Məhkəmə qərarları › İş №e-2-1(118)-1368/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1368/2024

21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1368/2024 21.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı 07 dekabr 2022-ci il tarixli **********664300 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 20 aprel 2023cü il tarixli 30 №-li qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin əsl cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilməsi və tələb qismində “07 dekabr 2022-ci il tarixli **********664300 saylı qərarın ləğv edilməsi” tələbini qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi qəbul edilmiş və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi əsl cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-10626/2023 saylı qərardadı ilə inzibati işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xaçmaz rayonu Seyidlikəndyeri kəndində fəaliyyət göstərən təsərrufat subyektinin (istirahət mərkəzi) sahibidir. Həmin subyekt mövsümi olaraq yalnız yay aylarında fəaliyyət göstərmişdir. 2021-ci ildə isə Covid-19 virusu ilə əlaqədar elan edilmiş karantindən sonra obyektlərə fəaliyyət göstərmək üçün icazə verildikdən iyul ayında fəaliyyətə başlamışdır. 17 iyul - 31 iyul 2021-ci illərdə obyektdə cavabdeh vergi orqanı tərəfindən xronometraj metodu ilə yoxlama aparılmışdır. Həmin günləırin bir hissəsi də Qurban bayramına təsadüf etdiyindən müştəri artımı müşahidə edilmişdir. Cavabdeh tərəfindən 2021-ci ilin 3-cü rübü üçün əsassız olaraq əlavə vergi borcu heasblanmışdır. Belə ki, həmin istirahət mərkəzi iddiaçı tərəfindən “Oberlux MMC-yə icarəyə verilmiş və aralarında icarə müqavilısi bağlanmışdır və bundan sonra qonaqlara birbaşa xidmət göstərməmişdir. İcarə müqaviləsində müqavilənin tarixi səhvən “xx.xx.2021”-ci il əvəzinə “xx.xx.2021-ci il tarixi göstərilmişdir. Bu barədə vergi orqanına dəfələrlə məlumat verilməsinə baxmayaraq cavabdeh tərəfindən bu nəzərə alınmamışdır. Həmin ilin avqust-sentyabr aylarında iddiaçı ümumiyyətlə fəaliyyət göstərməmişdir. Eyni vergi borcu həm iddiaçıya, həm də "xxxx" MMCyə hesablanmışdır. İddiaçı inzibati qaydada yuxarı vergi orqanına və Apellyasiya Şurasına müraciət etmiş, lakin şikayətləri təmin edilməmişdir. Cavabdehin də istinad etdiyi Vergi Məcəlləsinin 37.5-ci maddəsinə görə vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Yəni bu, imperativ norma deyil, cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. İddiaçının şikayətində vurğulandığı kimi, xronometraj metodu ilə müşahidənin nəticəsi işin digər hallarına hətta sağlam məntiq baxımdan da uyğun deyil. Vergi Məcəlləsinin 50-1.2-ci maddəsinə əsasən yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Başqa sözlə, İddiaçı mövsüm dövründə bu cür müşahidənin keçirilməsini tələb edə bilməzdi. Məhz buna görə də sırf həmin müşahidənin nəticəsinə istinad edilməsi ən azı hüquqdan (səlahiyyətdən) sui-istifadədir. İnzibati orqan hansısa hipotetik fərziyyə əsasında riski vurğulayaraq, sahibkarı məsuliyyətə cəlb edə bilməz. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Uçotbaza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2013-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi" olduğu, ünvan 1yeri kəndi ünvanda yerləşən ümumi sahəsi 101,5 kv m olan "Restoran” adlı təsərrüfat obyektinin xx.xx.2014-cü il tarixdə vergi uçotuna alındığı və xx.xx.2015-ci il tarixdə uçotunun ləğv edildiyi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi, ünvanda yerləşən ümumi sahəsi 350,0 kv.m. olan "İstehsalat obyektı” adlı təsərrüfat obyektinin (obyektin kodu: **********-77002) xx.xx.2017-ci il tarixdə vergi uçotuna alındığı və xx.xx.2017-ci il tarixdə uçotunun ləğv edildiyi, ünvan 1yeri kəndi ünvanda yerləşən ümumi sahəsi 7023,3 kv m olan "Ober Lux istirahət mərkəzi” adlı təsərrüfat obyektinin (obyektin kodu: **********-77001) xx.xx.2014- cü il tarixdə vergi uçotuna alındığı, həmin ünvanda Merkuri-112F markalı AL00507561 zavod nömrəli nəzarət-kassa aparatının xx.xx.2016-cı il tarixdə qeydiyyata alındığı və xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarıldığı, Merkuri-112F markalı AL00508231 zavod nömrəli nəzarət- kassa aparatının xx.xx.2016-cı il tarixdə qeydiyyata alındığı və xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarıldığı, Merkuri-112F markalı AL00507095 zavod nömrəli nəzarət-kassaaparatının xx.xx.2018 -ci il tarixdə qeydiyyata alındığı və xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxarıldığı, Merkuri-112FK markalı 00101010 zavod nömrəli nəzarət-kassa aparatının xx.xx.2020-ci il tarixdə qeydiyyata alındığı və WizarPOS Q2 markalı WP22121Q63201351 zavod nömrəli nəzarət-kassa aparatının xx.xx.2022-ci il tarixdə qeydiyyata alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2021-ci ilin 3-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 802-ci sətrindəki B1 sütünlarının cəmi 21440,0 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 93619,17 manat) müşahidələrin nəticələrindən 72179,17 manat az olması, həmin bəyannamənin 803-cü sətirindəki B1 sütünlarının cəmi 0,0 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 90599,20 manat) müşahidələrin nəticələrindən 90599,20 manat az olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********071000 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin 3-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 3255,57 manat əlavə vergi məbləği hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********664300 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı fərdi sahibkarın istifadəsində olan ünvan 1yeri ünvanında yerləşən, **********- 77001 kodlu təsərrüfat subyektində Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********8652 nömrəli "Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən xx.xx.2021-ci il tarixdən 15 (on beş) iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılmış və təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 15 iş günü ərzində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən ümumi satış dövriyyəsi 45299,60 manat, orta günlük satış dövriyyəsinin isə 3019,97 manat olduğu müəyyən edilmiş və müvafiq olaraq xx.xx.2021 -ci il tarixli DVX seriyalı 003540 nömrəli yekun akt tərtib olunmuş, fərdi sahibkar tərəfindən qeyd olunan akt imzalanmış, Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla). xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə biləcəyi həmin aktın 2-ci səhifəsində qeyd edilmiş fərdi sahibkara izah edilmişdir. Araşdırma zamanı 15 iş günü ərzində müəyyən edilmiş 45299,60 manat ümumi satış dövriyyəsinin qeyd olunan obyektdə quraşdırılan Merkuri- 112FK markalı 00101010 zavod nömrəli nəzarət-kassa aparatına mədaxil edilmiş pul vəsaitindən (nağd və nağdsız əməliyyatlar üzrə) ibarət olduğu müəyyən edilmişdir. Araşdırma zamanı fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci ilin 3-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi məlumatlarına əsasən həmin ilin iyul ayı ərzində 45299,60 manat, avqust ayı ərzində 21440,0 manat, sentyabr ayı ərzində "0” manat məbləğində malların (işlərin, xidmətlərin) təqdim edildiyi, təqdim edilmiş malla ra (işlərə, xidmətlərə) görə əldə edilmiş hasilatın 66739,6 manat olduğu bəyan edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2021-ci ilin 3-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi üzrə təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri həmin ilin iyul ayı üzrə 45299,60 manat, avqust ayı üzrə 93619,17 manat, sentyabr ayı üzrə 90599,20 manat, təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə əldə edilmiş hasilat 229517,97 manat qeyd edilmişdir. Fərdi sahibkar tərəfindən əvvəlki dövrlərdə vergi orqanı tərəfindən aparılmış xronometraj metodu ilə müşahidə ilə bağlı "Xronometraj metodu ilə yeni müşahidə aparılması haqqında” ərizə ilə xx.xx.2018-ci il tarixdə müraciət edildiyi müəyyən edilmişdir. Araşdırma zamanı araşdırılan dövr üzrə fərdi sahibkarın fəaliyyətinin dayandırılması ərizə ilə vergi orqanına müraciət etmədiyi, vergi ödəyicisinin 1 aktiv təsərrüfat subyektinin olduğu, ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Fərdi sahibkarın istifadəsində olan ünvan 1yeri ünvanında yerləşən, **********- 77001 kodlu təsərrüfat subyektində Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********8652 nömrəli "Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən xx.xx.2021-ci il tarixdən 15 (on beş) iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılmış və təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 15 iş günü ərzində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən ümumi satış dövriyyəsi 45299,60 manat (orta günlük satış dövriyyəsi 3019,97 manat) müəyyən edilmiş, fərdi sahibkar tərəfindən isə xx.xx.2022-ci il tarixdə 2021-ci ilin 3-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində həmin rübün iyul ayı ərzində təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri 45299,60 manat bəyan edilmişdir. Belə ki, həmin ayın ilk 16 (on altı) təqvim günü ərzində (yəni xronometraj metodu ilə müşahidənin başlandığı tarixədək olan günlərdə) də mövsümi turizm fəaliyyətinin həyata keçirilməsi üçün əlverişli dövr olmasına, əlaqəli məlumatlara əsasən fərdi sahibkarın istifadəsində olan qeyd olunan təsərrüfat subyektində aktiv fəaliyyətin müşahidə edilməsinə baxmayaraq, təqdim edilmiş bəyannamə məlumatında dövriyyə olaraq olmamasının bəyan edilməsi halı məqsədli surətdə vergidənyayınma sxemi olmaqla vergi üstünlüyünün əldə edilməsini şərtləndirir.Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın istifadəsində olan ünvan 1yeri ünvanında yerləşən **********- 77001 kodlu təsərrüfat subyektinin sahəsinin 7023,3 kv m olduğu, həmin sahədən 300,0 kv m hissəsini (Yaşıl Bağ restoranını) xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən X2 (VÖEN: **********) və 600,0 kv m hissəsini xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) müvəqqəti istifadəyə verildiyi müəyyən edilmişdir. Eyni zamanda inzibati araşdırma ilə fərdi sahibkarın istifadəsində olan ünvan 1yeri ünvanında yerləşən təsərrüfat subyektini daha sonra X1 rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) icarəyə verildiyi müəyyən edilmişdir ki, bu hal da fərdi sahibkarın malların (iş və xidmətlərin) təqdim edilməsindən mövcud faktiki dövriyyəsinin azaldılması, faktiki gəlirlərinin bölüşdürülməsi yolu ilə mövcud vergi öhdəliklərindən yayınması riskini yaradır. Bundan başqa, fərdi sahibkar tərəfindən qeyd olunan obyektin mütəmadi olaraq qarşılıqlı surətdə asılı şəxslərə (oğluna və oğlunun rəhbəri olduğu müəssisəyə) icarəyə verildiyi müəyyən edilmişdir. Fərdi sahibkarın müraciətlərində istirahət mərkəzini xx.xx.2021-ci il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verdiyinin bildirilməsinə baxmayaraq, qeyd olunan şəxslər arasında icarə müqaviləsinin xx.xx.2021-ci il tarixdə imzalandığı müəyyən edilmişdir. Fərdi sahibkar müraciətlərində 2021-ci ilin sentyabr ayı ərzində istirahət mərkəzində fəaliyyətin olmadığının bildirilməsinə baxmayaraq, uçot-baza məlumatlarına əsasən qeyd olunan obyekti fərdi sahibkardan müvəqqəti istifadəyə götürmüş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X4 tərəfindən həmin ay ərzində müxtəlif çeşiddə ərzaq mallarının alınması ilə bağlı elektron qaimə-fakturalarının əldə edildiyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istirahətin təşkili ilə bağlı elektron qaimə-fakturalarının təqdim edildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş : -07 dekabr 2022-ci il tarixli **********664300 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarından görünür ki, İddiaçı 3,255,57 manat əlavə vergi borcu hesablanmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********109500 saylı qərarından görünür ki, İddiaçı inzbati şikayəti təmin edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur; ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 50-1.1-ci maddəsinə əsasən, xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cu maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cu maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cu maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. 83.2-ci və 83.2.4-cu maddələrinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cu və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri. Qeyd olunmalıdır ki, mübahisələndirilən qərarla hesablanmış əlavə verginin qanuni olub-olmamasını müəyyən etmək üçün ilk növbədə onun hesablanmasına əsas olmuş xronometraj metodu ilə müşahidənin nəticələrinin qanuni olub-olmaması araşdırılmalıdır. Bununla bağlı işin hallarından müəyyən olunur ki, 15 gün müddətində iddiaçıda aparılmış xronometraj metodu ilə müşahidə zamanı yekunda iddiaçının orta günlük satış dövriyyəsinin 3019.97manat olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının orta günlük satış dövriyyəsinin 3019.97 manat kimi nəzərə alınmaqla ona əlavə vergilərin hesablanması qanunsuz olmuşdur. Belə ki, vergi orqanı tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək hansı günlərdə satış dövriyyəsinin olub-olmaması konkret müəyyən edilməmişdir. İddiaçının digər günlərdə satış dövriyyəsinin nə qədər olacağı və ya ay ərzində ümumiyyətlə olub-olmayacağı vergi orqanına məlum olmamışdır. 2021-ci il üçün Qurban bayramı iyul ayının 20-21 tarixlərinə təsadüf etmişdir ki, bu hal turistlərin artması üçün zəmin yaratmışdır. Bundan başqa cavabdeh vergi orqanı obyektin xx.xx.2021-ci il tarixdən vergi ödəyicisi tərəfindən icarəyə verilməsini nəzərə almadan əsassız olaraq əlavə vergi borcunu hesablamışdır. İddiaçı tərəfindən həmin dövr ərzində olan satışın nəzarət-kassa aparatına vurulmaması ilə bağlı hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya əlavə vergilərin hesablanması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan yalnız ehtimala əsaslanan, xronometraj metodu ilə müşahidənin nəticələrindən istifadə etməsi qanunsuzdur. Vergi Məcəlləsinin 50-1-ci maddəsində xronometraj metodu ilə müşahidə aparılmasına dair qaydalar tənzimlənmişdir. Həmin maddənin mənasından göründüyü kimi xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə xidmət edir. Məhkəmə qeyd edir ki, xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun. Beləliklə, xronometraj metodu ilə müşahidə tədbirinin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətlərini nəzərə almalıdır. Qanunun mənası vergi orqanından məhz bu qaydada davranmanı tələb edir. Qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı müəyyən olunur ki, iddiaçı barəsində əlavə vergi xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar isə yuxarıda qeyd edilən məqsədə uyğun gələn, yəni satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Odur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrindən çıxış edilməklə qəbul olunmuş mübahisələndirilən qərar qanunsuz və əsassız olmuşdur. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 2.7-ci bəndində göstərilmişdir ki, Operativ vergi nəzarətinin nəticələri barədə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər nəzarətin başa çatdığı tarixdən sonrakı 3 iş günü ərzində nəzarəti həyata keçirmiş vergi orqanının vəzifəli şəxsləri tərəfindən AVİS proqram təminatı bazasının Operativ nəzarət alt sisteminə işlənilir və əlavələri ilə birlikdə dərhal vergi orqanının aidiyyəti rəhbər vəzifəli şəxsinə təhvil verilir. Tərtib olunmuş aktın və digər sənədlərin bir nüsxəsi təqdim edilmə tarixi göstərilməklə və imza etdirilməklə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi bu sənədlərin surətlərini qəbul etməkdən imtina etdikdə isə müvafiq sənədlər aktın, protokolun və digər sənədlərin tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq elektron qaydada və sifarişli poçtla ona göndərilir. Bu halda tərtib olunmuş aktın, protokolun və digər sənədlərin bir nüsxəsi vergi ödəyicisinə müşaiyətedici məktubla göndərilir. Qaydaların 2.8-ci bəndində göstərilmişdir ki, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi məsələsinə Vergi Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş qaydada və müddətdə baxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. İşin araşdırılan hallarından da göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən qərar qəbul olunarkən qanunvericiliyin qeyd olunan tələbləri də pozulmuşdur. Belə ki, cavabdeh vergi orqanının əməkdaşları tərəfindən mübahisələndirilən qərarı qəbul olunmasıa əsas olmuş yoxlamanın nəticəsinə görə DVX seriyalı 003540 nömrəli yekun akt xx.xx.2021-ci il tarixdə tərtib olunduğu halda, həmin akt üzrə qərar 4 aydan sonra, yəni 07 dekabr 2021-ci il tarixdə qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Göstərilən Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 30 oktyabr 2023-cü il tarixli **********1816400 saylı qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar