Məhkəmə qərarları › İş №e-2-1(118)-1356/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-1356/2023

12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-1356/2023 12.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yarandığı, 52 yaşı olduğu xx.xx.2011-ci il tarixdən güzəştli əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, İddiaçı, xx.xx.1959-cu ildə anadan olmuşdur. 1976- 1981-ci illərdə Azərbaycan Mühəndis İnşaat İnstitunda təhsil almışdır. xx.xx.1981-ci ildən 2001-ci ilə qədər “Azərdənizneftinşaat” Trestinin Neft daşlarında yerləşən 3 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı, dənizdə yüksək təzyiqli neft və qaz boru kəmərlərinin çəkilməsində usta, iş icraçısı, sahə rəisi, baş mühəndis işləmiş, xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilə kimi həmin idarədə usta və baş mühəndis işləmişdir. Belə ki, iddiaçı ona AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən, yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahı üzrə 20 il ümumi, 10 il zərərli iş stajını tamamlamışdır. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2022-ci ildə ərizə ilə müraciət etmişdir. Lakin sözügedən müraciətə cavabdeh orqan 27 sentyabr 2022-ci ildə **********4 nömrəli imtina məktubu ilə cavab vermişdir. Belə ki, imtina məktubunda göstərilmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, güzətli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan staj tamamlamamışdır. Lakin aşağıdakı hallara əsasən hesab edirik ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, “Əmək Pensiyaları” haqqında Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Yəni İddiaçı güzəştli şərtlərlə pensiya təyin olunması üçün həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əvvəllər qüvvədə olmuş qanunveriliciliklə müəyyən edilmiş tələblər də nəzərə alınmalıdır. Lakin 27 sentyabr 2022-ci il tarixli imtina məktubundan da görünür ki, cavabdeh inzibati orqan yanlız qüvvədə olan Qanunun tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Vətəndaşların Pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən,yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, 1997-ci il 13 iyun tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element olmalıdır: xx.xx.1997-ci ilə' qədər azı 20 il ümumi iş stajının mövcud olması və ya xx.xx.1997-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İşə əlavə edilmiş əmək kitabçasından da göründüyü kimi, İddiaçı Nemət oğlunun xx.xx.1997-ci ilə kimi 20 il 11 ay 24 gün ümumi və 15 il 11 ay 24 gün güzəştli iş stajı mövcuddur. Buna görə də İddiaçı Nemət oğluna 52 yaşından güzəştli şərtlərlə pensiya təyin olunması hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 853 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 976 saylı Fərmanı rosdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə göra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu macburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar va sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.14-cü bəndinə əsasən əmək pensiyalarının və «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilən digər sosial sığorta ödəmələrinin maliyyələşdirilməsini və ödənişini təmin etmək DSMF-nin vəzifələrinə daxildir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 2- 1 (81)-3469/2019 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Nemət oğluna 1976-1981-ci illərdə təhsil müddətinin ümumi sosialsığorta stajına daxil edilməklə 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti ilə müraciət etmiş, qeyd olunan apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2-1 (103)-174/2020 nömrəli qərarı ilə təmin edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 2- 1 (81 )-3469/2019 nömrəli qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2-1 (103)-174/2020 nömrəli qərarında iddiaçının qeyd olunan əmək fəaliyyəti 1 №-li Siyahıda nəzərdə tutulan iş şəraiti xüsusilə zərərli və ağır olan göstəricilərlə tutuşdurduqda, iddiaçının nə xx.xx.1997-ci il tarixi vəziyyətinə (yəni, Vətəndaşların pensiya təminatı haqqında Qanunun 13-cü maddəsinin “a” (və "b") bəndlərində nəzərdə tutulan güzəştli pensiya yaş həddinə dəyişiklik edilənə qədər olan tarixə), nə də ki, xx.xx.2006-cı il tarixi vəziyyətinə (yəni yeni Qanun qüvvəyə minənə qədər) 1 №-li Siyahıda göstərilən güzəştli pensiya hüququ verən peşə və vəzifələrdə 10 il stajı toplanmamış, iddiaçının xx.xx.1981-08.2007-ci illər üzrə, yalnız dəmir-beton konstruksiyaların quraşdırıcısı kimi çalışdığı müddət, yəni 4 ay 24 gün 1 №li Siyahıda (X bölmədə (Dəniz neftçiləri) 110000а-18496 (dəniz buruqları özüllərinin və estakadaların quraşdırılması və təmiri üzrə çilingərlər) şriftində yer almış, “Azərdənizneftinşaat” trestinin Neft Daşlarında yerləşən 3 saylı Tikinti Quraşdırma İdarəsində 4il 3 ay 10 gün iş icraçısı kimi və 2 il 5 ay 7 gün sahə rəisi kimi çalışdığı (cəmi: 6 il 8 ay 17 gün) mütəxəssis və rəhbər vəzifələr isə 2№-li Siyahıda (XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təhcizatı, bərpası və təmiri) təsbit olunmuş, qalan digər hallarda isə onun baş mühəndis və rəis kimi çalışdığı rəhbər vəzifələr nə 1-ci, nə də ki 2 №-li Siyahının güzəştli pensiya hüququ verən göstəricilər sırasına aid edilmədiyi qeyd edilmişdir. Ümumiyyətlə hər iki Siyahı üzrə birlikdə götürülsə belə onun xüsusi iş stajı 10 il də təşkil etməmişdir. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə İnzibati Kollegiyasına Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2-1 (103)-174/2020 nömrəli qərarından kassasiya şikayəti ilə müraciət etmiş, qeyd olunan kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli 2-1(102)- 1458/2020 nömrəli qərarı ilə qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2-1 (103)-174/2020 nömrəli qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-1 (103)-1562/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 2- 1 (81 )-3469/2019 tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı 1976-1981-ci illərdə aldığı təhsil müddətinin ümumi sosial sığorta stajına daxil edilməklə ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyilması tələblərinə dair iddiası təmin edilməməsi və cavabdehin apellyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-1 (103)-1562/2020 nömrəli qərarında iddia mahiyyəti üzrə digər əsaslarla da sübuta yetməmiş və bu mənada apellyasiya şikayətinin iddiaçının güzəştli staj illərinin 10 ildən az təşkil etməsi barədə dəlili əsaslıdır. Belə ki, işdə olan iddiaçıya məxsus İT ******* nömrəli əmək kitabçasının təsdiqli surətinə, eləcə də SOCAR “Neftqaztikinti” trestinin arayışlarına əsasən onun həmin trestin tərkibindəki “Azərdənizneftinşaat” trestinin Neft Daşlarında yerləşən 3 saylı Tikinti Quraşdırma İdarəsində xx.xx.1981-xx.xx.1982 (4ay 24 gün) - dəmir-beton konstruksiyaların quraşdırıcı, xx.xx.1982-xx.xx.1984 ( 2 il 10 ay) - usta, xx.xx.1984xx.xx.1989 ( 4 il 3 ay 10 gün) - iş icraçısı, xx.xx.1989-xx.xx.1991 (2 il 5 ay 7 gün) - sahə rəisi, xx.xx.1991-xx.xx.2001 (9 il 9 ay 18 gün) - baş mühəndis, xx.xx.2001-xx.xx.2003 (2 il 1 ay 10 gün) - baş mühəndis və xx.xx.2003-xx.xx.2006 ( 2 il 6 ay 20 gün) - filial rəisi kimi işlədiyi peşə və vəzifələridir. İddiaçının qeyd olunan əmək fəaliyyətini 1 nömrəli Siyahıda nəzərdə tutulan göstəricilərlə müqayisə etdikdə, iddiaçının 01 08.1997-ci il tarixə həmin Siyahıda nəzərdə tutulan güzəştli pensiya hüququ verən peşə və vəzifələrdə 10 il iş stajı tamam olmuşdur. İddiaçının xx.xx.1981-xx.xx.1982-ci illər üzrə yalnız dəmir-beton konstruksiyaların quraşdırıcısı kimi çalışdığı müddəti, yəni 4 ay 24 gün 1 nömrəli Siyahıda 1 ЮОООа-18496 şifrinə (dəniz buruqları özüllərin quraşdırılması və təmiri üzrə çilingərlər) uyğun gəldiyi və iddiaçının ‘Azərdənizneftinşaat” trestinin Neft Daşlarında yerləşən 3 saylı Tikinti Quraşdırma İdarəsində 4 il 3 ay 10 gün iş icraçısı və 2 il 5 ay 7 gün sahə rəisi kimi çalışdığı mütəxəssis və rəhbər vəzifələr isə 2 nömrəli Siyahıda (XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təhcizatı, bərpası və təmiri) təsbit olunmuşdur ki, sözügedən siyahı 50 yaşdan deyil 55 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verdiyi qeyd edilmişdir. Həmçinin Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli SiyahısTnın X bölməsinin b bəndində “quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları” (kod: 1100000b-17541); “bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə)” (kod 1100000b-22247); “dərin qazma (struktur-axtarış) neft-qaz kəşfiyyatının (partiyalarının) rəisləri” (kod 1100000b- 23886); “buruq qurğularının rəisləri və onların müavinləri” (kod 1100000b-24094); “qüllə quraşdırma sexlərinin rəisləri və onların müavinləri” (kod 1100000b-24125); “quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri” (kod 1100000b-24125) peşələri öz əksini tapmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə almamış, iddiaçının “baş mühəndis” və “rəis” peşələrindən hansına uyğun olub-olmadığını araşdırmamışdır. Məhkəmə kollegiyası isə Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərin icrası ilə bağlı bildirmişdir ki, iddianın əsaslı sayılması, yəni iddiaçıya 50 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması üçün hər bir halda iddiaçının yalnız xx.xx.1997- ci il tarixədək işlədiyi peşələr nəzərə alına bilər. Bu məqsədlə, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək işlədiyi vəzifələrə yuxarıda müvafiq qiymət verilmişdir. İddiaçının xx.xx.1991-xx.xx.1997-ci illərdə işlədiyi 6 il 12 gün baş mühəndis vəzifəsi isə yenə eyni iş yeri, yəni “Azərdənizneftinşaat” trestinin Neft Daşlarında yerləşən 3 saylı Tikinti Quraşdırma İdarəsi ilə bağlı olduğu üçün 1 nömrəli Siyahının təsirinə düşmür. Həmçinin, işdə olan JV 048145 nömrəli ali təhsil haqqında diploma əsasən ixtisasca inşaat mühəndisi olan iddiaçı 1 nömrəli Siyahının X bölməsinin b bəndində nəzərdə tutulan vəzifələrdən heç birində, o cümlədən mədən-geofiziki partiyaların rəisi, mühəndisi, geofiziki, geoloqu, texniki, ustası (1100000b-17541), bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndisi (1100000b-22247), dərin qazma (struktur-axtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisi (1100000b-23886), buruq qurğularının rəisi və müavini (1100000b-24094), qüllə quraşdırma sexlərinin rəisi və müavini (110OOOOb-24125, quyuların sınaqdan keçirilməsi üzrə sexin rəisi və müavini (1100000b-24125) peşələrində işlədiyi qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə İnzibati Kollegiyasına Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-1 (103)-1562/2020 nömrəli qərarından kassasiya şikayəti ilə müraciət etmiş, qeyd olunan kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə İnzibati Kollegiyasının 26 may 2021-ci il tarixli 2-1 (102)-896/2021 nömrəli qərarı ilə qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-1 (103)-1562/2020 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2-1 (103)-1923/2021 nömrəli qərarı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətin təmin edilməsi, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 2-1(81)-3469/2019 tarixli qərarı ləğv olunması, iş üzrə yeni qərar qəbul olunması və İddiaçı iddiasının təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2-1 (103)-1923/2021 nömrəli qərarında Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq növbəti apellyasiya baxışı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müvafiq məzmunda sorğu ünvanlamışdır. Sorğuya cavab olaraq Şirkət tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “Azərdənizneftinşaat” Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı (əmr № 82/k, xx.xx.1981-ci il); (sözügedən idarə “Neft Daşlar” nda yerləşir), xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək usta (əmr №1/k, xx.xx.1982-ci il), xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixədək iş icraçısı (əmr № 110/k, xx.xx.1984-cü il) işləmişdir. Qeyd edilən peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin (AR NK) 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsində (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təhcizatı, bərpası və təmiri) nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.1989-cu il tarixdən sonra çalışdığı sahə rəisi, baş mühəndis, idarə rəisi vəzifələri AR NK-nin yuxarıda qeyd edilən qərarında nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçının tələb olunan 10 il güzəştli stajı tamamlanmamışdır. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə İnzibati Kollegiyasına Bakı Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2-1 (103)-1923/2021 nömrəli qərarından kassasiya şikayəti ilə müraciət etmiş, qeyd olunan kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə İnzibati Kollegiyasının 20 iyul 2022-ci il tarixli 2- 1(102)-1088/2022 nömrəli qərarı ilə ərizənin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-1923/2021 nömrəli, 2 sentyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmaması və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan məhkəmə aktlarına və İddiaçı əvvəlki tarixlərdə də eyni tələblə bağlı müraciətinə əsasən hesab edirlər ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Kərimov və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İlk öncə İddiaçı 50 yaşdan güzəştli şərtlərlə təyin olunması üçün məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının 10 il güzəştli iş stajının olmadığı təsdiq edilmişdir. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı iddia tələbinin əsası daha əvvəlki iddia tələbi ilə eynilik təşkil etdiyindən və yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə həmin əsasa hüquqi qiymət verilərək iddiaçının qanunvericiliklə tələb olunan 10 il güzəştli iş stajının olmadığı müəyyən edildiyindən hazırki iddia tələbi mümkün hesab edilməməlidir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, məhkəmə qərarlarını təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Nemət oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona 1976-1981-ci illərdə təhsil müddətinin ümumi sosial sığorta stajına daxil edilməklə 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın yuxarıda sadalığı uzun məhkəmə proseslərindən sonra iddiaçının iddiası rədd edilmiş, məhkəmələr müəyyən etmişdir ki, iddiaçının tələb olunan 10 il güzəştli stajı tamamlanmamışdır. Hazırda iddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Məhkəmə hesab edir ki, həm 50 yaş, həmdə 52 yaşdan pensiya təyinatı üçün tələb olunan 10 il güzəştli iş stajı tamalanmadığından eyni əsasla işə mahiyyəti üzrə baxıla bilməz. Məhkəmə hesab edir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxılması hüquqi müəyyənlik prinsipi ilədə ziddiyət təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsinki, digər əsaslar ilə pensiya təyinatı tələbi ilə müraciət etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar