vergi orqanı tərəfindən ləğv olunmuş və eyni mahiyyət üzrə yeni xx.xx.2024-cü il tarixli 3-21-2- 9/2-19322/2024 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuşdur. Həmin qərar əsasında da Cəmiyyətə hazırkı iddia üzrə aparılmış əməliyyatların riskli vergi ödəyiciləri ilə aparılması əsas gətirilməklə əlavə olaraq 2023-cü il üzrə 14182,67 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Həmçinin, hazırkı iddianın mahiyyəti baxımından xx.xx.2024-cü il tarixdə 3-21-2- 9/2- 18011/2024 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmaqla, Cəmiyyətə 29316,32 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) də hesablanmışdır. Həmin qərar əsasında da vergilərin hesablanmasına əsas olaraq, Cəmiyyət tərəfindən aparılmış 192184,82 manat məbləğində alqı-satqı əməliyyatlarının riskli vergi öədyiciləri ilə aparıldığı ehtimal olunması göstərilmiş və ona görə də müvafiq olaraq əvəzləşmələrin nəzərə alınmadığı bildirilmişdir. Göründüyü kimi, hazırkı iddianın mahiyyəti və predmeti baxımından eynilik təşkil edən sadalanan hər iki qərar əsassız olaraq qəbul olunmuşdur. Bu kimi vergilərin hesablanmasının əsassızlığı və qanunsuzluğu ilə bağlı məhkəməyə müraciət olunmasına baxmayaraq, vergi orqanı öz mövqeyini dəyişdirmədən saxlamaqda davam edərək, Cəmiyyətin fəaliyyətini məhdudlaşdırır. Beləliklə, hazırkı iddianın predmetini təşkil edən xx.xx.2024-cü il tarixli 3-21-2-9/2- 18011/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-19322/2024 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar tam əsasızdır və ləğv olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçınə (VÖEN: **********) kameral vergi yoxlamasına əsasən 2024- cü ilin iyun ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 29.316,32 manat və 2023-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə 14.182,67 manat vergi məbləğləri hesablanmışdır. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələrində (09.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCD seriyalı 321719 nömrəli, (09.2022) EBCE seriyalı 651414 nömrəli, (08.2023) EBDM seriyalı 602732 nömrəli, (10.2023) EBDQ seriyalı 000872 nömrəli, (09.2023) EBDP seriyalı 028356 nömrəli, (03.2023) EBDB seriyalı 184813 nömrəli, (10.2023) EBDP seriyalı 540935 nömrəli, (08.2023) EBDM seriyalı 476604 nömrəli, (09.2022) EBCE seriyalı 526685 nömrəli, (04.2023) EBDC seriyalı 651162 nömrəli, (09.2023) EBDO seriyalı 892094 nömrəli, (09.2023) EBDO seriyalı 893669 nömrəli, (01.2023) EBCN seriyalı 730362 nömrəli və (09.2022) EBCE seriyalı 044123 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********029700 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmişdir. Kameral vergi yoxlaması aparılaraq 2024-cü ilin iyun ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 29.316,32 manat vergi məbləği hesablanılmış və vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********988700 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində riskli elektron qaimə fakturaların üzrə məbləği (72343,26 manat) səbəbindən sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Belə ki, hesablama metodu ilə təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (221.3- cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221,12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 2394904.18 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 nömrəli əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş eqaimə-fakturaların (rislki e-qaimə-fakturaların məbləği (59892,35) istisna olmaqla) və alış aktlarının məbləği (2367584,64 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal- materialların (0 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü məbləğindən (2367584,64 manat) bəyannamənin 1 nömrəli əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (2367584,64 manat) məbləğin müqayisəsi nəticəsində 27319,54 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********045200 nömrəli elektron kameral üçün uyğunsuzluq məktubu göndərilmişdir. Kameral vergi yoxlaması aparılaraq 2023-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə 14.182,67 manat vergi məbləği hesablanılmış və vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********752400 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-19322/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuşdur. Həmin qərar əsasında da Cəmiyyətə əlavə olaraq 2023-cü il üzrə 14182,67 manat məbləğində mənfəət vergisi hesablanmışdır. xx.xx.2024-cü il tarixdə 3-21-2-9/2-18011/2024 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuş, Cəmiyyətə 29316,32 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) də hesablanmışdır. Malların təhvil-qəbul aktlarının, alqı-satqı müqavilələrinin, malların alqı-satqı müqaviləsinə dair qiymətlərin razılaşdırma protokollarının, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaların surətləri iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə xəbərdarlıq məktubları iş materiallarına əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 sentyabr 2024-cü il tarixli, 3-21-2-9/2-19322/2024 nömrəli qərarın qəbul edilməsinə əsas aparılmış əməliyyatların riskli vergi ödəyiciləri ilə aparılması, 29 avqust 3-21-2-9/2- 18011/2024 saylı qərarın qəbul edilməsinə əsas ƏDV bəyannamələrində təqdim edilmiş 192184,82 manat (ƏDV-siz) elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunması olmuşdur. İddiaçı “İddiaçınə əlavə vergilərin hesablanmasına əsas olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-18011/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-19322/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarının ləğv edilməsini istəyir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2. Bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. 65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1 vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; 65.2.1.3. məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; 65.2.1.4. vergi ödəyicisinin yazılı razılığı olduqda. 65.2.2. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən, satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən, fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən, bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması (-) 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. İşin hallarından görünür ki, iddiaçı “X4” MMC arasında 25 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, 16 sentyabr 2022-ci il tarixli 22/01 saylı malların təhvil-qəbul aktına əsasən 33638.53 manat dəyərindən mallar satıcı tərəfindən təhvil verilmiş, alıcı isə həmin malları təhvil almışdır. 03 oktyabr 2022-ci il tarixli 22/02 saylı malların təhvil-qəbul aktına əsasən 73181.24 manat dəyərində mallar satıcı tərəfindən təhvil verilmiş, alıcı isə həmin malları təhvil almışdır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 13 yanvar 2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən 03 fevral 2023-cü il tarixli malların təhvilqəbul aktı bağlanmış, 25252.06 manat dəyərində mallar satıcı tərəfindən təhvil verilmiş, alıcı isə həmin malları təhvil almışdır. 17 mart 2023-cü il tarixli, 23/02 saylı malların təhvil-qəbul aktına əsasən ilə 23668.2 manat dəyərində mallar satıcı tərəfindən təhvil verilmiş, alıcı isə həmin malları təhvil almışdır. 03 aprel 2023-cü il tarixli 23/03 saylı malların təhvil-qəbul aktına əsasən ilə 21752.71 manat dəyərində mallar satıcı tərəfindən təhvil verilmiş, alıcı isə həmin malları təhvil almışdır. İş materiallarında olan Dövlət Vergi Xidməti tərəfindən ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, "xxxx" MMC xx.xx.2023-cü il tarixli **********215000 saylı, "xxxx" MMC 17, 04.2024-cü il tarixli **********141600 saylı, "xxxx" MMC isə xx.xx.2023-cü il tarixli **********220200 saylı Qərarlar əsasında riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh vergi orqanı əməliyyatın əmtəəsiz olduğuna istinad etmək üçün, həmin əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməlidir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Əməliyyatın əmtəəsiz hesab olunması şəxsin riskli vergi ödəyicisi qrupunda olubolmamasından asılı deyildir. Belə ki, iddiaçı riskli vergi ödəyicisi qrupunda olan şəxslə də müvafiq əməliyyatı apara bilər və bu zaman həmin əməliyyatın da real olması istisna edilə bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə isə cavabdeh əməliyyatların əmtəəsiz olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Təqdim edilmiş xəbərdarlıq məktublarından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən elektron qaimələr əldə edilən zaman "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC riskli vergi ödəyicisi olmamış və qeyd edilən hüquqi şəxslər elektron qaimələr əldə edildikdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən müvafiq olaraq malların təhvil-qəbul aktlarının, alqı-satqı müqavilələrinin, malların alqı-satqı müqaviləsinə dair qiymətlərin razılaşdırma protokollarının, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaların surətləri məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Bundan əlavə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarına istinad edərək formalaşmış məhkəmə təcrübəsinə əsaslanmağı vacib bilir.

45. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, Vergi Məcəlləsinin tələbinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 46. Qeyd etmək lazımdır ki, vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi üçün vergi ödəyicisinin əmtəəsiz əməliyyat apardığı inzibati orqan tərəfindən sübut edilməlidir. Lakin hazırkı işdə cavabdeh lazımi qaydada inzibati icraat aparmadığından iddiaçının - vergi ödəyicisnin əmtəəsiz əməliyyat aparması sübuta yetirilmiş hesab edilmir. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçının apardığı əməliyyatın “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. 47. Məhkəmə kollegiyası vergi qanunvericiliyinin müddəalarına əsaslanaraq qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir, məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(102)-895/2025 saylı qərarı ) Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-18011/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-19322/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar